Kamal Abdulla: “ADU-nu maraqlı və
faydalı perspektivlər gözləyir”
Azərbaycan Dillər
Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal
Abdulla ilə müsahibəni təqdim edirik.
˗ Kamal müəllim,
artıq yay imtahanları sona çatdı. İmtahanların
nəticəsini və ümumiyyətlə, tədris ilinin
sonunu necə qiymətləndirmək olar?
– İmtahanların nəticəsi
müsbət oldu və sessiya zamanı universitetin bütün
əməkdaşları – müəllimlərdən
başlamış tələbələrə qədər
hamı çox ciddi şəkildə bu prosesə
yanaşdılar. Üç dəfə mediatur
keçirildi. Jurnalistlər və ictimaiyyət
nümayəndələri imtahanların gedişatında
bilavasitə iştirak etdilər. Onların
da münasibəti müsbət oldu. Sessiya
müddətində bizim əsas yeniliklərimizdən biri o
oldu ki, heç bir imtahanı valideynlərin iştirakı
olmadan keçirmədik. Bu o demək deyil
ki, imtahanda bütün qrupun valideynləri iştirak edirlər.
Bir, yaxud iki valideynin iştirakı kifayət
edir. Ona görə də valideyn öz
övladının imtahan prosesində hansı nəticələri
göstərdiyini bilməlidir. Nəticədən
əlavə, onun prosesi izləmək imkanı da
olmalıdır. Bundan başqa, imtahanlarla
bağlı bizim qaynar xəttimiz var idi, müraciətlər
gəlirdi, biz onları operativ şəkildə həll
edirdik. Kiminsə balı
çatmırdı, apellyasiya vasitəsilə qiymətini
qaldırmağa çalışırdı. Bütün
tələbələrə müvafiq şərait
yaradıldı və imtahanlar şəffaf şəkildə
keçirildi.
˗ Yeni tədris ilində
ADU tələbələrini hansı yeniliklər gözləyir?
– Bilirsinizmi, bizim çox maraqlı
planlarımız var. Ən vacib məsələlərdən
biri, Azərbaycan Dillər Universitetində klassik dillər mərkəzinin
yaradılmasıdır. Klassik dillər dedikdə,
bu, filologiyanın çox böyük məsələsidir.
Bu dillərə ilk növbədə latın
dili, qədim yunan dili, sanksrit daxildir. Bundan başqa qədim pəhləvi
dili, qədim Çin dili də var. Bu dilləri öyrənmədən,
bilmədən, onlar haqqında təsəvvürə malik
olmadan müasir filologiyanın sirlərinə bələd ola bilməzsən. Filologiya klassik dillərin tədrisi
olmadan tam və bütöv şəkildə filologiya ola bilməz. Bu mənada
universitetimizdə hələlik üç dillə klassik dillərin
öyrədilməsinə başlamaq niyyətindəyik.
Əsas məsələ odur ki, biz təkcə
bu dilləri öyrənməyəcəyik, bu dillərin
özü ilə gətirdiyi mədəniyyətləri
öyrənəcəyik. Ona görə də
bu dilləri tədris edən mütəxəssislərin hərtərəfli
formalaşmış mütəxəssislər olmasına
ehtiyac var. Müxtəlif ölkələr, onların
universitetləri ilə, o ölkələrin bizdəki səfirləri
ilə artıq danışıqlar aparmışıq. Hindistan, İtaliya, Rumıniya, Yunanıstan səfirləri
bizə bu istiqamətdə kömək etməyə söz
veriblər. Bu ölkələrin
universitetlərində qeyd etdiyim dillərin mütəxəssisləri
var. Mən inanıram ki, ADU masştabında ölkəmizdə
ilk dəfə olaraq klassik dillər mərkəzini aça
biləcəyik. Bu, Azərbaycan
filologiyasına bütövlükdə çox böyük
xidmət olacaqdır.
Daha hansı yeniliklər ola bilər? Əlbəttə ki,
müəllimlərimiz yenə də stajartırmaya gedəcəklər.
Biz stajartırmanın marşrutlarını da
müəyyənləşdirmişik. Bunlar
yenə də bizim xaricdəki partnyor universitetlər olacaq.
Eyni zamanda, ən vacib məsələlərdən
biri də budur ki, biz təkcə özümüzdən
başqa yerə stajartırmaya müəllim göndərməyəcəyik.
