Türk dünyası üçün yeni mühüm tapıntı

 

 

Türk dili və ədəbiyyatının, eləcə də mədəniyyət tarixinin son dövrlərdəki ən önəmli hadisəsi, heç şübhəsiz, "Kitabi-Dədə Qorqud" dastanının yeni bir əlyazmasının tapılması oldu.

Bildiyimiz kimi, əvvəllər Türk dünyasının bu böyük abidəsinin elm aləminə yalnız Drezden və Vatikan nüsxələri məlum idi. Hər iki nüsxənin tapılması, araşdırılması və elmin çıxardığı nəticələr hamımıza yaxşı məlumdur. Lakin bu iki nüsxənin eynimi, yoxsa fərqli əlyazmalardan köçürüldüyü hələ də müzakirə mövzusudur. Hətta bəzi alimlər hər iki əlyazmanın bir-birindən əlaqəsiz toplanıldığını da düşünürlər. Uzun illərdir bu nüsxələr ətrafında müzakirələrin getdiyi bir zamanda 25-27 aprel 2019-cu il tarixində Türkiyənin Bayburt Universitetində keçirilən "Dünya Mədəni Mirası Dədə Qorqud" beynəlxalq konfransında tanınmış folklorşünas alim, Ege Universitetinin professoru Mətin Əkici "Kitabi-Dədə Qorqud"un "Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi" adlı 13-cü boyunu elmi ictimaiyyətə təqdim etdi. Təbii ki, yeni bir nüsxənin tapılması xəbəri elm aləmində sensasiyaya səbəb oldu. Bununla bağlı görkəmli türkoloqlar müəyyən fikirlər ortaya qoyub, araşdırmalara başlayıblar.

Onların bir neçəsiylə tanış olarkən tapılan əlyazmanın əhəmiyyəti daha yaxşı anlaşılır. Ancaq əlbəttə, əgər haqqında məqalə yazmaq istəyiriksə, sayğıdəyər professorların məqalələrindən öncə tapılan yeni nüsxə ilə tanış olmalı, 13-cü boy olduğu iddia edilən yazmanı oxumalı idik. Bu işdə bizə AMEA Dilçilik İnstitutunun şöbə müdiri, "Türkologiya" jurnalının məsul katibi Elçin İbrahimov yardımçı oldu. Onun təqdim etdiyi professor Mətin Əkicinin hazırladığı "Dədə Qorqud kitabı. Türküstan/Türkmən Səhra nüsxəsi", "Türkologiya" jurnalının 2-ci sayında dərc olunan məqalələr, eləcə də Türk dünyasının ortaq dərgisi olan "Qardaş qələmlər" dərgisində Yaqub Öməroğlu ilə əlyazmanı ilkin tapan şəxsin müsahibəsi yazının əsas qaynağını təşkil edir.

Öncə ondan başlayaq ki, "Dədə Qorqud"un aşkarlanmamış başqa nüsxə və boylarının olması məsələsi hər zaman ədəbiyyatşünaslığı və türkologiyanı məşğul edən suallardandır. İlk dəfə bu fikirlə çıxış edənlərdən biri azərbaycanlı alim Bəkir Çobanzadə olub. Məmməd Əmin Rəsulzadə isə Berlindəki "Ana dili" jurnalının bir sayında bu məsələylə bağlı məqalə dərc etdirmişdi. Ancaq təbii ki, qorqudşünasları hər zaman düşündürən bu məsələ özünün konkret həllini tapmamışdı. Çünki onların əllərində fərziyyələrdən başqa heç nə yox idi. Bəkir Çobanzadə isə SSRİ dövründə repressiyaya məruz qaldığından və əlyazmaları, araşdırmaları müsadirə edildiyindən onun bu iddianı nəyə əsaslanıb ortaya atdığı məlum deyildi. Onun ilk dəfə bu məlumatı harda dərc etdirməsini filologiya elmləri üzrə fəlsəfə doktoru İsmixan Osmanlı aşkarlamışdı. İ.Osmanlının 2017-ci ildə  AMEA-nın "Transactions of the national academy of science of Azerbaijan" adlı jurnalının ikinci sayında yazdığı "Kitabi- Dədə Qorqud abidəsinin on üçüncü boyu olmuşdurmu?" adlı məqaləsində Bəkir Çobanzədinin bu tapıntısıyla bağlı ilk dəfə "Bakinskiy Raboçiy" qəzetinin 1936-ci ilin 4 avqustunda çap olunmuş sayında məlumat verildiyini yazır. Daha doğrusu, bu haqda qəzetdə redaksiya yazısı getmişdir. İ.Osmanlı məqaləsinin sonunda həmin qəzetdəki yazıya əsaslanaraq B.Çobanzadənin tapdığı əlyazmanın əslində Əbdülqazi Bahadır xanın yazdığı "Şəcəreyi Tərakimə" yəni "Türklərin soy kitabı" olduğunu deyir və haqlı olaraq Bəkir Çobanzadənin səhvə yol verdiyi qənaətinə gəlir.

