Ləzgilər
Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM)
"Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq"
layihəsinin icrasına başlayıb.
Iyul-noyabr ayları ərzində
icra olunacaq layihə Şuranın 2019-cu il
dördüncü qrant müsabiqəsində "Azərbaycanda
yaşayan milli azlıqların mədəni irsinin təbliğinə
dair təşəbbüslər" istiqaməti üzrə
qalib olub.
Layihə çərçivəsində
Azərbaycanda yaşayan ləzgi, tat, udi, Şahdağ
xalqları, avar, ingiloy, yəhudi, talış, saxur, kürd
xalqlarının tarixi, dili, mədəniyyəti, müasir
yaşayış tərzləri barədə konkret faktlara əsaslanan
yazılar "525-ci qəzet"də dərc edilir.
Məqalələr
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və
Etnoqrafiya İnstitutu nəzdindəki Antropologiya Mərkəzinin
əməkdaşları tərəfindən hazırlanır.
10
yazının mətbuat orqanı vasitəsilə oxuculara təqdim
olunması prosesi başa çatdıqdan sonra həmin məqalələrdən
ibarət kitabça nəşr edilərək, KİV
orqanlarına hədiyyə veriləcək.
Sizə layihənin
ilk yazısını təqdim edirik. Yazı ləzgi
xalqı haqqındadır.
Azərbaycanda məskunlaşan
xalqların hər birininin təşəkkülü və
formalaşması uzun tarixi yol keçib. Azərbaycan
haqqında məlumatların yer aldığı ən qədim
mənbələrdə burada məskunlaşan əhalinin
müxtəlif tayfaların təmsilçiləri olduqları
göstərilir. Fərqli etnik mənsubluğa
malik çoxsaylı tayfalar bir-birlərindən fərqlənsələr
də, tarixi birgəyaşayışın müxtəlif mərhələlərində
bu ərazidə etnoslararası inteqrasiyanın əsasını
qoyan ümumi sosial-iqtisadi və siyasi proseslərdə
iştirak ediblər.
Ölkədə
məskunlaşmış iri etnik birliklərdən biri də
Azərbaycanın şimal-şərqində, Samur
çayının hövzəsində və Böyük
Qafqaz sıra dağlarının qollarında yaşayan ləzgilərdir. Etnos
özünə "ləzgiyar" deyir. XIX
əsrdə ruslar Qafqaza gələndə müxtəlif
statistik mənbələrdə bütün Dağıstan əhalisini
"ləzgi" adlandırırdılar. Tədqiqatçıların çoxu hesab edir ki,
"ləzgi" etnonimi sonrakı dövrlərə aid bir
termindir, Dağıstanda hələ XX əsrin əvvəllərinədək
ləzgilər özlərini "kürelilər" adı
ilə tanıdırdılar. Qafqaz dillərinin məşhur
tədqiqatçısı P.K.Uslar yazırdı:
"Türklər bizim kimi, Dağıstan
dağlılarını ləzgi adlandırırlar".
Ləzgi dili
Şimali Qafqaz dil ailəsinin Nax-Dağıstan qrupuna aiddir. Bu
dilin üç dialekti mövcuddur - Küre, Axtı və
Quba. Azərbaycan ərazisində
yaşayan ləzgilər Quba dialektində
danışırlar. Müasir ədəbi
ləzgi dili isə Küre dialektinin əsasında
formalaşıb. Azərbaycan
Respublikasında 2009-cu ildə aparılan
siyahıyaalınmanın nəticələrinə əsasən
ölkədə ləzgilərin sayı 180 min təşkil
edir. Bununla yanaşı, ləzgilər
ölkənin Quba, Xaçmaz, Qəbələ,
İsmayıllı və bir sıra başqa rayonlarında da
məskunlaşıblar.
Ləzgi
xalqının tarixi taleyi Azərbaycan və azərbaycanlılarla
sıx bağlıdır. Tarixin əksər
dövrlərində, bu ərazilərin fərqli
imperiyaların tərkibinə daxil olduğu dönəmlər,
yaxud müstəqil Azərbaycan dövlətlərinin
mövcudluğu zamanlarında ləzgilər Azərbaycan
türkləri ilə eyni dövlətdə təmsil olunublar.
Tarixən ləzgilərlə azərbaycanlılar
arasında qarşılıqlı faydalı təsərrüfat
əlaqələri qurulub. Quba, Şəki,
Bakı və başqa tarixi Azərbaycan şəhərlərində
ləzgi kəndliləri və sənətkarları öz məhsullarını
satırdılar. Məhz bu səbəbdən
ləzgilərin tam əksəriyyəti Azərbaycan
türkçəsini bilir və sərbəst
danışırdılar. Yalnız XIX əsrin
əvvəllərində Qafqazın ruslar tərəfindən
işğalından sonra ləzgilərin və Azərbaycan
türklərinin yaşadıqları ərazilərdə sərhədlər
çəkildi. 1860-cı ildə Bakı
quberniyası və Dağıstan vilayəti arasında
çəkilən inzibati sərhəd sonradan Azərbaycan SSR
və RSFSR, nəhayət müasir dövrdə Azərbaycan
Respublikası ilə Rusiya Federasiya arasında dövlət sərhədinə
çevrildi.