Biz başqa yerlərdən də stajartırmaya
müəllimlər qəbul edəcəyik. Keçən
il biz bunun əsasını,
rüşeymini qoyduq. Biz Azərbaycan, ingilis,
fransız dillərinin tədrisi istiqamətində xaricdən
gələnləri qəbul edəcəyik. Artıq ABŞ-dan amerikalı tələbələr
gəliblər, bizim universitetdə türk və Azərbaycan
dillərini öyrənirlər. Bu layihə
çoxdan var idi və indi də davam edir. Bir sözlə, ADU-nu maraqlı və faydalı
perspektivlər gözləyir.
˗ Universitet dərslərin başlanmasına necə
hazırlaşır?
– Əlbəttə ki,
problemlər var. Bu problemlər, ilk növbədə bizim
kitabxanamızla bağlıdır. Kitabxanın elektron
bazası artıq başa çatıb, lakin yerləşdiyi
şərait bizi qane edə bilməz. Bu məsələni
dəfələrlə rektorluqda və başqa müşavirələrdə qeyd etmişik. Yayda
kitabxanamızın bəzi yerlərini mütləq təmir
etməliyik və onun yerinin dəyişdirilməsi ilə
bağlı ciddi düşünməliyik. Teatr qarderobdan başlayan kimi, universitet də
kitabxanadan başlayır. Ona görə də
biz ən böyük diqqəti kitabxanamıza verməliyik.
Faktiki olaraq, son vaxtlar tələbələrin kitabla ünsiyyətini
yaxşılaşdırmaq, onu normal müstəviyə gətirmək
üçün az iş görməmişik.
Universitetin əsas binasında kitabxana yox idi və
kitabxana o biri tədris binasında idi. Tələbələrimiz
digər korpusa kitab üçün yol
ölçürdülər. İndi onlar
kitabı sifariş edirlər, kitab bura gətirilir. Bu xəttimiz davam edəcək. İkinci
də odur ki, birinci kurs tələbələrimizə kitablara
ödədikləri məbləği təqdim etdikləri qəbzlər
müqabilində qaytarırıq. Bu proses artıq
başlanıb və birinci kurs tələbələrimizə
öz şəxsi kitabxanalarını formalaşdırmaq
imkanı verir.
Yeni tədris ilinə tədris
boyunca hazırlaşmaq lazımdır.Biz təcrübəmizin
marşrutunu və coğrafiyasını genişləndirəcəyik. Bizim
universitetimizin artıq daim əlaqədə olduğu
qaçqın və məcburi köçkün məktəbləri
var ki, tələbələrimiz orada pedaqoji təcrübə,
eyni zamanda başqa rayonlarımız, şəhərlərimizdə
istehsalat təcrübəsi keçirlər. Hər iki istiqamətdə əlaqələrimiz
müsbət nəticələr verir. Həmin
məktəblərin direktorları, müəllimləri,
şagirdləri tez-tez universitetimizə gəlirlər,
universitetimizin kafedra müdirləri, müəllimləri o məktəblərə
gedirlər. Bu ünsiyyətin xeyri təkcə
pedaqoji müstəvidə deyil, bu ünsiyyətin faydası
eyni zamanda ictimai-siyasi müstəvidə də
özünü göstərir.
˗ Bir neçə gündən
sonra ali məktəblərə qəbulun
nəticələri açıqlanacaq. Abituriyentlər
ADU-nu hansı üstünlüklərə görə
seçməlidirlər?
– Bu gün ADU gənclər
üçün çox maraqlı və faydalı imkanlar
aça bilir. Bizim universiteti bitirən tələbələrin
çox geniş perspektivləri var. Məndən bir dəfə
soruşdular ki, sizin universiteti bitirən məzunlar harada
işləyə bilər, hansı vəzifəyə kimi ucala
bilər? Cavab belə oldu: baş nazirə qədər. Çünki Azərbaycanın bugünkü Baş
naziri bizim universitetin məzunu və uzun illər burada müəllim,
kafedra müdiri kimi çalışmış şəxsdir.
Bundan əlavə, bizim çoxlu sayda səfirlərimiz var –
“Məzunlar Assosiasiyası”nın üzvləri
olan və xarici ölkələrdə çalışan səfirlərimiz.
