Günəş
toplayan Adam!
ZÜLFÜ LİVANELİ: "AVROPANIN
TÜRKİYƏYƏ VƏ DÜNYANIN YERDƏ QALAN
HİSSƏSİNƏ MÜNASİBƏTİ CAHİL
MÜNASİBƏTDİR"
Bakının 38 dərəcə isti
axşamından ayrılıb İstanbulun leysan tökən
səhərinə düşmüşdüm. Bir
yağış yağırdı, tut ucundan göyə
çıx.
Hələ təyyarədəykən bir
anlıq mənə elə gəlmişdi ki, belə havada
nə kimisə görüşə çağırmaq,
nə də hansısa gün üçün vaxt təyin
etmək mümkündür. Səngimək bilməyən
leysan gözünü yumub-açınca adamı
təpədən-dırnağa selə qərq edirdi. Aylar
əvvəl qışın soyuğunda, özü də
gecə hazırlıqsız vəziyyətdə İstiqlal
caddesində kirpiyimə qədər islandığım
günü xatırlayıb, gülümsündüm.
Üç-dörd günlük aramsız yağan
yağışa rəğmən müsahibə almış
insanı yay yağışımı qorxudacaqdı?! Saatlar
sonra qara buludların arxasından oğrun-oğrun boylanan
günəş üzümü güldürmüşdü.
Artıq heç bir əngəl qalmamışdı,
müsahibəyə hazır idim.
Həmsöhbətim yazıçı,
ssenarist, siyasətçi, musiqiçi, rejissor Zülfü
Livaneli idi. Sonuncu söhbətimizdən sonra çox yeniliklər
baş vermişdi - həm Türkiyədə, həm də
müsahibimin yaradıcılığında.
Məsələn, İstanbul yenilənmişdi, böyük
yazıçının bir neçə gün sonra
işıq üzü görəcək kitabının
müjdəsi gəlmişdi, uzun müddətdən sonra
konsert vermişdi və aylardır, gizli qalan sirrinin
üstü açılmışdı - ölkənin
bütün manşetlərində, sosial
şəbəkələrdə bundan bəhs edilirdi...
Ən yaxşısı ətraflı
öz dilindən eşitməkdir.
- Uzun müddətdir,
söhbətlərimizdə
yaradıcılığınıza toxunmuruq. Bildiyim
qədəri ilə xeyli yeniliklər var. Məsələn,
elə başlayaq Amerikada çapa hazırlanan
"Serenad"dan. Nə zaman işıq üzü
görəcək?
- Hazırda “Nyu-York” yayın evində
"Serenad" romanımın çapı üçün
hazırlıq işləri gedir. Romanı çox
bəyəniblər, buna görə də üzərində
böyük həssaslıqla çalışırlar.
Kitabın Amerikada bestseller olması üçün
əllərindən gələni edirlər. Hətta buna
görə çox həyəcanlıdırlar. Təqdimat ya
fevral, ya da mart ayında olacaq. Təsadüfə bax ki, elə
naşirim də məni görmək üçün
İstanbula qədər gəlib. Onunla sabah
görüşəcəyik. Artıq çap
edəcəkləri növbəti kitabı da
müəyyənləşdiriblər - "Serenad"dan sonra
"Hüzursuzluq" gələcək. Deyirlər ki, sizin
bütün kitablarınızı biz çap etmək istəyirik,
başqa yayın evinə getməyin. Eyni halı Rusiyada da
yaşadım. "Eksmo" yayın evi
"Qardaşımın hekayəsi"ndən sonra "Mutluluq"u
çap etdi. İndi isə "Serenad" üzərində
işləyirlər. Noyabr ayında Moskva kitab sərgisində
təqdimatı keçiriləcək. Daha əvvəl
“Qızıl meydan”da "Qardaşımın
hekayəsi"nin təqdimatı keçirilmişdi.
Əvvəllər heç adını da çəkə
bilmədiyimiz ölkədə kitabımın çıxmağı
mənim üçün böyük həyəcan idi.
Çox maraqlı səfər olmuşdu. Yaxınlarda yenə
Moskvaya getmişdim. Bir neçə qəzetə
müsahiblər verdim. Yanılmıramsa, "Komsomolskaya
pravda"nın müxbiri idi, dedi ki, bizə elə gəlir,
"Mutluluk" romanını oxumaqla Türkiyəni
tanımaq olar. Kitab təkcə Rusiyada deyil, Amerikada,
Çində də eyni rəğbəti gördü,
çox sevildi və dillərdən düşmədi. Fransa
və İtaliyada ayın kitabı oldu.
