Yaradıcılığın mahiyyəti orijinal təhlil aynasında

 

Mən dilçiyəm və alimlərimizin bu elm sahəsində əsərlərini imkanım daxilində oxuyuram, nəzərdən keçirirəm.

Fərəhlənirəm ki, klassiklərin: M.Hüseynzadənin, H.Mirzəzadənin, Ə.Dəmirçizadənin, Zeynal Tağızadənin, Tofiq Hacıyevin, E.Əlibəyzadənin, Q.Qeybullayevin və başqalarının yaradıcılıq ənənələrini davam etdirən dilçilərimizin fəaliyyəti yalnız fərəh doğurur. Bu simaların bir üstünlüyü onda idi onlar ədəbiyyatdan ayrılmamışdılar və çağdaş həmkarlarım da həmçinin. Bu iki sahə eyni alimdə birləşəndə yazılan əsər, aparılan tədqiqat yüksək səviyyəsi ilə fərqlənir. Sözümün canı var: Mən filoloq olmaqla həmişə ədəbiyyatla, yazıçı və şairlərlə bilavasitə bağlı olmuşam. Pedaqoji Universitetdə İ.Şıxlı, Ə.Hüseynov, K.Qəhrəmanov, F.Fərhadov, X.Məmmədov simasında mütqədir ədəbiyyat müəllimlərindən dərs almışam. Onlar Azərbaycan ədəbiyyatı ilə yanaşı, dünya yazıçılarının, şairlərin, dramaturqların əsərlərini sevdirmişlər. Bu hisslərdir bu günün ədəbiyyatına tənqidi yanaşmaları izləyirəm, onların tematikasını təqdir edirəm. İstedadlı yazarlarımızın yaradıcılığını araşdırırlar, monoqrafiyaları nəşr olunur. Əlbəttə, poeziyaya diqqət daha çoxdur - gizlətməyək - ona görə ki, bizim S.Vurğun, Rəsul Rza, S.Rüstəm, Əhməd Cəmil, B.Vahabzadə, Qabil, Söhrab Tahir şeirilə yanaşı, M.Araz, H.Həsənzadə, Musa Yaqub, Ramiz Rövşən, Vahid Əziz kimi istedadlı şairlərimizi oxumağa dəyər. Və böyük ümidlə deyərdim ki, nəsil davam edir, Zahid Xəlil, Rafiq Yusifoğlu, Vaqif Cəbrayılzadə, Adil Cəmil, Vaqif Bəhmənli, Rəşad Məcid, Füruzə Məmmədova, Nəzakət Məmmədli, Fərqanə Mehdiyeva kimi şairlərimiz poeziyaya xəyanət etmirlər. Oxuyuram, müqayisələr aparıram, hər birinin öz poetik dili - üslubu, deyim tərzi. Mövzuya yanaşma bucağı - manerası...

Ekskursiya etməkdə geniş təhlillər aparmaq niyyətim yoxdur və özümü professional ədəbiyyatşünas hesab etməkdən uzağam. Lakin ürəyimə yatan poeziya nümunələrini, bu haqda yazanları alqışlayıram ki, ortaya qoyulan kitablara laqeyd qalmırlar, şairləri (eləcə də yazıçıları), onların yaradıcılığını qiymətləndirirlər, bunun bariz nümunəsini böyük şairimiz Məmməd Arazın poeziyası haqqında ilk sanballı monoqrafiya qələmə almış həmkarım - pedaqoq və ədəbiyyatşünas, dosent Allahverdi Eminovun məhz həmin kitabına resenziya yazdım və bir neçə qəzetlər həmin yazını çap etdi.

