Ağdama qədər

 

Bu "ön söz"ü yazmağı özü təklif etdi. Və bəri başdan da deyim ki, məni çətin işə saldı. Çox geriyə qayıtmalıyam... Yaddaşımın ağrılı yerinə... İndi yalnız xarabalıqlarının şəklinə baxıb ömrümüzün orada keçən illərini və yaşantılarını əzab və... xəcalət hissi ilə xatırlamalı olduğumuz Ağdama... Vaxtilə "dünyanın ən varlı" (Aqil Abbas),  indi isə yalnız "ruhlar şəhəri"i (Vahid Qazi) olan Ağdama...

 

O şəhərdə Rəşadla mən eyni illərdə, hətta eyni küçədə yaşamışıq: "Lenin bağı"nın yanından başlayaraq ta mənim doğma Seyidli kəndimə qədər uzanan Musavi küçəsində. O, həmin küçənin bir nömrəli ünvanında - "dördmərtəbə"də, mən lap sonunda, artıq şəhərə deyil, kəndə aid hissədə...

 

Ağdam xarabalıqlarının indi internetdəki fotoşəkillərindən birində bizim küçəmiz apaydın görünür. Məscidin minarəsindən çəkilmiş, uzaqda Şahbulağın daş karxanalarının ağardığı, böyük bir ərazini əhatə edən şəkildə... Bizim vaxtımızda irigövdəli çinarları ilə şəhərin mərkəzində yaşıl bir vadi olan "Lenin bağı"ndan əsər-əlamət yoxdu artıq, Rəşadgilin "dördmərtəbəsi"nin  təkcə bünövrəsi qalıb. Üzüyuxarı - Sarıtəpəyə sarı bütün evlər sökülüb-yağmalanıb. Ordan o tərəfə də eyni mənzərə...

 

Mən o küçə ilə Rəşadgilin binasının beşaddımlığında yerləşən musiqi məktəbinə gedib-gələrdim. Açığını deyim, ürəyimdə kənd uşağının şəhər xofu olardı, xüsusən, "Lenin bağı"na yığışıb avaralanan davakar tay-tuşlarımın mənə də ilişəcəklərindən ehtiyatlanardım. Sonralar bağrından Allahverdi Bağırov kimi bir igidin də çıxdığı bu küçənin ən rahat, qorxusuz yeri elə Rəşadgilin dördmərtəbəsinin yan-yörəsi idi. O həyətin əksəriyyəti ziyalı ailələrdən çıxan uşaqları sataşqan deyildi... Hər halda mən beşillik musiqi məktəbini şəhər uşaqları ilə münaqişəyə girmədən bitirə bildim. Amma həmin illərdə tale mənə Rəşadı tanımaq fürsəti vermədi... Hərçənd aramızda üç yaş fərq vardı və yəqin ki, tanrının istəyi olsaydı, "Lenin bağı"nın başındakı "İsinin kitabxanası"nda qarşılaşa, satışa yenicə qoyulmuş bir kitabın eyni vaxtda müştərisi olub bir-birimizi tanıya bilərdik. Təbii ki, o kitabı İsi kişinin mənə - kənd mağazası müdirinin oğluna deyil, atası şəhər ticarət idarəsinin rəhbəri olan yeniyetməyə verəcəyi daha gerçək idi.

 

Bunu zarafatla deyirəm...

 

Müseyib müəllimin adını ilk dəfə kimdən və hansı məqamda eşitdiyimi xatırlamıram. Bəlkə də o adam elə ömrü boyu ticarət işində çalışmış atam Əli kişi olub. Hər halda, ağdamlıların böyük hörmət-izzətlə Seyid adlandırdıqları Müseyib Məcidovun heç də hər ticarət idarəsi rəhbərinə xas olmayan ziyalılığı və xeyirxahlığı barədə Rəşadı tanınmamışdan xeyli əvvəl məlumatlıydım...