- Çin demişkən, deyəsən,
bu yaxınlarda həmin ölkəyə səfəriniz var.
- Hə, bir neçə gündən
sonra Çinin Yazarlar qurumunun dəvəti ilə Şanxaya
yola düşəcəm. Universitetlərdən birində
konfransım var. Eyni zamanda, Yazarlar qurumunda bir sıra
görüşlərim nəzərdə tutulub. Səfər
proqramım zəngindir.
- Bəlkə, bir neçə gün
sonra çap ediləcək kitabınızdan danışaq,
oxucuları sevindirək? Çünki sosial
şəbəkələrdən, sizə aid səhifələrdən
izləyirəm, hər kəs yeni kitab istəyir.
- Hə, 15-20 gün içində yeni
kitabım çıxacaq. Bu, bir düşüncə
kitabıdır. Bizdə "Nehir söyleşi" deyilir.
İl yarımdır, məni çox yaxşı tanıyan,
fəlsəfəyə bələd olan dostlardan biri gəlib
məni danışdırırdı. Bu kitab da həmin
söhbətlərdən doğan fikirlərin məhsuludur.
Dörd yüz səhifəni keçdiyi üçün bir
az qısaltmağa çalışırıq. Kitabın
adı yayın evinə məxsusdur: "Livanelinin
pəncərəsindən". Alt başlığı
isə özüm qoydum: "Batının kibri ilə
Doğunun cehli arasında". Əslində, bu bizim
faciəmizdir. Biz hara aid olduğumuzu tapa bilməyən
millətik. Ərəblər bizə onsuz da gavur kimi
baxırlar, onlarda qorxunc şəkildə bir türk
nifrəti var. İllər əvvəl gəlib onları
əzdiyimizi iddia edirlər. Biz xüsusilə Mustafa Kamal
Atatürkdən sonra Qərb təhsili ilə yetişmiş
insanlarıq. Məsələn, mən ingilis dili tədris
olunan məktəblərdə təhsil alaraq, Şekspir,
Qərb ədəbiyyatı oxuyaraq
böyümüşəm. Amma di gəl, Qərbə
gedərkən o da səni qəbul etmir. Deyir ki, türk
ərəb dünyasına aiddir. Almaniyada kitabım
çıxan zaman onların bir oxuma gəzintisinə
qatılmışdım. Deməli, belə
gəzintilərdə müxtəlif yerlərdə oxucularla
görüşlər təyin edirlər və bu
şəkildə bir çox yeri dolaşmalı olursan. Bir
gün həmin oxuma turlarından biri Berlindəki Perqamon
muzeyində təşkil edildi. Naşirim dedi ki, baxın, bu
kitab Türkiyədə böyük bestsellerdir. Soruşdular
ki, böyük bestseller nə deməkdir? Dedi ki, kitabın
tirajı 600 mini keçib. Hamısı
təəccüblü və sual dolu baxışlarla
gözlərini üzümüzə zilləmişdilər.
Necə yəni 600 mini keçib? Üzlərində
"Türkiyədə oxumağı, yazmağı bacaran 600
min adam var ki?" şübhəsi açıq-aydın hiss
edilirdi. Naşirim dedi ki, heç bir alman
ədəbiyyatçısının tirajı 50 mini aşa
bilmir. Fransada, Amerikada da eyni vəziyyətdir. Amerikanın
özündə belə, detektiv romanlar istisna olmaqla,
siyahılarda ön sırada dayanan ədəbi əsər
yoxdur. Dedim ki, baxın, Türkiyəni anlamaq üçün
içərisində bir neçə ölkə olduğunu
başa düşməyiniz lazımdır. Hə, siz burada
dükan açan, tərəvəz satan, bərbər
işləyən, dönər bişirən əməkçi
insanlarımızı görürsünüz. Çox kitab
oxumurlar, haqlısınız. Amma onlardan başqa da çox
böyük insan kütləsi var. Təkcə
Türkiyədə deyil, elə Avropanın özündə
də. Məsələn, 10 milyonluq ölkə
düşünün, bir çox Qərb ölkəsindən
böyük olar. Həmin insanlar kitab oxuyurlar, operaya gedirlər,
film izləyirlər. Kitabları da elə həmin
kütlə alır, 80 milyon deyil. Bunu deyəndə təbii
ki, ağıllarına batdı və
fikirləşməyə başladılar. Yəni
Qərbdə bu cür ayrı-seçkilik var.
İngiltərəyə get, görəcəksən ki, olduqca
mədəni insanlardırlar, çox incə
danışır, zərif davranırlar, amma onların
beyinlərində "dünyada ingilislərdən başqa
millət yoxdur, bütün dünya ingilislərə
xidmət etmək üçün yaradılıb"
düşüncəsi hökm sürür. Bunu silmək
mümkün deyil.
