Yadımdakı Qarabağ
Bu xatirə-poema məzarları Qarabağda qalanlarımızın,
şəhidlərimizin və yurd həsrəti ilə dünyadan köçənlərimizin ruhlarına həsr olunur.
Bu cızma-qaramı hamıdan öncə ən yaxın dostlarımdan birinə oxudum. "Şəhriyardan təsirlənmisən" dedi. Baxın, bağda bitən alma ağacının meyvəsi saplağından qopub öz dibinə düşər. O almanın içindəki toxumdan yeni bir alma fidanı cücərər, nə zamansa böyüyər, o da bar verməyə başlar. Biz həmin o alma toxumundan pərdaxlandıq, pərvazlandıq; Şəhriyar kimi qos-qocaman, köklü-köməcli, qollu-budaqlı, barlı-bəhərli bir ağacın fidanı olmaqdan qürur duyarıq.
... Əslində, uşaqlıq xatirələrimi publisistik üslubda yazmağı - doğulub böyüdüyüm kəndimdən bütün Qarabağa baxmağı düşünmüşdüm. Ancaq ilk sətirlərdən mənzum parça alındı. Mən də axarına buraxdım...
İlıq bir aprel səhəri
Yamaclar göyərəndə.
Yenə dönüb uşaq olam,
Yenə dönəm o kəndə.
Ay işığı bədirlənib
yer üzünə düşəndə,
Göydə "dəcəl" ulduz "axıb"
boşluğa "sürüşəndə",
Yorğun itlər qaranlığa
candərdi hürüşəndə
Şirin yuxu xumarını
hiss eləyəm canımda.
Bir də açam gözlərimi
xoruzların banında.
Görəm, "xoşbəxt keçmişimə"
Allah məni göndərib
indiki zamanımdan.
Görəm, hamı elindədir,
hər kişi öz evində,
Hər şey əvvəl necəydisə,
Elə yerli yerində -
Allahın amanında.
Görəm, bütün qardaş-bacım,
atam, anam yanımda.
Gedib gəzəm o çölləri,
yolları
qarış-qarış.
... Aman Allah, burda mənə
hər kəs necə də
doğmadır!
Hər yer necə də tanış!..
Görəm, elə həmin kənddi
-
Arx həmin arxdı - axır,
bərə həmin bərədir.
O dikdirlər həminkidir,
Dərə həmin
dərədir.
Döngələr həmin
döngələr,
Dalan həmin
dalandır.
Görəm, hər şey necə
varsa,
o zamandan qalandır.
... Dolaşam Alma bağında,
ötüb Çinar quyusundan
yetişəm Quru çaya,
Qayalıqdakı sahildə -
O kənd məzarlığında
nigaran ruhlara dua oxuyam.
Enib çayın yatağına,
Axan suyu dinləyəm,
Ötüb keçəm
Məmmədhəsən
xəndəyindən
üz tutam Haca yala...
Doyunca baxam kəndimə -
Solumda Gödək dərədir,
Sağımda - Sarı qaya,
Bu təpə - Alagöz yeri,
O çökək - Narlı
çala.
Çiməm Qobu axarının
yumşaq, ilıq suyunda.
Günəş sönə
Ərgünəşdə -
dağların o tayında.
...Bu arada xəbər gələ:
qonşu oğlan qız
qaçırıb
bizim məhlə toyunda.
Qız atası yaralanmış
aslan kimi kükrəyə,
qəzəbindən
yer-göy əsib-titrəyə.
Ağsaqqallar,
ağbirçəklər
bu söhbətə
qarışa.
Hər şey yaxşılıqla
bitə,
sovuşa.
Toy-toya calana belə,
sevənlər də qovuşa,
Fürsət ola,
gəlinbacı
kürəkənlə barışığa
gedələr -
Ata-ana balasıyla
barışa.
Bir ərgən də bir
gözəlin
baxışıyla ürəyindən "oxlana",
Bir evə də elçi gələ,
"hə"
alına,
şirin çaylar buğlana.
Bəy evindən gələn
qoçun
buynuzuna qırmızı lent
bağlana
Nişanlı qız gizli-gizli
göz süzdürə
oğlana.
Toy aşpazı qazan asa,
Kabablıqlar doğrana.
Ciyərin cızdağı
çıxa,
kartof közdə dağlana.
Yuxa yayan ahıl nənə
yüngülcə yaşmaqlana.
Sac qalana, fətir bişə,
fəsəlilər yağlana.
Süfrəmizin Şahı - plov
dəmlənə, qazmaqlana...
Təzə evlənənlər
düşə
təzə ev həvəsinə.
