Arif Əmrahoğlusuz beş il

 

O gün - ağrılı-acılı bir gün, onu itirdiyimiz gün. 2014-cü il iyulun 19-u... Həmişə yeri görünən, anılan, yaddaşlara ancaq və ancaq "Dəyərli Ziyalı, Xeyirxah İnsan, Yaxşı Müəllim" kimi hopan Arif Əmrahoğlu.

 

2016-cı ildə dostlarının xatirələrindən ibarət "Hər kəs üçün yaxşı Arif Əmrahoğlu" kitabı işıq üzü gördü. Kitabda Arif müəllimə dəyər verən ziyalıların, dostlarının və tələbələrinin yazıları yer aldı.

 

Arif müəllimi hər birimiz özümüzə dost bildik. Tələbələri onu bir müəllim kimi yox, məhz onlara, onların düşüncələrinə yaxın bir yoldaş kimi sevdilər. Onu özlərinə "Mənəvi ata" kimi qəbul etdilər.

 

Vəfatının ildönümü ərəfəsində feysbuk səhifəsinə göz gəzdirirəm. 2010-2014-cü illər ərzində feysbukda fəallığını və paylaşılan düşüncələrinin nə qədər önəm kəsb etdiyini onun statuslarında görməmək mümkün deyil.

 

Hər şey canlıdır, paylaşılan statuslar bir-birindən maraqlı və düşündürücü... Bircə feysbuk profilində yaşıl işıq yanmır.

 

Arif müəllim bütün tədbirlərdə orijinal danışardı. Paylaşdığı statuslar da öz orijinallığı ilə seçilir. Statuslardan bir hissəni "525-ci qəzet"də dərc olunmaq üçün Şahanə Müşfiq hazırladı.

 

Ruhu şad olsun!

 

Arif Əmrahoğlu

 

(sosial şəbəkə qeydləri) 

 

21 Aprel 2014

 

Q.Q.Markes 88 yaşında dünyasını dəyişdi. Yaşamaq üçün yazdı, pulsuz vaxtlarında maşınını, arvadının saçqurudanını satdı, amma qələminə dəymədi. Sonra şöhrət, var-dövlət və onlarla birlikdə xəstəliklər gəldi. Lap sonda əlindən gələn ən yaxşı işi gördü - bacardığı vaxt dünyadan köçdü. Görəsən, bizimi ələ saldı, yoxsa əylənmə bəhanəsiylə özünümü aldatdı?!

 

Q.Q.Markesdən deyimlər:

 

Mən başqalarının qarşısında çıxartmamaq üçün şlyapa qoymuram...

 

İnsan lazım gələndə deyil, bacaranda ölür...

 

Ən yaxşı dost həyatda olmayandı...

 

Ədəbiyyat insanları ələ salmaq üçün düşünülüb tapılmış ən yaxşı əyləncədi...

 

Bu isə Q.Q.Markesdən deyil: - Demokratiya nə vaxt yaranıb? - Allah Adəmi Həvvanın yanına aparıb "özünə arvad seç" deyəndə.

 

8 Mart 2014

 

"Kişilərin böyük tərbiyəçiləri" (A.Frans) olan bütün xanımları bizi indiki vəziyyətə çatdıran sevgi hissini - "məhəbbət insanlığı heyvanlıq vəziyyətindən qurtaran həqiqi Orfeydir" (J.Renet) və bizə ikinci dəfə həyat verən eşq duyğusunu - "məhəbbət bizim ikinci doğuluşumuzdur" (O.Balzak) bəxş etdikləri üçün ürəkdən təbrik edirəm!

 

12 Fevral 2014

 

Vaqif Səmədoğlu aşağıdakı nümunə ilə Tanrının verdiyi ömrün bütün mərhələlərində bəndəyə xas dedi-qodulardan, intriqalardan... yüksəkdə duraraq yalnız Şeir yazmağın mümkünlüyünü göstərdi.

 

Allah,

Nə var, nə yox?

Məndən nə xəbər var?

Gecələri özüm sayaram,

Üzümə açılacaq

Neçə səhər var?

Bəyənəcəksənmi məni,

Bəndəni hansı gözlə görəcəksən?

Allah,

Özüm gəlim,

Ya kimisə göndərəcəksən?

