Rafiq Hacıyevin "Şəhrizadın...
tarzən Ramiz Quliyev nağılı" əsəri
barədə düşüncələr
Bir vaxtlar çox böyük
həvəslə baxdığım veriliş SSRİ Xalq
artisti Valentina Leontyevanın verilişi idi.
Qocaman
artistin şirin danışığı, nağılları
qeyri-adi dərəcədə maraqlı təqdim etməsi
məni xəyalların qanadında yalnız nağıl
qəhrəmanlarının gedə biləcəyi
əlçatmaz, ünyetməz bir aləmə
aparırdı. İndinin özündə belə
nağıl-filmlərə maraqla baxıram: "Məlik
Məmməd", "Qaraca qız", "Bir qalanın
sirri", "Sehrli xalat", "Qərib cinlər
ölkəsində", "Alisa möcüzələr
diyarında", "Mauqli", "Buratino" və s.
sevimli filmlərimdir. Bəlkə də bu folklorşünas
olmağımla bağlıdır, bilmirəm.
İnanılası deyil. Bu yaşımda İraqda yaşayan
soydaşlarımızın nağıllarını
"İraq türkmanlarının nağıl
dünyası" adlı 30 səhifəlik ön
sözlə çap etdirmişəm (Bax:
"İraq-türkman nağılları", Bakı,
"Təhsil", 2014, 432 səh.).
Nağıllardan çox şey
öyrənmişəm, çox şey əxz
eləmişəm. Yaqub peyğəmbərin son beşiyi
Yusifdən başlamış Məlik Məmmədə qədər
ailənin sonbeşiyinin daha ağıllı, daha tədbirli,
vəfalı, qorxmaz, vicdanlı və xeyirxah olması məni
həmişə düşündürüb. O
qənaətə gəlmişəm ki, bu, valideynlərin
yaşlı vaxtına düşdüyünə görə
belədir.
Nağıl həmişəyaşar
janrdır. Dünya yazıçılarının, o
cümlədən də, müasirimiz olan Xalq
yazıçısı Elçin və başqalarının
bu janra müraciət etməsi təsadüfi deyildir.
Mən görkəmli jurnalist və
yazıçı Rafiq Hacıyevin bu janrda yazılmış
"Şəhrizadın.... tarzən Ramiz Quliyev
nağılı" poetik əsərinə bu
müstəvidən baxır və yüksək
qiymətləndirirəm. Mənə qədər bu qeyri-adi
süjetli, bədii-sənədli portret-povest haqqında Xalq
yazıçısı Elmira Axundova, siyasi elmlər doktoru,
professor Qənirə
Paşayeva, Xalq yazıçısı Natiq Rəsulzadə,
şair Ramiz Məmmədzadə, AMEA-nın vitse-prezidenti,
akademik Dilqəm Tağıyev, Əməkdar elm xadimi, akademik
Nizami Cəfərov, professor Aqşin Babayev,
yazıçı-alim Allahverdi Eminov, filoloq-alim Sadıq
Murtuzayev, Əməkdar müəllim Səlim Əzimov,
hüquqşünas-alim Şahin Rüstəmov və
başqaları ürək sözlərini yazıblar və əsərin
sənətkarlıq məziyyətlərindən,
yüksək dəyər kəsb etməyindən
məhəbbətlə söz açıblar. Əsər
məni o qədər tutdu ki, mən də ürək
sözlərimi yazmaqdan özümü saxlaya bilmədim.
Əfsanəvi "Min bir gecə"
hekayətlərinin üslubuna salınmış, lirik
süjetlər əsasında qələmə
alınmış elmi-publisistik əsəri oxumaqla doymaq olmur. Musiqi ilə poeziyanın
vəhdətində götürülən əsərin
qəhrəmanı görkəmli tarzən, böyük
ziyalı və şəxsiyyət Ramiz Quliyevdir.
İnanmıram ki, onun musiqisini sevməyən,
şəxsiyyətinə hörmət etməyən
azərbaycanlı tapılsın. Mən şəxsən Ramiz
Quliyevə iki məqama görə dərin hörmət
bəsləyirəm, yaradana şükürlər oxuyuram ki,
belə bir sənətkarı Azərbaycana bəxş edib.