Xarici İşlər Nazirliyində
çalışan məzunlarımız var. Azərbaycanın
istənilən infrastrukturunda işləyən məzunlarımız
var ki, onlar bu gün də universitetlə əlaqələrini
kəsməyiblər.Ona görə də biz tələbələrə
güclü elmi və mənəvi bünövrə vermək
istəyirik. Bu, təkcə ingilis, alman, fransız dillərinin
praktik bünövrəsi deyil.Bu, həmin dillərin
arxasında duran mədəniyyətin, tarixin, ədəbiyyatın,
psixologiyanın da öyrənilməsi deməkdir.Mənə
elə gəlir ki, bu istiqamətdə bir gənc bizim
universiteti seçərsə, onun dünyaya baxışı,
Azərbaycanın dünya kontekstindəki təsəvvürü
daha da möhkəmlənəcək. O, öz peşə fəaliyyətini
bizim paytaxtımızda, müxtəlif kəndlərimiz,
rayonlarımız, şəhərlərimizdə müəllim
kimi, eyni zamanda idarə və təşkilatlarda mütəxəssis
kimi həmən mədəniyyətlərin, dillərin, ədəbiyyatların
daşıyıcısı olan peşəkar kimi davam etdirə
biləcək. Əlbəttə ki, gəncləri
daha sonra magistratura, doktorantura, xarici ölkələrdə
müxtəlif təhsil formaları, müxtəlif layihələrdə
iştirak gözləyir. Universitetimizdə
müxtəlif xarici ölkələrin dil və mədəniyyət
mərkəzləri var. Gəncləri o mərkəzlərlə
yaxından təmas gözləyir. Azərbaycan
Dillər Universiteti dünya ilə təmasın, dünyaya
baxışın böyük bir vasitəsidir. Eyni
zamanda bu universitet öz qapılarını yalnız burada təhsil
alan tələbələr
üçün deyil, həmçinin Azərbaycanın hər
bir vətəndaşı üçün açır. Bizim müxtəlif qurumlarımız var ki, həmin
tədris etdiyimiz fənləri vətəndaşlar
üçün ödənişli və ya başqa formalarda
həyata keçirə bilir.
˗ Ötən il Azərbaycan Dillər Universitetinə
qəbul faizi yüksək olmuşdu. Bu il
üçün gözləntiniz necədir?
– Ötən il, əlbəttə,
qəbul yüksək faizlə olmuşdu. Bizim
universitetə qəbul olunan tələbələr orta
balına görə ölkə universitetləri arasında
birinci yerdə oldu. Bu il də
ümidimiz elədir ki, qəbul planımız kifayət qədər
dolğun olacaq və əlbəttə, qəbulun nəticələri
bizim müəllimlərimizin, işçilərimizin əmək
rejiminə təsir etməyəcəkdir. Ümid edirik ki, bu il qismən də olsa, qəbul planını
dolduracağıq. Söhbət ondan gedir ki, universitetimizin beynəlxalq
imici, müxtəlif ölkələrdə olan mədəniyyət
mərkəzlərimiz, məsələn, Serbiya Prezidentinin
universitetimizə gəlməsi və şəxsən serb dili və mədəniyyəti mərkəzini
açması universitetin prestijindən xəbər verir. Burada fəaliyyət göstərən 20-ə
yaxın dil və mədəniyyət mərkəzlərinin
işi, həmin mərkəzlərə rəsmi şəxslərin
gəlməsi, öz hörmət və ehtiramlarını
bildirməsi artıq Dillər Universitetinin nüfuzundan xəbər
verir. Bu istiqamətdə işlərimiz, yəqin ki, bir az da genişlənəcəkdir. Güman edirəm ki, bundan sonra da yeni mədəniyyət
mərkəzləri açacağıq.
˗ Keçmiş dekan
Vüsalə Ağabəyli universitetin adını mətbuatda
yenə hallandırır.Belə iddialar irəli sürür
ki, siz haqsız və ədalətsiz olaraq Vüsalə
Ağabəylini işdən çıxarmısınız.Bu
haqda nə deyə bilərsiniz?
– Məni tanıyanlar da, ola bilər,
tanımayanlar da bilirlər və bilməlidirlər ki, mən
heç zaman haqsız və ədalətsiz qərarlar
çıxarmıram. Bütün qərarların əsasında
ölkənin təhsillə bağlı normativ qanunları və
universitetdaxili iş rejimi durur. Ona görə də
haqsız və ədalətsiz olaraq kimisə işdən
çıxarmaqdan söhbət gedə bilməz.