 

Rəşadla isə 1982-ci ilin iyununda Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin indiki İstiqlaliyyət küçəsində yerləşən keçmiş binasının dəhlizində tanış olduq. Fakültəyə yeni qəbul edilmiş tələbələrdən "aranızda ağdamlı varmı" deyə soruşanda özünü həmyerlim kimi təqdim edən sakit və təmkinli gəncin soyadından onun Müseyib müəllimin oğlu olduğunu fəhmlə bildim və təxminimi də elə özü təsdiqlədi. Həmin günlərdə əzizimiz Aqil Abbas da tez-tez fakültədə görünərdi və bütün həmyerlilərim kimi mən də onu görəndə elə bilərdim Ağdamın özü gəlib fakültəyə. Yəni paytaxtdakı müvəqqəti qəribliyimizi unudub, özümüzü doğma şəhərimizdə hiss edərdik. Kimin nə kəsiri var, Aqil Abbasa deyib ondan kömək umardı: istər təhsil, istər həyat imtahanından... Heç kim də naümid qalmazdı. Mənim Rəşadı tanımağımdan bir neçə dəqiqə sonra Aqil müəllimlə rastlaşdıq. Dəhlizi başına götürmüş səs-küyün içərisində salam-kəlamdan  qabaq "ə, təzələrin arasında  bizimkilərdən  kim var" sualını verməsəydi, təəccüblənərdim. "Məcidovun oğlu", - dedim. Həmişə olduğu kimi, harasa tələsən görünsə də, dərhal ayaq saxladı və əmr elədi: "Tap, gətir bura!" Tapdım, gətirdim... Sonrası məlum. Yox, o iddiada deyiləm ki, zamanın bütün sınaqlarından keçmiş Aqil Abbas - Rəşad Məcid dostluq tandemi mənim sayəmdə yaranıb. Bəlkə heç indi özləri də otuz yeddi il əvvəlki bu hadisəni xatırlamırlar. Amma zəmanəmizin bu iki böyük ədəbi və ictimai xadiminin ilk rəsmi tanışılığının "təşkilatçısı" kimi hərdən özümü xeyli xoşbəxt hiss eləmək haqqımdan da vaz keçmək fikrim yoxdu. Bu kitaba "ön söz" yazmaq və indiyədək yalnız öz yaddaşımda saxladığım həmin hadisəni ictimailəşdirmək fürsəti verdiyinə görə isə Rəşada təşəkkür edirəm...

 

Yeri gəlmişkən, bu fürsətdən istifadə edib, onun tələbəlik dövrü ilə bağlı bir hadisəni də xatırlamaq istəyirəm. Cahangir müəllim birinci kursun yay-imtahan sessiyasında Rəşadı kəsdi və ona... universitetdən xaric edilmək təhlükəsi yaratdı. Biz - həmyerlilər bu məsələdə nəsə bir qərəz olduğunu güman edirdik. Hər halda, Rəşadın başı üzərindən təhlükə tez sovuşdu. Sonralar hörmətli professorun, jurnalistikamızın dəyərli tədiqatçısının Rəşad və onun mükəmməl əsəri - "525-ci qəzet" haqqında səmimiyyətlə söylədiyi fikirlər həmin hadisənin adi müəllim tələbkarlığından başqa bir şey olmadığını təsdiqlədi...

 

Yenə yaddaşımın ağrılı yerinə - Ağdamlı günlərimizə qayıtmalı olacağam..

