İmzasını yaddaşlara
yazan alim - Əzizxan Tanrıverdi
"Artıq
bir il ötdü Azərbaycan filologiyasında Əzizxan
Tanrıverdinin yoxluğundan" - yazmaq istəyirəm. Amma
əlim gəlmir. Adını eşitcək
boğazımda düyünlənir sözlər... Nə? Əzizxan Tanrıverdi yoxluğu?
Əgər insan qoyub getdiyi irsi ilə yadda qalırsa, xatirələrdə
yaşayırsa, hansı yoxluqdan söhbət gedə bilər!?
Əzizxan Tanrıverdi 23 kitab, 180 sayda elmi məqalə irs qoyub və mərd insan xarakteri ilə
yaddaşlarda yer edib.
Filologiya elmləri
doktoru, professor Əzizxan Tanrıverdi türk mənşəli
Azərbaycan şəxs adlarını ilk dəfə olaraq
tarixi-linqvistik müstəvidə tədqiq etmişdi. "Kitabi-Dədə
Qorqud" abidəsində işlənən şəxs
adları, dağ kultu, at kultu, obrazlar sistemi, assonans və
alliterasiya kimi məsələləri ilk dəfə olaraq
dilçilik və ədəbiyyat müstəvisində
kompleks şəkildə araşdırmışdı. Alimin
Azərbaycan və ümumtürk elmi üçün göstərdiyi
fədakarlıq yüksək
qiymətləndirilir. O, 2014-cü ildə "Türk
dünyasının ulu atası Korkut" mükafatına
layiq görülür.
Əzizxan
Tanrıverdi imzası ilə tanışlığım
Bakı Dövlət Universitetinin III kursunda oxuduğum vaxta -
2015-ci ilə təsadüf edir. Yadımdadır, həmin vaxt
"Azərbaycan dilinin tarixi qrammatikası" adlı fənn
keçirdik. Bizə seminarlara hazırlaşmaq
üçün Hadi Mirzəzadənin kitabından oxumaq
tövsiyə olunmuşdu. Bir dəfə məşğələ
müəllimi Səmayə xanım dərsə əlində
başqa bir kitabla gəldi. Əlavə vəsait kimi gətirmişdi
onu. Bu, Əzizxan Tanrıverdinin "Azərbaycan dilinin tarixi
qrammatikası" adlı dərsliyi idi. Kitabı gözdən
keçirdim. Bəli, bu, mənim illərdir
axtardığım kitabdı. Yox, mən illərdir tarixi
qrammatika ilə məşğul deyildim. Mənim
axtardığım kitab elmi mübahisə, elmi fikir
doğuracaq, tədqiqata yönəldəcək bir kitab idi. Dərslik
müəllimə hədiyyə olunduğundan onu ala bilmədim,
amma üzünü çıxardım. Qrupa da hay saldım:
"Bu, çox yaxşı kitabdır. Kserokopiya edin".
Bax, həmin kitabla da başladı Əzizxan Tanrıverdi ilə
mübahisələrim. Oxuduqca qeydlər edir,
araşdırırdım.
İlyarımdan
sonra ADPU-nun magistraturasına qəbul olundum və dissertasiya
mövzumu Əzizxan Tanrıverdinin rəhbərlik etdiyi
"Azərbaycan dili və onun tədrisi metodikası"
kafedrasından götürdüm. Nə ADPU-nu seçəndə,
nə də dildən dissertasiya yazmağa qərar verəndə
Əzizxan Tanrıverdinin orada mənim tələbəsi
olacağım kafedrada işlədiyindən xəbərim yox
idi. Bu zamana qədər onu qiyabi tanıyırdım. Əyani
tanışlığımın isə maraqlı bir
tarixçəsi var... Bir imtahan sonrası
tanımışdım onu. Belə ki, imtahan öncəsi bizə
verilən suallarla imtahandakı sualların uyğun gəlmədiyini
kafedraya bildirdik və imtahanın vaxtı dəyişdirildi.