Qohum-qonşu səs verələr
cavanların səsinə,
Yığışalar, bu işə
əl atalar,
Çaylaqdan daş daşıyalar,
Qum ələyib,
palçığını qatalar,
gün qalxmamışdan
tökələr
evin
bünövrəsinə...
... Mayda gilənar yetişə,
Göy bəhərlər
qıpqırmızı qızara.
Bir saplaqda qoşa bitən
cüt gilələr
"sırğa" ola
yeniyetmə qızlara.
Bizim qonşu uşaqları
Barla dolu budaqları
tutub yerə
əyələr.
Sığırçınlara
qoşulub,
oğrun-oğrun
gilas
"dimdikləyələr".
Qız yanağı
lalələrə
qara xalı qısqana.
Sarı Qafqaz arıları
bir-birinə
çiçəkdəki
təzə balı
"qısqana".
Yaşıl qabıqlı
fındığı
çıxaraq "libas"ından.
Zərif qoxusunu alaq
atamın calaq etdiyi
yapon gavalısından.
Anam yeməyə çağıra,
Əncirlikdən hay
verək.
Qara tutdan, qarağatdan
qarışqaya pay verək.
Şaftalının
mürəbbəsi
buğum-buğum qaynaya.
Şirəsindən yaxmac yeyək,
Doyub gedək,
qaçdı-tutdu oynayaq.
Cır arılar şirə duyub
boş ləyənə
axışa.
Bir damcıdan dadmaq üçün
teşt içində
bir-birilə boğuşa.
Ağzı əmzikli
körpələr
qorxub qəfil
çığırışa...
... Sünbül qalxa adam
boyu,
"Yaşıl
dəniz" küləklə dalğalana.
Zəmilərin qırağında,
çobanyastığı, vələmir...
yel vura yırğalana
Qoruqçunun yorğun atı
cığırda yorğalana.
Gecə "yaylım"a
çıxanlar
gündüz "macəra"
uydurub -
nağıl qurub,
tay-tuşa "lovğalana".
İyunda taxıl sarala,
biçinçiyə hay düşə.
Buğda yığıla xırmana,
hər evə bir pay
düşə.
Bildirçinlər dövrə vura,
biçənəyə qıy düşə.
Başaq bəhanəsi ola
-
Istəklilər
vədələşə
həftəyə bir toy düşə.
İyul qızmar sifətini
kəndə tərəf
döndərə.
Muğanlılar Qarabağa
yemiş, qarpız
göndərə.
Anam təzə
bərəkətdən
kündə yapa təndirə -
yoldan keçən ac
qəribə
isti çörək,
pendir, yarpız
göndərə.
Yetişə meynənin barı -
Üzümün ilki,
nübarı.
Keçiməmə, qara
kişmiş,
quşürəyi, Bayanşirə,
ala şanı,
Arazbarı...
şirinləşə, ballana.
Sulandıqca ağırlaşıb
saplağından sallana.
Çılğın avqust
uşaqları
inadçı ac çəpiş
kimi
salxımlara tullana.
...Qız-gəlinlər pencər
yığa,
ləzzətli qutab ola,
Gün almanı qaxac edə,
Gül suyu - gülab ola.
Qoradan şirin "abqora",
xar tutdan doşab ola,
Gülöyşə, meyxoş...
sıxıla
ləziz narşərab ola,
yarpaqların arasında
"gizlənmiş"
innab ola,
Xəstələrə şəfa
verə,
bağbana savab ola.
Daha gecə quyruq dona,
Qızmar yavaşdan
sına.
Tərəkəmə cavanları
ocaq çata, köz
düşə.
Qovurmadan qarın doya,
kənd-kəsəkdən söz düşə,
Çaqqal gələ ət iyinə
-
İtlər qova,
alaçığın ətrafına iz
düşə.
El yaylaqdan geri dönə,
Alagöldən, Qulalıdan...
qayıdıb düzə enə.
Otlaqdan gələn düyənin
yelinləri yellənə,
buzov doyunca süd
əmə,
oynaqlaya, şellənə.
Dağ döşündə yal
verələr -
sürü iti yallana,
Gecə keçə, dan
sökülə
göyün üzü allana
çoban-çoluq atlarını
mahmızlayıb
Haramıya - qışlaqlara
yollana.
... O uşaqlıq
çağlarımın
qaynar günortasında
Pərən düşmüş
xatirəmin
radiodalğasında
başlayar muğam saatı -
Cabbarın köhnə valından
zilə çıxar
"Heyratı".
