Hacı Zeynalabdin Tağıyev
KİVDF Layihəsi
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin
deputatı Əflatun Amaşovun unudulmaz xeyriyyəçilərimizin, o cümlədən, Hacı Zeynalabdin
Tağıyevin mesenatlıq fəaliyyəti haqqında araşdırma yazıları ilə bağlı tövsiyəsi bir
jurnalist kimi mənim də
ürəyimcə oldu.
Qeyd edim ki, Qazaxıstanın Uralsk şəhərində
çıxan "Priuralye" ictimai-siyasi qəzetində "Şəxsiyyət" rubrikası altında Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev haqqında tanınmış qazax alimi, filologiya elmləri doktoru, professor Sağımbay Jumaqulun maraqlı elmi məqaləsi dərc olunub. Burada məşhur milyonçunun mesenatlıq fəaliyyəti, o cümlədən, "Qazaxıstan" qəzetinə göstərdiyi maliyyə yardımı haqqında tarixi faktlar və səmimi fikirlər yer alıb. 2017-ci ilin dekabr ayında çap olunsa da, Azərbaycan oxucuları üçün maraqlı olacağını nəzərə alıb rus dilindən tərcümə etdiyim həmin elmi məqaləni "525-ci qəzet"in oxucularına da təqdim etmək istədim. Fürsətdən istifadə edib "Priuralye" qəzetinin mənə təqdim olunmasında göstərdikləri köməyə görə azərbaycanlı jurnalist və alim Füzuli Məcidliyə və gənc qazax alimi Aliyə Kairovaya minnətdarlığımı bildirirəm.
Düşünürəm ki, Hacı Zeynalabdin Tağıyevin mətbuata da daimi yardımını nəzərə alaraq Milli Mətbuat Günü ərəfəsində xeyirxah milyonçunu yada salmaq bizim təkcə jurnalistlik fəaliyyətimizlə bağlı deyil, həm də vətəndaşlıq borcumuzdur.
Ağahüseyn Şükürov, jurnalist
(Əvvəli ötən sayımızda)
Azərbaycana səfəri Qumar Karaşın "Qazaxıstan" qəzetində nəşr edilmiş "Bakı" oçerkinin leytmotivi olmuşdu. "Keçən 1911-ci ildə mayın əvvəlində xalq arasında müzakirələrdən sonra qəbul edilmiş qərara əsasən və "Qazaxıstan" qəzetini ayaq üstə saxlamaq məqsədi ilə, biz, iki nəfər, Allahın mərhəmətinə güvənərək, Bakıda yaşayan Hacı Zeynalabdin Tağıyevin
görüşünə yola düşdük. Çoxları məqsədimizin boşa çıxacağını söyləyirdilər, amma bilirdik ki, bizə ürəkdən uğurlu səfər arzulayan və niyyətlərimizin yerinə yetirilməsi üçün dua edənlər də vardır. Allah bu duaları eşitdi, saf düşüncələrimizə yardımçı oldu və Hacı bizim istəyimizi təmin etdi. "Qazaxıstan"a kömək olaraq 1000 rubl pul verdi. O, səmimi qəlbdən gələn arzularını bir ata kimi ifadə edərək, qazax xalqına yeni
şərhlərlə çap olunmuş müqəddəs Quran kitabının 3 nüsxəsini də hədiyyə etdi. Vidalaşarkən kövrələrək söylədi: "Məndən bütün qazaxlara salam söyləyin - sərvət mənə deyil, xalqa, millətə məxsusdur". Məşhur Əlimərdən bəy Topçubaşov istəyimizi təmin etməkdə böyük kömək göstərdi. Allah onlara uzun ömür versin və bu cür insanların sayını artırsın. Qumar Karaşşünas Maksat Tacmurat vurğulayır ki, "O dövrdə xalqına qayğıkeş yanaşanlar, millətini birləşdirməyə
çalışanlar məhz belə olmuşlar".