Ziyalısından avtobus
sürücüsünə qədər eyni
fikirdədirlər. Fransaya get, eyni mənzərə ilə
qarşılaşacaqsan. Özlərinə "böyük
millət" deyirlər, amma adi xidmətçisinin belə
beynindən "ən böyük bizik"
düşüncəni silə bilməzsən. Almanlar onsuz da
belədir. Heç Rusiya da bu sıralamada geridə qalmır.
Deyirlər ki, "uca rus milləti", daha nə olsun?! Onlar
da bizi fərqli qəbul edirlər. Çinə gedəndə
rahat oluram, ora- da bu cür yanaşma yoxdur. Almaniyada, Fransada
kitablarım çox satılır. Televiziyalar, radiolar,
qəzetlər müsahibə alırlar, çoxlu
oxucularım var. Yəni şəxsi şikayətim yoxdur. Amma
ümumən "bu adam üçüncü dünyadan
gəlir" kimi bir rəftarları, davranışları
hiss olunur. Fikirləşirlər ki, özünü inkişaf
etdirib, amma digərləri hər halda çapan, talayandır.
Bu baxış həmişə var. Məni ən çox
sinirləndiyim şey "Siz həqiqətən
türksünüz?" sualıdır. Hə,
qardaşım, türkəm, deyirəm. Anam da, atam da,
yoldaşım da mənim kimi insanlardır. Deyirlər ki, həmişə
belə geyinirdiniz? Telefonumu çıxardıb nənəmin
rəsmini göstərirəm. Baxın deyirəm, bu
şəkildəki mənim nənəmdir, 1947-ci ildə çəkilib. Diqqət edin,
başında örtük var?! Yox! Mədəni
qadındır. Onların belə münasibətindən
yorulmuşam. Qərb bizi israrla rədd edir, qəbul etmək
istəmir. Dünən bir alman qəzetinə müsahibə
verdim. Çox sərt danışdım. Deyirəm ki, bunu
qəbul edin, Avropanın Türkiyəyə və dünyanın
yerdə qalan hissəsinə münasibəti cahil
münasibətdir. Cəhalət yaxşı hal deyil.
İnformasiya dövründə yaşayırıq.
İnternet əlinizin altındadır. Lütfən,
Avropanı mətbuat vasitəsi ilə
məlumatlandırıb, bu cəhalətdən qurtarın.
Bunu özüm də başda olmaqla deyirəm, bu qədər
cahil olmağa haqqınız yox deyirəm (gülür).
- Uzun aradan sonra fərqli formatda
konsertlər verdiniz. İllər keçməsinə baxmaraq,
yenə coşğu, sevgi seli vardı.
- Hə, illərdir konsert vermirdim.
Əslində, mən bəstəkaram - musiqi
bəstələyir, simfoniya, film musiqisi yazıram. Mən
müğənni deyiləm. Sadəcə, bir dönəm öz
mahnılarımı zümzümə etdim və insanlar onları
dinləmək istədi. Dünyada yunan, italyan
sənətçiləri kimi möhtəşəm
səsə malik xalqlar var. Onlara sevərək, böyük
zövqlə qulaq asıram. Çünki onlar həqiqi
solistdirlər. Engin Gökmen adlı böyük orkestr
rəhbərimiz var. Prezident simfonik orkestrinə
başçılıq edir. İki opera sənətçisi
ilə yanıma gəldi. Dedilər ki, biz sizin
əsərlərinizin filarmoniya orkestri ilə ifa etmək
istəyirik. Dedim ki, əvvəllər bu parçaları
London, Moskva, Berlin simfonik orkestrləri ifa etmişdilər. Buna
görə də fikirləşdim ki, yaxşı olar və
edin, məmnun olaram dedim. Dedilər ki, mahnıları həmin
iki nəfər opera sənətçisi
səsləndirəcək. Zövqlə
dinləyəcəyimi söylədim. Razılaşdıq,
amma bir problemimiz var, afişada sizin adınız yazılmasa,
heç kim bilet almaz dedilər. Dedim ki, mən konsert verəsi
olsam, bunu özüm edərəm, amma bunu istəmirəm.