Koridorda rastlaşırıq. Tanımıram nə mən onu,
nə o məni. Ancaq üzündən oxunurdu gərginliyi. Rəfiqəm
böyrümü dümsükləyərək Əzizxan
müəllimi nişan verdi. Uzun-uzun baxdım və görsəm
bunu soruşaram dediyim fikirlər gəldi keçdi
ağlımdan. Deyəsən, o da duymuşdu bunu. Baxır, təbii
ki, tanıya bilmir. Mən də tez üzümü
çevirirəm.
Növbəti,
Əzizxan müəllimin də dediyi o "unudulmaz
görüş" yenə bir imtahan sonrasına təsadüf
etdi. Bu dəfə mən də gərgin və əsəbi
idim, imtahanda haqsız surətdə balım kəsildiyinə
görə. Bir kafedra müdiri kimi gəlmişdi onda - məsələni
həll etmək, müəllimlə aramda razılıq
yaratmaq və mənim nə dərəcədə haqlı
olduğumu aydınlaşdırmaq üçün. O,
kafedra müdiri idi və kafedrasını sona qədər
qorumağı borc bilirdi özünə. Yaxşı
xatırlayıram, apellyasiya otağında onu görəndə
dərhal: "Həmin müəllimi
çağırın" - demişdim. O isə: "Qəsdin
nədi? Bilirsən ki, o özü bu suallara cavab verə bilməyəcək,
yenə onu istəyirsən?" demiş və əgər mənim
balım qaldırılsa, müəllimin ağır töhmət
alacağını bildirmişdi. "Mənim də bu bala
görə təqaüdüm kəsilir" demişdim.
Yalnız: "Yəqin ki, bilirsən mən yoxlasam, səhv
tapacağam və balın bir az da kəsiləcək" deyəndə
razılaşdım onun yoxlamağına. Vərəqi o
yana-bu yana çevirib bir səhv tapmayanda mənim imtahan
biletinin birinci sualını rum rəqəmləri verib
yanına nöqtə qoymağıma gözü
sataşdı. Bəli, bu, texniki səhv idi. Doğrunu
yanlış yerində qoyub texniki səhvə görə bal
kəsmək vicdan məsələsidir. O, bu səhvi bal kəsməyə
görə və mənim haqsız olub geri çəkilməyim
üçün etməmişdi. Bir müəllim
qayğısı ilə: "Niyə bundan sonra nöqtə
qoymusan?" sualını verdi və mən: "Olmamalıdır?"
deyə təəccüblə soruşanda rum rəqəmlərinin
yaranma tarixçəsindən danışdı. O,
sözünü bitirmədən mən balın haqlı
yazıldığına dair qol çəkdim. İlk dəfə
"nə olursa-olsun dönməyəcəyəm" vədimə
xilaf çıxırdım. Bu, mənim heç vaxt etmədiyim
bir hərəkət və ilk dəfə atdığım
bir addım idi. Mən yenə ondan öyrəndim. Bəli, o,
mənə öz pedaqoqluğu ilə qalib gəldi.
Praktika
dönəmində Əzizxan Tanrıverdinin kitabları ilə
daha yaxından tanış oldum. Kafedradakı kitab
şkafının bir rəfində Əzizxan müəllimin
kitabları yer alırdı: "Koroğlu"nun
şeir dili", "Dəli Kür" romanının poetik
dili", "Anarın nəsri", "Azərbaycan dilinin
tarixi qrammatikası", "Kitabi-Dədə Qorqud"da
şəxs adları", "Kitabi-Dədə Qorqud"un
obrazlı dili", "Dilimiz, mənəviyyatımız",
"Poeziyanın dili, dilin poeziyası", "Dədə
Qorqud kitabı"nda at kultu", "Dədə-Qorqud
kitabı"nda dağ kultu", "XVI əsr
qıpçaq (poloves) dilinin qrammatikası", "Kitabi-Dədə
Qorqud" və qərb ləhcəsi". Onları
oxuduqca suallarım artırdı. Hələ ilk oxuduğum
kitabından başlanan mübahisələrimiz apellyasiya
boyunca, praktika boyunca sürdü. Hətta "Kitabi-Dədə
Qorqud"un söz dünyası" kitabından ilhamlanıb
bir elmi məqalə - "Baybörə oğlu Bamsı Beyrək
boyu"nun dilində işlənən nitq etiketləri"
yazdım. Bu dövrdə onun iki kitabı da -
"Dilimiz, düşüncəmiz" və
"Türkologiyamızın Afad Qurbanovu" yeni çapdan
çıxmışdı. Yadımdadır, elmi-tədqiqat təcrübəmizin
bir günü Axır çərşənbəyə
düşmüşdü. Həmin gün onun göstərişi
ilə hərəmiz bir şeir səsləndirdik və
üç nəfər birinci kitabdan resenziya və rəy
nümunəsi oxumuşdu. Mən də "XI-XII əsrlər
türk dillərinin etnoqrafik leksikası" adlı rəy məqaləsini
oxumuşdum və oxuduqca söylənən mətləblərə
öz rəyimi bildirmişdim. O gün də unudulmaz oldu bizim
üçün. Bəllidir ki, şeirlə, ədəbiyyatla
keçən hər gün unudulmazlıq qazanır.