 

Bakıdakı tanışlıqdan sonra Rəşad bizi - ağdamlı tələbə yoldaşlarını Müseyib müəllimin həmişə dost üzünə açıq olan evində bir süfrə arxasına topladı. Çörək kəsdik, bir-birimizi yaxından tanıdıq, ağsaqqal öyüdü dinlədik, ziyalı tövsiyəsi eşitdik. Allah qəni-qəni rəhmət eləsin, Müseyib müəllim hələ cavan vaxtlarından Qarabağın nüfuzlu şəxsiyyətləri arasında özünə layiqli və sanballı yer tutmuşdu. Oğlunun rayonun adi və sadə ailələrindən çıxmış tələbə yoldaşlarını öz evinə yığıb onlarla səmimi bir ortamda həyat və ədəbiyyat söhbəti etməsi bu geniş ürəkli insanın mənəvi dünyasının zənginliyindən xəbər verirdi. Məncə, belə yüksək əyarlı ziyalı davranışı heç də hər vəzifəli şəxs üçün səciyyəvi deyil. Nə o vaxtkı, nə də indiki...  Onu da deyim ki, Rəşadda da "vəzifəli adamın oğlu" anlayışının heç bir mənfi çalarını görmədik. Nə o vaxt, nə də sonralar. Öz evlərindəki qonaqlıqdan bir müddət sonra bir neçə nəfər birlikdə Qərvəndə getdiyimizi, bu kənddən olan tələbə yoldaşımız Həşim Heydərovgilin bağında yeyib-içib şənləndiyimizi xatırlayıram. "Yenə o bağ olaydı..." demək istəyirəm. Təəssüf... Qərvənd də işğaldadı, xatirələrimiz kimi...

 

O vaxtları xatırlamışkən,  jurnalist olmaq istəyənlərin eləsi varmı ki, arada şeir-filan da qaralamasın?..  Belə bir həvəs məndə də olub... Hətta rayon qəzetində şeirim də çıxıb... Amma Rəşadın ikicə misrasını eşidib, şairliyin daşını atmışam: "...Köçürüb heç hara aparmaq olmur, Dağlar gözəlliyi əsir eyləyib".  Bundan ötəsini yaza biməyəcəyimi dərk etməklə Yazıçılar Birliyinin üzvlərinin sayını bir nəfər azaltmağı öz hünərim sayıram.

 

Ancaq bu yaşımda filoloji elmlə məşğul olmaq həvəsim hələ soyumayıb. Jurnalistikaya və xüsusən də, redaktor işinə aludəliyim bu sahədə hər hansı nailiyyətə doğru addım atmağa vaxt imkanı verməsə də...

 

Bu kitabda Rəşadın ədəbi-bədii yaradıcılığı haqqında tanınmış filoloq alimlərin çox maraqlı və dəyərli fikirləri var. Bəlkə düz eləmirəm, amma mən də bu barədə öz qənaətimi yazıram. Məncə, Rəşadın poeziyasında təzə deyim, təzə bənzətmə, təzə obraz klassik şeir formalarına çox böyük məharətlə inteqrasiya edilərək sanki dövrü, zamanı aydınladır... O, dilimizin poetik mündəricəsini mükəmməl bilən, onun müxtəlif çalarlarından özünəməxsus tərzdə məharətlə ifadə etməyi bacaran ədibdir. Rəşadın yaradıcılığına toxunarkən sovet ideologiyasının təsirindən çıxmaqda hələ də çətinlik çəkən bizlərdən tamamilə fərqli ədəbi düşüncə, analitik təfəkkür sahibi olan türkiyəli ədəbiyyatşünas-diplomat İrfan Çiftçinin söylədiklərinə istinad etmək istəyirəm: "O, yaşadığı dünyanı özündən əvvəlki dövrə aid dil və üslubla deyil, öz zamanına xas aydın və çevik şüurdan qaynaqlanaraq, bugünkü dillə ifadə edir". Çox doğru! Öz akademiklərimizin, alimlərimizin "hər yönü ilə yaradıcı" olan Rəşada verdikləri qiyməti də üstə gəlsək, bu nidaların sayını artırmağımız gərəkdir.

