Azərbaycan İstanbulda
"Ən yaxşı çıxış edən ölkə"
seçilib
İstanbulda Beynəlxalq Tələbə Dərnəkləri
Federasiyası (UDEF) tərəfindən təşkil edilən
XII Beynəlxalq Tələbə Görüşü və
digər əhəmiyyətli tədbirlərdə aktiv
iştirak etdiklərinə görə İstanbul Universiteti Azərbaycan
Mədəniyyət və Həmrəylik Birliyi üzvləri
70-ə yaxın ölkə arasında "Ən yaxşı
çıxış edən ölkə" nominasiyası
üzrə mükafatlandırılıblar.
AZƏRTAC xəbər verir ki, təltifetmə
mərasimində UDEF təmsilçiləri və
çoxsaylı ölkələrdən gələn tələbələr
iştirak ediblər.
"Ən yaxşı
çıxış edən ölkə" nominasiyası
üzrə sertifikat İstanbul Universiteti Azərbaycan Mədəniyyət
və Həmrəylik Birliyinin qurucusu Rəşid Həsən
Mustafazadəyə təqdim edilib.
Eyni zamanda, birliyin fəal üzvləri təşəkkürnamələrlə
təltif olunub.
Xatırladaq ki, bu ilin aprel ayında
İstanbulda UDEF tərəfindən təşkil edilən XII
Beynəlxalq Tələbə Görüşü
keçirilib. 70-ə yaxın ölkədən 300-dən
çox tələbənin bir araya gəldiyi geniş tədbirdə
ölkəmiz üçün ayrılmış xüsusi
çadırda 2 gün boyunca həm yerli, həm əcnəbi
qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti,
iqtisadiyyatı haqqında birliyin üzvləri tərəfindən
geniş məlumatlar çatdırılıb, musiqili
çıxışlar təqdim edilib.
İstanbul Universitetində ilk dəfə olaraq 2017-ci ildə
fəaliyyətə başlayan Azərbaycan Mədəniyyət
və Həmrəylik Birliyinin əsas məqsədi azərbaycanlı
gənclərə dəstək vermək və özlərini
daha yaxşı ifadə etmələrinə
yardımçı olmaq, yerli və xarici tələbələrə
Azərbaycan mədəniyyəti, ədəbiyyatı və
tarixini düzgün şəkildə tanıtmaq, "Bir millət,
iki dövlət" şüarını əsas tutaraq
qardaş ölkə gənclərinin əməkdaşlığını
təmin etməkdir. Sözügedən təşkilatın
yeni sədri Anar Can Kıtaydır.
525-ci qəzet.- 2019.- 19 iyul. S. 9.