Milli mətbuatın 144 illiyi
qeyd olundu
ƏLİ HƏSƏNOV:
“MEDİAMIZIN İNKİŞAFI AZƏRBAYCAN
DÖVLƏTİNİN İNKİŞAFINA TAM ADEKVATDIR”
22 iyul - Milli Mətbuat
Günü münasibətilə bu gün Azərbaycan
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun (KİVDF) icraçı direktoru Vüqar
Səfərli, Mətbuat Şurasının sədri,
millət vəkili Əflatun Amaşov, həmçinin
nüfuzlu media qurumlarının rəhbərləri Fəxri
xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini
ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da
xatirəsi anılıb, məzarı üzərinə
gül dəstələri qoyulub.
Sonra “Əkinçi”
qəzetinin təsisçisi, Azərbaycan
mətbuatının banisi Həsən bəy Zərdabinin
məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla
anılıb.
İyulun 22-də
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
(KİVDF) Azərbaycan Milli Mətbuatının
yaranmasının 144-cü ildönümü
münasibətilə keçirdiyi fərdi jurnalist
yazıları müsabiqəsinin qalibləri
mükafatlandırılıb. Mərasimdə
əvvəlcə Azərbaycan Respublikasının
dövlət himni səsləndirilib.
Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun icraçı direktoru
Vüqar Səfərli çıxış edərək
KİVDF-nin fəaliyyət göstərdiyi ötən
müddətdə dövlətin mətbuatın
inkişafına göstərdiyi dəstəkdən söz
açıb. Qeyd edib ki, Fond mütəmadi olaraq
müsabiqələr təşkil edir. Budəfəki
müsabiqə 2019-cu il iyunun 8-dən iyulun
12-dək Azərbaycan Respublikasında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Konsepsiyasında əksini
tapmış 19 istiqamət üzrə keçirilib. Müsabiqəyə 56 KİV-dən 142 yazı
təqdim edilib. Yazılar ekspertlər
tərəfindən qiymətləndirilib, ümumilikdə, 111
nəfər jurnalistin mükafatlandırılması
haqqında qərar qəbul olunub.
Sonra Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov
Azərbaycan Milli Mətbuatının 144 illiyi
münasibətilə media işçilərini təbrik edib. Azərbaycan mediasının
inkişafından danışan Əli Həsənov bildirib
ki, mətbuatımızın 144 ilinin 27 ili
müstəqillik dövrünə aiddir. Bu, bir
reallıqdır ki, 27 illik tarixə malik müstəqil
mediamız ölkəmizi dünyada layiqincə təmsil edir
və bu istiqamətdə fəaliyyətini davam
etdirəcək.
Müstəqil
mediamızın inkişafında ulu öndər Heydər
Əliyevin mühüm xidmətlərini xatırladan Əli
Həsənov deyib ki, 1998-ci ildə Ümummilli Liderin
Fərmanı ilə Azərbaycan mətbuatı
üzərindən senzura strukturları, eləcə də
medianı tənzimləyən dövlət qurumu olan
Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu. Beləliklə, Azərbaycan mediasına
özünü ictimai tənzimləyə bilməsi
üçün şərait yaradıldı. Jurnalistlərin dəstəyi və iştirakı
ilə Mətbuat Şurası təsis olundu. Bu Şura mətbuatın, o cümlədən
jurnalistlərin problemlərini mütəmadi
araşdırır, dövlət qarşısında
təşəbbüslərlə çıxış edir
və müvafiq olaraq, dövlət tərəfindən o
təşəbbüslərin ən
mütərəqqilərinə dəstək verilir. “Həsən bəy Zərdabi Azərbaycan milli
mətbuatının təməlini qoymuşdusa, ulu
öndər Heydər Əliyevin adı azad medianın banisi
kimi tariximizə düşdü. Ümummilli
Lider media ilə bağlı bütün tənzimləmə
və senzura mexanizmlərini ləğv edərək
Azərbaycanda azad mətbuat üçün lazımi
şəraiti yaratdı. Ulu Öndərin 2003-cü
ilə qədər bilavasitə özünün
iştirakı ilə davam etdirilən media siyasəti həmin
dövrdən etibarən Prezident İlham Əliyev
tərəfindən dönmədən, ardıcıl,
prinsipial şəkildə həyata keçirilir və
medianın bugünkü inkişafında dövlətimizin
başçısının xüsusi xidmətləri var”, -
deyə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi
məsələlər üzrə köməkçisi qeyd
edib.
