"Sülh göyərçinləri",
Dürdanənin cavabını verə biləcəksinizmi? -
Azər Həsrət yazır
Oxudum o kitabı. Özümü baş obrazın yerinə qoymaqla. Müasir dildə desək, empatiya tətbiq etdim. Hər anım zülm oldu. Hər saniyəm məni çarmıxa çəkdi. Bir an öncə ölməkdən başqa çıxış
yolu görmədim. Səbrim tükəndi, nəfəsim kəsildi. Damarlarımda axan qan dayandı, əzələlərim dondu. Nəfəsim tıxandı, hələ də necə yaşadığımı kəsdirə bilmədim. Amma yaşadım, canım bərk imiş və həyatda qaldım. Ermənilər demişkən, biz türklərin canı, doğrudan da bərk olurmuş.
... Bütün bunları, əlbəttə ki, mən yaşamamışam. Heç buna bənzər
duruma da düşməmişəm. Düşsəm,
qəhrəmanımız kimi mən də sonadək
dözə bilərdimmi? Deməyə çətinlik çəkirəm.
Amma o dözüb, dayanıb və bu gün də
ayaqdadır. Həm də o olayların ən dəyərli bir
şahidi kimi çox gərəklidir.
Xocalı sakini, 26 fevral
1992-ci ilin məşum Xocalı soyqırımının
qurbanlarından biri Dürdanə Ağayevanın
"Erməni zindanında səkkiz gün" adlı
kitabı haqqında danışıram.
Müəllif öz
başına gələnləri, şəxsən
yaşadıqlarını bir şahid ifadəsi kimi
qələmə alıb, kitablaşdırıb ki, dünya
Xocalıda nə baş verdiyini bir sadə rabitəçi
qızın dilindən də eşitsin.
Dürdanə Xocalıda
rabitəçi kimi işləyəndə və o
soyqırımı baş verəndə cəmi 20 yaşı
olub. Kövrək və zərif bir
qızcığaz Xocalı mühasirədə olduğu
günlərdə nələrin necə baş verdiyini öz
gözlərilə görüb. Əsas rabitə onun
işlədiyi müəssisə üzərindən
gerçəkləşdirildiyi üçün ümumi
əhvalı da görüb, dəhşətə gəlib,
lakin sonadək vəzifəsini icra edib. Ta ki, o gecə
ermənilər və ruslar birlikdə Xocalıya hücum edib
oranı yerlə yeksan edənədək...
Qəhrəmanınız da
digər Xocalı sakinləri kimi toplu-tanklı erməni-rus
birləşmələrinin qarşısında aciz qalaraq
çıxış yolunu qaçmaqda görüb. Bu qaçaqaçda
ətrafa səpələnmiş meyitlər, silahsız
insanların ümidsiz baxışları,
yaşlı-uşaq, qız-gəlinin müdafiəsiz durumuna
şahidlik edib. Özü də o anları yaşayaraq həm
də...
Daha sonra erməni əsirliyi
gəlir. Dürdanəni də ermənilər əsir
götürür və əsl işgəncə bundan sonra
başlayır...
Dürdanəni digər
qadınlar kimi geri verməyə tələsmir
düşmən. Çünki onlarla birlikdə
ermənilərin "əsir" aldığı
Xocalıdan olan erməni qadınlar onu "rabitəçi
və döyüşçü" kimi qələmə
verir. Bu isə düşmən üçün
əvəzolunmaz əsir idi. Həm rabitəçi, həm
də döyüşçü çox
mətləblərdən xəbər verə bilərdi. Lakin
əslində, Dürdanə döyüşçü
deyildi. Sadəcə mülki rabitəçi idi...
Zərif bir
qızcığazın gözü dönmüş
vəhşi ermənilərin əlində başına nə
gələcəyini təsəvvür belə etmək
insanın ömrünü puç etməyə yetər.
Dürdanə isə bütün bunları təsəvvür
etməyib, öz üzərində - öz həyatında
yaşayıb...
Xanım olmasına baxmayaraq,
ermənilər onu sözün həqiqi mənasında
ölüncəyə qədər döyüblər.
Qışın soyuğunda daş döşəmənin üzərində
saxlayıb, vaxt-vaxtdan da üstünə bir vedrə buz kimi su
atıblar. Qışın soyuğunda bizim tək bir
barmağımız soyuq suya toxunanda ölüb-dirilirik,
Dürdanə isə o şiddətə dayanıb, dözüb
və bu gün də Xocalının canlı şahidi kimi
ayaqdadır.