Əzizxan Tanrıverdini ya koridorda tələbələrin
suallarını cavablandırarkən, ya kafedrada tələbələri
sorğu-suala tutarkən, ya da öz müəllim
yoldaşları və tələbələri ilə
hansısa bir məsələ ətrafında müzakirə
edərkən görərdin.
Danışa-danışa bitməzdi onun Dədə
Qorqud barədə söhbətləri... Əzizxan
Tanrıverdi bir müəllim kimi hər zaman hamının
işi ilə maraqlanır, ona verilən sualları həvəslə
cavablandırırdı. Bir alim kimi elmi mübahisə
doğuran, yaxud tələbələr üçün
qaranlıq qalan məsələləri qabardır, onlara
aydınlıq gətirirdi. Bir kafedra müdiri kimi "əsas
tələbələrin işləridir. Arzu xanım, Sənubər
xanım, müəllimlər diqqətiniz onların üzərində
olsun. Nə əyər-əskikləri varsa başa salın
düzəltsinlər" deyə tapşırıq verirdi.
Bax, bu idi Əzizxan Tanrıverdinin örnək olası şəxsiyyəti!
Əzizxan
müəllim tələbənin könlünü xoş
tutan müəllimlərdən deyildi. Onun hər zaman
yanında olan, haqqını kəsməyən, onu
ruhlandıran, tənbəlliyinə görə danlayan
böyük bir pedaqoq idi. O, daim tələbələri zəhmətkeş
olmağa səsləyirdi. Onun: "Pis yazsanız da,
özünüz yazın. Təcrübəsizlikdən
buraxdığınız səhvləri zamanla, yazdıqca,
püxtələşdikcə düzəldəcəksiniz"
sözlərindən neçə tələbə ilham
alıb tez bir zamanda qorxmadan, özünə inanaraq
özü yazıb tamamladı, "bütün elmi mənbələri
yoxladıqdan sonra bir yekun qərara gəlin" şəklində
verdiyi tövsiyə, əminəm ki, neçə tədqiqatçının
ana prinsipinə çevrildi.
Praktika
dövründə öyrəndik xəstə düşməyini...
Sarsıldıq. Heç kim gözləmirdi bu xəbəri,
heç kim inana bilmirdi. Bir neçə ay sonra da itirdik onu.
Sonuncu dəfə mayda ADPU-ya gedişimdə gözüm hər
yerdə Əzizxan müəllimi axtardı. Bircə kitabları
qalmışdı kafedrada. Nə özü, nə səsi
vardı. O zaman anladım Əzizxan Tanrıverdi yoxluğunu.
Yasında xanımının dediyi "o həmişə
deyirdi, məni tələbələrim yaşadacaq"
sözlərini unuda bilməyəcəyəm. Heç
kimdən nəsə ummadan ancaq Azərbaycan elmi
üçün çalışan, 28 illik pedaqoji fəaliyyətini
tələbələrini əsl müəllim, əsl alim kimi
yetişdirməyə adamış Əzizxan Tanrıverdi
adını tələblərin uğurları yaşadacaq və
onun elm qarşısında çəkdiyi fədakar zəhmətə
minnətdarlıq hissi ilə xatırlanacaq.
Təhminə
VƏLİYEVA
525-ci
qəzet.- 2019.- 19 iyul. S. 11.