 

Ədəbiyyat biliciləri bəzən onun adını klassiklərimizlə yanaşı çəkirlər. Məsələn, Rəşadda Cəlil Məmmədquluzadəni, Sabiri xatırladan yumor elementlərini sezməyin, ənənələrdən gələn havanı xoş bir meh kimi hiss etməyin mümkünlüyü (İ.Çiftçi), müstəqilliyimizin əsas atributu olan bayrağa sevgisi ilə böyük Cəfər Cabbarlıya yaxınlığı (K.Əliyev), "Çıdır düzü" şeirinin Rəsul Rzanın "Şuşam mənim" şeiri ilə heyrətamiz bağlılığı (Y.Qasımbəyli) haqqında deyilənlər ədəbi gerçəklikdir.

 

Onun poetik yaradıcılığı haqqında filologiya üzrə fəlsəfə doktorundan elmlər doktoruna, professora, akademikə qədər tanınan və tanınmayan elm adamları fikir bildirir, onun şeirlərini təhlil edirlər. Hərəsi də öz elmi təfəkkürü səviyyəsində... Onların yazdıqlarının hamısı, təbii ki, subyektivdir, yəni eyni misranı, bəndi hər kəs bacardığı kimi yoza, mənalandıra bilər. Obyektiv olan Rəşadın özünün poetik düşüncələridir ki, adi oxucuya zövq verir, onu təsirləndirir, bəzən əlini-əlinə vurub "nə gözəl" deməyə məcbur edir.

 

Rəşad haqqında dedi-qoduları, əsasız tənqidləri eşidəndə, Ramiz Rövşənin "Sənə bir daş atar yerindən duran, Səni sevdiklərin daşqalaq eylər" misralarını xatırlayıram. Bu kitabdakı yazılarda Rəşadın insan sevgisi qırmızı xətt kimi keçir. O, haqqında hədyan yazana da sevgi ilə yanaşır,  umu-küsü saxlamır, istedadını inkar eləmir. Akademik Nizami Cəfərov demiş, "sübut edir ki, istedad heç zaman istedada mane olmur, yaradıcılıqda heç kim heç kimin yerini dar eləmir".

 

Yazıçılar Birliyinnin "uzaq səfərlər" GƏM-isinin "kapitanı" kimi isə Rəşad Məcid müasir gəncliyi ədəbi fırtınalardan salamat keçirməyə çalışır. Nə xoş o GƏM-inin sərnişinlərinin halına... Rəşadın "adam yetişdirən adam" keyfiyyətindən (İ.Çiftçi) bəhrələnmək, hətta ondan əmilik-dayılıq görmək şansları var.

 

... On altı-on yeddi yaşında yazdığı iki misranın yaxasından yapışıb, gör, hara gəlib çıxdım, poeziyası haqqında nəsə deməyə çalışdım. Əslində isə demək istədiklərimi ipə-sapa düzməyə əməlli-başlı çətinlik çəkirəm.

 