Öz insanlığı
ilə bütün qazax xalq kütlələri arasında sonsuz hörmət qazanmış bu vətənpərvər şəxsiyyətə qarşı xalqın minnətdarlığı millətin səsinə çevrilmiş "Qazaxıstan" qəzetinin hər nömrəsində ifadə edilmişdi. Məsələn, nəşrin ikinci nömrəsində "Hörmətli oxuculara"adlı redaksiya məqaləsində Tağıyevin işgüzar xüsusiyyətləri aydın göstərilmişdir: "Qazaxıstan"ın ikinci nömrəsi gecikmə ilə çıxmışdır, naşirlərin nələr çəkdiyini yalnız Allah bilir. Biz çox əzablı günlər, yuxusuz gecələr keçirmək məcburiyyətində qalmışdıq. İrəlidə daha böyük çətinliklər var, amma naşirlər imtina etməyi fikirləşmirlər. Tanınmış və hörmətli general Zeynalabdin Tağıyev bizə dəstək verdi, qəzetimizə min rubl pul bağışladı.
Bu insan "bir dövlətdə yaşayan insanlar "sən russan", yaxud "sən qazaxsan" deyərək bir-birlərini yad kimi baxmamalıdırlar" fikrinə şərik olaraq həm ruslara, həm də müsəlmanlara bərabər səviyyədə yanaşır".
Bakıtjan Karatayev də "Vətəndaşlara daha bir neçə söz" məqaləsində ilk qazax qəzetlərinə və jurnallarına maliyyə dəstəyi göstərən Zeynalabdin Tağıyev və Yauşevin xidmətlərini qeyd etmişdir.
"Qazaxlar Troitsk
şəhərində qazax dilində "Ayqap" jurnalının, Uralsk şəhərində isə "Qazaxıstan" qəzetinin nəşrə başlamasına sevinirlər. Bunu bilərək, onlara bir neçə
söz demək istərdim: "Ayqap" jurnalının işıq üzü görməsi üçün troitskli müsəlman Yauşev xərcləri öz üzərinə götürdü, "Qazaxıstan" qəzetinin nəşr olunmasına isə bakılı müsəlman, general Zeynalabdin Tağıyev və Cahangir xanın nəvəsi, müsəlman sultan Şahangerey yardımçı oldular. Tağıyev
min rubl, Şahangerey sultan isə beş
yüz rubl verdilər".
Qəzetdə nəşr olunmuş Jubaken Tleybergenovun
"Beş vətəndaşa tərif", Qabdulla Kobjasarovun
"Sadə xalqın adından bir neçə söz" məqalələrində
də Zeynalabdin Tağıyev, Mollaqali Yauşev, Şangerey
Seyitkereyulının vətəndaş mövqeyi
dəyərləndirilirdi.
Mustafa Şokay xüsusi missiya ilə Bakıya yola
düşən Alaş nümayəndələrinin
Tağıyev ilə görüşmələrinə
vasitəçilik etmiş, 1934-cü ildə mühacirətdə
vəfat edən Əlimərdən bəy Topçubaşovun
dəfn mərasimində iştirak və
çıxış etmişdir. O, bütün türk
xalqlarının adından Azərbaycan xalqının
oğluna rəğbətini aşağıdakı
sözlərlə ifadə etmişdir: "1918-ci ildə
Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra Əlimərdən
bəy Milli Məclisin sədri seçilmişdi. Lakin amansız tale öz işini gördü. Azərbaycan qırmızı imperiyanın
boyunduruğuna düşərək öz müstəqilliyini
itirdi. Qərbi Avropada Azərbaycan milli
nümayəndəliyinin sədri vəzifələrini
yerinə yetirən Əlimərdən bəy
mühacirətdə qalmalı oldu. Harada
yaşasa da, o, yalnız öz Vətəni və millətini
düşünürdü, o, əsl mübariz
döyüşçü idi.