Adını çəkdiyiniz o şəxs vəzifədən
çıxarılıb, işdən
çıxarılmayıb. Bu, başqa-başqa
məsələlərdir.Dekan kimi o, məni qane etmirdi. Mən
rektoram və bu dekanı dəyişməyi iki il
bundan qabaq etməliydim və eləyə də bilərdim. Çünki mən əlbəttə, öz
seçdiyim, xasiyyətinə, işgüzarlığına,
peşəkarlığına bələd olduğum insanlarla
işləməli idim. Mən bu dekanlara bir müddət
baxdım, iş üsullarına bələd
oldum, bəziləri ilə işimi davam etdirmək istədim,
bəziləri ilə davam etdirmək istəmədim. Nəyə görə istəmədim, onun da öz
səbəbləri var. Heç kimə haqsızlıq, ədalətsizlik
edilməyib.Söhbət işdən çıxmaqdan getmir.
Həmin şəxs bu gün də bizdə 0.5
ştatlı müəllimdir. Əgər
imkan olarsa, istəyərsə, tam ştata da keçə bilər.Qarşısında
heç bir süni əngəl görməyəcək.
Bu yaxınlarda onunla bağlı dosent
adının vəsatətini Ali Attestasiya Komissiyası
qarşısında şəxsən mən
qaldırmışam və o, dosent adını alıb. Əgər burada şəxsiqərəzlikdən
söhbət getsəydi, mən onun sənədlərini
göndərməkdən imtina edərdim və yaxud hər
hansı bir bəhanə ilə göndərməzdim. Əslində, o, dekan seçiləndə dosent
olmalıydı, indi dosent olur. Bunu
özü ciddi pozuntudur.Mətləbə qayıdaq. İnsanları bu gün çaşdırmaq istəyirlər.Söhbət
ondan gedir ki, işdən çıxmaqla, vəzifədən
çıxmaq eyni şey deyil. Sadəcə, anlamaq
lazımdır: rektor bu dekanla işləmək istəmir. “Nəyə
görə?” sualını versəniz, deyərəm ki, bu mənim
haqqımdır və o adam mənim
etimadımı itirib! Lazım bildiyim şəkildə peşəkarlığını
nümayiş etdirə bilmədiyinə görə,
iş rejiminə doğru-dürüst əməl etmədiyinə
görə, tələbələrlə, müəllimlərlə
qeyri-obyektiv münasibətinə görə vəzifəsindən
azad olunub. Ona töhmət veriləndən sonra
özünü Elmi Şurada, universitet daxilində son dərəcə
etikadan kənar aparıb.Elmi Şura üzvlərinin
yanında, hamının qarşısında elan edib ki, burada
müdafiə olunan işlərin 80 faizi pulla müdafiə
olunub, mən belə müdafiə edənlərdən deyiləm.
Bu nə deməkdir? Bu,
bütün Müdafiə Şurasını ciddi şəkildə
təhqir etmək deməkdir.Və əlbəttə,
müdafiə şurasının üzvlərinin
hamısı mənə müraciət etdi ki, bizi bu
böhtandan, bu şərdən xilas edin, bu adama qarşı tədbir
görün. Ondan başqa onun işdən
çıxarılmağının başqa səbəbləri
də var. Tədris işləri üzrə prorektorun, Həmkarlar
İttifaqı Komitəsinin, Müdafiə Şurasının
bütün üzvlərinin, Universitet
ağsaqqallarının konkret
olaraq təqdimatları var. Nəhayət, Münaqişə
Komissiyasında qərara gəliblər ki, bu adamın işdən
çıxarılması son dərəcə vacib və
qanunauyğun bir haldır. Bu adam dekan kimi
işləyə bilməz. Bu sayılanlardan bircəciyi kifayət
idi ki, bu adam dərhal vəzifəsindən
azad ediləydi.
˗ Bu gün ADU-da ona qarşı
hansısa təzyiq və haqsızlıq varmı?
– Bayaq dediyim kimi, ona qarşı
haqsızlıq, təzyiq bu gün olsaydı, onun sənədləri
Ali Attestasiya Komissiyasına getməzdi, hər hansı bir məsələ
ilə bağlı müraciətinə baxılmazdı. Halbuki, həmin müraciətlərin hamısı
imzalanıb. Mən rəsmi şəkildə deyirəm:
Bu adama qarşı heç bir təzyiq, haqsızlıq
yoxdur. Əgər onun təhqir etdiyi, ləyaqətini
alçaltdığı adamlar bu gün ona qarşı
münasibətlərini adekvat qururlarsa, onun günahı
artıq məndə deyil.