Yenə zaman çarxını geriyə çevirirəm. Bir qatar əhvalatı yadıma düşür. Rəşadın xəfif nisgilni çox təsirli şəkildə poetikləşdirən hörmətli Elçin Mirzəbəylinin indi "kabus"a bənzətdiyi "Bakı-Ağdam" qatarında bir gecənin sərnişini olmuşduq. Səksəninci illərdi, hər şeyin və hər kəsin öz yerində olduğu çağlardı. Rəşad artıq Bakıda yaşayırdı. Qatar vağzaldan yeni tərpənmişdi. Kupenin qarşısındakı darısqal dəhlizdə dayanıb söhbətləşirdik. Birdən rayonumuzun şuluq, daha doğrusu, o vaxt "demaqoq" adlandırdığımız adamlarından biri vaqonun o başından bizi gördü. Cavantəhər adamdı. Sovxoz direktoru ilə münaqişəyə girmiş, ondan yuxarılara "donos" yazmış, sonra da tələyə düşüb tutulmuşdu. Həbsdən çıxıb evə, rayona qayıdırmış... Sözün düzü, onun Rəşadı tanıyacağını ehtimal eləmirdim. Amma məndən qabaq ona əl uzatdı: "Məcidovun oğlu, necəsən?" Rəşad özünəməxsus təmkinlə onunla salamlaşdı. Mən də görüşdüm. Həmin şəxs öz vəziyyətindən söz açdı. "Pulsuz-pənəsizəm, ordan çıxandan da dilimə bir şey dəyməyib, acam", - dedi. Rəşad mənə imkan vermədən, dərhal əlini cibinə atdı... Qatar qarşıdakı ilk stansiyada dayanan kimi adam düşüb ürəyi istəyən qədər azuqə yığıb gətirdi. Kupedə əyləşib onun mənim bildiyim, Rəşad üçünsə təzə olan həyat hekayətinə qulaq asdıq Ağdama qədər... Həmin şəxs müstəqillik dövründə rayonumuzda siyasi partiyalardan birinin özəyini yaradanlardan oldu. Bizim o vaxtlar "demaqogiya" adlandırdığımız, sən demə, elə siyasətin özüymüş...

 

Mən bu söhbəti Rəşadın portretinə bir comərdlik cizgisi kimi əlavə edirəm.

 

Belə cizgilərə bu kitabdakı müəlliflərin də yazılarında rast gələcəksiniz. Onun yaradıcılığını və şəxsiyyətini səciyyələndirən misallar, əhvalatlar, deyimlər çoxdu burda... "Azərbaycan ziyalılığının fəal vətəndaşlıq mövqeyi, milli düşüncəsi, açıq yaradıcı təfəkkürü Rəşad Məcidin simasında ümumiləşir". Pərvin xanımın yazdığına görə, akademik İsa Həbibbəyli bu sözləri Milanda, italyanlar qarşısında deyib. Düz deyib, italyanlar necə başa düşür-düşsün, bir azərbaycanlı kimi bu sözlərin mənim üçün dəyəri, siqləti çox aydın və önəmlidir.

 

Rəşadın nasirliyi və naşirliyi, publisistikası və redaktorluğu barədə nəsə yeni bir söz deməyə də hünərim çatmır. Onu ədəbiyyat adamı kimi azad və demokratik düşüncə işığında səciyyələndirməyə İrfan Çiftçi, müasir Azərbaycan ədəbi mühitindəki yerini müəyyənləşdirməyə akademiklər İsa Həbibbəyli və Nizami Cəfərov, bir insan və şəxsiyyət kimi ifadə etməyə Aysel Əlizadə və Türkan Turan qədər söz tapmağa çətinlik çəkirəm.

 

Kitabdakı yazıların müəllifləri Rəşadın yaradıcılığına və şəxsiyyətinə ən müxtəlif rakuslardan baxırlar. Amma hamı eynisini görür... Sadəcə, hərə gördüyünü öz bildiyi kimi əyaniləşdirir, sözə çevirir.

 

Məncə, "525-ci qəzet" hər kəsin deyə biləcəyi SÖZün özü və möhtəşəmidir. Bu qəzet Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni mühitində ən müxtəlif zamanlarda özünü büruzə verən boşluqları doldurmağı bacarıb və bu gün də həmin işi görür.

 

Nəhayət, yazımın və adımın kitabda çoxsaylı möhtəşəm imzalardan qabağa düşməsindən xeyli rahatsızam, Allah haqqı! Sadəcə, bu sətirlərin "525" üçün illərin, qərinələrin o başından, hələ də yaddaşımızda və qəlbimizdə sağ-salamat qalan Ağdamdan yazılmış kimi qəbul olunacağını xəyal edirəm. Yəqin Rəşad da "ön söz"ü mənə tapşıranda bunu nəzərə alıbmış...

 

 Elşən Əliyev

 525-ci qəzet.- 2019.- 20 iyul. S. 10.