Kəfənpulu

 

Yerindən qalxan kimi birinci işi təqvimə göz yetirməkdi. İl girəndən iş otağının  divarından yekə və dəbdəbəli birini asmışdı. Aybaay səhifələri çevirdikcə tərəziyə də çıxırdı, çəkisi sürətlə düşürdü, zəifləyirdi, dizləri ağrıyırdı.

 Hər səhər təqvim rəqəmlərinin üstündəki qırmızı nişanı sağa  sürüşdürür, beləcə günlər, aylar əvəz edirdi bir-birini... Bu dəfə də adətinə xilaf çıxmadı, əvvəl təqvimə yanaşıb günü dəyişdi, sonra pəncərədən baxdı və havanın rəngindən-rufundan üşütmə düşdü canına. Bir az büzüşən kimi olub sığalladı qollarını. Yaxşı anlayırdı, texnika əsridi, ayın tarixini bircə düymə sıxmaqla telefonun ekranında görə bilər. Amma nədisə bu ayin, az da olsa, toxtaxlıq verirdi ona, elə bil, zamanı nəzarətdə saxlamışdı. Özünü aldatdığını da başa düşürdü, zaman ola, nəzarət ola, gülməlidi. Uşaqlıqdan höcət idi, beyninə nə isə girdisə, vəssalam... Elə tarix izləmək də o vaxtdan qalmışdı başında. Əvvəl anasının məktəbdən gətirdiyi masaüstü təqvimin vərəqlərini cırmaqdan, ordakı kiçik məlumatları oxumaqdan ləzzət alırdı, sonralar da tarixləri divardan asmaq xoşuna gəldi. 55 ildən çox idi ki, beləydi... Bəlkə, universitetə girəndə Tarix fakültəsini seçməyinə də bu xronologiya aludəçiliyi səbəb olmuşdu! Amma indi təqvimlə alveri əyləncəli bir iş deyildi...

Səhər tezdən qalxıb özünə sıyıq hazırlamaq da elə-belə rituala çevrilmişdi. Artıq çoxdan idi ki, ağzının dadı qaçmışdı, nə yediyini, nə içdiyini özü də bilmirdi, elə bir fərqi də yox idi. Gah düyü ununu, gah da yulafı qaynar suda beş-on dəqiqə saxlayır, bir az da şəkər qatıb qaşıqlayırdı, günboyu bəsiydi bu... İndi də çaydanı qaynamağa qoyub ayağını sürüyə-sürüyə otağa keçdi, təqvimə bir də göz atdı, güzgü qabağında üzünə baxdı, balaca darağı ilə saçını səliqəyə saldı: "Bir şey qalmayıb..." Bunu deyəndə çiyinləri ağırlaşdı, yekə bir sal daşı kürəyinə qoydular elə bil, belindən ağrı tutdu. Hə, martın 21-i 65 yaşı tamam olacaqdı. "Bu gün fevralın 21-i, ay da 28-dəndirsə, nə qalıb ki?!" - düşündü və ürəyi sıxıldı. Geri qayıdıb bir də baxdı təqvimə, fevralın 29-dan olduğunu görəndə dodağı qaçdı, bircə gün də qənimətdi.

Çaydanın  fiti evi başına götürmüşdü, tələsik mətbəxə keçib yeməyini hazırladı, bir müddət pəncərədən baxıb götür-qoy elədi, sonra iri qaşıqla lopa-lopa uddu sıyığı. Uşaqları çoxdan baş-göz eləmişdi, arvadla özüydü evdə. Səhərlər acıqlı durardı yuxudan,  xanımı da oyatmazdı, davasız ötüşmək üçün. Uşaqlar işdə-gücdə, yalnız həftəsonu yığışardılar bu evə. İl girəndən elə hey yubileyindən danışırdılar, harda qeyd edək, kimləri çağıraq, süfrədə nələr olsun - müzakirələrin ucu-bucağı görünmürdü. Söhbətlərdən hirslənirdi, bilirsiz ki, atam öləndən ad günü qeyd eləmirəm - deyirdi. Oğlu da, qızı da, xanımı da xasiyyətinə yaxşı bələddi,  əsəbləşdisə, söhbət bağlanmalıdı.