Birincisi, tar ifaçılıq
sənətinə gətirdiyi yeniliklərə, bu
sənəti beynəlxalq aləmdə
şöhrətləndirdiyinə görə, ikincisi isə
Azərbaycan musiqisini dünyada tanıdan istedadlı Əyyub
kimi bir oğul yetişdirdiyinə görə.
Ramiz Quliyevin fitri istedad sahibi olması
və əsərdə Rafiq Hacıyevin
dönə-dönə vurğuladığı kimi, kamil
şəxsiyyət, etiraf edilən ziyalı olması, sənətinə
vurğunluğu, gecə-gündüz öz
üzərində əzmlə çalışması
Əyyuba dərin təsir etmiş, atası onun
üçün nümunə məktəbinə
çevrilmiş, enişli-yoxuşlu sənət yolunda ona
işıq tutmuşdur.
Rafiq Hacıyev əsəri şirin
nağıl dilində qələmə almışdır.
Ayrı cür də ola bilməzdi. Hadisələri "Min
bir gecə" nağılının qəhrəmanı
Şəhrizad bəyan edir.
Oxucunu əsəri oxumağa sövq
edən başlanğıc hissəsi müəllifin
tapıntısıdır.
Şəhrizadın Şəhriyar
şahı "Tarzən Ramiz Quliyev nağılı"na
hazırladığı səhnə özü bir
aləmdir. Şəhrizad
Platondan başlamış böyük
şəxsiyyətlərin musiqi haqqında maraqlı
fikirlərindən söz
açır və sonda Henrix Heynenin kəlamına yer verir.
"Ölüm həyatın son sözü olduğu kimi,
musiqi də incəsənətin son sözüdür"
deyərək incəsənətin son sözü musiqini
yaşadanlardan biri, füsunkar sənətkar tarzən Ramiz
Quliyevdən, "Tarzən Ramiz Quliyev
nağılı"ndan danışmağa şahdan izn
istəyir.
Şah razılıq əlaməti olaraq
başını yelləyir və deyir: "Dünyaca
məşhur olan o musiqiçi haqqında eşitməyi
və bilməyi mən də çox istəyirəm".
Lakin Şəhrizad yenə də
nağıl üslubuna arxalanaraq birbaşa
musiqiçimizdən deyil, Azərbaycandan söz açır:
"... Ey bəxtiyar şah və ədalətli hökmdar,
eşit, bil və agah ol. Belə rəvayət edirlər ki,
bizim Hindistan və Çin adalarından çox-çox
uzaqlarda, Odlar yurdu adlanan... bir ölkə var. Əgər
unutmayıbsınızsa, altı yüz səksən
dördüncü gecədə mən bu tarzənin
vətəni Azərbaycanın adını
çəkmişdim və Xüzeymənin İkrimə
ilə olan əhvalatında, sonuncunun bu
məmləkətə canişin təyin edilməsi
barədə sizə danışmışdım".
Beləliklə, on bir gecə davam
edən Ramiz Quliyev hekayəti başlayır və Rafiq
Hacıyev görkəmli tarzən Ramiz Quliyevin yaradıcılığının
bütün məziyyətlərini parlaqlığı
ilə açıb göstərir.
Müəllifin bu qədim, məftunedici
musiqi alətini, onun sirlərini, muğam dünyasını,
islami dəyərləri, şəriəti dərindən
bilməsi oxucunu heyran edir. Rafiq Hacıyevin Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi tərəfindən
yenicə nəşr olunan, bənzərsiz tarzən
Əhsən Dadaşovun yaradıcılığına
həsr edilən möhtəşəm "Əhsən
sənə, Əhsən" kitabı da onun bu ecazkar musiqi
alətini kamil bilməsindən xəbər verir. Onun
Qarabağdan olduğu aydınca görünür.
"Şəhrizadın... tarzən Ramiz
Quliyev nağılı"nın ən başlıca
məziyyətlərindən biri müəllifin
təkrarsız tarzənimizin yetişdiyi mühiti, onun
həyat və fəaliyyətini mükəmməl bilməsi,
qeyri-adi ştrixlərlə onu oxucuya sevdirməsidir.
Hadisələr, tarzənin uğurları nağılda olduğu kimi təsvir edilir:
"Allah həmişə Ramizə öz amanında qərar
verib, tar ifaçıları arasında ona bu cür məqam
və mənsəb inayət edib. Onu səhnədə
izzət və şan-şöhrət cah-cəlalına
çatdırıb".