Bu, Məmməd Araz poeziyasına dərin hörmətdən irəli gəlir. Budur, "Yada düşdü" jurnalının baş redaktoru, zabitlər anası, gözəl şeir kitablarının müəllifi Nəzakət xanım Məmmədlinin keçdiyi sənət-peşə yolu haqqında Allahverdi Eminovun "Nəzakət Məmmədlinin yaradıcılıq yolu" (Bakı, "Araz" nəşriyyatı, 314 səh) monoqrafiyasını oxudum, nə gizlədim - həvəslə mütaliə etdim. Amma xeyli düşündüm o baxımdan ki, fikrimi cəmləşdirib nəsə bir söz deyim. "Düşünməyimə" səbəb Allahverdi müəllimin elmi yaradıcılığına ikinci "ekskursiyam" olacaqdır. Qoy olsun: məhsuldar, özünə xas tematikası və ədəbi üsluba malik, iddiasız və təmənnasız şəxsiyyət kimi tanıdığımız bir müəllifdən yazmaq Allaha da xoşdur, oxuculara da. Bu şəxs S.Vurğun, Mir Cəlal (iki cild), İ.Şıxlı, Musa Yaqub, M.Araz və digər sənətkarlar haqqında bir çox monoqrafiyalar çap etdirmişdir (baxmayaraq heç bir fəxri titulu yoxdur)... Mən kitabda, yəni Nəzakət xanımın - şairənin yaradıcılığına tənqidçinin münasibətində nəyi görmək istəmişdim, bu, lazım idimi? Yuxarıda dediyim kimi: peşəkar ədəbiyyatşünas deyiləm! Qoy olsun. Hər halda filoloqam, öncə oxucuyam. Poeziyanı sevirəm. Ətrafımda həmişə şairlər olmuşlar. N.Məmmədlinin poeziyası kontekstində müəllifin "poeziya" anlayışı haqqında elmi-nəzəri təhlilləridir; nə gizlədim, şair(lər) yaradıcılığı təhlil edilir. Lakin “şeir nədir” sualı cavabsız qalır, əgər tənqidçi üçün bu anlaşılmazdırsa, empirik yanaşmadan kənara necə çıxa bilər, məcburiyyət qarşısında qalıb empirik təhlilə üstünlük verəcəkdir. A.Eminov poeziyaya, konkret şeirə belə bir kövrək, lakin düzgün qiymət verib yazır: "Şeir aləmi qəribə fenomendir: həyatın predmetlərini duymaq və qavramaq, müşahidə etdiyin sadə və mürəkkəb fəlsəfəni anlamaq və mənimsəmək; daxili hisslərin mübhəm pıçıltısını eşitmək və səs vermək". Məncə, poeziyaya konkret, lakonik qiymət verməklə bir qədər də dərinə gedir: "Belə "üçlük"lərin içərisində daha bir "üçlük" də mövcuddur: Şeiri kim yazır və kim üçün yazır?" Belə bir nəzəri tezisə əməl edən A.Eminov bir şairin timsalında həm fərdi müəllif yaradıcılığını, həm də poeziyanın praktik ünvanını mizanlayır. Oxucu da, şəxsən - həyatımda bir beyt yazmayan Nizami Xudiyev də şeiri ilahi və sirli kədər hesab edir. Əks halda şeir yazılmazdı - israrımda tərəddüdən uzağam! Nəzakət xanımın məzarıstanla üzbəüz qalıb qəmli fikirlərə dalması məni düşündürməyə bilmədi:

 

Pəncərəm açılar qəbristanlığa,

Gördüyüm mənzərə gözümə batır.

Məəttəl qalıram uca tanrıya:

Alimi cahillə yanaşı yatır.

 

Bəli, bu misralar mənə S.Vurğunun, M.Arazın, Musa Yaqubun belə qəmli motivli məzarıstanı xatırlatdı. Bəli, şairin assosiativliyi budur!

Onu hiss etdim ki, ədəbiyyatşünas-müəllif poeziyada assosiativliyin yerinə və şairə impuls verdiyinə obyektiv qiymət verir; bu isə "poeziyanın zərif qanadıdır". Şair əgər darıxmırsa, qəriblik duymursa, niskinlik çəkmirsə, şeiri hədəfdən yayınacaqdır. Qəriblikdir həsrəti dünyaya gətirən: "Şair təkcə təfəkkürü ilə yox, hisslərilə qəribliyin uzaqlığını sezir və həsrətinə qovuşmaq istəyir, poeziyada bədii sərvətə çevrilir" - müəllif qeyd edir...

