Milli mətbuatımızın 144 ildə keçdiyi keşməkeşli və şərəfli yol

 

Azərbaycan milli mətbuatının 144 yaşı tamam oldu. 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu.

"Əkinçi" Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşı oldu. XIX əsr Azərbaycan ictimai-siyasi həyatının aynası olan və cəmi 56 nömrəsi çıxan qəzet 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirərək, ayda iki dəfə 300-400 tirajla nəşr olundu. "Əkinçi"nin dəsti-xətti bir ideya üzərində qurulduğundan, bu qəzetə maarifpərvər və demokratik ruhlu qələm sahibləri cəlb olundu. Onlar öz sözlərini dolayı yolla olsa da, bu qəzet vasitəsilə xalqa çatdıra bildilər. Qısa bir zamanda, "Əkinçi"də Moskvadan Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin, Şamaxıdan Məhəmmədtağı Əlizadə Şirvaninin, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun "Vəkili-naməlumi millət" imzası ilə məqalələri dərc olundu. Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən "Ziya", "Kəşkül", "Şərqi-rus", "İrşad", "Molla Nəsrəddin" kimi qəzet və jurnallar "Əkinçi"nin ənənələrini davam etdirdi. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi.

Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçdi. Millət və xalq üçün səsini ucaldan və qəzetin hər səhifəsində maarifpərvər ideyalarını ortaya qoyan Zərdabi böyük bir məktəb yaratmış oldu. "Əkinçi" onlar üçün xalqa təmənnasız və sədaqətlə xidmətin, ideyalılığın, ictimai və milli zülmə qarşı mübarizənin, dünya elminin nailiyyətlərini yaymağın, prinsipial, demokratik mətbuatı inkişaf etdirməyin gözəl nümunəsinə çevrildi. Özündən sonra gələn Azərbaycan mətbuatının nümayəndələri bu məktəbdən bəhrələndi və yeni məktəblər meydana çıxdı. Hətta elə bir mühit yetişdi ki, 1906-cı ildə "Molla Nəsrəddin" kimi, böyük bir satirik jurnal meydana çıxdı. Bununla Azərbaycan mətbuatında satirik jurnalistikanın da əsası qoyulmuş oldu. Eyni zamanda, "Füyuzat" ədəbi məktəbi yaradıldı. Ona görə də, tam cəsarətlə demək olar ki, 1900-cü illərdə fəaliyyət göstərən mətbuat orqanlarının böyük əksəriyyəti millətə xidmət edən, milli müstəqilliyə çağırış notları ilə çap edilən bu qəzetlərin hər biri bir məktəb rolundadır və "Əkinçi" bir qaranquş kimi milli mətbuatımızın tarixini yazmış oldu.

Azərbaycan müstəqilliyini qazandıqdan, xüsusilə 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli liderin bu sahəyə müstəsna diqqət və qayğısı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə bütün imkanlar yaradılıb. Milli mətbuatımız üzərinə düşən çətin və şərəfli missiyanı bu gün də layiqincə davam etdirir.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Milli Mətbuatın yaranmasının 144-cü ildönümü münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində bildirib ki, Azərbaycan mediasının inkişafı ölkəmizin bugünkü iqtisadi, sosial, siyasi, mədəni inkişafına tam adekvatdır: "Bəzən təəssüflər olsun ki, Azərbaycan jurnalistikasının da opponentləri tapılır və bizim bugünkü inkişafımızı inkar etməyə çalışırlar. Amma bu, bir reallıqdır ki, müstəqil Azərbaycan mediası 27 illik tarixində təkcə ölkəmizdə deyil, dünyada Azərbaycanı layiqincə təmsil etmək gücünə malikdir, təmsil edir və təmsil etməkdə davam edəcək". Ə.Həsənov vurğulayıb ki, əgər Həsən bəy Zərdabi Azərbaycan Milli Mətbuatının təməlini qoymuşdusa, Ümummilli lider Heydər Əliyev Azərbaycanda azad medianın banisi kimi tarixə düşdü, media üzərindəki tənzimləmə və senzura mexanizmlərini ləğv etdi: "Beləliklə də azad medianın formalaşması üçün bütün lazımi şəraiti yaratdı. Ümummilli liderin media siyasəti 2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən dönmədən ardıcıl və prinsipial şəkildə davam etdirilir. Medianın bugünkü inkişafında Prezident İlham Əliyevin xüsusi payı, xidmətləri var".