Soyuq adamı kəsirdi, Bakının da küləyi bir yandan, qarajın qapısını alırdı az qala əlindən... Birtəhər özünü maşına atıb mühərriki işə saldı. 15 ildi sürürdü bu maşını, oğlu dəyişmək istəsə də, razı olmurdu, nə mənası var axı?! Mühərrikdən gələn taqqıltını eşitdi, amma əhəmiyyət vermədi, vaxt daralırdı, maşınla əlləşmək zamanı deyildi, ona görə tez-tələsik qarajdan çıxdı, düşüb darvazanı bağladı, xatircəm oldu, yenə oturub sürdü, həm də sürətlə. Prospektin axırında Dərzi atelyesi görmüşdü, qabağında maşın saxlamağa yer də vardı, ora tələsirdi...

Yarımzirzəminin pillələrini ayaqları dolaşa-dolaşa endi, qapını iki dəfə döydü, sonra yavaşdan itələdi, içəri girəndə bir anlıq duruxdu. Yekəpər, şişman bir qadın başını qollarının üstünə qoyub yatmışdı. Elektrik pilətəsinin üstündə dəm çaydanı pıqhapıq qaynayıb daşırdı. Qadının heç tükü də tərpənmirdi, belə getsə, yanğın da ola bilərdi... Astaca yaxınlaşıb söndürdü pilətəni, qadın div yuxusuna getmişdi deyən, oyanmaq bilmirdi. İçəridən xadimə çıxanda ikisi də səksəndilər... Xadimə üzün çevirib üç dəfə tüpürdü, dizin yerə vurub Bismillah qoydu başına, sonra heç nə olmamış kimi çağırdı yatan qadını:

- Ay qız, durginən də, kişilər doluşub içəriyə, sən də tirrənmisən burda...

Qadın odun sobasının dibində bükülüb yatan pişik kimi başını qaldırıb bir gözüylə baxdı. Sonra müştəri olduğunu başa düşüb ayağa durdu, güzgüdə saçını yığdı. Köynəyinin qolundakı naxışlar üzündə qalmışdı, amma heç eyninə də deyildi bu. Xadimə yaxınlaşıb üç manatı uzadanda o biri gözü də açıldı.

- Bu nədi?

- Əşi, şalvar balağı basdırmışdun dünən...

İki qadın öz aralarında elə danışırdı, sanki otaqda kişi xeylağı yoxdu. Dərzi  üç manatı köksündəki ən etibarlı yerə basanda vəziyyət tam aydın oldu... Tıncıxdı, bir yandan qaynamış dəm çaydanının qoxusu, bir yandan da xəfə yarımzirzəminin sıxıcı ab-havası...

- Sabahınız xeyir. Mən qiymətləri  bilmək istərdim...

Qadın naxışlı üzünü çevirib baxdı, bircə dəfə "Hımmm" - dedi və bunun mənası qəti aydın olmadı.

- Parçalar, tikiliş neçəyədi?!

- Biz, axı, kişi kostyumu tikmirik...

Xadimənin nə yadına düşdüsə, qəhqəhə çəkdi. Dərzi əvvəl dümsüklədi onu, dişləri arasından "səsivi kəs" - dedi, amma sonra özünü saxlaya bilməyib pıqqıldadı yerində. İş masasına yanaşdı, barmağın diliylə yaşladı, sonra ütünün altına toxundurub istiliyini yoxladı - Ay mama, yandım - dedi... Xadimənin gülüşündən əsəbləşən kimi oldu, elə bil.

- Gülməginən, başıva gələr... - dedi. Sonra nə isə yadına düşdü, masasının üstündəki balaca uşaq kostyumunu o üz-bu üzə çevirib baxdı. Xadimə də əlindəki çirkli əskinin suyunu vedrəyə sıxıb yaxınlaşdı, masanın böyürlərin silə-silə kostyuma işarə elədi...

- Leylanın oğlununkidi? Allah kərimdi, yaxşı olar...

