Əlibalanın şeirləri

 

Hələ imzaları mətbuatda tanınmayan gənclərin, o cümlədən də Əlibalanın, mənə göndərdikləri şeirlərin böyük əksəriyyəti kədərdən, tənhalıqdan bəhs edir və mənə elə gəlir ki, bu - yalnız sosial hadisə deyil, bəlkə daha artıq dərəcədə sənət hadisəsidir.

Biz gənclərin (həvəskarların) yox, ümumiyyətlə, müasir poeziyamızın son iyirmi illik mənzərəsinə nəzər salsaq, maraqlı (və təbii!) bir özünüifadə hadisəsi ilə qarşılaşırıq: elə bil, Azərbaycan poeziyası 70 illik sosrealizm qadağasından azad olaraq, var gücü ilə daxilində boğulub, qalmış kədəri, tənhalığı ifadə etməyə başlayıb.

Elə bil, poeziya, şüşənin ağzındakı tıxac açıldığı üçün, kədəri, qəm-qüssəni bir cin sürəti və enerjisi ilə ifadə edərək, o 70 illik poetik boşluğu doldurmağa çalışır və belə demək mümkünsə, bu - poeziya məfhumundakı genetik (!) sövqün nəticəsidir.

Və bəzən də o sövq tələsgənlik yaradır, elə bil, birdən yenə də fürsətin əldən çıxacağından qorxur.

Uğurlar əldə olunur və yaxşı bir "poetik özünübərpa" işi gedir (mən əvvəllər bu barədə yazmışam), ancaq bu "poetik özünübərpa"nın də ətrafını "poetik alaq" bürüyür və bu da təbii bir prosesdir - poeziya yarandığı gündən "poetik alaq" da onun ətrafından əskik olmayıb.

Kədər də məhəbbət, sevgi kimi poeziyanın əbədi mövzularındandır və sosrealizmin 70 illik kədər tabusu, süni "bədbinlik-nikbinlik" ayrı-seçkiliyi nəticəsində kədərin qarşısına çəkilmiş sipər bizim poeziyamızın hərtərəfli inkişafına ziyan vurub, onun bir qolunu şikəst edib.

Ancaq dediyim həmin tələskənlik də sənətdə irəli yox, geri aparır, açıq qapını döyür və bu zaman epiqonçuluq aşkar hiss olunur, özünütəkrar başlayır, obrazlı düşüncəni, poetik təxəyyülü primitiv ah-uflar, poetik sözü birbaşa şikayətlər əvəz edir, sözün kəmiyyəti mənanın miqyasından artıq və ağır olur.

Şeirin bədii-estetik mündəricatı ilə kədər məfhumunun bədii-psixoloji zənginliyi üst-üstə düşməlidir - belə olmadıqda bədii məğlubiyyət baş verir.

Gənc Əlibalanın da şeirlərinin əsas mövzusu, dediyim kimi, kədərdir və onun yazdıqları - hər halda mənim oxuduqlarım - istedadın, verginin ifadəsidir.

Hələlik isə, bu vergi rüşeyim halındadır, embiriondur və o yetişməlidir.

Verginin olub-olmaması (verilib-verilməməsi!) Əlibaladan asılı deyildi, ancaq bu vergini yetişdirmək ondan asılıdır - onun mütaliəsindən, əzmkarlığından, yazılarındakı tələskənliyi poetik təmkinlə əvəz etmək bacarığından asılıdır.

Əlibala buna nail olacaqsa - yaxşı şair olacaq.

Oxuculara təqdim etdiyim şeir Əlibabanın mətbuatda ilk dərcidir və mən bu münasibətlə onu təbrik edir, ona uğurlar diləyirəm.

 

15 iyul 2019.

Bakı.

 

 

 ELÇİN

 525-ci qəzet.- 2019.- 20 iyul. S. 11.