Bakı Uşaq Teatrı
mövsümə yekun vurub
Növbəti
mövsümə qədər sevimli
tamaşaçıları ilə səhnə sovqatlı
sağollaşan sənət ocaqlarından biri də Bakı
Uşaq Teatrı oldu. İyulun 17-də
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin
Bakı Uşaq Teatrı Azərbaycan Teatr Xadimləri
İttifaqının (ATXİ) tamaşa salonunda
mövsümü yekunlaşdırıb.
ATXİ-nin
tamaşa salonunu dolduran müxtəlif yaş qrupundan olan
tamaşaçılar qarşısına çıxan
teatrın direktoru, Əməkdar artist İntiqam Soltan öncə
dolğun keçən mövsümə qısa nəzər
salıb. Müxtəlif idarə və müəssisələr,
nazirlik və təşkilatlarla reallaşdırdıqları
birgə uğurlu layihələrdən, maarifləndirici
aksiyalardan, qastrol səfərlərindən bəhs edib. Direktor "Bütün Azərbaycanı səhnə
bilirik" ifadəsini qüvvətləndirmək
üçün fərqli rayonlarda tamaşaçılar
qarşısında etdikləri çıxışlardan,
onların teatra sevgi və marağından da
danışıb.
Tamaşanın
maarifləndirici missiyasına xüsusi önəm verdiklərini
deyən Əməkdar artist uşaq, yeniyetmə və gəncliyin
sağlamlığı və əmin addımlarla gələcəyə
irəliləməsi üçün teatr olaraq təbliğat
maşını funksiyasını yerinə yetirməyə
çalışdıqlarını dilə gətirib.
Yeni mövsüm vədlərinin
ardınca isə il ərzində
yaradıcı fəaliyyəti ilə seçilən, eləcə
də teatra dəstək olan, onun təbliğatı işini
quran bir neçə şəxsə təsis etdikləri
"Gümüş körpə" mükafatı verilib.
Mükafatçılar
arasında Bakı Şəhər Mədəniyyət Baş
İdarəsinin rəisi Cəlil Məlikov da var idi. O, təltifə
görə teatrın kollektivinə minnətdarlığını
bildirib, yeni yaradıcılıq uğurları arzulayıb.
Teatrın əməkdaşları
arasında keçirilən sorğuya əsasən müəyyənləşən
digər mükafatçılar teatrşünas və media mənsubları
idi.
Daha sonra balaca
tamaşaçıların rəy sorğusuna görə,
teatrın əməkdaşları Şahbuz Quliyev, Zəminə
Allahverdiyeva, Leyla Hüseynova, Nərminə Məhərrəmova,
Turəxanım Qasımlı, Niyaz Qasımov, Mehman Piriyev,
Ədalət Ağaverdizadə, Günay Pirizadə, Emin Balayev
və digərləri mükafatlandırılıb.
Sonda
tamaşaçılar müasir dövrün qlobal problemlərindən
olan insan alverinin fəsadlarına həsr olunan
"Günahsız günahkarlar" tamaşasına
baxıblar.
Böyüklər
üçün nəzərdə tutulan tamaşanın səhnələşdirəni
Arzu Soltan, quruluşçu rejissoru İntiqam Soltan, rəssamı
Sevda Məmmədova, bəstəkarı Mahir İbrahim, rəqslərin
quruluşçusu Könül Şahbazovadır.
Tamaşa gənclər
arasında yayılmış "mafiya" oyunu üzərində
qurulub. Gənclər bu oyun sayəsində
özləri də bilmədən insan alveri ilə məşğul
olan mafiyanın qurbanına çevrilirlər. Kimisi yüksək
gəlirli iş, kimisi ailə qurmaq adı ilə
aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara
məruz qalır, kimisi orqan transplantasiyasının qurbanı
olur. Bəs bütün bu oyunları quran kimdir? Gənclər
insan alveri haqqında nələri bilməlidirlər?
"Günahsız günahkarlar" tamaşası bu suallara
cavab üzərində qurulub. Özlüyündə bir
sıra ağır məqamlara aydınlıq gətirən
dramatik sonluqlu tamaşa alqışlarla qarşılanıb.
Şahanə
MÜŞFİQ
525-ci
qəzet.- 2019.- 19 iyul. S. 9.