- Hə, onundu, dünən gətirib ki, düzəlt. Uşaq arıqlayıb, əynindən tökülür pal-paltar. Allaha qurban olum, o qızın da bəxti qara gəldi. Ərə gedəndən bir il sonra oğlan əsgər getdi, üç ay keçməmiş meyidini göndərdilər evə, uşaq da belə, xəstə. Deyir, heç qalmaz e... Dilim-ağzım qurusun...

- Leyla da çox qəşəngdi də... İtin qızı o boyda dərdnən kifirləşmir...

Qadınların dialoqu uzandıqca uzanırdı. Hövsələsi daraldı, bildi ki, bu xəmir hələ çox su aparacaq. Bərkdən öskürdü, masaya yanaşdı...

- Hə dayday, getməmisən hələ? Ay qurban olum, dedim, axı, şalvarı, pencəyi düzəldə bilərəm, amma təzəsini tikmirik... Bax, bu əlimdəkini mən düzəltmişəm... Nolsun uşaqçundu?!

Xadimə deyəsən, dərzinin sözlərini harasa yozdu. Yavaşdan - türkün məsəli - deyib güldü, dərzi də ona qoşuldu.

Qadınların nəyə güldüyünü anlamadığı üçün əsəbləşdi, amma səhər tezdən bunlarla sözləşmək istəmirdi, tez-tələsik sözünü deyib qaçmalıydı burdan.

- Ağ parça lazımdı mənə, kostyum tikdirməyəcəm, ayrı şeydən ötrüdü...

- Bura bax, dayday, mən primadonnalardan zakaz götürən adamam ey, bilirsən kimlər gəlir bura?! Vaxtım hardaydı döşəküzü, yorğanüzü tikim?

Xadimə vəziyyətin gərginləşdiyini görüb öz aləmində sülh müdaxiləsi etdi...

- Düz deyir. Şalvarın sökülüb gətir düzəltsin, balaq basdırsın...

Başağrısı tutdu onu, amma kətan parçanın da qiymətin öyrənməli idi bu gün.

- Mənə heç bilmirəm neçə metr parça lazımdı, eləcə qiymətin öyrənmək istəyirəm...

Dərzinin hövsələdən çıxdığını hiss elədi, əsəbi olduğu da görünürdü, üzündə deyəsən, cırmaq izləri də qalmışdı. O yekəlikdə arvad bir anlıq partladı elə bil yerində...

- A kişi, deyəsən, özüvə iş tapmırsan ha... Ağ parçadan nə tikim səninçün?! Ya döşəküzü olar, ya da kəfən... Əstafrullah...

- Hə düzdü... Kəfən üçün soruşuram.

"Kəfən" sözünü söyüş kimi dediyini hiss elədi özü də. Dərzi bir anlıq tutuldu, sonra müştərinin ciddi danışdığını başa düşüb çıxdı özündən. Qarğış yağdırdı, söyüşləri bir-birinə caladı...

- Allah o ifritənin bəlasını versin, onu görüm kəfən üzünə həsrət qalsın... Küçələrdə yiyəsiz it kimi gəbərəcey o, demişəm... Gör mənimçün nə qurma qurur, buna bax hələ. Gedən yoxdu, axı, yanına, əyri-üyrü tikdiklərin alan kimdi?! Alçağın qızı, səhər tezdən adam göndərib itə döndərir məni... Sən Allah hirsli vaxtımda qabağımda durub gözümü mazol eləmə a kişi, çıx burdan. Mənliyin olsun, atam yaşındasan, yoxsa bir-iki yağlı kəlmə deyərdim... Bura məscid-zaddı, kəfən satılsın?!

Qadın nəfəs almadan döşəyirdi, danışdıqca da çıxırdı özündən, hirsləndikcə gözlərinin içi qızarırdı. Xadimə də ocağa yağ çiləyib, arada "ayaq verirdi" ona. Nə qədər gec deyil çıxıb canını qurtarmalıydı... Yoxsa iki arvad birləşib çırpacaqdılar onu. Qapının içəri, ya çölə açıldığını unutmuşdu, dəstəyindən tutub silkələyəndə kiminsə o üzdə dayandığını gördü. Əlini çəkdi dəstəkdən, özü də kənara durdu. İçəri girən kimdisə, elə bil, arvadların üstünə su səpələdilər. İkisi də susdu, dərzi hətta gülümsədi də...

