"Məşhur adamın məşuqəsi" - Xanım yazardan ilginc etiraflar

Aygül Ağayeva: "Kişilər ehtirasi, qadinlar hisləri sevirlər..."

Bugünlərdə Elmlər Akadmiyasının parkında "Qanun" Nəşriyyatının dəstəyi ilə Aygül Ağayevanın yenicə çapdan çıxan "Məşhur adamın məşuqəsi" kitabının imza günü keçirildi. Ötən ay "Məşhur adamın məşuqəsi"  "Qanun" nəşriyatının buraxdığı kitablar arasında ən çox satılan "20-lik"də birinci yerə çıxdı. Modern.az-ın əməkdaşı "Məşhur adamın məşuqəsi"nin müəllifi Aygül Ağayeva ilə söhbətləşib.

- Bu sizin ilk kitabınızdır?

- Xeyr. Düzü, ilk kitabımı yazanda çap etdirmək istəmirdim. İlk romanım adı "Səni ürəyim sevdi" adlanırdı. 2011-ci ildə çap olundu. Kitabı çapdan öncə yazıçı Vidadi Babanlıya təqdim etdim. Bir neçə tənqidçiyə də göstərərək, fikirlərini aldıqdan sonra çap etdirdim. Ön sözü də Vidadi Babanlı yazdı. Gözləməsəm də, kitabın üçüncü nəşri də gerçəkləşdi. Sonra ailəmlə bağlı yazı-pozuya müəyyən qədər fasilə vermək məcburiyyətində qaldım.

- Siz həm də müğənnilik edirsiniz. İncəsənətə olan bu sevgi hardan irəli gəlir?

- Bu sevgi məndə uşaqlıqdan var. İncəsənətə və musiqiyə sevgi mənim üçün hər şeyin fövqündə dayanır. İl yarımdır müğənniliklə məşğulam və bu sahədə də uğur qazanacağıma inanıram.

- Necə oldu ki, roman yazmağa başladınız?

- Həyatda etdiyim müşahidələrlə dolu idim. Mən ilk romanımı Vidadi Babanlıya təqdim edəndə dedim ki, əgər pisdirsə, səmimi olaraq mənə bildirin və bir daha yazmayım. Daha sonra insanlar mənə yazaraq fikir bildirməyə başladılar və düşündüm ki, kimlərinsə qəlbinə təsir edə bilirəmsə, deməli, yazmağa və yaratmağa dəyər. "Məşhur adamın məşuqəsi" romanında da mənə ilk  oxucu rəyi "Qanun" nəşriyatının korrektorundan gəldi. Yazmışdı ki, gərək bizim qızlarımızın taleyi belə olmayaydı.

- Romanda təmiz bir qız zəngin bir adamın məşuqəsinə çevrilir. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı..

- Romandan göründüyü kimi, bu xanım yüngül əxlaqlı, yelbeyin biri deyil. Bu roman bir qadının dramıdır. Mənim  qəhrəmanım Jülidə bir qadın kimi çox cazibədardır. Ürəyimdən gələn bütün fikirlər romanda öz əksini tapıb və əsəri oxuyan hər kəs orada mənim heç harda olmayan fikirlərimlə tanış ola biləcəklər.

- Jülidə çox gənc bir xanım idi. O, istəyərək məşuqəyə çevrildi, yoxsa hər şey bir anda baş verdi?

- Qadın istəməsə, heç nə baş verməz. Onun bacısı xəstə idi və bacısını müalicə üçün xaricə göndərmək lazım idi. Bu zaman Camal ona kömək edir və münasibətləri yaranmağa başlayır. Camal əvvəl-əvvəl ona tifil kimi baxırdı və heç zaman düşünməzdi ki, Jülidə qadın kimi onu cəzb edəcək. Hər şey zamanla dəyişməyə başladı. Camal sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var. Jülidə qadın kimi Camalı çox  ehtirasa gətirir və onların münasibəti yaranmağa başlayır.

- Qadının məşuqəyə çevrilməsinə səbəb onun yaşadığı cəmiyyətdir, yoxsa birbaşa olaraq qadının özüdür?

- Düşünürəm ki, səbəb qadının cahilliyi, təhsilsizliyi və dünyagörüşünün məhdudluğudur. Cəmiyyətin və həyatın sərt, yazılmamış qanunları həmişə olub və  olacaq da... Lakin mənim qəhrəmanım kifayət qədər ağıllı qadın idi. Təhsili olmasa da,  xeyli  kitab oxumuşdu. Jülidə  düşünərək, həyatda qalıb yaşaya bilmək üçün bu addımı atmışdı.

- "Məşhur adamın məşuqəsi" kitabının üz qabığına özünüzün kifayət qədər cazibədar şəklinizi yerləşdirmisiniz. Bu, gündəmə gəlmək istəyinin işartıları ola bilərmi?