Bu məqamda Şəhrizad böyük
Azərbaycan şairi Şəhriyarın ustad
sənətkarın ölümsüz sənətinə
verdiyi qiyməti şahın diqqətinə
çatdırır: "Tarix boyu yetişən min
çeşidli qəhrəman, qələm, söz və saz
ustaları kimi ustad Ramiz, sənin adını tarixdə
görürəm. Təbrizdə qəlbimdə
görürəm. Sənin kimi övlad yetişdirən ana
bəxtiyardır. Səni yetirən vətən
xoşbəxtdir. Tarının sədaları
həmişə qulağımda səslənir.
Azərbaycanı mizrabının gücü ilə dünyaya
tanıdan oğul, səni bağrıma basıb
gözlərindən öpürəm".
Şəhrizad nağılına davam
edir: "Şah sağ olsun, dünyanın hər
guşəsində onun hər bir
çıxışını böyük maraqla
dinləyirlər. Onun son dərəcə yüksək
zövqlə və xüsusi səliqə ilə çox
təmiz geyinməsi, ali mədəniyyəti,
səhnədə oturuşu, duruşu, tarı sinəsində
həmişə vüqarla tutması adamı heyran edir...
İndi isə əsas mətləbə
keçib, sizə bu qüdrətli sənətkarın
həyat və yaradıcılığı haqqında
bildiklərimi ən gözəl və yüksək
ifadələrlə danışacam"...
Əziz oxucu, nəql etdiklərimiz on bir
gecəlik "Şəhrizadın... tarzən Ramiz Quliyev
nağılı"nın yalnız birinci və ikinci
gecələrində baş verənlərdir.
Müəllif Şəhrizadın dili
ilə Qarabağın gözəlliklərindən söz
açır, şair Rasim Kərimlinin beş bənddən
ibarət şeirini məlahətlə oxuyur:
Cənnət də, behişt də bir əfsanədir,
Özgə bir bağçadı,
bağdı Qarabağ.
Bu sətirləri eşidəndə
Şəhriyar şah balınca dirsəkləndi. Şeiri
yenidən oxumağı xahiş etdi.
Bir şah əsəridir o,
təbiətin,
Arandı Qarabağ, dağdı
Qarabağ.
misralarını şah təkrar etdi.
Şəhrizad dahi Üzeyir
Hacıbəylinin qızıl qiymətli kəlamını
dilə gətirdi: "Qarabağda hər evdən bir
Məcnun çıxarmaq olar".
Şəhrizad gördü ki,
Şəhriyar şah şeirə həvəs göstərdi,
əslən Qarabağdan olan şair Şahmar
Əkbərzadənin Qarabağa, Ağdama həsr etdiyi
üç bənddən ibarət şeirini qeyri-adi
məlahətlə şahın diqqətinə
çatdırdı:
Sənə ürəyimin paytaxtı
desəm,
Nə Təbriz inciyər, nə Bakı
küsər.
Obrazlı deyilmiş bu misralar
şahın çox xoşuna gəldi.
Müəllif süjeti elə qurub ki,
əsəri oxuduqca oxuyur, özünü nağıllar
ölkəsində hiss edirsən, əsərin dili səni
ovsunlayır:
"- Ey bəxtiyar şah və
ədalətli hökmdar, belə rəvayət edirlər ki,
Allahın böyük qüdrətindən və
inayətindən idi ki, istedadlarla bol olan bu şəhərin -
Ağdamın gündüzləri min bir sirli mahnılarla
və muğamlarla nəfəs alır, gecələri əsrarəngiz
melodiyaların və təranələrin qoynunda
şipşirin röyalara baş qoyub yatır".
Burada müəllif birdən-birə
əsl mətləbə keçir və deyir: Ramizin
uşaqlığı məhz belə zəngin musiqi
əhatəsində keçərdi.
"Min üçüncü
gecə"nin "nağılı"nda "Segah"
muğamından hərtərəfli danışılır.
"Segah" dərdlər, yanğılar tablosu
adlandırılır.