Ağaxan "Sarəng"ə
enər -
ilmə çalar
"Rahab"a,
Pəsdən deyər Hacıbaba -
Ruhu ovar "Ovşarı",
Rübabədən səslənər
o
hüznlü "Heydərbaba",
Saradan "Mahur" gələr,
Seyiddən Arazbarı.
Könülləri
kövrəldəndə
Teymurla Nəzakətin
zərif
"Bəstənigar"ı,
Bizi bizdən alıb gedər
Tükəzbanın
"Qatar"ı,
Dərdimizi dilləndirər
"Qarabağ",
"Sarıtorpaq",
"Bakı" şikəstələri.
Bir də bizim Bəhramın
barmağından süzülər
öz şirin
bəstələri.
İslamın səsi
"Şüştər"də
bulaq kimi çağlayar.
Əbülfətin "Humayun"u
Bərdaştdan Mayəyə
dəyib,
Möləvidən "Bidad" deyib
Məsnəvidə
için-için ağlayar.
Qədir "Sona
bülbüllər"lə
ürəkləri "dağlayar",
Dədə Süleymandan həzin,
yanıqlı avaz gələr.
Yaqubun səsi "Rast"
düşər,
Xan əmidən
Şur ilə Şahnaz
gələr.
Arifin "Zabul-Segah"ı,
Sabirin "Çahargah"ı
dinləyənə az gələr.
Habilin kamanından
muğamın "nazlı
gəlini" -
"Bayatı-Şiraz"gələr,
Ağabala təsnif deyər -
O "Olmaz, olmaz" gələr...
Təbiət bu avazlarda
mürgü vurar, dincələr.
...Bağ-bağçamız
Yavaş-yavaş,
yarpaq-yarpaq soyuna.
Buludlar baş-başa dəyə -
çılpaq, utancaq ağaclar
yağmurlarla "yuyuna".
Norveçdən Məkkəyə
doğru
köç edən
köçəri quşlar
Göy üzündə
qatar-qatar düzülə.
Qarasuyun üstündəki
Xan çinarda gecələyə,
Bir hovur dincini alıb
qalxa yola düzələ.
Son baharın budağında son
yarpaqlar
küləklərlə sovrula,
sovrula xəzəl ola
Göy gurlaya, şimşək
çaxa,
qəfil leysan yağış
yağa,
dərələrdə sel ola.
Qış qapını ala birdən -
Gecə
səpələyə qar.
Qar üstündə
bədəniylə
öz rəsmini gündüz
"çəkə" balalar.
"Yarışalar"... Yaradanla -
qardan adam quralar.
Çöl-bayırda
Bir-birini qovalar,
Yumşaq qarı ovuclayıb
Bir-birinin
qulaqların, burunların ovalar.
... Donub insan şəkli ala
İpə
sərilmiş paltar.
O uzun qış gecəsinə
işıq saça babaların
nurla dolu
çöhrəsi.
Cırıldaya-cırıldaya
yun əyirə
nənələrin cəhrəsi.
O nənələr o iplərdən
nəvələrə isti corab toxuya.
İnək sağa, sərnic dola,
çalxalana nehrəsi,
Körpələrə süd
içirib,
nağıl deyə, layla çala,
Bir də
pıçıltıyla dua oxuya.
O evlərdə ipliklərdən
O hanalar qurula.
O analar çeşni
çəkə,
O cehizlik xalçalara
O ilmələr vurula,
O gəlinlər xalı-palaz toxumaqdan
O gecələr sevə-sevə
yorula...
... Kiçik çillə,
böyük çillə,
boz ay - gəlib
ötüşə.
Qar əriyə, torpaq qıza,
Novruzgülü boy göstərə,
Bayram ayı
yetişə.
Qışdan çıxan
bağ-bağata
Yenə yazın ilıq
nəfəsi gələ.
Canımıza isti keçə,
uşaqlar bir yaş
böyüyə,
Ahıllara gənclik
həvəsi gələ.
Ata - yenə yola çıraq,
Ana - baş tacı ola.
Oğullar - düşmən
çəpəri,
Qızlar da qardaşlarına
mehriban bacı ola...
... Uca Tanrım, bitsin artıq
doğma torpaq həsrətim,
gerçək olsun bu arzular, bu
xəyal.
Nə şan-şöhrət
istərəm,
Nə sərvət,
nə cah-cəlal.
Səndən bircə istəyim var:
Məni yurduma qaytar,
Qalan ömrümü orda ver,
Canımı da orda al.
24 iyun 2019
Bahəddin
HƏZİ
525-ci
qəzet.- 2019.- 19 iyul. S. 13.