Mətbuatımızın hazırkı durumu və gələcək inkişafı ilə bağlı danışan Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu da hesab edir ki, Azərbaycan mətbuatı öz inkişaf tarixində uzun və mürəkkəb yol keçib. Mətbuatımızın inkişafı isə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: "Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi, mətbuatın missiyasını və funksiyasını dərindən başa düşən, onu lazımınca qiymətləndirməyi bacaran ulu öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində senzuranı ləğv etdi. Ulu öndərin imzaladığı fərmanla Nazirlər Kabineti yanında mətbuat və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv olundu, hərbi sirlərin yayılması ilə bağlı 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvəsini itirmiş elan edildi. Bundan başqa, 1999-cu ilin sonunda "Kütləvi İnformasiya Vasitələri haqqında" yeni qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı" təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Bir sıra qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları donduruldu, sonradan isə ləğv edildi. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar öz növbəsində söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir".

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qeyd edib ki, son illər ərzində ölkəmizdə medianın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bir sıra istiqamətlərdə mühüm irəliləyişlər əldə olunub: "Şübhəsiz ki, dövlətin jurnalistlərin sosial müdafiəsi istiqamətində atdığı addımlar mühüm əhəmiyyət kəsb edir. Bunlar dövlət tərəfindən təmənnasız olaraq mediaya verilən dəstəkdir. Başqa bir aspekt isə ondan ibarətdir ki, konseptual müstəvidə medianın inkişafı ilə bağlı həyata keçirilən siyasət nəticəsində Azərbaycan mətbuatının xarici təsirdən asılılığına son qoyulub. Faktiki olaraq bu gün Azərbaycan mediası, əksər media qurumları Azərbaycan dövləti tərəfindən dəstək görür və müstəqil şəkildə inkişaf edərək Azərbaycanın dövlət, milli və ictimai maraqlarına xidmət edir. Digər mühüm aspektlərdən biri Azərbaycan mediasının, xüsusən də internet resursların dünyaya açılmasıdır. Bu gün Azərbaycanda bir neçə dildə fəaliyyət göstərən media qurumları var ki, onlara artıq beynəlxalq müstəvidə istinad olunur. İnformasiya məkanında Azərbaycan jurnalistləri daha fəal olmağa başlayıblar. Eyni zamanda, jurnalistlərimizin peşəkarlığının artırılması istiqamətində də mühüm nailiyyətlər əldə edilib".

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də bildirib ki, Azərbaycan mətbuatı 144 il ərzində kifayət qədər şərəfli bir yol keçib. Onun sözlərinə görə, bu gün də Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır: "Hazırda ölkəmizdə çap mətbuatı ilə yanaşı, elektron media qurumları sürətlə inkişaf edir. Əhalinin 85 faizdən çoxunun internet istifadəçisi olması isə xüsusi qeyd edilməlidir. Çünki bu, çox böyük göstəricidir. Dövlət başçısı daim mətbuatımızın inkişafı, iqtisadi imkanlarının yaxşılaşması üçün kifayət qədər qərarlar verməklə yanaşı, davamlı şəkildə bunu həyata keçirir. Onlarla sərəncam və fərman imzalanıb ki, onlar mətbuatın inkişafına çox böyük təkan verib". Prezident İlham Əliyevin Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında imzaladığı sərəncama da toxunan V.Rəhimzadə bu cür yardımların davamlı və sistemli xarakter daşıdığını söyləyib: "Qəzetlərə birdəfəlik maliyyə yardımlarının ayrılması, jurnalistlərin peşəkarlığının artırılması ilə bağlı fərdi yazı müsabiqələrinin keçirilməsi və digər mühüm işlər mətbuatımızın inkişafına öz təhfəsini verir. Cənab prezident daim mətbuata, jurnalistlərə dəstək olub. Onun imzaladığı son sərəncam bu dəstəyin, qayğının bariz nümunəsidir".

 

PƏRVANƏ

525-ci qəzet.- 2019.- 24 iyul. S. 6.