Mətbuatımızın
bugünkü reallığının Azərbaycan
dövlətinin mediaya, jurnalistlərə dəstəyinin tam
şəffaflaşdırılması, sistemləşdirilməsi
və ardıcıl olaraq həyata keçirilməsindən
ibarət olduğunu vurğulayan Əli Həsənov deyib:
“2008-ci ildə Prezident İlham Əliyevin Sərəncamı
ilə “Azərbaycan Respublikasında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
Konsepsiyası” qəbul olundu, sonra o konsepsiyanı reallaşdıracaq
KİVDF yaradıldı. O gündən bu günə
qədər Fond bilavasitə jurnalistlərin iştirakı
ilə özünün Müşahidə Şurasını
formalaşdıraraq Azərbaycan dövləti, Azərbaycan
Prezidenti tərəfindən ayrılan yardımları media
ictimaiyyətinə çatdırır,
mətbuatımızın ictimailəşmiş
problemlərini təhlil edir, araşdırır, dövlət
qarşısında bu və ya digər təkliflərlə
çıxış edir və o təkliflərə də
dövlət tərəfindən dəstək verilir. Bu müddətdə Azərbaycan mediasına 50 milyon
manata yaxın yardım göstərilib. Qəzetlərimiz
bilavasitə və qismən dövlət tərəfindən
maliyyələşdirilib. Qəzetlərin
uzun müddət yaranmış borcları dövlət tərəfindən
ödənilib, ayrı-ayrı sahələr üzrə
dotasiyalar verilib. Azərbaycan dövləti
hesab edir ki, bu gün mətbuat dövlətin
himayəsində və qayğısında olmalıdır.
Mətbuat mədəniyyətin bir hissəsidir,
onun əsas sahələrindən biridir. Əgər
dövlət bu gün özünün milli-mənəvi
simasını, milli-mənəvi varlığını
nümayiş etdirən teatrına, ədəbiyyatına,
şairinə, yazıçısına, teatr xadiminə,
rəssamına dəstək göstərir, yardım
edirsə, nəyə görə bu yardım mediaya
göstərilməməlidir. Buna
görə də mediamızın inkişafı Azərbaycan
dövlətinin inkişafına tam adekvatdır.
Azərbaycan dövləti mədəniyyət
xadimlərinə də, idmançılara da,
jurnalistlərə də ev verir, onların
sosial həyatının yaxşılaşdırılması
istiqamətində addımlar atılır. Buna
qarşı qısqanclıq, buna qarşı hər hansı
fikir formalaşdırmaq, düşünürəm ki,
sağlam məntiqin, sağlam düşüncənin
nümunəsi deyil. Siz jurnalistlər
yaxşı bilirsiniz ki, bunların heç biri təmənna
daşımır, bunların heç biri sizin
yaradıcılıq imkanlarınızı
məhdudlaşdırmır və məhdudlaşdıra da
bilməz”.
Əli Həsənov
sonda müsabiqədə qalib gələn jurnalistləri
təbrik edərək, Milli Mətbuat Günü
münasibətilə media işçilərinə xoş
arzularını çatdırıb.
Daha sonra
müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.
Mətbuat
Şurasının sədri Əflatun Amaşov
çıxış edərək Həsən bəy Zərdabi
yolunun davamçıları olan Azərbaycan jurnalistlərini
milli mətbuatımızın 144 illiyi münasibətilə
təbrik edib, “Əkinçi”dən bəri keçən
mətbuatımızın tarixinə qısa nəzər
salıb, ölkəmizdə jurnalistlərə
göstərilən dövlət qayğısının
önəmini vurğulayıb.
Daha sonra jurnalistika
sahəsində xüsusi xidmətlərinə görə
Mətbuat Şurasının mükafatları
sahiblərinə təqdim olunub.
Tədbir bədii
hissə ilə davam edib.
525-ci qəzet.- 2019.- 24
iyul. S. 5.