- Hə, Leyla, qızım, gəldin?! Bağışla sən Allah, başımı qatmasaydılar, vaxtında hazır olardı. Otur iki dəqiqə, ütü çəkim, apar...

Leylanı tanımışdı, yerinə mıxlamışdılar elə bil onu. Bircə addım ata bilmirdi. Bir vaxt universitetə hazırladığı bu qızı çox seçirdi başqalarından, onun yeri ayrıydı. Bilmirdi neyləsin, şaşqın halda baxırdı, uşaqlıqdan gözəllik ilahəsi olan qızın yetkin, cazibədar qadına çevriləcəyini o vaxtlar da demişdi. Dərzi gözünü ağardıb - ay dayı, getmək fikrin yoxdu? - deyəndə Leyla da bayaqdan bəri ondan gözünü çəkməyən adama diqqət kəsildi, tanıdı onu. Üzünə tökülmüş saçlarını əlləriylə arxaya daraqladı, gülümsədi, gözləri parladı...

- Ay Allah, Çingiz müəllim... Çox sevindim.

Dedi və qucaqladı onu, uşaq kimi öpdü üzündən. Sonra dərzilərin tərs-tərs baxdığın görüb özünü yığışdırdı, amma əlini də buraxmadı.

- Heç dəyişilməmisiz, maşallah, cavanlaşmısız daha da... Ağlıma gəlməzdi sizi görərəm... O gün uşaqlar yığışmışdılar, mən gedə bilmədim, amma dedilər hamımızı yada salıblar... Yadınızdadımı teatra getməyimiz?!

Leyla bunu ötüb keçən illərin ən xoş xatirəsi kimi yada saldı, gözlərinin içi də gülürdü. Amma bir gözü də dərzidəydi, xadiməylə birgə qeybət üçün material yığdıqların başa düşdü, müəlliminin əlini buraxdı, bir az pərt kimi oldu...

- Mən də sevindim, Leyla, uşaqlardan kimisə görəndə soruşurdum səni,  atangilə salam de. Nömrəm həminkidi, zəng et imkanın olanda...

Bunu bacardığı qədər ciddi, həm də müəllim tərzində dedi və iti addımlarla atelyedən çıxdı.

Dərzinin qarğışlarından ovqatı bir az da korlanmışdı, amma anlamadığı bir nostalji hissi də keçirirdi, yəqin Leylanı gördüyü üçün... Həm də kəfənin məsciddə satıldığın öyrənmişdi. Nədisə nəsildə ölüb-itən olanda ağsaqqallığı böyük qardaşı eləmişdi həmişə, ona görə belə işlərdən başı çıxmırdı. Onunku dərsini demək, kitab-dəftərlə qurdalanmaqdı, bircə atası öləndə hər işi özü görmüşdü...