Azərbaycanda
yaşayan ləzgilərin ənənəvi təsərrüfat
məşğuliyyəti əkinçilikdən və
maldarlıqdan ibarət olub. Onların
təsərrüfat məişətinin xüsusiyyətlərinin
formalaşmasına müxtəlif amillər, o cümlədən,
təbii-coğrafi şərait, Azərbaycan türklərinin
təsərrüfat fəaliyyəti və maddi mədəniyyəti
təsir edib. Azərbaycanda yaşayan bir
çox etnik qruplarla yanaşı, ləzgilərin də
maldarlığa üstünlük vermələrinin əsas səbəbi
məskunlaşdıqları ərazilərdə zəngin
yaylaqların olması ilə bağlıdır. Onlar əsasən qoyunçuluğa
üstünlük veriblər. Tarixən
yayı yaylaqlarda keçirən ləzgilər payızın
son aylarından yazın əvvəllərinədək
qışlaqlara köçərdilər. Onların qışlaqları Azərbaycanın Mil,
Muğan, Qobustan, Alazan ərazilərində yerləşib.
Ləzgilərin
məskunlaşdığı düzənlikdə və qismən
dağətəyi ərazilərdə əkinçilik,
bağçılıq əhalinin təsərrüfat məişətində
mühüm yer tutub. Əkinçiliyin genişlənməsi
iri buynuzlu maldarlığın inkişafına təkan olub.
Ləzgilər
sənətkarlığın müxtəlif sahələrinə
də üstünlük veriblər. Azərbaycanda
yaşayan ləzgilərin işləyib
hazırladığı taxta məmulatlar xüsusilə
seçilir. Sənətkarlığın
geniş yayıldığı məskənlərdən Gil,
Miral, Yuxarı Yaraq kimi kəndlər daha çox məhşurdur.
Azərbaycan ləzgiləri arasında ən
geniş yayılmış sənətkarlıq növlərindən
biri xalçaçılıqdır. Qusar
rayonunda ləzgi sənətkarlar arasında hovsuz xalçalar
- sumaxların toxunması geniş yayılıb. Ləzgilərin yaşadığı Qımıl,
Küsnət kəndlərində toxunan xalçalar Azərbaycan
xalçaçılıq sənətində özünəməxsus
xüsusiyyətlərilə fərqlənir. Bu xalçalarda ümumi Azərbaycan ornamentləri
üçün səciyyəvi olan həndəsi və nəbati
motivlər əksini tapır.
Azərbaycanda
yaşayan ləzgilər qədim və zəngin mənəvi
mədəniyyətə malikdirlər. Bu
mədəniyyətin formalaşmasına tarixən mövcud
olan ənənəvi dünyagörüşü, nəsildən
nəsilə keçən adət və mərasimlər, zəngin
xalq yaradıcılığı, dini baxışlar təsirini
göstərib. Bütün müsəlmanlar
kimi, onlar da islamda əsas bayramlar sayılan Qurban və Ramazan
bayramlarını keçirirlər. Bunula
yanaşı, Bahar bayramı hesab olunan qədim Yaran Suvar
bayramı da martın son günlərində ləzgilər tərəfindən
qeyd edilir. Bu zaman tonqallar
yandırılır, sakinlər odun üstündən
tullanırlar. Bayram xalq gəzintiləri,
şənliklər, rəqslər və qonaqlıqlarla
müşahidə olunur. Səhər tezdən
qoyun dərisini tərsinə geyən gənclər evləri
gəzərək hədiyyələr toplayırlar. Öz mahiyyətinə və keçirilmə
formasına görə bu bayramın Novruz bayramı ilə
oxşarlığı çoxdur.
İslamaqədərki
qədim dini etiqadların izləri, təbiət ünsürlərinə
və göy cisimlərinə - Günəşə, Aya,
ulduzlara, şimşəyə sitayiş etmə ənənəsi
ləzgilər arasında bu gün də qorunur. Qədim
mərasimlərdən biri Ay günləri (ləzgicə -
"asrakyar") adlanır. Mərasim yeni
Ayın çıxması ilə başlayır. Bu zaman iştirakçılar çubuqdan
hörülmüş aypara formasında əşyanı ay
işığına şaquli vəziyyətdə çəmənliyin
ortasına quraşdıraraq, onu güllərlə, kiçik
ölçülü parlaq parçalarla bəzəyirlər.
Ay tam çıxana qədər gənclər bu aypara ətrafında
şənlənirlər.
Ləzgi
folklorunun ən məşhur əsəri xalq qəhrəmanı
Şarvili haqqında dastandır. Bu dastan klassik ləzgi ədəbiyyatına
böyük təsir göstərib. Ləzgi ədəbiyyatının
görkəmli nümayəndələrindən Yetim Emin,
Süleyman Stalski kimi şairlərin adlarını çəkə
bilərik. Onların yaradıcılığı Azərbaycan
və ləzgi xalqlarının sıx əlaqələrinin
bariz nümunəsidir. Həm Yetim Emin həm də Süleyman
Stalski bir çox əsərlərini Azərbaycan dilində
yaradıblar.
Hazırda
ləzgilərin sıx yaşadıqları ərazilərin
orta məktəblərində ibtidai sinif şagirdlərinə
ləzgi dili tədris olunur, bu dildə qəzetlər nəşr
edilir, radio verilişlər yayımlanır. Qusar şəhərində
Ləzgi Dram Teatrı, Bakıda "Samur" Ləzgi Mərkəzi
fəaliyyət göstərir.
Yazı Azərbaycan Milli Elmlər
Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki
Antropologiya Mərkəzi tərəfindən Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasına təqdim edilmək
üçün hazırlanıb
525-ci qəzet.- 2019.- 20 iyul. S. 9.