Son dövrlərdəki hadisələr isə həqiqətən də, "Dədə Qorqud" dastanlarının 13-cü boyunun olmasını təsdiqləyir və bu mövzunu bir daha gündəmə gətirir.

Bir təsadüf nəticəsində əlyazmanı tapan İranın Türkmən Səhra bölgəsindən olan Vəli Məhəmməd Xoca Türk dünyasının ortaq dərgisi "Qardaş qələmlər"ə müsahibəsində uzun müddət əlyazmanın heç bir mütəxəssis tərəfindən fərq edilmədiyini, onların bunun dəyərli bir nüsxə olduğunu anlamadıqlarını deyir.

Ədəbiyyatla heç bir əlaqəsi olmayan elektrik mühəndisi Vəli Məhəmməd Xoca 45-50 yaşlarından etibarən atasının arzusu ilə qədimi əlyazmaları, kitabları toplayır. Özü də "mənim işim kitabları tapıb alimlərin əllərinə təslim etməkdir. Mən başqa işdən anlamıram" - deyir. Ona görə də o özü bu əlyazmanın nə olduğunu anlamayıb, amma necə deyərlər, qəlbinin bir yerlərində nəsə dəyərli bir şey olduğunu hiss edib və neçə mütəxəssisin "at getsin" sözlərinə rəğmən, atmayıb, az qala qarşılaşdığı hər türkoloq alimə əlyazmanın fotoşəkillərini göstərib, hətta Amerikada, Tehranda türk ədəbiyyatı ilə məşğul olan alimlərə göndərib. Amma bir nəticə hasil olmayıb. Onun sözlərinə görə, əlyazmasının nə olduğunu ilk anlayan şəxs Türkiyədə yaşayan araşdırmacı Şahruz Ağ Atabəydir: "Mən kitabı tapdım, bəli. Amma həqiqətən tapan adam Şahruz Ağ Atabəydir. Çünki biz ondan qabaq kitabın dəyərsizliyi və atılmalı bir yazma olduğu nəticəsinə gəlmişdik. Şahruz bunu tanıtdı və yüksəltdi. Hələ də mən heç nə bilmirəm. Sonra Türkiyədəki alimlər bunun fərqinə vardılar. Baxdım ki, bu kitab bizi aşan bir əsərmiş".

Sonra isə Vəli Məhəmməd Xoca Qazaxıstandakı konfransda tanış olduğu türkiyəli professor Mətin Əkiciyə əlindəki bu nüsxədən danışır və o da əlyazmanın kopyası ilə tanış olduqdan sonra aprel ayında bunu elmi ictimaiyyətə təqdim edir. Professor M.Əkici nüsxəylə ilkin tanışlığı və nüsxənin struktur özəllikləri haqqında məqaləsində yazır: "2019-cu il mart ayında bir konfransda tanış olduğum dostumuz Yəhya Vəli Məhəmməd Xoca əlində bir Dədə Qorqud kitabı olduğunu və bu əsərin mövcud nüsxələrdən fərqli olduğunu açıqladı.