Ermənilər
qəhrəmanımızı hətta bir dəfə
öldürüb zibilliyə də atıblar o səkkiz
gün içində. Lakin bir neçə saat cansız qalan
Dürdanə bir möcüzə kimi özünə
dönüb, dirilib və işgəncələrə
dayanmağa davam edib...
Kitabda erməni xisləti
olduqca açıq şəkildə təsvir edilib.
Onların açıq hədələrinə geniş yer
verilib. Düşmən deyir ki, biz siz türklərin sonuna
çıxmasaq, rahat olan deyilik. Nəinki Qarabağı,
ətrafındakı rayonları da əlinizdən
alacağıq. Erməninin iştahı çox
böyükdü o günlərdə. Yevlaxa qədər olan
torpaqları hədəflədiklərini hələ Xocalı
günlərində deyirmişlər...
Bu kitab əvəzsiz bir
şahid ifadəsidir.
Dürdanə
əsirlikdə olduğu və davamlı işgəncə
gördüyü günlərdə
sayıqlığını da itirmir. Mümkün
olduqca müşahidə aparır və ermənilərin daha
böyük həmlələrə
hazırlaşdığını öz gözlərilə
görür. Özü də bu işdə rusların iştirakını
təsbit edə bilir. Əlavə olaraq ərəblər,
farslar da daxil olmaqla fərqli ölkələrdən
gəlmiş könüllülərin Azərbaycana
qarşı vuruşduğu Dürdanənin
gözündən qaçmır...
Bu yazımda kitabı tam
təsvir etmək istəməzdim. Sadəcə onu qeyd edim ki,
sonda o günlərin əfsanəsi Allahverdi Bağırovun
müdaxiləsilə Dürdanə qardaşı Elşadla
birlikdə əsirlikdən azad edilir. Bu gün də
həyatdadır və başına gələnləri
illər sonra qələmə alaraq kitablaşdırıb...
Yuxarıda da qeyd etdiyim kimi,
bir insanın dözə bilməyəcəkləri gəlib qəhrəmanımızın
başına...
Bu kitabı oxuduqca bir fikir
məni tərk etmədi: aramızdan bəzi
şəxslər çıxıb erməni
əsgərinə güllə atmağımızı
qınayır. Onların da bir ananın övladı
olduğunu, günahsızlığını iddia edir. Sanki
biz durub-durduğumuz yerdə erməniyə güllə atırıq.
Halbuki 27 ildən artıqdır ki, bizim hələ
təkcə Xocalının intiqamı üçün
minlərlə erməni öldürməyimiz lazım idi!
Etmədik bunu, etmirik hələ də!
İndi o erməniyə
ürəyi yananlarımız buyurub Dürdanənin
cavabını versinlər! Buyurub ona izah etsinlər ki, niyə
o "yazıq və günahsiz" ermənilər bu
qızcığazın başına o oyunları
açıblar! İzah edə bilərlərmi? Əsla yox!
Zatən bunun izahı yoxdur ki!
Erməni qahmarları buyurub
Dürdanənin bütün ömrünü puç
etməyə yetəcək o səkkiz günün
iztirablarına, işgəncələrinə görə cavab
versinlər! Dürdanənin ata yurdu Xocalının
yerlə-yeksan edilməsinə, hələ də işğal
altında tutulmasına aydınlıq gətirsinlər! Biz
erməni əsgərinə ona görə güllə
atmağa məcbur qalırıq ki, hələ də
Dürdanənin və onun kimi yüzlərlə
qız-gəlinimizin intiqamı alınmayıb!
Ermənilərə qahmar
çıxanlarımız görəsən, səkkiz gün
deyil, cəmi səkkiz dəqiqə Dürdanənin
yaşadıqlarını yaşasaydılar yenə də
"sülh göyərçini" roluna iddia
edərdilərmi? Çətin!
Yenə də kitaba
qayıdırıq. Bu kitab bir şahid ifadəsi olması
baxımından çox dəyərlidir. Yaxşı
olardı ki, onu ingilis və rus dillərinə
tərcümə edib dünyaya geniş yayaq. Bir də oxuduqca
gözümün önündən o hadisələrin hamısı
kino lenti kimi gəlib keçdi. Məncə, təcili bu
kitabı həm də kinolaşdırmaq lazımdır.
Xocalını, erməni vəhşətini anlatmaq
üçün bundan gözəl vasitə ola bilməz.
Kaş ki, o hadisələr yaşanmayaydı. Lakin
yaşanıbsa və ermənilər insanlıq
dışı vəhşiliklərə imza atıbsa, bunu da
şahidin dilindən dünyaya çatdırmaq bizim
vəzifəmizdir artıq...
14 iyul 2019, Dədəli.
Azər HƏSRƏT
525-ci qəzet.- 2019.-
19 iyul. S. 12.