Hə, atasının ölümqabağı dediyi son sözü "pasport" olmuşdu. İki ildi, qış aylarını gətirib yanında saxlayırdı. Rayonda qaz, su, işıq problemi vardı, atasının əziyyət çəkməyinə razı ola bilməzdi. Həm də elə iki il qabaq anası öləndən sonra kişi  kefsizdi. Bəlkə, burda nəvələr başını qatar, fikrin dağılar - deyirdi ona. 65 yaşı tamam olan gün isə ovqatı lap əlaydı, "sabah arvadla görüşəcəm" - deyib gülürdü sevincək uşaq kimi. Yaxşıca yedi-içdi də... Səhərisi də çimdi, üzünü təraş elədi, süfrə arxasına keçib çörəyin üstünə yağ çəkdi özüyçün, çaydan bir qurtum alıb stəkanı masaya qoydu... Sakitcə "mən ölürəm e" - dedi. Bu da lap cavanlıqdan xasiyyəti idi, bir azacıq özün pis hiss edən, ya yorulan kimi "ölürəm"- deyib dururdu. Amma bu dəfə deyəsən, ciddiydi hər şey, yerinə keçdi, balaca divanında böyrü üstə uzanıb "ölürəm" - dedi. Sonra "başıma yığışmayın, çıxın, ölürəm" - deyib səsini bacardığı qədər qaldırdı. Arvadı da, özü də donub qalmışdılar, bir şey başa düşmürdülər, kişinin dünəndən dediklərini də, indiki halını da bir az zarafat kimi qəbul eləyirdilər. Birdən sakitcə "pasport" - dedi atası və gözlərini yumdu. Bayaq içdiyi bir qurtum şirin çay ağzından gəldi. Yalnız “Təcili yardım” çağırıb ölüm kağızını yazdıranda bu "pasport" sözünün mənası açıldı. Qırmızı sovet pasportunun içindən balaca ağ kağıza bükülü rubllar töküləndə  hönkürtüsünü saxlaya bilmədi. Kağıza yaşıl qələmlə yazılmış bir neçə söz   həmişəlik yadında qaldı: Ölüm haqdı, oğlum, başınızı itirməyin! Sovetin dağılmağına və pulların dəyişməyinə çox az qalırdı, ölüm bir neçə ay geciksəydi, yas üçün yığılmış rubllar kağız parçasına dönəcəkdi. Atası köhnə kişilərdəndi, nə bilirdi pul dəyişmək nədi, elə o cür saxlayacaqdı "yol azuqəsini". Amma bu türkəsaya, sadəlövh kişi öləcəyini günü dəqiq bilirmiş...

 

Bu hadisədən sonra uzun müddət özünə gəlmədi. Bir neçə dəfə nervpotoloqa da müraciət etdi, müalicələr azca sakitləşdirdi onu, amma atasının son anları gözünün önündən çəkilmədi. Uşaqlara görə birtəhər toparlandı. Məktəbdə maaşlar çox aşağıydı, ona görə otağın birini ayırıb abituriyent hazırlaşdırırdı, yaxşı yaşayırdılar. Qızının da, oğlunun da öz iş-gücləri vardı, güzəranları ürəklərincəydi.  Xanımı da çox gözütox adamdı, əsli-nəsli olan ailədəndi, aza qane olurdu. Bir sözlə, rahatlığını pozan nə isə yoxdu. Bircə bu rəqəmlər olmasaydı... Vaxt daraldıqca, 65 yaxınlaşdıqca xasiyyəti də dəyişirdi elə bil, yuxusu qaçırdı, gözünü yuman kimi atasının son anlarını görürdü. Hərdən də özünün son gününü eyni cür görürdü, ağlaya-ağlaya oyanırdı yuxudan. Amma anlamırdı, yuxuda atasının ölümünə ağlayıb, ya öz ölümünə...

O vaxt doğum tarixlərin düz sənədləşdirmirdilər axı, atamın da anadan olduğu ili səhv yazmışdılar, deyəsən... Bu fikirlə bir neçə dəfə arxivləri də qaldırmışdı, köhnə sənədləri də ələk-vələk etmişdi, amma tutmaq üçün bircə saman çöpü də tapmamışdı. Hərdən öz-özünə - "Əşşi, dövran dəyişib axı, indi hər il müayinələrdən keçirəm, hər dərdin dərmanı var, nə olub ey, niyə ölməliyəm ki?!" - deyib təsəlli də verirdi. Amma yadına düşürdü ki, axı atasının da bir ciddi xəstəliyi olmayıb. Təqvimə cumub günlərini sayırdı yenə də...

Yaslara nadir hallarda gedirdi, ən yaxın adamlara başsağlığı verməyə məcbur olanda da dəbdəbəli süfrələri, bahalı dəfnləri görüb - nə qədər xərc çıxacaq? - deyə ürəyinin ətini yeyirdi, uşaqlara yük olmaq istəmirdi. Ona görə qəti qərara gəlmişdi ki, bir ay qalmış haqq-hesabını edib dəqiqləşdirsin xərclərini...

Həm də nədisə ona elə gəlirdi ki, bu yolla başını qatır, ölüm xofunu uzaqlaşdırır, son günlərini də mexaniki bir hazırlıq kimi yaşayır. Hansısa müvəqqəti səfərə hazırlaşan adam kimi düşünür bunları...