Ondan bu əsərin bir kopyasını istədiyimizdə mail vasitəsilə "pdf" variantının kopyasını göndərdilər.

Əlimizdəki nüsxə tam olaraq bu "pdf" variantdır. Yazmanın müəllifi, yazıldığı yer və tarixi haqqında hələlik bir qeyd tapmamışıq. Amma dil və üslubu ilə bağlı ediləcək incələmələrdən sonra bu yazının tarixi və digər özəlliklərinin ortaya çıxarılacağından əminik.

Qapaq səhifəsi tapılmayan bu əsər 62 səhifədən ibarətdir. İlk səhifədə "Minacat" tərzində ölçülü-nəsrlə (prosimetrik) yazılmış bir "Soylama" var, sonrakı səhifələrdə də bu tərz soylama mətnləri yer alır. Yazının 52-ci səhifəsinin 7-ci sətrinə qədər "Kitabi-Dədə Qorqud"un Drezden və Vatikan nüsxələrindəki soylamalara bənzər ölçülü-nəsr tərzində mətnlər yer alarkən, 52-ci səhifənin 7-ci sətrindən 61-ci səhifəyə qədər "Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi" adını verdiyimiz hissə var və əlyazma bu hissənin tamamlanması ilə bitir.

Nüsxə "təliq" xətti ilə ümumən qara mürəkkəblə yazılmasına baxmayaraq, bir neçə yerdə qırmızı mürəkkəbdən də istifadə olunub. Səhifələr çərçivələnib və mətnlər bu çərçivə içərisində yazılıb. Hər səhifədə əsasən 14 sətirlik yazı var. Burada bəzi kəlmələrə dərkənarlar qeyd olunub və bu kəlmələr səhifə kənarlarında açıqlanıb.

Soylamaların heç birində başlıq olmadığı kimi, "Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi" adı verdiyimiz hissənin də başlıqla göstərilməməyi bu əlyazmanın bir "cünk" tərzində sıralanmış ola biləcəyi fikrini yaradır. Ancaq yazıya olan bir mətndən digərinə keçərkən müəyyən sətir boşluğu qoyaraq yeni mətnin başladığını göstərib".

M.Əkici məqaləsində öncəki alimlərin ortaya atdıqları itkin nüsxədən də bəhs edir: "Bu tapıntı daha öncə fikir ortaya qoyanların haqlı olması bir yana, yeni hekayənin "13-cü Dədə Qorqud boyu" olaraq qəbul edilməsi və Kamal Abdullanın "Yarımçıq əlyazma" romanındakı təhkiyənin bir gerçək olduğunu, başqa sözlə, həqiqətin xəyalı aşdığını söyləmək mümkündür.

Professor məqaləsinin sonunda iddia edir ki, yeni tapılan boy Oğuz bəyləri haqqında çox rəvayətlərin olduğunun, Drezden nüsxəsinin yazarının bunların içərisindən 12-sini seçərək müstəqil əsər, bir "Türk Kutlu Kitabı" yaratdığının sübutu kimi qəbul edilməlidir.

Professor Əli Duymaz isə mövzuyla bağlı məqaləsində Salur Qazanın əjdahayla döyüşünə öncəki məlum boylarda işarələr olduğunu, özünün də vaxtilə yazdığı bir araşdırmada bu məsələyə toxunduğunu deyir: "Həm mövzudan başdan bəri xəbərdar olan, həm də əlyazmanın ən azından bir neçə səhifəsini görmək şansı yaxalayan biri olaraq Dədə Qorqud soylamalarının genişlənməsi və zənginlənməsindən başqa, Salur Qazanın əjdaha ilə savaşını mövzu alan yeni bir boyu müjdələməsinə görə əlyazmanı dəyərli hesab edirəm. Çünki 1997-ci ildə çap olunan "Bir dastan qəhrəmanı Salur Qazan" adlı əsərimdə "Biz bu "əjdaha öldürmək" motivini Salur Qazanın müstəqil hekayəsinin itmiş epizodlarından biri olaraq dəyərləndiririk" cümləsini qurmuşam. "Şəcərə-i Tərakimə"də Qazanın eynən Oğuz Xaqan kimi göydən enib insanları udan böyük əjdahanı öldürməsi açıq olaraq "Səyyah Qorqud" başlıqlı bir mənzumədə qeyd olunur:

"Gök asmandan inüp geldi tinnin yılan

Her ademni yutar irdi görken zaman

Salur Kazan başın kesdi birmey aman

Alplar, bigler gören bar mu Kazan gibi?"