 

Anar müəllim dedi ki, şeiri oxuyandan sonra Vaqifə zəng elədim və dedim ki, Allahdan xəbər var: deyir ki, hələ vaxtım yoxdu, Vaqif 10-15 il gözləsin.

 

25 Yanvar 2014

 

Bu gün şair, alim, şəxsiyyət Qasım Qasımzadəni andıq. "Qasım Qasımzadə şeirlərini ürək qanı ilə bənövşə yarpağına yazırdı" (Yaşar Qarayev). Şairin "Vaxtıdır" şeirindən bir bənd:

 

Ara, axtar hər guşəni,

Gəz çəməni, gəz meşəni,

Öpüb ayılt bənövşəni,

Təbiətin qız vaxtıdır.

 

16 Yanvar 2014

 

Bu gün rəhmətlik Aydın Məmmədovun 70 yaşı idi. "Qrenye: - Bəs necə həlak olmaq lazımdır? Folkner: - Mümkün olandan artıq eləməyə cəhd göstərməklə həlak olmaq lazımdı. Qaçılmaz olsa belə, məğlubiyyətə meydan oxumaqla həlak olmaq lazımdı".

 

Aydın özünə qalib gəlməyi bacardı, daha sonra isə məğlubiyyətə meydan oxumaqla həlak oldu.

 

8 Noyabr 2013

 

Növbəti yubiley tədbirlərinin birindən sonra ağrısı-acısı mimikasından da, deyiliş tonundan da açıq-aşkar hiss olunan Anar müəllim cavabı özünə bəlli bir sual verdi: - Bu yubileylərə baxıram, professorları dinləyirəm və sonra fikirləşirəm ki, ilahi, bəs biz Füzulinin gələn yubileyində nə deyəcəyik?!

 

Mən dinmədim, tələbəlik illərini xatırladım. Mikola Miroşniçenko Kiyevdən gəlmişdi, məqsədi dilimizi öyrənmək və Nəsimini orijinaldan tərcümə etmək idi. Dostum Arif Acalovla əlimizdən gələn köməyi ondan əsirgəmirdik. Onun istəyi ilə bir yerdə olduğumuz müddət ərzində yalnız Azərbaycan dilində danışırdıq. Bir gün əsəbi gəldi, səbəbini soruşmağımıza peşman olduq. Partladı: - Adını soruşmayın, deməyəcəm (amma sonra dedi), filan şair məni yanına çağırmışdı. Dedi ki, Nəsimi ölüb gedib, gəl sən mənim əsərlərimi tərcümə elə, sənə mehmanxanada yaxşı yer tutum, yeməyini, içməyini, əyləncəni təmin edim, qurtarandan sonra da nə qədər istəyirsən, pul verim.

 

Tələbəlik illərini xatırladım və kövrəldim... Gözəl günlər idi.

 

29 Oktyabr 2013

 

Mənə təbriklərini göndərən bütün dostlara dərin minnətdarlığımı bildirirəm. Bir dəfə dostum Zaman Əsgərli növbəti cərrahiyyə əməliyyatı olunurdu, mən də getmişdim. Əməliyyata aparılan Zaman məni görəndə yanına çağırdı ki, bilirəm sən niyə gəlmisən. Dedim, niyə? Ağrıya baxmayaraq gülümsədi: Gedib bütün dostlara deyəcəksən ki, özüm canlı şahidəm, Zaman bu dəfə də ölmədi. Bir yaş da qocalmağımın (təvazökarlıq da bir bəladı, az qala deyəcəkdim ki, müdrikləşməmin) şahidlərni ürək sözləri ilə bildirənlərə səmimi şəkildə deyirəm: DOSTLAR SAĞ OLSUNLAR!

 

15 Oktyabr 2013

 

Mənim üçün hər bir bayram insanın içdən təmizlənməyə çalışdığı bir gündür. Bütün dostları içdən təmizlənmə fürsətini və təmizlənməni bir daha yaşadıqları üçün ürəkdən təbrik edirəm!

 

9 Oktyabr 2013

 

İçimdə bir maraq

elə bir maraq ki

ölümdən bir ay sonra

bircə gün yaşamaq

...

dostu-düşməni

suç üstdə yaxalamaq (Əziz Nesin)

 

1 Oktyabr 2013

 

Tələbələrimə tez-tez dediyim və müəllifini unutduğum maraqlı bir fikir: "Hamı cənnətə getmək istəyir, amma heç kim ölmək istəmir".