- Bunu sizdən gizlətməyəcəyəm. Düşündüm ki, bu faktın məhz mənim müğənnilik fəaliyyətimə də köməyi olacaq. Əgər əsəri mən yazmışamsa və mənim xarici görünüşüm kitabın üz qabığında çap olunmağıma imkan verirsə, niyə də olmasın?

- Bəs şəklinizin kitabın üz qabığında verilməsindən sonra əsərdə yaratdığınız məşuqə sürətinin real həyatdakı təcəssümünün məhz siz olduğunu düşünənlər oldumu?

- Bu sualı mənə ünvanlayanlar çox oldu. Eyni zamanda, bu sualı baxışlarından oxuduğum üzlər və gözlər də vardı. Bəlkə də bəzi insanlar risk edib sualı məndən soruşmaqdan çəkindilər. Artıq bu sualın mənə ünvanlanmasına alışmışam və bu məni  narahat etmir. Özümü heç vaxt məşuqə kimi təsəvvür etmirəm, amma deyim ki, romanda təsvir olunanların bütün motivləri birbaşa olaraq həyatdan götürülüb.

- Jülidə və Camalın real sürətləri həyatda var?

- Əlbəttə... Mən o kişini də, o qızı da real olaraq görmüşəm. Eynilə onlar mənim romanda canlandırdığım kimidirlər. Əsərin ana xətti hər iki tərəfin dramıdır. Yəni ailə dramlarıdır.

- Əsərdə 1990-cı ildən sonra Azərbaycanın yenicə müstəqilik qazandığı acı illər təsvir olunub. Həmin illərdə sizin özünüzün yaşadığınız acı xatirələr varmı ki,  birbaşa olaraq romanda əks olunsun? O illər sizin üçün nə ilə yadda qalıb?

- Mən həmin illərdə yaşamışam və o zaman baş verən bütün çətinlikləri görmüş insanam. Mən o zaman rayonda yaşayan məktəbli idim. Ən çox yaddaqalan o idi ki, həmin illərdə qatarla Bakıdan rayonumuza çörək gətirilirdi və həmin çörək bir göz qırpımında yoxa çıxırdı. Çörək ala bilmək üçün insanlar günlərlə növbələrə dururdular. Bəzən çörək paylanılan zaman mübahisələr və münaqişələr olurdu. Çörək əldə etmədən məyus halda evə qayıdan insanlar görürdüm. Qurd basmış unlar satılırdı və ondan məcburən çörək bişirirdilər. Hətta onu belə tapmayanlar olurdu. Bu mənim yaddaşımın həmin illərlə bağlı ən ağrılı xatirələridir.

- Sizə görə bu gün Azərbaycan cəmiyyətində məşuqəyə çevrilə bilən Jülidə tipli qadınların sayı çoxdurmu?

- Mən əminliklə deyə bilərəm ki, bu gün cəmiyyətimizdə Jülidələrin sayı çox deyil. Orxan Kamalın "Nazanları"nın sayı çoxdur. Bunu ürək ağrısı ilə deyirəm. Cahil, təhsil almayan və ərəblərin qurbanına çevrilən qadınların sayı artmaq üzrədir. Bir azərbaycanlı kimi belə qadınlara yazığım gəlir. Onlar qurbandırlar.

- Romanın sonunda ehtirassız bir qadın ehtiraslı bir qadına çevrilir. Sizcə, qadın ən çox nəyin qurbanı olur, şəhvətin, yoxsa ağılsızlığın?

- Düşünürəm ki, qadın ən çox öz sevgisinin qurbanına çevrilir. Kişilər qadınlarla eyni cür sevmirlər. Kişilər ehtirası, qadınlar isə hissləri sevirlər. Qadınlar çox sevdikləri zaman hər şeylərini qurban verməyə hazır olurlar. Qadınlar ağılla sevə bilməyəndə, qurbana çevrilirlər. Bunun sonu isə qadının faciəsidir.

- Romanın digər qəhrəmanı olan Camalı Azərbaycan kişisinin prototipi kimi təsvir etmisiniz. Əsərdə mental dəyərlərə toxunmanız nə ilə bağlıdır?

- Kişi psixologiyasını yaxşı bildiyim üçün deyə bilərəm ki, dünyanın heç bir yerində Azərbaycan kişisi kimi kişi yoxdur. Azərbaycan kişisi kifayət qədər dürüst, ədalətli və mərhəmətlidir. Mən dünyanın bir çox ölkələrində olub, qadın-kişi münasibətlərini müşahidə edən biri kimi bunu tam əminliklə deyirəm. Bizim kişilər namus və qeyrəti həyatlarının heç bir anında unutmurlar. Həmişə Allahıma təşəkkür edirəm ki, məni məhz Azərbaycanda yaradıb. Camal həyatının sonunda başa düşür ki, onda Jülidəyə qarşı olan sevgi imiş. İlk başda isə onu məşuqəsi kimi görürdü.