Dede Korkut Kitabı'nda da;

"Yedi başlu ejderhaya yetüp vardum

Heybetinden sol gözüm yaşardı

Hey gözüm namert gözüm muhannes gözüm

Bir yılandan ne var ki korhdun, dedüm"

- şəklindəki soylama cümlələri iki əsərin ortaq nöqtələridir. Orta Asiya hekayələri haqda A.Tumanskinin 1896-cı ildə yazdığı sətirlərə əsaslanan Orxan Şaiq Gökyay da Salur Qazanın əjdaha öldürməsiylə bağlı başqa dastanların ola biləcəyini ifadə edirdi. Deməli, "əjdaha öldürmə" motivi və ya epizodu tamamlanmış bir "boy" olaraq Qazanın kamil bir dastanının itgin epizodlarından biri kimi dəyərləndirilə bilər".

Professor Əhməd Bican Ərcilasun isə yeni nüsxənin yeri və zamanı haqqında araşdırmasında yazır: "Yeni nüsxənin Şimal-Şərq türkcəsinə deyil, Cənub-qərb türkcəsinə aid olduğu aşkardır. Bu, "var" və "ver" feillərinin "v"-li olmağından, birləşdiricinin "n" samiti olmağından və s. kimi məsələlərdən asılıdır. Mətn Cənub-Qərb türkcəsinə aid olduğuna görə, ya Osmanlı, ya da Azərbaycan ərazisinə aid olacaq. Mətnə diqqətlə baxanda Osmanlı deyil, Azərbaycana aid olduğu anlaşılır". Professor buna sübut olaraq "men, mana, kimi, min, igid, tökülüb, tikdi" və s. kimi sözləri misal çəkir.

Mətnin aid olduğu zaman haqqında isə Əhməd Bican Ərcilasun yazır: "Mətnin zamanını anlamaq üçün 16-cı əsrə aid edilən Dədə Qorqud nüsxələriylə bugünki Azərbaycan türkcəsini qarşılaşdırmaq lazımdır. Etdiyim qarşılaşdırma nəticəsində öncəki nüsxələrdə olmayan, fəqət bugünki Azərbaycan türkcəsinə aid olan özəlliklər təsbit etdim. Bu özəlliklər yeni nüsxənin 17-ci əsrdən öncəyə aid olmayacağını göstərir. Mətn yəqin ki, 17-18-ci əsrlərə, yəni son dövr Azərbaycan türkcəsinə aiddir. Nəticə olaraq, Dədə Qorqudun yeni nüsxəsi, 17-18-ci əsrlər Güney Azərbaycan coğrafiyasına aiddir".

Yeni boyu oxuduqdan və professorların qənaətlərindən sonra nüsxənin həqiqətən də Dədə Qorqud hekayələrindən biri olduğuna heç bir şübhə qalmır. Bu boyu digərlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri də odur ki, burada soylamalara çox yer verilib. Mətn ümumilikdə 23 soylamadan ibarətdir. Hekayə hissəsi isə nisbətən kiçik və yığcamdır. Həmçinin, burada öncəki nüsxələrdə olmayan qədər İslam izlərinə, Məhəmməd ümmətinin tərifinə rast gəlirik.

Qısa zamanda elm aləmində böyük reaksiya doğuran nüsxə haqqında yeni tədqiqat işlərinin aparılacağı və daha dəqiq məlumatların toplanacağına heç bir şübhə yoxdur. Yeni tapıntının bütün Türk dünyası və Türk ədəbiyyatı üçün uğurlu olmasını arzulayırıq!

 

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2019.- 20 iyul. S. 17.