 

1 Oktyabr 2013

 

Şair Ədalət Əsgəroğlu Tanrısına qovuşdu. Bizim hamımız uşaqlarımız üçün əlimizdən gələnləri eləməyə çalışırıq. Son illər ailəsi, balaları üçün sözün həqiqi mənasında canından keçən, əlindən gələnləri, hətta gəlməyənləri də eləməyə çalışan azsaylı atalardan biri kimi Ədaləti tanımışam. İndi fikirləşirəm ki, görəsən, birlikdə işlədiyimiz son on ildən artıq bir müddətdə onun özü üçün yaşadığı bir günü yadıma sala bilərəmmi? Elə bir gün yadıma düşmədi... Əksəriyyətimiz kimi iynə ilə gor qazırdı... və qazdı da. Allah qəni-qəni rəhmət eləsin, goru nurla dolsun!

 

20 Avqust 2013

 

Nobel mükafatçısı İ.Brodski bildirirdi ki, çoxsaylı qanunlar arasında ədəbiyyata qarşı cinayətə görə cəza nəzərdə tutulan qanun yoxdu.

 

Yenə İ.Brodski bildirirdi ki, hökm sahiblərinin seçkisi onların oxucu təcrübəsi əsasında aparılsaydı, yer kürəsində dərd, fəlakət az olardı.

 

8 Avqust 2013

 

Gəncliyimdə ən cox sevdiyim rəssamlardan biri "Dali əbədidi və heç vaxt ölməyəcək" və "iki məsələyə görə taleyimə minnətdaram: ispan və Salvador Dali olduğuma görə" deyən Salvador Dali idi. Arxivimi vərəqləyərkən onun vaxtilə dəftərimə yazdığım bəzi mülahizələrinə rast gəldim.

 

"Jurnalistləri sevirəm! Onlar da əhalinin kretinləşdirilməsinə imkan yaradırlar. Və bu işin öhdəsindən çox gözəl gəlirlər".

 

"Kommunizm durmadan tənəzzül edir. Özünüz mühakimə edin: Marks qeyri-adi dərəcədə tüklü idi, Leninin saqqalı və bığı (o qədər qalın olmasa da), Stalinin yalnız bığı vardı, Xruşşovun isə heç bığı da yox idi".

 

"Tarixin önündə qaçmaq onu təsvir etməkdən qat-qat maraqlıdı".

 

"Gözəl nə varsa, yeməli olmalıdı".

 

29 May 2013

 

Kəndimizin yaşlı ağsaqqallarından Yunus dayı Bakıya gəlmişdi. Mən də tələbə idim. Onu qızıgilə aparırdım. Tramvaya minəndə Yunus dayı ucadan dedi: Salamməleykum, ay camaat!

 

Heç kəs cavab vermədi, hamı istehza və təəccüblə ona baxdı. Yolda soruşdum ki, Yunus dayı, orda tanıdığın adam vardımı? Kişi arif adam idi, onun əvəzinə xəcalət çəkdiyimi başa düşmüşdü, dedi, ay bala, rastlaşdığın allah bəndəsinə Tanrıdan sağlıq-salamatlıq arzulamaq üçün onu tanımaq lazımdımı?

 

Mən bu dəfə də xəcalət çəkdim... Yunus dayı demişkən, gecəniz xeyrə qalsın, ay camaat!

 

29 May 2013

 

"Düşüncələr"dən:

 

Orta məktəbdə oxuyanda riyaziyyat dəftərinin kvadratlarından yararlanmaqla ədəbiyyat kitabındakı klassiklərin rəsmlərinin üzünü çıxardırdım. 60 evdən ibarət kəndimizdə hamı məni gələcəyin böyük rəssamı hesab edirdi. Bu günlərdə keçmiş "istedadıma" istinadla Nazim Hikmətin rəsmini çəkmək barədə düşünürdüm: rəssam olsaydım, onun rəsmini hansı pozada çəkərdim, necə çəkərdim və s. Nə qədər fikirləşsəm də, sonda özümdən asılı olmayaraq aydın olurdu ki, portretdə Nazim Hikmətin əvəzinə Nəcib Fazil Qısakürək görünür...

