İyirminci əsrin
Heraklı - Jan-Pol Sartr
II YAZI
Birinci
yazıda qeyd etmişdim ki, Sartrı insanlara sevdirən bir
neçə nüansdan biri də azadlığın
dəyərini və zəruriliyini onlara daddırması idi.
Onun
fikrincə, insan doğuşdan azaddır və bu, onun
ömrünün sonuna qədər belə də davam edir. Ümumilikdə azadlıq anlayışı
Sartrın fəlsəfəsinin təməlini təşkil
edir. Ona qədər bir çox filosof
və fəlsəfə məktəbi azadlıq haqqında
öz düşüncəsini ortaya qoymuşdu. Bəs bir çoxunuzun yaxşı bildiyi, tez-tez
eşitdiyi "İnsan azadlığa məhkumdur" fikrinin
sahibi Sartr bu məsələyə hansı tərəfdən
yanaşmışdı?
Azadlıq
haqqında danışmazdan əvvəl mütləq
varlıq barədə məlumata sahib olmaq lazımdır. Odur ki, öncə Sartrın varlığa münasibətinə
baxaq. Varlıq canlı və cansız
olaraq iki yerə ayrılır. Jan-Pol Sartr
da azadlığa bu iki qrup üzərindən toxunur.
"Düşünürəmsə, deməli, varam"
(Cogito ergo sum) deyən Rene Dekartın izi ilə gedən Jan-Pol
Sartr cismi substansiya (mövcudluğu özü-özündən
doğan və varlığı başqa şeylərdən
asılı olmayan başlanğıc) ilə zehni
substansiyanı bir-birindən ayırırdı.
Cismi
substansiya nəsnələrə aid varlıq formasıdır,
bunları isə "öz içində" və ya
"özündə" adlandırırdı. Bu, nəsnələrin özü ilə
eyniləşmiş quruluşlarını bildirir.
Sartrın məşhur kağızkəsən dəzgah
nümunəsində olduğu kimi: Bu dəzgah
müəyyən bir məqsəd üçün insan
tərəfindən yaradılıb və insanın
əksinə əvvəlcədən müəyyən
edilmiş, dəyişməz özü (mahiyyəti) var.
İşi sadəcə kağızı kəsməkdir.
Zehni
substansiya isə insanın özüdür. Onu birinci substansiyadan fərqləndirən
xüsusiyyət şüurdur. Sartr bu
substansiyanı "özü üçün"
adlandırırdı. Yəni bu cür
varlıqlar şüurludur və öz mövcudluğunu
dərk edir. Necə ki nəsnələr
cazibə qüvvəsindən asılıdır, siz də
təbii və özdən gələn azadlığa,
gələcək ehtimallara görə hərəkət
etməyə qadirsiniz. Sartr "Ekzistensializm və insan
duyğuları" kitabında bunu belə ifadə edir:
"İnsan, özünü gələcəyə doğru
sürükləyən və özünü orada
şüurlu şəkildə xəyal etməyə qadir
varlıqdır".
Sartrın
məşhur "Varlıq və heçlik"
əsərinin adı da bu iki varlıq növünü
özündə ehtiva edir. Cismi
substansiya gələcəyə dair heç bir ehtimal olmadan
öz mahiyyətinə sadiq qalaraq olduğu yerdə dayanır
- o, sadəcə kağızkəsən dəzgahdır.
Zehni substansiya isə öz mahiyyəti ilə
eyniləşmir - yəni insanın vahid mahiyyəti yoxdur,
"çoxfunksiyalıdır" - və gələcək
barədə bütün ehtimallara qarşı açıqdır.
Ehtimallar və imkanlar da öz
növbəsində insanın seçimləri ilə baş
tutur. Burada şüur işin
içinə daxil olur. Bununla da cismi və
zehni substansiya arasındakı fərq və insanın
azadlığı məsələsi aydınlaşır.
Varlığın nə olduğunu
aydınlaşdırdıqdan sonra Sartrın azadlıq
anlayışına keçə bilərik.
Ekzistensializmin
iki qolundan biri olan ateist ekzistensializmin nümayəndəsi olan
Sartr fərdin azadlıq məsələsinə elə bu
baxış bucağından baxır.
