İyirminci əsrin Heraklı - Jan-Pol Sartr

 

I YAZI

 

1980-ci ilin 15 aprelində Paris küçələri ilə otuz minə yaxın insan XX əsrin yükünü çiyinlərində daşımış filosof və yazıçını son mənzilə yola salmaq üçün Monparnas qəbiristanlığına sarı irəliləyirdi. Jan-Pol Sartr bəlli anlamda varlıqdan heçliyə doğru gedirdi.

Sartrı sevən kütlənin, demək olar ki, yarıdan çoxu onun əsərlərini, fəlsəfəsini başa düşmürdü. Amma onu insanlara sevdirən, daim onların yanında olması, xüsusən də 1960-cı illərdə Fransada Avropanın üstünü "qara bulud" kimi örtən, insanlara ümid olmuş kommunizmi  dəstəkləyən hərəkatlara rəğbəti, Fransanın işğalı altındakı Əlcəzairin azadlıq uğrunda verdiyi savaşda əzilənlərin tərəfindən çıxış etməsi, Amerika-Vyetnam müharibəsinə qarşı çıxması, azadlığın dəyərini və zəruriliyini onlara daddırması idi. Onu bu yerlərə gətirən, ekzistensializmə yönəldən, varlıq, insan olmaq haqqında düşündürən isə Sorn Kyerkeqor haqqındakı yazıda da qeyd etdiyim kimi, yaşantılar, təcrübələr və travmalar idi. Sartr bu haqda bioqrafik romanı olan "Sözlər"də bəhs edir. Mən isə qısaca onu deyə bilərəm ki, atasının vaxtsız ölümü, on iki yaşı olarkən anasının ikinci dəfə evlənməsi, gözündə yaranan problem (ömrünün sonuna qədər sağ gözü sağ tərəfə doğru əyilmiş formada qaldı, amma bu qorxuducu görünüşə baxmayaraq, qadınların sevimlisi ola bildi) onun yaşadıqlarının sadəcə hər kəs tərəfindən bilinən hissəsidir.

Sartrın da yaşantıları onu fəlsəfənin içinə çəkib gətirdi. Onun ekzistensializmə yönəlməsində və bu cərəyanın parlaq nümayəndəsi olmasında  Raymond Aronun təkanverici rolu var. 1933-cü ildə, o, Simona de Bovuar və Arond Montparnasdakı kafelərdən birində ərik kokteyli içərkən, Raymond, "yeni bir düşüncə tərzi meydana çıxıb və olduqca qəribə cərəyandır, ekzistensializm adlandırılır" deyərək əlindəki kokteyl stəkanını göstərib, "bu içki haqqında elə indi bir fəlsəfi kitab yaza bilərəm" deməsi ilə Sartrı ekzistensializmə yönəldir. Sartr Avropada yeni təşəkkül tapan bu cərəyan haqqında məlumat əldə etmək üçün Almaniyaya gedir və burada bir il qalaraq alman dilini öyrənir, fenomenoloji  barədə bilgiləri birbaşa olaraq Martin Haydeggerin əsərlərindən əldə edir. Fransaya qayıtdıqdan sonra isə azadlıq başda olmaqla onun kontekstində sevgi, ehtiras, varolmaq, əxlaq və bir çox başqa düşüncə haqqında öz sistemini yaradır.

Sartrın həyatı haqqında hər kəsin bildiyi və ya ən azından asanlıqla öyrənə biləcəyi detallara toxunmadan onun fəlsəfəsinin əsas xətləri deyə biləcəyim və bir-biri ilə müəyyən qədər kəsişən dörd düşüncə xəttini qısa şəkildə şərh edəcəm.