Orta məktəbdə də, ali məktəbdə də ədəbiyyat müəllimlərimiz Vaqifi, Vidadini, Zakiri öyrədəndə qəribliyin, xiffətin şairlərdə "oyanma" məqamlarını xatırlatmışlar. Qəriblik həmişə durnaların qanadlarında yol gəlir. Nəzakət xanım Məmmədli məhz bu məqamı tutmuş, unikal "Payız" şeirini yazmışdır. Gizlətmirəm, şeiri təkrar oxudum. Bəlkə də bu, yaşımla bağlı idi? Yox, şeir şeir idi! Bəzi misraları pıçıldadım:

 

Durnalar köç edir payız gələndə,

Boş qalır "evləri", yurd-yuvaları.

Dönürlər yenə də bahar gələndə,

Yenə doğmalaşır "yad" yuvaları...

 

Mən də dönəcəyəm günün birində

Ürəyim deyir ki, çox belə getməz.

Lazımsa ölümə verib ömrümü

Dünyaya deyirəm: - Çox belə getməz.

 

Allahverdi Eminov monoqrafiyada Zamanın ekspressivliyini və dövrün paradoksları-tənqidçilərin toxunmadıqları, lakin poeziyanın sosiallığını şərtləndirən məsələyə də şairin yaradıcılığı kontekstində işıq salmışdır - belə simvollaşdırmazdım, şairin tərcümeyi-halında. Müəllif onu da tutmuş ki, ədəbi şəxsiyyətlərin yolu hamar olmur, istedadı sıxılır, hətta depressiyalarla qarşılaşır. Bütün bu xaotik aləmdə o, obrazlarını axtarır, görür və təxəyyülünə ötürür, sözün məna çalarlarını ürəyində daşıyır. "Tənha", "Bənövşə", "Payız ömrü", "Qoxla, sev" və b. şeirlərində zamanın paradoksallığı poetikləşdirilmişdir. Allahverdi Eminov yeri gələndə şairin poeziyasında digərlərilə müqayisələr aparmaq cəsarətinə inanır, çünki Nəzakət Məmmədlinin şeir dünyasının lirik-fəlsəfi nüanslarına bələddir. Məsələn: "Göydən bir ulduz axdı" şeirində şair özü ilə ulduzun taleyində oxşarlıq axtarmışdır. Oxucu şeirdə Özünü görür:

 

Göydən bir ulduz da axdı bu gecə,

Qarışdı gecənin qaranlığına.

Ömrü başa vurdu o da beləcə,

Çatmadı səhərin aydınlığına...

 

"Nəzakət Məmmədlinin yaradıcılıq yolu" monoqrafiyasında diqqətimi bir nəzəri məsələ özünə çəkdi və bunu, düzü, heç bir tənqidçidə tapmadım: poeziyada inteqral təkamüldə sosial ziddiyyətlər və vicdan meyarı. Yəqin peşəkar ədəbiyyatçılar üçün bir şairin yaradıcılığında bu problemi tapmağın nə olduğunu kəsdirərlər: Çağdaş düşüncənin insanşünaslığa  yaxınlaşması ədəbiyyatın, ümumiyyətlə, sənətin qarşısına mühüm mətləbləri çıxarır; poeziyada isə əxlaqi tamlıq, ədəbi sonsuzluq anlamı və bütövlük çağırışı mövcuddur; bu o deməkdir ki, tarixliyi özündə birləşdirir. Nəsillərin varisliyi də istisnalıq yaratmır. Ziddiyyətlər təbii ki, dərd gətirir, hərçənd, dərd bölünəndir, lakin bu dərdi daşımaq qeyri-mümkündür, yüngülləşdirə bilirik. A.Eminov belə bir prizmadan şairin poeziyasında inteqral təkamülü görmüşdür.

