Milli Arxiv İdarəsində Nəsiminin 650 illiyi qeyd edilib

 

Milli Arxiv İdarəsində görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə qurumun rəhbəri, professor Əsgər Rəsulov Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” sərəncamlar imzaladığını, Milli Arxiv İdarəsində həmin sərəncamlardan irəli gələn tədbirlər planı hazırlandığını və bu toplantının da sözügedən planda nəzərdə tutulmuş tədbirlərdən biri olduğunu diqqətə çatdırıb.

O, Nəsiminin həyatı və yaradıcılığı, sufi-fəlsəfi görüşləri haqqında məlumat verərək böyük sənətkarın Azərbaycan dili və poeziyasının inkişafındakı misilsiz xidmətlərindən bəhs edib.

Sonra Respublika Dövlət Arxivlərinin materialları əsasında hazırlanan və dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Həqq mənəm, həqq məndədir, həqq söylərəm...” adlı sənədli film nümayiş olunub.

Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru Vüqar Tapdıqlı, Dövlət Tarix Arxivinin direktoru Aslan Qasımlı və digərləri görkəmli şairin yaradıcılığı haqqında öz fikir və mülahizələrini bölüşüblər.

Bildirilib ki, XIV-XV əsrlər türkdilli Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi İmadəddin Nəsiminin yaradıcılığında təsəvvüf ideyaları bütöv bir konsepsiya təşkil edir. Digər klassik şairlərimizdən fərqli olaraq Nəsimi bilavasitə fəlsəfi təlim zəminində yetişmiş və onun şeirlərindəki fəlsəfi ideyaların əsasında hürufilik dayanıb. Nəsimi insanların qəlbini, onların mənəvi dünyasını misilsiz ustalıqla bədii-fəlsəfi araşdırmadan keçirmiş, nəticədə, insanı kainatın ən kamil varlığı kimi ulu Yaradanın mahiyyətinə yaxınlaşdıraraq təlimin poetik formulunu yaradıb. Nəsiminin insanlıq, kamil şəxsiyyət haqqında təsəvvürləri mükəmməl və gerçəkliyə uyğundur. Nəsimi ideal bir biçimdə insanın bəşəri keyfiyyətlərini incələyir, mənalandırır, poetik səviyyəyə yüksəldir. Şairin fikrincə, insan bütöv bir aləmdir, külli kainatdır. Nəsimi əsərlərində insanın ən gözəl xüsusiyyəti özünü dərk etməsidir.

Tədbir şairin yaradıcılığının müzakirəsi ilə davam edib.

 

 

525-ci qəzet.- 2019.- 20 iyul. S. 13.