Nəsnələr gördüyümüzdən, bildiyimizdən daha qəribədir

Sartrın varolmaq fəlsəfəsində nəsnələr də xüsusi yerə sahib idi. Məsələn, 1938-ci ildə çap olunmuş "Ürəkbulanma" romanında bunu tez-tez təsvir etməyə çalışır; Rokenten obrazı tramvaya minir və hər zaman etdiyi kimi oturacağa toxunur və dərhal əlini çəkir. Çünki bu dəfə toxunduğu sadəcə oturacaq deyil. Bu nəsnə "oturacaq" qəlbindən çıxıb azad varlıq olur. Sanki heç vaxt tramvayda belə bir şey olmayıb. Bu nəsnənin sərnişinlərin üstünə oturduqları bir əşya olduğunu xatırlamağa çalışır. Dəhşətli mənzərədir. Sartr bu təsvirlə "dünyanın absurdluğu" adlandırdığı fikrin izahını verməyə çalışıb. Sartrın əsərlərini (istər roman, istərsə də fəlsəfi) oxuyarkən tez-tez qarşılaşdığımız bu kimi təsvirlər onun nəsnələrin beynimizdə qəlibləşmiş, standart, bir ad altında var olan formalarından başqa da formalara malik olduğu fikrinə əsaslanır. Yəni stəkan sadəcə su və ya içki içmək üçün istifadə olunmur. Gördüyünüz formadan başqa bir də çılpaq olanı, toxunduqda və ya düşündükdə ilk hiss etdiyiniz forması, mənası var. Hər hansısa bir vəziyyət, situasiya da belə dəyərləndirilə bilər. Məsələn, əks cinslə yeyəcəyiniz şam yeməyi sizin üçün aydındır: gözəl yeməklərlə, içkilərlə bəzədilmiş masa və iki sevən insan. Sartr isə məsələyə bir az fərqli baxırdı. O, üzdə olan pərdəni qaldırıb o masanın qəribə  tərəfinə nəzər salırdı: planetin sən olan hissəsi milyon kilometrlərlə uzaqda baş verən helium və hidrogen partlayışından (günəşdən) uzaqlaşarkən, sən kəsilmiş ağacın (masa) üstünə yığılan ölü heyvan parçalarını, bitkiləri çeynəyirsən və qarşı tərəf də eyni şeyi təkrarlayır. Bilirəm, bu şam yeməyinin dəhşətli və olduqca qəribə təsviri sizi ondan soyuda bilər, amma nə etməli, ekzistensializm bunu deyir. 

İnsan azaddır

Bu, Sartrın üzərində ən çox beyin yorduğu məsələlərdən biridir və demək olar ki, bütün həyatını və fəlsəfəsini buna həsr etmişdir. Odur ki, Sartrın insanın azad (fiziki mənadan daha dərin) olması haqqında düşüncələrini növbəti yazıda geniş şəkildə şərh edəcəm. İndi isə üzərindən səthi də olsa keçməklə bu məsələyə bir az toxunmaq istəyirəm.

Yuxarıda verdiyim nümunələr azadlıq məsələsində də aktualdır. Belə ki, həyatı da o oturacaq və şam yeməyi kimi düşünə bilərik. Həyat da göründüyündən qəribə, amma insanın qarşısında açdığı imkan qapıları baxımından çox variantlıdır. Azadlığımızı tamamilə reallaşdırmaq prosesində, Sartrın "varolmağın izdirabı" adlandırdığı fikirlə üz-üzə gəlirik. Belə ki, həyatda hər şey mümkündür, özü də ən təəccüblü, ən qəribə şəkildə. Heç nə tanrının əli ilə baş vermir və əvvəlcədən planlanmayıb. Bu, insan beyninin məhsuludur (istədiyimiz an bundan yaxa qurtara bilərik), çünki biz ekzistensializmin üzərində çox dayandığı məsələlərdən olan məsuliyyətdən qaçmağa meyilliyik. Heç kim bu dünyada məsuliyyət daşımaq istəmir, hətta öz həyatı barədə belə. Azad olmaq isə artıq öz məsuliyyətini dərk etməkdir.

Jan-Pol Sartrın dediyi azadlıq əlimizdə, ayağımızda, boğazımızda zəncirlərin olmaması ilə məhdudlaşmır. Bunun həm də seçimdə azad olmaq tərəfi var. Sartrın azadlıq prinsipində heç kim sizin həyatınıza müdaxilə edə bilməz. Yox, əgər biz kiminsə həyatımıza müdaxilə etməyinə icazə veririksə, bu artıq bizim seçim azadlığımız deməkdir. Yəni insanların sizi görmək istədikləri kimi olmağınız üçün həyatınıza etdiyi müdaxiləyə - sizin sərhədlərinizi tapdalayıb keçsə belə - razılıq verməyiniz, bu qərar qarşısında məmnuniyyət hiss etməyiniz sizin bu halı seçmə azadlığınıza işarədir.

Sartr 1940-cı ildə Hitler ordusunun Fransanı işğal etməsi ilə həbs edilərək doqquz ay saxlandığı əsir düşərgəsində və ordan xilas olduqdan sonra Fransa Müqavimət Hərəkatında keçirdiyi zaman ərzində siyasətlə daha çox maraqlanmış, demokratiya barədə yazmağa başlamışdı. Onun çalışdığı şey insanda doğuşdan mövcud olan azadlıq ilə siyasi azadlıq anlayışını birləşdirmək idi. Elə buna görədir ki, ən radikal azadlıq fikri ona məxsusdur.