Tənqidçi daha geniş müstəvidən şairin, eləcə də ümumən poeziyanın coğrafiyasını görür, münasibətini bildirir, monoqrafiyada oxuyuruq: "Şairlər həm də filosofdurlar - cüzi mübadilə olsa da, onlar yaşadığı zaman üçün lirik-məntiqi düşüncələrini - poetik mizanları təsvir edirlər! Fərdlər utilitar məqsədlər güdməməlidir. Demək, ziddiyyətlərin həlli üçün davranışlarını tənzim etməlidirlər. Nəzakət xanım bu görümü şair hissiyyatı ilə duyur, amma dünyanı "bir ucunda kədəri də yaşayır və kədəri sevincə möhtac dünyanın" - deyir.

N.Məmmədlinin şeirlərində nikbinliyinə sevinən Allahverdi müəllim "Əxlaqi həzz", "Sədaqətlik" (evdomonizm) kimi məfhumların insanın qavramasını məqbul sanır, oxucunu varlığında mənəvi təkamülə çağırır. Və təmkinlə, hövsələ ilə, zövqlə "Oldu", "Qəmin yanında", "Gecikdin", "Amandı" və sair şeirləri təhlilə cəlb etmişdir, çünki oxuyanlar daxilən yüngülləşirsən:

 

Bir ötən sevgini unutmaq üçün

Mənim ürəyimə qonaq gəlmisən.

Buz tutmuş qəlbinə sıxıb üzünü

Gözündən oxunur, soraq gəlmisən...

 

Poeziya o zaman yaşayır - ruhu fəth edir, heyrətin sevincini yaşadır və impressivliyə təminat verir. Dünya şeirində də bu formula qəbul olunmuşdur, həyata, gerçəkliyə şair baxışı yeri gələndə kəskin nüfuz edir, o şərtlə ki, ifadəlik, ruhi rahatlıq və dərinlik sferasında yanaşaq bədii mətnə, bunun da mərkəzində hiss(lər) dayanır. İngilis filosofu və pedaqoqu Con Lokk yazmışdır ki, qəlb tamamilə hissi təcrübəyə əsasən bu və ya digər təəssüratların yazıldığı təmiz taxtadır.

Haqqında danışdığım monoqrafiya yalnız şair və publisist Nəzakət Məmmədlinin poeziyasının təhlilindən bəhs etmir; bunu kitabın adından da görürük. Bu fədakar qadın: şair, jurnalist və çox dəyərli "Yada düşdü" xatirə-jurnalın təsisçisi (mərhum yazıçı və dramaturq Nahid Hacızadədən sonra) olmaqla böyük işlər görür. O, eyni zamanda, şəhidlərimizin, itkin düşənlərimizin yarımçıq ömürlərini davam etdirən "Xatirə" ensiklopedik nəşrin baş redaktorudur. Böyük intəhasız işdir, fəaliyyətdir. Bu şairə - xanım iki oğul - zabit anasıdır, azərbaycanlı qadın üçün bundan şərəfli nə ola bilər?

Alim-pedaqoq, ədəbiyyatşünas-tənqidçi Allahverdi Eminovun "Nəzakət Məmmədlinin yaradıcılıq yolu" monoqrafiyası haqqından güman edirəm ki, yazacaqlar, faydalı və ürək sözlərini mətbuatda deyəcəklər. Ona görə ki, bizim diqqətli, elmi qısqanclıqdan kənarda dayanan filoloqlarımız az deyil və xeyirxah yazarların əməyini qiymətləndirirlər.

Son söz onu deyərdim ki, bu sanballı əsər yalnız bir şairənin yaradıcılığından bəhs etmir, Nəzakət xanım Məmmədlinin peoziyası kontekstində çağdaş şeirimiz haqqında nəzəri təsəvvür də yaradır.

 

Nizami XUDİYEV

Filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi

 

525-ci qəzet.- 2019.- 24 iyul. S. 12.