O, tanrının
yoxluğu fikrini şiddətlə müdafiə edirdi. Çünki tanrının olması insanın
azadlığını əlindən alır, onu
mərkəzləşmiş, vahid bir nöqtəyə tabe
edir, ona həyatını xəbəri olmadan
yazılmış ssenariyə uyğun yaşamaqdan başqa
şans vermir. Sartr hətta
özündən əvvəlki ateistləri belə tənqid
edirdi. Onun fikrinə görə, onlar,
tanrı anlayışını insan təbiəti
düşüncəsi ilə əvəzləməklə
böyük səhv ediblər; birincisi, insan təbiəti
düşüncəsinin bir ucu yenə tanrıya gedib
çıxır. Digər
tərəfdən insan təbiətinin olduğuna inanmaq
məsuliyyətdən qaçmaqdır. Məsələn,
siz etdiyiniz hansısa mənfi hərəkətə
görə ətrafındakı insanları,
dostlarınızı, valideynlərinizi və ən pis halda
isə şeytanı günahladıracaqsınız. Halbuki etdiyiniz hər şeyə görə
özünüz məsuliyyət
daşıyırsınız və bu, sizin seçim
azadlığınıza bağlıdır. Yaxşını da, pisi də seçən siz
özünüzsünüz. Sartr, onu
fərdə məsuliyyət yükləməklə fərdin
azadlığını əlindən aldığı
düşüncəsinə görə tənqid
edənlərə, "məsuliyyət hiss etmək
insanın azad olduğunun ən birinci göstəricisidir"
deyirdi. Çünki davamlı olaraq
"yenilənməli" olan insan bir anda özünü
tərkedilmiş və ümidsiz hiss edir. Nələrisə
düzəltmək üçün fiziki olaraq
keçmişə qayıda bilmir, indiki zamanı boş hesab
edir və gələcəyə güvənmir.
Buna
görə doğulmağı, doğmağı,
ölməyi, əylənməyi mənasız hesab edir. Özündən uzaqlaşır və
cəmiyyətin bir parçası olduğunu qəbul edir.
Bu halda da başqalarının
məsuliyyətini öz çiyinlərinə
götürür. Bu məsuliyyət
isə onu yenidən azadlığa istiqamətləndirir.
Sartrın da dediyi kimi, "azadlıq,
üzərinə məsuliyyət yükləndiyi halda
mümkünləşir".
Sartr,
azadlığa tanrının yoxluğu müstəvisindən
baxarkən Dostoyevskinin bir düşüncəsini
nümunə göstərir: "Əgər tanrı yoxdursa,
deməli, hər şeyə icazə var". Yəni
sizi hərəkətə gətirəcək,
seçimlərinizi planlayacaq dini əmrlər yoxdur.
Jan-Pol Sartr bunu belə ifadə edirdi: "Açıq və
aydın dəyərlər aləmində nə arxamızda,
nə də önümüzdə bizi haqlı
çıxaracaq və ya bəhanə tapmağımıza
kömək olacaq heç bir vasitə yoxdur. Bəhanələrdən,
üzrlərdən uzaqda tənha və
öz-özümüzləyik". Elə
buna görədir ki, "insan azadlığa məhkumdur".
Tanrının
olmadığını, buna görə insan təbiəti
fikrinin də səhv olduğunu irəli sürən Sartr,
insanı sadəcə insanla üzləşdirirdi. S.Kyerkeqor insanın varlığının
tanrıya mənsub olduğunu, onun üçün
varolmalı olduğumuzu qeyd etdiyi halda, Sartr da bu mənsubluq
elə insanın özüdür. İnsan
başqa bir insanın güzgüsüdür və
azadlığımız da bu yolla gerçəkləşir.
"Varlıq və heçlik" əsərini rus dilinə
tərcümə edən Vitaliy İvanoviç Kolyadko bunu
belə şərh edirdi: "Sartr, Hegelin və Karl Marksın
bir insanın digərinə öz güzgüsü kimi
baxması fikrini inkişaf etdirərək deyirdi: "Mən
başqasının baxışları altında obyekt oluram,
başqası da mənim baxışlarım altında
obyektləşir. Əgər başqası olmasaydı mən
obyekt ola bilməz, özümüdərki
bacarmazdım". Azadlıq üzərindən
ifadə etsək deyə bilərik ki, mənim
azadlığımın başladığı yer,
başqasının azadlığının bitdiyi yerdi.
Eyni zaman da başqasının
azadlığının bitdiyi yer də, mənim azadlığım
başlayır. Bu halda
azadlığınızın sərhədləndiyini
düşünə bilərsiniz. Bu
məsələdə haqlısınız. Amma bu sərhədlər nə tikanlı
məftillərdi, nə qollarımıza, ayaqlarımıza
vurulmuş zəncir. "Varlıq və
heçlik"də bu haqda belə deyilir:
"Dünyadakı
hadisələrin və nəsnələrin
sərhədləri var; doğulmağım, məkanım,
keçmişim, ətrafım, ölümüm".