"Pis niyyət"lə yaşamamalıyıq

Əvvəlcə onu qeyd etməliyəm ki, Sartr "pis niyyət" deyərkən bu gün bizim başa düşdüyümüz "kiməsə pislik arzulamaq" və ya "kiməsə pislik etmək" düşüncəsindən çıxış etmirdi. Onun nəzərdə tutduğu şey insanın seçim azadlığına bağlı olan özünü daim olduğu yerdə görmək, öz seçim haqqından istifadə etməməkdir. Yəni biz özümüzü inandırırıq ki, hər şey müəyyən olunmuş formada qalmalıdır. Eyni bir işdə illərlə işləməklə, ölənədək eyni şəxslə münasibətdə olmaqla, daim bir evdə yaşamaqla, özümüzü başqa seçimlərə qarşı bloklamaqla özümüzə qarşı "pis niyyət"də oluruq. Bu fikri daha aydın şəkildə anlamaq üçün Sartrın "Varlıq və heçlik" kitabında verdiyi nümunəyə baxmaq lazımdır:

Hər zamankı kimi Paris kafelərinin birində oturarkən bir ofisiant onun diqqətini cəlb edir. Onu başqa ofisiantlardan fərqləndirən özünü bu rolda bir nizam içində, indiki dillə desək, robort kimi aparması idi. Sifarişləri daha sürətli alır, tez çatdırır. Müştərilərə qarşı bir ofisiantın ola biləcəyindən daha səmimi və alicənabdır. Bu şəxs sanki özünü qəti şəkildə inandırıb ki, ofisiantlıq onun əsl peşəsidir və hətta bu peşə ona nəslindən yadigar qalıb. O, bəlkə də heç vaxt  yaxşı caz ifaçısı və ya balıqçı ola biləcəyini xəyal belə etməyib.

Düşünə bilərsiniz ki, bu şəxs özünü ofisiant kimi xoşbəxt hiss edir və bu peşədə rahatlıq onunladır. Bu, inandırıcı görünmür. Onun etdiyi sadəcə başqa seçimlərə və onları seçmə azadlığına qarşı özünü bloklamaqdır. Qarşısındakı çox saylı seçimdən birinə yönəlməyə çalışmaq əvəzinə, əl altında hazır olanla kifayətlənir.

Biz kapitalizmi məhv etməkdə də azadıq

Bu düşüncə J.P.Sartrın marksist tərəfini əks etdirir. Onun da pula münasibəti birmənalı deyildi. Meydana çıxdığı gündən bəri pul, insanların azad yaşamasına, bu hissi doyunca dadmasına maneədir. Qarşımıza çıxan bir çox seçimi - səyahət etmək, yeni iş qurmaq, yaşadığımız yeri dəyişmək və s. - gözardı etməyimizin (bəlkə elə ofisianta da bu mane olurdu) səbəbi bir çox halda puldur. Pul qarşısındakı təslimiyyətimizi Sartr belə ifadə edirdi: "Kapitalizm elə bir sistemdir ki, reallıqda bizə heç zaman lazım olmayacaq ehtiyaclar yaradır. Bizə bir məhsulu almaq üçün neçə saat işləməli olduğumuzu diktə edir. Bununla da doğuşdan bizimlə olan azadlığımızı yaşamağımıza əngəl yaradır və bizi gözləyən başqa yaşam formalarını görməzdən gəlməyimizə səbəb olur".

Sartrı marksist edən də elə bu idi. Marksizm insanlara həyatlarındakı materyalist qayğılardan xilas olaraq azadlıqlarını kəşf etməyə şərait yaradırdı. Marksizmin insan azadlığına olan müsbət yanaşması Sartrı onun qatı nümayəndəsinə çevirdi. 1960-cı illərdə Fransada baş vermiş marksist hərəkatlarının yürüşlərinə qatılır, azadlıq barədə şüarlar səsləndirirdi. Hətta 1968-ci ildə belə mitinqlərin birində həbs edildi və o zaman Fransanın prezidenti olan Şarl de Qoll tərəfindən "Volter həbs edilə bilməz" deyilərək azadlığa buraxıldı. Sartrın marksist yönümlü hərəkətləri (Fidel Kastro və Çe Gevara ilə görüşü), yazıları o qədər çoxalmışdı ki, hətta Amerikanın Federal Təhqiqat Bürosu onu nəzarətə götürmüş və barəsində topladığı məlumatlar qalın qovluqlara çevrilmişdi. Təbii ki, onun qəliz fəlsəfi cümlələrini ayırd etmək və ümumilikdə fəlsəfəsini başa düşmək, nə demək istəyini anlamaq elə də asan deyildi.

Qarşımızdakı seçimləri təcrübədən keçirməyə mane olan kapitalizmi məhv etmək isə bizim əlimizdədir. Bunu etmək üçün isə pula ehtiyacımız yoxdur. Öz içimizə yönəlməyimiz, azadlığımızı dərk etməyimiz, azad olmadan yaşamağın mümkünsüzlüyünü başa düşməyimiz kifayətdir.

Yuxarıda qeyd etdiklərim Sartr fəlsəfəsinin əsasını əmələ gətirən dörd xəttin qısa şərhi idi. Bu xətlər isə bir nöqtədən - azadlıqdan - keçir.

 

Taleh EMİNOĞLU

525-ci qəzet.- 2019.- 13 iyul. S. 17.