Şəhərin yuxarı məhəlləsindəki məscidin axundunu tanıyırdı. Maşını darısqal yollarla birtəhər sürüb gəldi məscidə. Ayaqqabılarını çıxarıb içəri keçdi, əvvəl dua elədi, sonra atasının ruhuna fatihə oxudu. Leyla yadına düşdü dua edəndə. Dərzinin dedikləri gəldi beyninə - əri ölüb, uşağı xəstədi... Doğrudanmı beləydi görən?! Axı, Leyla lap şux idi, kefsiz görünmürdü. Gərək nömrəsini alaydım - deyə danladı özünü, sonra məsciddə bunları fikirləşməyindən təəccübləndi... Axund da bu vaxt namaz qılırdı. Bir azdan bitirib yaxınlaşdı:

- Əssalam-əleyküm, Çingiz müəllim, xeyir olsun belə?

- Sağ ol, hacı... Elə burdan keçirdim...

- Yox, nə isə birtəhər dəydin gözümə, olmasın azar...

- Belə də, pis deyiləm, şükür. Bir məsələylə maraqlanmaq istəyirdim...

Axundun onu təpədən-dırnağa süzməyindən şəkəri qalxdı elə bil, ağzı qurudu. Ancaq özünü sındırmadı, gülümsəməyə çalışdı... Naməlum pauzadan əndişələnən axund sualları səfə düzdü:

- A kişi, sən məni lap nigaran qoydun. Yoxsa bir narahatlıq var, ya bir xəstəniz filan. Yaxşı Quran açıram, dua yazıram, suya ayələr oxuyuram, içirsən qada-balan gedir. Nə desən, mən hazır.

- Yox, yox. Elə qiymətləri bilmək istəyirdim də... Kəfən, dəfn, mərasim - neçəyə başa gəlir.

Axund qəhqəhə çəkib güldü. Əlindəki təsbehi bir az da həvəslə çevirib danışmağa başladı.

- Bunu bayaqdan de də... Mən də deyirəm nə olub?! Ömrü adama Allah verir, haçan gedəcəyik, ancaq O bilir. Amma intəhası bu da yüngüllükdü də. Özü də sənə deyim, yoxlamışıq, ehtiyatını əvvəldən tutanda Allah acığa düşüb gec aparır ey adamı... Bunnan məşğul olan qardaşım var. Əvvəlcədən nə lazımdı eləyir... Belə adına layiq, kefin istəyən, ürəyindən nə keçsə, onu...

Axund bunları deyə-deyə son model Ayfonunu çıxarıb nömrə yığdı, səsi də yüksəyə qoyub danışmağa başladı:

- Qardaş, əssalam-əleyküm. Allah ata-anana rəhmət eləsin, balalarına can sağlığı versin, cəmi dünyadan gedənlərin behişt olsun, cümlə dirilərin ömürləri uzun olsun. Ürəyində nə niyyət var, hamısına çatasan, Allah heç bəndəsini kəlmeyi-şəhadətsiz aparmasın, inşallah... Balaların da özün kimi haqq yolunu...

Bu tükənməyən xeyir-dualardan şəkəri bir az da qalxdı deyəsən, gözü qaraldı. Qolundakı saatı göstərib tələsdiyinə işarə etdi. Axır, Axund sözünün canını dedi... Dəstəyin o üzündəki qardaş danışmağa başlayanda isə Axund şükürlü oldu:

- Qardaşım, sən bilirsən ki, yerin mənimçün başqadı. Allah o dosta da cansağlığı versin. Amma məsələ budu ki, indi ağlı olan hamı işin ehtiyatlı tutur də... Düşüb öldün, layiqli yer olmadı, ya da mürdəşirlərin ən yaxşısı məşğuldusa, neyləyəcəksən hə?!

Gah fars, gah da rus ləhcəsi ilə danışan dostun deməyindən belə çıxdı ki, əməlli-başlı biznes qurub.