İsrar etdilər. Dedim, yaxşı, mən sizə əla
formul tapdım. Siz konsertə hazırlaşın, həmin
vaxt mən də gəlib bəstələdiyim
mahnıların tarixçəsini, hekayəsini, hansı
duyğularla yazdığımı, yəni ədəbi
tərəfini danışaram. Görüntülər də
var, səhnədə onlar da yayımlanar. Bunun əla fikir
olduğunu dedilər. Beləliklə, yeni bir format ortaya
çıxdı. İlk iki konsert İstanbul Harbiye
Açıq Hava Teatrında oldu və möhtəşəm
keçdi. Amma çox təəssüf ki, biletlər
həddən artıq bahadır.
- Amma baha olsa da, salon dolu idi. Dayanmadan
"biletlər tükəndi" deyə elanlar verirdilər.
- Doğrudur. Hər iki gecədə
beş min olmaqla, on min nəfərə konsert verdik.
Hələ qarşıda 20 konsert var. Növbəti konsert
iyulun 21-də Bodrumdakı Amfiteatra keçiriləcək.
Ardınca müxtəlif şəhərlərdə
təşkil ediləcək. Təşkilatçılar deyir
ki, indiki zamanda ən çox maraq doğuran sizin konsertlərinizdir,
bu tərzdə olan konsertlər çox gözəldir.
Orkestrin rəhbəri hər şeyi
çox gözəl idarə edir. Mən də arada
çıxıb həyatımın acı-şirin
əhvalatlarını danışıram, Yaşar Kamaldan,
Nazim Hikmətdən bəhs edirəm. Bu, yaxın tarixin
xülasəsi kimi olur və insanlar zövqlə dinləyirlər.
- İlk konsertdə xeyli sürprizlər
oldu.
- Elədir, Əkrəm İmamoğlunun
gəlməyi çox xoş idi. Bu ərəfələr insanlar
çox sevinclidir. Çünki bələdiyyə
seçkilərindən daha artığı oldu. Xalqın
içindən yeni lider çıxdığına və ilk
dəfə Rəcəb Tayyib Ərdoğanın yenildiyinə
görə sevinirlər. Əkrəm İmamoğlu ilk
konsertdə günün qəhrəmanı oldu.
Səhnəyə çıxdı, gözəl çıxış
etdi.
- "Tuhaf" dərgisinin iyul sayı
isə lap skandal idi. Xüsusilə Əkrəm
İmamoğlunun yazdığı yazı...
- Əkrəm İmamoğlu
"Tuhaf" dərgisinə yazdığı yazı insanlar
üçün sürpriz oldu. "Mənə
bələdiyyə başqanı olmamı ilk söyləyən
və ağlıma salan Zülfü Livaneli oldu dedi.
Türkiyənin lideri olacaqsan, bələdiyyə
başqanı ol...ol...ol dedi". Xalq da həmin yazıda bunu
öyrəndi, ona görə
"seçkinin gizli qəhrəmanı" deyə hər
kəs bundan danışır. İnsanlar coşğuludur,
təkrar Atatürkçülərin, layiqlərin geri
qayıtmasına görə xoşbəxtdirlər. Son 17
ildə Türkiyə çox acı çəkdi.
Barbarlıq, təcavüzlər, kobudluq artdı, kübar
insanların hərəsi bir küncə çəkildi,
səslərini çıxara bilmədilər. Ümidsizlik,
əxlaqsızlıq önə çıxdı.
İnsanların üzü gülməz oldu. Baxırsan ki,
məhkəmə məhkəmə deyil, ədalət
işləmir, mətbuat, ümumiyyətlə, bitib. Axı,
bu nədir?! Ərəblərə qarışdıq,
artıq qurtula bilməyəcəyimizi
düşünürdük. Amma birdən-birə gün
doğdu. Siyasət mövzusunda xalq mənə güvənir.
Çünki bu günə qədər məndən yalan
eşitməyiblər. Mövqe, məqam arxasınca qaçdığımı
görməyiblər. Zorla millət vəkili etdilər, istefa
verdim, UNESCO-dan istefa verdim. Birdən iqtidar hansısa
sözümü eşitməkdən xoşlanmaz deyə,
heç vaxt səsimi qısmadım, buna əhəmiyyət
vermədim. Xalq mənim keçmişimi bilir və inanır.
Ona görə də belə bir işə qol qoymağı
özümə borc bildim!
Bəli, illərdir, xalqın dilindən
düşməyən "Günəş topla mənim
üçün" mahnısı gerçək oldu. Livaneli
günəşi toplayıb milyonlarla insanın
qaranlığını aydınlatdı. Yəqin ki, ən
böyük səadət elə bu idi. Bir, beş, on deyil, milyonlarla
insanın ruhuna toxuna bilmək!..
Türkan
TURAN
İSTANBUL
525-ci qəzet.- 2019.- 20 iyul. S. 12.