Marneulidə Nəsimiyə həsr olunmuş Poeziya Günü

 

Marneulidə dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş Poeziya Günü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkil etdiyi tədbirdə ziyalılar, məktəblilər iştirak edib.

GAİM-in icraçı direktoru Aygül İsayeva İmadəddin Nəsiminin yaradıcılığı barədə ətraflı məlumat verib. Dahi şairin ibrətamiz şeirlərinin bu gün dillər əzbəri olduğunu bildirib.

GAİM-in idarə heyətinin üzvü, Faxralı kənd Arif Əliyev adına 1 nömrəli ictimai məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Fatma Əliyeva Nəsimi poeziyasının fəlsəfəsindən, onun şeirlərinin əruz vəznində və eyni zamanda, aşıq şeiri üslubunda yazılmasından söhbət açıb.

Tədbirdə, həmçinin, həmin məktəbin müəllimlərindən Səyyad Allahverdiyev və Səmayə Musayevanın Nəsimi yaradıcılığı və "Hürufinin nəzəri əsasları" haqqında məruzə ilə çıxış ediblər.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu ilin Azərbaycan Respublikasında "Nəsimi ili" elan edilməsi barədə də məlumat verilib. Nəsiminin 650 illik yubileyinin Azərbaycanda, eləcə də xarici ölkələrdə azərbaycanlıların kompakt yaşadığı bölgələrdə yüksək səviyyədə, layiqincə qeyd olunduğu vurğulanıb.

Tədbirdə Nəsimi irsi haqqında söhbət açılıb. Bildirilib ki, Nəsimi ana dili ilə yanaşı, farsca və ərəbcə də yazıb. Onun şeirləri, həmçinin, digər dillərə, o cümlədən, gürcü dilinə də tərcümə edilib. Nəsimi əsərləri istedadlı tərcüməçi Oqtay Kazımov və gürcü şairi Zezva Medulaşvili tərəfindən tərcümə edilərək gürcü oxucularına çatdırılıb. Tədbirdə mükəmməl tərcümə üçün hər iki tərcüməçiyə təşəkkür edilib.

Sonra məktəblilər Nəsiminin şeir və qəzəllərini söyləyiblər.

Poeziya Günü tədbirində "Nəsimi" filmi nümayiş etdirilib.

 

 

525-ci qəzet.- 2019.- 19 iyul. S. 9.