Tanıyaq və tanıdaq
Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda
1960-cı
ildə
və
daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları
möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində
fərqli janr və
üslublarda qələmə aldığı şeir və
poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik. Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...
Türkiyənin ünlü
filosof-yazarı
Cəmil Meriç
"Qərb kültürün vətənidir,
Şərq irfanın.
Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.
Güney
Azərbaycanda son çağın dinamik inkişaf edən
ədəbiyyata, özəlliklə poeziyaya
nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma
qüdrətinin nə qədər yüksək olduğu yansıyır.
Möhtəşəm mədəniyyət yaradan
bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən
şairləri olan xalq
isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü,
Güneyimizi daha
yaxından tanımaq, həm də daha çox sevmək üçün,
dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları
üzünüzə açılır, əziz oxucular!
Esmira Fuad,
Filologiya elmləri
doktoru
525-ci qəzet.- 2019.- 19 iyul. S. 14.