1968-ci ildə Meşginşəhərin Kücənə kəndində dünyaya göz açıb.

 1983-cü ildə ailəsi ilə birlikdə Meşginşəhərə köçüb, bir necə il orada yaşayandan sonra əsgəri xidmətə yollanıb.

 Əsgərlik çağları İran-İraq savaşının son illərinə tuş gəlib. Hərbi görəvi savaşın sona çatması dövründə - 1988-ci ildə bitdikdən sonra, öz doğma yurduna qayıdıb, ancaq bir para nədənlərə görə daha Meşginşəhərdə yaşaya bilməyib, Gilan əyalətinin mərkəzi Rəşt şəhərinə köçərək orada ailə qurub. Hazırda ailəsi ilə birlikdə Rəştdə yaşayır.

 

Axşamlar

 

Sən gedən yollara gözlər dirənir axşamlar,

Başıma dam-divarım silkələnir axşamlar.

 

Bir sönülməz soba yandıqca yanır köksümdə,

Çəkdiyim şölə nəfəsdən pilənir axşamlar.

 

Yeni doğmuş bəbəyə bənzəyir hər an duyğum,

Qundağından açılıb gah bələnir axşamlar.

 

Turşadır qaş-qabağınsa mənə sənsizlik anı,

Gözlərimdən yuxu kal-kal ələnir axşamlar.

 

Ürəyim zağ-zağ əsir bir görüşün şövqi ilə,

Çırağım sübhə qədər piltələnir axşamlar.

Əhmədin sevgi xəyalında vüsal, yolçu kimi,

Qapınızda bir ömürdür dilənir axşamlar.

 

Həkim

 

Nə itirib, axtarırsan,

Əl qoyubsan hara, həkim?!

Bu ufacıq ürəyimi,

Deşib etmə yara, həkim.

 

Açmamışam bu sirri mən,

Odur düşüb saçlara dən,

Avarmadın bu dərdi sən,

Salma özün zora, həkim.

 

Özünü də belə yorma,

Bir sorğu da mənə sorma,

Uyuşdurucu da vurma,

Çəkmə könlü dara, həkim.

 

Mənim dərdim başqa dərddi,

Havam pəlmə, günüm sərtdi,

Bu məhşurluq mənə tətdi,

Günüm olub qara, həkim.

 

Kədərdən irsimi aldım,

Dərman üçün məhsur qaldım,

Təkliyimdə şüvən saldım,

Qaldım ahu-zara, həkim.

 

Dünya

 

Böyütdükcə dərdə saldın,

Kimə qıldın vay, a dünya.

Verdiyini bir-bir aldın,

Daha gəlmir saya, dünya.

 

Sol göstərib vurdun sağı,

Könlümüzə çəkdin dağı,

Xorəyimiz oldu ağı,

Yaxşı qoydun maya, dünya.

 

Dolandıqca özün durdun,

Önümüzə qurğu qurdun,

Sınaqlarla bizi yordun,

Hər an basdın haya, dünya.

 

Ömür körpüsünü keçdim,

Verdiyin şərbəti içdim,

Əkdiyin tarlanı biçdim,

Dərdlər oldu taya, dünya.

 

Sözlər

 

Kədər laylasını çaldı,

Gözlərim yuxuya qaldı,

Dilimin ovsarın aldı,

Dodağımdan qaçan sözlər.

 

Durub qınadım dilimi,

Utandım görcək elimi,

İndi olub el bilimi,

Sirr qapısın açan sözlər.

 

Gəzdi ağızdan ağıza,

Qələm oldu kağıza,

Ürək verdi telli saza,

Havalandı uçan sözlər.

 

Kimsə onu haxlamadı,

Getdi, bir də yoxlamadı,

İskəndərlər saxlamadı,

Dustaq olub haçan sözlər?

 

Yaşı çəkmə

 

Rəssam, sözüm budur sənə,

Yanaq üstə yaşı çəkmə.

Qanlı bulaq kimin gözü,

Düyün vurmuş qaşı çəkmə.

 

Lalə sayaq yanaqları,

Qönçə vuran dodaqları,

Təbiətdən bulaqları,

Şəkillərdə naşı çəkmə.

 

Hörükləri gül qotazdan,

Sarışından, əsmər, nazdan ,

Ay üzləri bəmbəyazdan,

Dərdə bağlı başı çəkmə.

 

Sevənlərin məhəbbətin,

Duyğuların tam ləzzətin,

Düz ilqarın, sədaqətin,

Könüllərdə daşı çəkmə.

 

Dərqahidir, qocalsa da,

Gözləri hər gün dolsa da,

Saralıb gültək solsa da,

Çox da üzə yaşı çəkmə.

 

 

 525-ci qəzet.- 2019.- 19 iyul. S. 14.