... Biz,
Türküstan türkləri, Əlimərdan
bəyi çox
görkəmli türk xadimi hesab edirik. Əlimərdan
kimi insanların gözündə Türküstan
türkləri də, Kazan türkləri də, Krım
türkləri də öz Azərbaycan türkləriylə
eyni idi".
Qazaxlara kömək etmiş türk müsəlman
ictimaiyyətinin varlı şəxslərində olan
xeyriyyəçilik hisslərinin milli ziyalıları
düşündürməməsi mümkün deyildi. Mirjakıp Dulatulı
"Öyrənənlərə kömək" adlı
məqaləsində yazırdı: "Başqa xalqlardan
danışmayıb, bizə yaxın olan varlı noqaylara
baxaq. Orenburqdan Əhməd və Maqsud Həsənovlar, Qafqazdan
Tağıyev və Seydullayev özlərinin yüz min
məbləğində pulu ilə 10 min noqayı oxudur, elm
dünyasına atılmalarına şərait yaradırlar.
Orenburqda "Hüseyniyyə", Ufada "Qaliya", Kazanda
"Mahmudiyyə" kimi böyük mədrəsələr
noqay varlılarının pulları ilə tikilib,
tələbələrin təlim-tərbiyə işi və
müəllimlərin məvacibi də onlar
tərəfindən maliyyələşdirilir. Var-dövlətinə
görə ikinci, üçüncü səviyyəli noqay
varlıları isə öz vətənlərində
təhsil verilməsinə kömək edərək
məktəb və mədrəsələri
maliyyələşdirirlər". Beləliklə, o,
savada can atan gəncləri dəstəkləyən, öz
pulları ilə məktəblər və
mədrəsələr açan, eyni kökə malik olan
qardaş xalqların bu xadimlərindən nümunə
götürməyə çağırır.
Tağıyevin
timsalında danışarkən, o, varlı qazaxlara
səslənir: "Keçən il Uralskda
"Qazaxıstan" qəzeti çıxanda bakılı
zəngin Zeynalabdin Tağıyev min rubl verərək
kömək göstərdi. Bunu bilən qazax bəylərinin
düşüncəsi və şərəfi varsa,
əgər onların damarlarından qazax qanı axırsa,
utanmalıdırlar. Minlərlə mal-qara
sürüsünə sahib olan qazax bəyləri bu nəcib
işlər üçün 5-10 rubl verə bilmir, amma
hansısa bir çərkəz düşünmədən min
rubl bağışlayır".
Qabdalhəmid Hüseynov 25 rubl verərək
"Qazaxıstan" qəzetinə kömək
göstərmiş, digər soydaşlarımız da bu
nəcib əməldən kənarda qalmamışlar. Beləliklə,
Maman sülaləsinin nümayəndələri qazax
çöllərinə təhsil işığı
gətirmişlər. Seyitbattal hacı
Mamanov, Xudaybergen Turısbekov, İşanqali hacı Mamanov,
Qaydmahmud Turısbekov maliyyə dəstəyi
göstərmişlər.
"Qazaxıstan" qəzetinin hazırlanmasında
"Mamaniyyə" məktəbinin müəllimləri
Qabdulqaziz Musaqaliyev, Mustahim Maldıbayulı fəal iştirak
etmişlər. İşanqali Mendıqaliyev, Bilaş
Şoltırov qəzetə abunə işinin
təşkilində xalq arasında yorulmadan
çalışmış, maliyyə cəhətdən
köməklik göstərmişlər. Mustahim
Maldıbayulı milli nəşrləri
dəstəkləməyə çağıraraq, "Xeyirli
saatda" məqaləsində yazırdı: "Qazax
oğulları! İşin
təşkilatçıları tapıldı, indi sizin
dəstəyiniz lazımdır. "Ayqap"
və "Qazaxıstan"ı birləşdirsək,
onların ümumi dəyəri bir quzunun dəyərini
aşmaz. ...Fikirləşin! Belə
çətin günlərdə vicdanı və
şərəfi olanlar köməyə gəlirlər. Qazaxlar arasında təhsilli insanlar, mollalar,
müəllimlər çoxdur, xalqı xəbərdar edin,
xalq sizi dəstəkləyəcək".