˗ Vüsalə Ağabəylinin
dekanlıqdan kənarlaşdırılmasının səbəbi
nə oldu?
– Səbəb – verilən
tapşırıqlara doğru, düzgün əməl etməməsi,
konkret olaraq, tədrisin əsas bel sütunlarından sayıla
bilən açıq dərs sistemi ideyasını ləkələməsi,
yuxarıda sadalanan müraciət və təqdimatlar, nəhayət,
rektorun etimadını itirməsi! Açıq
dərs keçirilərkən dekan 80 saatlıq dərsdə
10 dəqiqə oturub, onun haqqında məlumat verə bilməz.
Eyni zamanda, həmin məlumatı açıq
dərsi keçən müəllimin iştirakı olmadan da
ortaya qoya bilməz. Bu halın ikisi də
baş vermişdi və həmin müəllim də şikayət
etmişdi. İndi isə hər yerdə
vurğulanır ki, o, mənim dostumun qızıdır. Bəli dostumun qızıdır, burada olan
hamının dostunun qızıdır. Hamı
onu dostunun qızı hesab edir. Bizim
görkəmli filoloqumuz, siyasətçimiz, tərcüməçimiz
professor Çərkəz Qurbanlının qızıdır.
Amma bunun məsələyə dəxli yoxdur.
Söhbət açıq dərs
ideyasının dağıdılmasından gedir. Açıq dərs ideyasını bu cür
dağıtmaq olmaz. Deyilir ki, bu dərs
ingilis dilində olmalıydı. Xeyr,
jurnalistika dərsi ingilis dilində deyil, Azərbaycan dilində
olmalıdır. Hansı dildə
olmasını rektor, Elmi Şuranın qərarı müəyyənləşdirir.
İngilis dilində olması üçün əvvəlcə
müvafiq bazanı hazırlamaq lazımdır. Bunlar mürəkkəb məsələlərdir.
Amma dekan yenə də bu səbəbdən
işdən uzaqlaşdırılmadı, o, sadəcə,
töhmət aldı. Bir müddət dekan
kimi fəaliyyətini davam etdirdi. Lakin onun tərəfindən
atılan böhtanlar, hədyan sözlər, onillərlə
universitetdə çalışan, onun özünə dərs
deyən şəxsləri ittiham etməsi, onlara qarşı
haqsız iradlar və tələblər irəli sürməsi
insanların səbr kasasını doldurdu, bütün bunlara
işə davamiyyətsizliyi də əlavə olundu və nəhayət,
dekanlıqdan çıxarılma əmri imzalandı.
Yenə deyirəm, əmri
imzalayan mənəm, amma bu gün o təqdimatı verən
adamlar nədənsə yada düşmür. Mən o əmri
imzlamasaydım, gərək məni məhkəməyə verərdilər
ki, bizim yazdığımız müraciət niyə
imzalanmayıb. Deyə bilərlər ki,
onları mən öyrədirəm. Mən
nə qədər adamı öyrədə bilərəm?
Bu qədər adamı öyrətmək olar?!
Bütün Elmi Şura üzvləri ciddi alimlərdir.
Bu xanımın özü niyə əvvəlcədən
bu haqsızlıqlara, əgər onlar vardısa, susurdu? Onu da mən susdururdum? Mənim
yanıma gəlib tənqid və təkliflə
çıxış etməsinə nə zaman etiraz etdim?
Bilirsiniz, bunlar gülməli məsələlərdir.
Mən artıq buna bir komediya obyekti kimi
baxıram. Qaldırılan iddialar öz
ciddiliyini çoxdan itirib. Kimsə deyir ki,
mən ictimai debata çıxmalıyam. Mən
niyə debata çıxmalıyam? Mən
öz fikirlərimi bir neçə ay bundan qabaq demişəm,
dediklərim universitet saytında olduğu kimi yerləşdirilib.
Həmin xanımın tənqidi iddialarına, təkliflərinə
haqlı iradları da olduğu kimi bizim saytda yerləşdiriblər.