Rafiq Hacıyevin bu çox maraqlı
əsərində musiqi və poeziya bir bütövün
qoşa qanadları kimi öz əksini tapıb. Tarın
sirlərindən söz açanda Şəhrizad Mikayıl
Müşfiqin "Oxu, tar" şeirini şahın
nəzərinə çatdırır. Muğamdan danışanda Bəxtiyar
Vahabzadənin "Muğam" poemasından bir
parçanı oxuyur, şah feyziyab olur. "Segah"dan
bəhs edəndə B.Vahabzadənin "Segah" şeirini
bütövlükdə oxuyur və deyir: "Qibleyi-aləm,
bu elə bu çalğıdır ki, onu dinləyərkən
dərdməndlər şəfa tapırlar".
Bax, beləcə müəllif
Şəhrizadın dili ilə sevimli tarzən və
musiqişünas alimimiz Ramiz Quliyevin ecazkar tar
ifaçılığından və
şəxsiyyətindən söz açır, əsəri
oxucuya şirin bir nağıl kimi təqdim edir.
Əslində, bu əsəri tar və
muğamlarımız haqqında dərs vəsaiti də
adlandırmaq olar. Əsər oxucuların muğamların
tarda ifası barədə biliklərini artırmaq, maraq
dairəsini genişləndirmək baxımından
böyük əhəmiyyət kəsb edir. Həm də
əsər elə süjet ətrafında köklənib ki,
oxuduqca sonrasını oxumaq istəyirsən, bu ulu
sənət barədə elə faktlar əxz eləyirsən
ki, əvvəllər onlar barədə çox az
təsəvvürün vardı. Obyekt fitri istedad sahibi,
müasirimiz Ramiz Quliyev haqqında olduğundan
müqayisələr aparırsan, müəllifin
fikirlərinə şərik çıxırsan.
Əsərdə adamı
düşünməyə vadar edən
məsələlər də çoxdur. Ramizin ad
günündə əmisi Həbib kişinin uzun illər
sirdaşı olduğu sədəfli tarını ona
bağışladığı səhnə bir yandan sevinc
doğurur, başqa tərəfdən də
qəm-qüssə-kədərdən xəbər verir. Məlum
olur ki, müharibədə biləyindən ağır
yaralanan Həbib kişi artıq tar çala bilmir.
Dünya şöhrətli tarzən
məndən xeyli kiçik olduğuna görə
uğurlarını izləmək mənə də qismət
olub. Sovet dönəmində Ramiz yaşda az musiqiçi Xalq
artisti adına layiq görülmüşdü.
Şöhrətli tarzənimiz tarı sinəsinə basıb
dilləndirəndə həmişə ingilis alimi Raskın
sözləri gözlərim önünə gəlir:
"Əsl sənət o vaxt yaranır ki, əl də,
ürək də, beyin də eyni vaxtda vurur". Bu
sözlər sanki Ramiz Quliyevin boyuna biçilib.
Rafiq Hacıyev əsərdə xüsusi
vurğulayır ki, "Segah", "Rast" və
"Şur"
muğamlarının tarda təkrarsız ifaçısı
Ramiz Quliyevdir.
Mən də o fikirdəyəm. Tarzən
bu muğamların hər hansı birini və ya
bəstəkar Cahangir Cahangirovun "Ana"
mahnısını ifa edəndə məni ağuşuna
alıb acılı-şirinli gənclik illərinə
aparır. Ramiz müəllim "Rast" çalanda
Səməd Vurğunun "Vaqif" mənzum dramını,
Qacarın etirafla dediyi sözlərini xatırlayıram:
Deyirlər, ağladır göy ilə
yeri,
Sizin Qarabağın
xanəndələri.
Hünəriniz varsa, bir "Rast"
oxuyun!
Ramiz Quliyev hər dəfə
"Ana" mahnısını çalanda (Bu günlərdə
"Yadigarlar" verilişinin 5 illik yubileyində birgə
idik. "Ana" mahnısını yenə çaldı.
Göz yaşlarımı zorla saxladım) uşaqlıqda
anadan yetim qaldığımdan çox-çox illər
öncə, yeni il axşamı Hacı Məmmədovun tarda
onu ifa edərkən göz yaşı tökdüyüm
gözlərim önünə gəlir.