Sankt-Peterburqdan
Alaş xadimi Xəlil Dosməhəmmədovun Kazan Baytarlıq
İnstitutunun tələbəsi Qubaydulla Berdiyevə
göndərdiyi 7 oktyabr 1904-cü il tarixli
məktubunda yazırdı: "Səndən başqa
yüzlərlə, minlərlə qazaxın ali təhsil
aldığını xatırlasaq, hesab etmək olar ki, bizim
xalq əməksevərdir və irəliyə getməyi
bacarandır. Bu o deməkdir ki, yurdumuz
müəyyən müddətdən sonra dünyada ən
aparıcı yerlərdən birini tutaraq ikinci Yaponiya
olacaqdır". O, millətin yaradıcı
potensialına olan inamını bu cür ifadə edirdi.
Qubaydulla
Berdiyev "Hörmətli başçı"
məqaləsində "Qazaxıstan" qəzetinin
əhəmiyyəti haqqında belə yazırdı:
"Sağlam düşüncəli insan yuxudan
oyanmalıdır. Narahatlıq üçün
səbəb yoxdur, bizi bir çox ümidlər irəliyə
doğru aparır. Xalq hər şeyi
görür. Xalq çox şey edə
bilər. Onu isə oyada biləcək
vasitə qəzetdir". Məhəmmədqali bin
Qabdrahman Orazbayev "Alaş oğulları!"
məqaləsində Alaş xadimlərinin Yaponiya inkişaf yolunu
seçmək zərurəti haqqında fikirlərini
dəstəkləyirdi: "Müsəlmanca oxu, rusca oxu,
yaponca oxu, əsas odur ki, oxuyasan. Həyatı
boşa vermə, indi tənbəlliyin zamanı deyil".
O,
"Qazax" qəzetinin nəşrə
başlamasını sevinclə xəbər verirdi:
"Orenburqda qazax dilində "Qazax" qəzeti çap
olunmuşdur. Baş redaktoru məşhur şairimiz,
"Qırx nümunə"nin
müəllifi Əhməd Baytursunov, qəzeti öz
pulları ilə çap etdirən naşir isə Mustafa
Orazayevdir. Qəzetin məqsədi, qısaca
desək, qazax üçün göz və qulaq
olmaqdır".
Bu
qəzetdə Əhmətqali Mametulı, Mağcan
Jumabayulı, İşanqali Bisenulının ədəbiyyat
aləmində xalqın oyanışına böyük
təsir göstərmiş "Cəhd et", "Qazaxın
dünənki səsi", "Qazax xalqına"
şeirləri də çap olunmuşdur.
Bütün deyilənləri ümumiləşdirərək təsdiq edə bilərik ki, qazax xalqı
öz nəcibliyi ilə ilk milli mətbu nəşrlərimizdən biri olan "Qazaxıstan" qəzetinə maliyyə yardımı göstərmiş Türk dünyasının böyük oğlu Zeynalabdin Tağıyevə dərin ehtiramla yanaşır. Bu, türk xalqlarının
cədidçilik və millətçilik ideyaları
ətrafında mənəvi birliyinin parlaq bir
nümunəsidir. Qoy, türk müsəlman ictimaiyyətinin
mənəvi birliyi bundan sonra daha da möhkəmlənsin.
Qazaxıstan, "Priuralye" qəzeti,
¹154, 28 dekabr 2017-ci il, səh.6-7.
Sağımbay JUMAQUL
Filologiya elmləri doktoru, professor
525-ci qəzet.- 2019.- 19 iyul. S. 15.