 

29 May 2013

 

Son vaxtlar inandığım və çox istədiklərimlə söhbət məndə bir əminlik də oyatdı ki, insanlar danışdığı kimi yaşayıb, yaşadığı kimi danışsaydılar (allah sənə rəhmət eləsin, böyük Mövlana: ya göründüyün kimi ol, ya da olduğun kimi görün) həyat xeyli gözəlləşərdi. Təəssüf... Adəm və Həvvadan üzü bu yana özümüzün eləyə bilmədiyimizi və eləmək istəmədiyimizi başqalarından uma-uma ya acı-acı, ya da tənqid pafosu ilə alovlu nitqlər söyləyərək köksümüzü ötürürük: təəssüf...

 

3 May 2013

 

Son vaxtlar bəzi müəlliflərin mətbuatda gedən yazılarını oxuyanda Şopenhauyerin bir deyimi daha tez-tez yadıma düşür: Hər bir dəlinin öz məntiqi var!

 

17 Mart 2013

 

Konfusinin kəlamlarından:

 

Dərin quyu deyil, ip qısadı.

 

Düşünmədən öyrənmək faydasızdı,

 

Öyrənmədən düşünməksə təhlükəli.

 

Qaranlığı söyməkdənsə, qalx bir şam yandır.

 

Yalnız ən ağıllı və ən axmaq adamlar dəyişə bilmirlər.

 

17 Mart 2013

 

"Düşüncələr"dən:

 

1870-1871-ci il Fransa-Almaniya müharibəsində almanlar qələbə qazandılar. Həmin vaxt Bismark hamını düşündürən belə bir maraqlı fikir söylədi ki, bu müharibədə alman müəllimi qalib gəldi. Sən demə, o illərdə alman məktəblərində tarix fənninin tədrisi elə qurulur və aparılırmış ki, Almaniyanın maraqları naminə döyüşməyə hazır vətənpərvərlər yetişdirmək mümkün olurmuş. 

 

10 Mart 2013

 

Görkəmli söz ustası Borxes də durub-durub "gülməli" fikirlər yazır. Məsələn, yazır: "Mənə həmişə elə gəlib ki, cənnət bir növ kitabxana kimi nəsə olmalıdı".

 

11 Fevral 2013

 

"Düşüncələr"dən:

 

Azərbaycan romantik poeziyasına ciddi təsir göstərmiş görkəmli türk şairi Tofiq Fikrət "Tarixi-qədim" əsərində türk oxucularını, xüsusən də pərəstişkarı və vurğunu türk gəncliyini haldan çıxardan, sevdikləri şairdən üz döndərmələrinə səbəb olan poetik mülahizələr ifadə etmişdi. Xarici qüvvələrin Türkiyəni dünya xəritəsindən silməyə hazırlaşdığı və başladığı bir vaxtda yazırdı: "Qəhrəmanlıq... Əsası qan, vəhşət..." Yurdun dağıdıldığı bir vaxtda döyüşkənlik yox, qəhrəmanlığa şübhə, deməli, döyüşlərdən uzaq olmaq təlqin edilirdi.

 

Şair müqəddəs kitabımızı - Quranı nəzərdə tutaraq yazırdı: "Ey fikirlər məzarı köhnə kitab! Yırtılarsan sabah çəkilsə hesab". O, Tanrını, müqəddəs Peyğəmbərimizi, islam dinini də sabahı gözləmədən hesaba çəkirdi . Təfsilatına varmadan qeyd etmək lazımdır ki, bir çox ziyalılar, o cümlədən, M.A.Ərsoy da buna dözə bilmədi və sərt tənqidi münasibətini bildirdi (onun T.Fikrət üçün işlətdiyi ifadələrdən biri: kilsə zəngçalanı). Türk ürəyiyumşaqlığı ilə ona ifrat dərəcədə sərt olduğunu deyənlərə M.A.Ərsoy təxminən belə cavab vermişdi: O, atamı təhqir etsəydi, bəlkə də dözərdim, amma o, dinimi, müqəddəs kitabımı, xalqımı təhqir edibdi.

 

Allah hər ikisinə öz imanlarına və inamlarına görə rəhmət eləsin!

 

18 Yanvar 2013

 

- Ana, uşaqlıqda sənin arzun olubmu?

 

- Əlbəttə.

 

- Bəs indi?

 

- İndi arzum mənimlə yanaşı gedir və mənə suallar verir.

 

 

Arif ƏMRAHOĞLU

525-ci qəzet.- 2019.- 19 iyul. S. 10.