Ramiz müəllim "Segah"
muğamını çalanda 1956-cı ildə Bakı
Dövlət Universitetinə qəbul olunduğum
sevincli-kədərli gün yadıma gəlir. Mən tarix fakültəsinə
daxil olmaq istəyən 368 nəfərdən uğurla imtahan
verən 26 nəfərdən
sonuncu idim. Məni şərti qəbul etdilər. Yəni
dərs ilinin 1-ci yarısında mənə nə yataqxanada
yer, nə stipendiya verdilər. İmkansızlıqdan
kəndimizə qayıtmalı oldum. Çox
sıxıntı keçirirdim. Kəndimizdə radio
qovşağı təzəcə yaradılmışdı.
Bütün evlərə radio çəkmişdilər.
Evimizin arxasında armud ağacının dibində oturub
fikrə dalmışdım.
Birdən Şövkət
Ələkbərova Səməd Vurğunun "Məni
yelkən kimi dəryada qərq etsə də zaman, Vurğun
öldü deməyin, çün bir əbədi sənəti
var" qəzəlini "Segah" muğamı
üstündə oxuyanda hönkürtü ilə
ağladım: "Anam sağ olsaydı Bakıdan
qayıtmazdım, oxuyardım" - deyə fikirləşdim.
Səməd Vurğun təzəcə rəhmətə
getmişdi. Bu da mənə təsir etmişdi.
Mənim mənəvi qidam saz-söz olub.
Saz-söz diyarında boya-başa çatmışam. Təsadüfi
deyilməyib:
Tovuzda bulaq da, dağ da,
çəmən də,
Sazın havasını yaman
götürür.
Burda hər qonağı, hər
müsafiri,
Aşıq qarşılayır,
aşıq ötürür.
Bununla belə, "Yanıq
Kərəmi", "Zarıncı Kərəmi",
"Dilqəmi", "Ruhani", "Baş sarıtel"
kimi qəmgin aşıq havaları məni heç vaxt
məhvərimdən çıxara bilməyib.
Bəzən Ağabala Abdullayev
"Zabul-segah"ı və Fatma Mehrəliyeva
"Kəsmə şikəstə"ni oxuyanda da göz
yaşlarımı saxlaya bilməmişəm.
Tarın ecazkar səsi
xanəndələrin sehrli səsinə qarışanda,
qəzəlin sözləri oxunan muğamın ahənginə
uyğun gələndə indinin özündə belə
məni məhvərimdən çıxarır.
Yəqin Rafiq Hacıyevin haqlı olaraq
göstərdiyi kimi, bu, insanın ən gizli, ən incə
duyğuları tarın ecazkar dili ilə əks olunması
ilə bağlıdır.
Müəllif Şəhrizadın dili
ilə təkrarsız tarzən, tar
ifaçılığında məktəb yaradan Ramiz
Quliyevin ecazkar sənətindən, onun
şəxsiyyətindən, tar ifaçılıq
sənətinə gətirdiyi yeniliklərdən, dünya
şöhrətindən nağıllara bənzər real
boyalarla, məhəbbətlə söz açmış,
peşəkarlıqla sənətkarın bədii portretini
yaratmağa nail olmuşdur.
"Şərizadın... tarzən Ramiz
Quliyev nağılı" elə bir əsərdir ki, ondan
radioda silsilə musiqili ədəbi veriliş təşkil
etmək olar. Maraqlı da alınar.
Bu əsər mənim yadıma bir
neçə il öncə Xalq şairi, rəhmətlik
Zəlimxan Yaqubun yazılı ədəbiyyatımıza
gətirdiyi dastan janrını salır.
Gözəl jurnalist və
yazıçı Rafiq Hacıyevin "Şəhrizadın...
tarzən Ramiz Quliyev nağılı" əsəri yazılı
ədəbiyyatımıza "nağıl-povest"
janrının gəlməyindən xəbər verir.
Müəllif uzun müddət dünya
şöhrətli tarzən Ramiz Quliyevin həyat və
yaradıcılığına, muğamlarımıza, tar
ifaçılıq sənətinə dair material toplayaraq
tədqiqat aparmış, oxuculara ürəyinin hökmü
ilə yazılmış çox maraqlı və
təmənnasız bir əsər bəxş etmişdir.
Bu uğur münasibəti ilə Rafiq
Hacıyevi ürəkdən təbrik edir, oxuculara bu
bənzərsiz əsəri tapıb oxumağı
tövsiyə edirəm.
Qəzənfər PAŞAYEV
Professor
525-ci qəzet.- 2019.- 20 iyul. S. 20.