Sartr bu beş anlayışla nələri
nəzərdə tuturdu?
"Doğulmağım"
deyərkən Sartr o zamana qədər heçlik kimi
varolmağımızın azadlığından bəhs edir.
Məkan
insan azadlığına birbaşa şəkildə deyil,
dolayı yolla təsir edir. Belə
ki, ucqar kənddə yaşayan bir gəncin heç vaxt
savadlı, təhsilli biri olmayacağını deyə
bilərsiniz. Halbuki belə deyil. İnsanı insan edən onun yaşadıqları,
təcrübələri və özünü
reallaşdırmaq layihələridirsə, məkan bunların
asan və ya çətin keçilə biləcəyi
baxımından azadlığımıza təsir
göstərir.
Tamamlanmış
keçmişimizi dəyişdirə bilmərikmi? Sartr keçmişi zehni substansiyaya aid edir. Bu
gün geriyə baxıb keçmişi xatırlayarkən bəzi şeyləri başqa
cür etməli olduğumuzu düşünə bilərik. Amma oraya fiziki şəkildə qayıtmaq
mümkün deyil. Keçmiş bizim
seçim azadlığımızı zaman baxımından
qismən sərhədləyir. Ona
görə qismən deyirəm ki, insan keçmişindəki
bəzi şeyləri öz beyninin içində
dəyişdirə bilər. Məsələn,
keçmişdə etdiyi bir şeyə görə
özünü qəhrəman kimi qələmə verə
və ya utanc hiss edə, zamanında həyatında baş
vermiş bir hadisəni olmamış kimi düşünə
bilər.
Sartr
ətraf deyərkən ağlınıza ilk gələn
ətraf mühiti və ya insanları deyil, istifadə etdiyimiz
vasitələri nəzərdə tutur. Məsələn, köhnə bir maşınla uzaq
səfərə çıxmaq istədiyimi desəm, kimsə
bunun mümkünsüz olacağını, maşının
məni yarıyolda qoyacağını deyəcək. Çünki onun düşündüyü
gedəcəyim yerin uzaqlığıdır. Mənimsə düşündüyüm öz
seçimimdir. Bu uzaq yolda başıma
gələcəklərə görə özüm
məsuliyyət daşıyacam.
Ölüm
isə azadlığı sərhədləyən ən
güclü qüvvədir və necəliyi olduqca
aydındır. Qısaca onu deyə
bilərəm ki, nə zaman öləcəyimizi
bilməsək də, necə öləcəyimizi
özümüz seçirik - yaşadıqlarımız
və yaşatdıqlarımızla.
Sartın
ateist ekzistensializm baxış bucağından
çıxış edərək seçim
haqqımızı da azadlıq nöqteyi-nəzərindən
dəyərləndirir. Tanrının
yoxluğu alın yazısının, tanrı
tərəfindən cəzalandırılmağın və
mükafatlandırılmağın olmaması
deməkdirsə, o zaman taleyimizi özümüz
yazırıq, cəzamızı, mükafatımızı
özümüz veririk. Sartrın həyatda
qarşılaşdığı bir hadisə
üzərindən bunu bir az
aydınlaşdıraq: Sevgi oxu daşa dəymiş, imtahandan
kəsildiyi üçün hərbi karyerasının
arxasınca gedə bilməyən kasıb, yetim bir adam,
başına gələn bu hadisələrin onun tanrıya
"xidmət" etməli olduğuna, tanrı yolundan
çıxmamasına işarə kimi qəbul edir və rahib
olur. O, alın yazısında rahiblik olduğuna inanır
və bu yolu seçir. O yəqin ki, bunun sonunda onu mükafat
gözlədiyini düşünür. Halbuki o,
artıq öz əli ilə özünü
cəzalandırıb - həyatındakı digər
seçimləri əlinin tərsi ilə kənara
itələyib. Yaşadığı
təcrübələrdən bu qənaətə gəlib
və tanrının qulu olub. Lakin istəsəydi bu
təcrübələrdən başqa dərslər
çıxarar, məsələn, rahib olmaq əvəzinə
yaşadığı eşq ağrısına və hərbə
olan marağına görə inqilabçı ola
bilərdi. Yaxud da sadəcə başqa sevgi
axtarar, yenidən imtahan verərək karyerasını qura
bilərdi.
Sartrın
da dediyi kimi, insan ümumilikdə öz həyatından
başqa heçnə deyil və onu azadlığın verdiyi
həzlə yaşamalıdır.
Taleh EMİNOĞLU
525-ci
qəzet.- 2019.- 20 iyul. S. 23.