Bizim universitetin saytında həmin məsələlər,
bütün sənədlər – işdən
çıxarılma aktı, işdən
çıxarılmanın təqdimatları öz əksini
tapıb. İstəyən kəs sayta daxil olub
baxa bilər. Mən hər dəfə buna
cavab verməliyəm? Xeyr. Cavab bir dəfə verilir. Mən
heç kimlə müzakirə açmaq niyyətində
deyiləm. Mən bura rektor təyin olunmuşam
və rektor kimi kiminlə işləmək istədiyimi
özüm seçirəm. O cümlədən, dekanla. Bu dekanla mən işləmək istəmirəm.
Məni onunla işləməyə məcbur edəcəklər?
Mən onun iş üsulunu, iş prinsipini, işə
münasibətini bəyənmirəm. O, mənim
etimadımı itirib. Mən əgər ona
qarşı hər hansı bir şəxsiqərəzlik
mövqeyi tutsaydım, onu müəllimlik fəaliyyətindən
də dərhal azad edərdim. O zaman məni məhkəməyə
verə bilərdi. İndi məni məhkəməyə
verib ki, onu dekanlıqdan çıxarmışam. Absurd və gülməli iddiadır. Bəli, onunla işləmək istəmirəm.
˗ Sonuncu dəfə həm
maaşı tutulub, həm töhmət alıb. Bunu necə
izah edə bilərsiniz?
– Bəli, ona yenə töhmət
verilib, çünki bir ay boyunca işə gəlməyib. Onun işə gəlməməyini təsdiq edən
sənədlər, aktlaşdırmalar var. Söhbət ondan
gedir ki, bizim universitetdə çoxdan həyata keçirilməli
olan proses, təəssüf ki, bu gün həyata
keçirilir. Bu proses ondan ibarətdir ki, işçilər
işdə davamiyyətlərini kartı sistemə daxil etməklə
sübut etməlidir. Birincisi, bu, ümumi
universitet camiəsinin təhlükəsizliyi baxımından
tətbiq olunur. İkincisi, məsuliyyətin
artırılmasıdır. Çox səhv
və yanlış, qorxulu və təhlükəli bir məqam
var. Bu gün bəzi müəllimlər elə hesab edir ki,
universitetdə dərsini keçib evinə (bəziləri də
yalandan kitabxanaya deyir) getməlidir. Bu, yanlış
və hətta gülməli düşüncədir. Təhsildən xəbəri olmayan adamların
iddiasıdır. Müəllim işə
gəlirsə, onun dərsdən əlavə konsultasiyaları
olmalıdır, bundan başqa universitetdə həyata
keçiriləsi ictimai-siyasi fəaliyyət var. Müəllimin
borcu dərs keçmək və həmin müddətdən
sonra yenidən kafedraya qayıtmaqdır. Yəni,
iş günü ancaq dərslə məhdudlaşmır. Bu bəhanələri biz yaxşı bilirik. İş qrafikini mən yox, Azərbaycan
Respublikasının Nazirlər Kabineti təyin edir. Əgər iradları varsa, oraya müraciət etsinlər.
Mən hökumətin, dövlətin mənim
qarşımda qoyduğu tələbi yerinə yetirirəm.
Konkret təhsil haqqında sənədlər
var. Həmin sənədlərə əsasən, işdə
olmayan şəxslər haqqında konkret cəza tədbiri
görülməlidir. İşə gəlməyənin
cəzası maliyyə cəzasıdır, onun
maaşının tutulmasıdır. Bəs
rektorun münasibəti? Rektor da bu halda
töhmət verməlidir.
Əslində, bir gün
işə gəlməyəni işdən çıxarmaq
lazımdır. Mən isə qanunu pozmuşam, bir ay
işə gəlməyənə töhmət vermişəm.
Gələn səfər qanunu pozmayacağam, bəri
başdan deyirəm. Töhmət və maaşdan
tutulma başqa-başqa müstəvilərdədir. Mən işçinin davamiyyətsizliyinə görə
iki dəfə məhz eyni töhməti verə bilmərəm.
Onun maaşından tutulması isə avtomatik
olan şeydir. Bu, cəza tədbiri deyil.