- Əsərdə Jülidənin haram yolla qazandığı pullar onun rahat yaşayaraq, arzularına doğru getməsinə yol açır. Sizcə, doğrudanmı məşuqə kimi qazanılan pullar qadını xoşbəxt edə bilər?

- Pulu necə qazanması və qazandığı pulla xoşbəxt olub-olmaması yalnız qadının özündən, böyüdüyü mühitdən, düşüncəsindən və düşdüyü vəziyyətdən asılıdır. Jülidə Camalın ona verdiyi pulları haram yolla qazanmır. Hətta Camalın evini tərk edərkən onun üçün aldığı bütün hədiyyələri orada qoyub gedir. Jülidəni Camalın pulu yox, sevgisi maraqlandırırdı. Onun həyatı, yəni bakirəliyi, arzuları Camala qurban getmişdi və bunun fövqündə Camal səfil vəziyyətdə onu çölə atmalı deyildi. Günümüzdə pulsuz yaşamaq mümkün deyil. Bu qadının yaşamaq üçün nə evi, nə də işi var. Qeyd etdiyim kimi, Camalın böyüklüyü də ondadır ki, vicdanını unudub qızı bir qəpiksiz çölə atmadı.

- Mental düşüncə ilə götürsək, bir Azərbaycan qadınının gələcək yaşamı üçün bakirəliyini qurban verməsi elə də rahat qəbul olunmaz. Bu gün bizim çox cüzi maaşla çalışan gözəl qızlarımız var ki, məşuqəyə çevrilmirlər. Səbirli olub yaxşı bir gələcəyə ümid edirlər. Bəs sizin qəhrəman bu tipli zəhmətlə ucalan qadınlarımızın qınağına səbəb ola bilərmi?

- Həyatda və cəmiyyətdə hər tip qadın olur: zəhməti ilə çalışan, məşuqəyə və hətta fahişəyə belə çevrilən qadınlar. Bu, qadından və onun tutduğu yoldan asılıdır. Ola bilər ki, bəzi insanlar onu ittiham etsinlər, amma mən yenə də deyirəm ki, mənim qəhrəmanım ittiham olunacaq bir hərəkət etməyib. Sadəcə dəlicəsinə sevib... Mənim qəhrəmanım aldadılacaq bir qadın deyildi. O, sevdiyi üçün həmin  kişiylə münasibətə razı oldu.

Romanda bir epizod var: Camal ona deyir ki, "əgər gedirsənsə, get. Narahat olma, mən sənin bacını müalicəyə göndərəcəyəm". Lakin Jülidə getmir, onunla bərabər olmağı seçir.

Jülidənin ilahidən bədən quruluşunda, baxışında və yerişində bir kişini ehtiraslandıracaq hərəkətlər var və o,  getdikcə kişini başdan çıxarır. Əsərdə Jülidə obrazı təbii ki, qınağa səbəb olmaq üçün yaranmayıb. Mən Jülidənin taleyini təsvir etmişəm. Romanı oxuyan ağıllı bir xanım bundan kifayət qədər düzgün nəticə çıxaracaq. Düşünmürəm ki, bu romanı oxuyan savadsız və düşüncəsiz bir qız, gələcəkdə hər hansı bir yanlış addım atacaqsa, bunun günahı məndə olacaq.

Mən romanda Jülidənin keçdiyi bütün çətinlikləri göstərmişəm. Yeniyetmənin fikirlərini qarışdırmamaq üçün romanın üzərində 16+ yazılıb. İnanıram ki, romanı oxuyan və yaşı 16-nın üzərində olan gənclərimiz o səhvləri etməzlər. Jülidə isə çox ağıllı bir qadın idi və ağlı ilə düşdüyü çətin vəziyyətdən çıxa bildi. Bu əsər təbii ki, ibrət dərsidir.

- Əsərdə pul faktoru xeyli vurğulanır. Bəs siz - Aygül Ağayeva üçün pul həlledici əhəmiyyət daşıyır? Pulsuz da xoşbəxt olmaq olar?

- Şəxsən mənim üçün pulsuz yaşamaq faciədir. Sən xəstələnə və həkimə düşə bilərsən. Bu zaman pulun olmasa, ölə bilərsən. Ümumiyyətlə, kapitalizmdə pul çox həlledici faktordur. Camal içindəki təəssüfü yatızdırmaq üçün pulu o qıza verdi ki, qız həyatda qala bilsin və mən də bunu oxucuya ötürdüm ki, oxucu sonda təəssüflənərək məni söyüb deməsin ki, niyə Jülidə aciz şəkildə küçədə qaldı?

 

Leyla ƏSƏDULLAYEVA. Modern.az

525-ci qəzet.- 2019.- 17 iyul. S. 24.