Mürdəşir, kəfən, məscid, fatihə, molla, belə layiqli mərasim evi, ləzzətli təamlarla dolu yas menyusu - halvadan tutmuş qara üzüməcən hər şey, şəhərin ən səliqəli qəbiristanında hasarlanmış yerdə məzar, qara mərmər sinədaşı, başdaşı filan, hamısın hesablayıb qiymətin dedi... Özü də ara-sıra - bax kalkulyator qabağımdadı, endirimli qiymətlərlə vururam, halallıq olsun - söylədi ki, söhbətin təmizliyinə şübhə qalmasın. Axırda nəticəsini də çıxardı:

- Ortalama 20-25 min olsa, mərhumu layiqli yola salarıq... İstəyir bizə versin pulunu, bankımız da var, hesab açaq, vaxtın tamamında ailəsinə deyərik, ya da ki evində saxlayıb vəsiyyətin eləsin. Mənim nömrəm də dəyişmir, oğluna versin, nə lazımdı edəcəyik...    

Bu söhbətlərdən başı gicəllənirdi. Şəkər deyəsən, kəllə-çarxda idi. Nömrəni götürüb tələsik sağollaşıb çıxdı məsciddən. Rəqəmlər elə təxmin etdiyi kimiydi. Neçə ay əvvəldən bankda açdığı hesabın üstünü düzəltməliydi. Evin yaxınlığındakı filiala girib əlindəki olar-olmazını qoydu hesaba, operator xanım gülümsər siması ilə yazılı sənəd də çıxarıb verdi ona, düz 25 min manat idi.

Evə gəlib hesab kartını, yazılı şifrəni və şəxsiyyət vəsiqəsini kiçik bir paketə yerləşdirdi, pencəyin qoltuq cibinə qoydu... Güzgü qabağına keçib yorğun üzünə baxdı, gözləri çuxura düşmüşdü, dodağı altda mızıldandı: uşaqların ürəyini üzməyim, vəsiyyət nədi ey, öləndə birinci pasportu axtaracaqlar da, kartı görəndə başa düşərlər, bəlkə mən də elə atamın məktubuna oxşar nə isə yazaram...

Geriyə sayım davam etdikcə bir az da düşürdü, qırışları artırdı elə bil. Hamilə qadınlarsayağı sancı da çəkirdi. Dili yaman acı olmuşdu, kəlməbaşı zəhərləyirdi hamını... Gecə səhərəcən yuxuda nə görürdüsə, yatağı tər-suya batırdı. Sual verənə də sərt cavab qaytarırdı. 

Axşamlar gəzməyə çıxırdı, təklik istəyirdi, özüylə dərdləşməkdən rahatlaşırdı bir az. Bu dəfə hava küləkliydi, parkda tək-tük adam gözə dəyirdi. Təkcə gəzir, ömrünü gözünün önündən keçirib götür-qoy edirdi. Nəyi düz, nəyi səhv etdiyini düşünürdü. Çox şirin və doğma səs fikirlərindən ayırdı onu, hətta cinayət üstündə yaxalanmış kimi səksəndirdi də...

- Axşamınız xeyir, Çingiz müəllim.

Leyla idi... Alaqaranlıqda par-par yanan gözlər və mehriban simadan çaşan kimi oldu. Külək qap-qara saçları dalğalandırır, qızın üzünə çırpırdı. İkisi də susurdular. Bəlkə ilk dəfə qızın gözlərindəki kədəri də sezə bildi... Dərzidə ayrı cür görünmüşdü gözünə. İndi isə xeyli qayğılı idi.

- Görürsüz, sonra da deyirlər dərzilər yalançıdı. Sizin haqqınızda hər cür məlumat verdi mənə Şafa... Adı Şəfiqədi, amma hamı Şafa deyir. Qaranızca deyindi xeyli, sonra dedi ki, hər axşam bu parkda gəzirsiz. Mən də çıxdım, bəlkə sizi görüm kefim açılsın.

- Bəyəm sənin qanını qaraldan nə isə var?!

- Hə, oğlum xəstədi. Siz bilmədiz, o vaxt yoldaşım da...

- Dərzi qadın demişdi bunu, Allah rəhmət eləsin... O hansı oğlandı, bizimlə teatra gedən?!

- Unutmamısız, hə? Mən də unutmuram...