Sən nə qədər işə gəlmisənsə,
yalnız həmin günlərin pulunu alacaqsan. Bununla bağlı müqaviləyə imza
atmısan. Eyni zamanda, mənim rektor kimi
buna münasibətim olmalıdır. O münasibət də
töhmətlə bağlıdır. Elmi
Şuranın qərarı var. Üç günə qədər
işə gəlməyənə xəbərdarlıq edirik,
üç gündən çox işə gəlməyənə
töhmət elan olunur. Bu adam bir ayda
bir gün işə gəlməklə həmin bir
günün maaşını alıb. Çünki
kartı bir gün sistemə daxil edib. Kartının
işləmədiyini iddia edir. Bu məsələni
də araşdırıb, nəticəni olduğu kimi
özünə bildirəcəklər. Kartının
işləmədiyinə inanmıram. Ola
bilər ki, inandırsın. Bu isə
artıq əlaqədar şöbələrin işidir.
Bunun Elmi Şuranın qərarı olduğunu
deyəndə bir hüquqşünas mənim özümə
töhmət verilməli olduğunu söylədi. Çünki hökumətin qanunu var. Bir gün
işə gəlməyəni işdən çıxarmaq
lazımdır. Bir ay işə gəlməyəni
mən saxlamışamsa, deməli, mən özüm qanun
pozuntusuna yol vermişəm.
˗ Müəllim və tələbələrin
hadisəyə münasibəti necədir?
– Müəllim və tələbələrin
bu hadisəyə münasibəti son dərəcə
obyektivdir. Bu gün həmin dekanlığın
fəaliyyəti yoluna düşüb. Ora
son dərəcə hörmətli, ləyaqətli bir şəxs
rəhbərlik edir. Bu, professor Şahin Xəlillidir.
Fakültənin işlərində
qarışıqlıq, sahmansızlıq var idi. Mən bunu görüb o vaxtlar da deyirdim, amma hər
şey olduğu kimi qalırdı. Bütün bunlar
artıq aradan götürülüb və elə güman
edirəm ki, fakültə də, Elmi Şura üzvləri də, tələbələr
də son dərəcədə razıdırlar. Bilirsiniz, heç bir dəfə də heç bir tələbə
mənim yanıma gəlmədi ki, bizim dekanı niyə
çıxardınız? Hətta mən
həmin fakültənin tələbələri ilə
görüşdüm, məsələni onlarla
danışdım, hamısı axırda əl
çaldı. Mən sizə başqa bir
faktı deyim. ADU-da Tərcümə
fakültəsinin dekanını başqa yerə keçirmək
istəyirdik. Tələbələr mənimlə
görüşdülər, buna razı
olmadıqlarını dedilər. Mən
onların sözünü dinlədim. Həmin
xanım bu gün də həmin fakültədə dekan kimi fəaliyyətini
davam etdirir. Dekana olan sevgi budur. Bu biri dekan
isə çoxdan yaddan çıxıb. O, indi
özünü müxtəlif gülməli və acı məqamlarla
yada salmaq istəyir. Hər adam
özünü bir cür yada salır.
˗ Siz Vüsalə
Ağabəyli ilə niyə işləmək istəmirsiniz?
– Onun iş prinsipi ilə mənim
iş prinsipim üst-üstə düşmür. Mən iş, işgüzarlıq, elm, insanlıq barəsində
tamamilə başqa təsəvvürlərə malikəm. Bu gün ADU-nun mənəvi elmi iqlimi yüksək səviyyədədir.
Yəni, hər halda əvvəlkindən
yüksək səviyyədədir. İki il bundan
qabaq tələbələrin müxtəlif iddiaları var
idi, tələbələr üsyan edirdilər. Mən bura gələndə
tələbələr universitetin qabağında
durmuşdular, onların qarşısına
çıxmağa universitetdən bir adam
cəsarət etmirdi. Hazırki Təhsil naziri
Ceyhun Bayramov özü gəldi, həmin tələbələrlə
söhbət etdi. Bu gün həmin tələbələr
auditoriyalarda, dərs otaqlarında, kitabxanalarda və universitetin
dil və mədəniyyət mərkəzlərindədirlər.
Universitet o tələbələri mənəvi
dayaq nöqtəsi kimi ətrafına yığıb. Siz görərdiniz, məzun günündə tələbələr
burada necə oxuyurdular, şənlənirdilər, universitetdən
ayrılmaq istəmirdilər.
˗ Oxuculara sözünüz…
– Oxuculara arzu edərdim ki,
həqiqəti axıra qədər öyrənib sonra qərar
versinlər. Hər adamın
öz baxış bucağı (ciddi, ya da qeyri-ciddi) ola bilər,
həqiqət isə birdir.
Qarayeva. S.
525-ci qəzet.-
2019.- 19 iyul. S. 6.