O tamaşa heç yadından çıxmırdı... O vaxt uşaqlara Teymurilər dövləti haqqında keçəndə mütləq teatra gedib "Topal Teymur" tamaşasına baxmalısız - demişdi, həvəsə düşüb özü də qoşulmuşdu onlara. Leylanın hündür, yaraşıqlı bir oğlanla gəldiyini görəndə kefi pozulmuşdu. Oğlanın qızla öz malı kimi davrandığı da gözündən yayınmamışdı. Qəribədi ki, səhnədə Teymur şair Kirmaniyə "Haqlısan, çünki şairsən. Amma bu ikiayaqlı vəhşilər ədalət və mərhəmətə yox, qorxu və dəhşətə tapınırlar" - deyəndə Leyla kövrəlmişdi və tamaşadan çıxanda yanındakı yaraşıqlını yox, məhz müəllimini qucaqlayıb ürəyini boşaltmışdı. Nədənsə bu illər ərzində Teymurun sözləri, Leylanın kövrəlməyi və onu qucaqlamağı heç çıxmırdı yadından... İndi də bütün ayrıntılarıyla xatırladı o günü, yaşamaq istədi...

- Bax bu kafedə əla qəhvə bişirirlər. Gəl oturaq - dedi...

Oturdular. Leyla saçlarını gah üzünə tökdü, gah arxaya atdı... Köynəyinin yaxasını düzəldir, ciddi danışır, sonra gülümsəyirdi. Gözünü çəkmədən baxırdı, Leylanın sözlərində illər də geri gəlirdi elə bil... Oğlunun xəstəliyini soruşmağa ürək eləmirdi. Bir azdan qız özü açıb danışdı:

- Müalicəsi var, amma çox bahadı. Gücüm çatmır. İmkanlı qohumlar da üz döndərib bizdən. Allah saxlayır hələ, ancaq çox azdı vaxtım. Birinci mərhələdə  20-25 min lazımdı... Ola bilsin, heç ikinciyə ehtiyac qalmasın, elə bir dəfəylə sağalsın, balacadı hələ...

Rəqəmi eşidəndə ürəyi sancdı. Amma həm də beyni işıqlandı... Sakitcə hesabı istədi, pulun qalığını da götürmədi. Çıxdılar, kafenin önündəki bankomata tərəf çəkdi qızı. Kartı daxil edib şifrəni yığdı.

- Bax burda düz 25 min manatdı. Götür bu kartı, şifrəsi də bu kağızdadı, telefon nömrəmin son dörd rəqəmidir. Oğlunu müalicə elətdir, yaşamaq yaxşı şeydi...

Dedi və özü də bu bəsit aforizmindən utandı... Leylanın bütün cidd-cəhdlərinə, "olmaz, götürə bilmərəm, axı niyə"  etirazlarına məhəl qoymadı. Qızın gözünün dərinliyindəki kədərin bir ümidə, sevincə çevrildiyini də görə bildi... Ona görə çox dayanmadı daha... Sağollaşdı.

- Heç bilmirəm, sizə necə təşəkkür edim. Mütləq zəng edib deyəcəm müalicələrin nəticəsini. Oğlumu da tanış edəcəm sizinlə. Qoy xilaskarın tanısın. Hər şey əla olacaq, inanıram...

Leyla bunları uşaq kimi sevinə-sevinə deyirdi, amma birdən ciddiləşdi elə bil, yetkin qadın baxışlarıyla süzdürdü gözünü...

- Sizə hərdən zəng eləsəm olar?! Dedim birdən yoldaşınız qısqanc olar...

Çoxdan unutduğu həyəcan keçdi bədənindən... Tez də qovdu özündən bu halı... "Zəng eləmə, oğlunla məşğul ol, yaşamaq yaxşı şeydi" - deyib uzaqlaşdı...

Evinə doğru addımladıqca necə yüngül, quş kimi olduğunu hiss etdi... Az qaldı  - deyib pıçıldadı və yadına düşdü ki, deyəsən, bu səhər təqvimdəki günü dəyişməyi unudub... Ayın neçəsiydi görən, bilmirdi!.. 

 

PƏRVİN

525-ci qəzet.- 2019.- 20 iyul.- S.18.