Tahir Talıblı ilə 30 illik "Yeni fikir" söhbəti

 

"Yeni Fikir" o illərin ab-havasını, ictimai-siyasi mühitini obyektiv şəkildə əks etdirirdi"

Şair, publisist, ssenarilər müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist Tahir Talıblı 1948-ci ildə Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olub.

1972-ci ildə APİ-nin filologiya fakültəsini bitirib, doğma kəndində dil-ədəbiyyat müəllimi, direktor müavini, daha sonra həmin məktəbin direktoru işləyib.

Ermənilərin milli seperatizm təcavüzü nəticəsində, digər soydaşlarımız kimi Tahir Talıblı da 1988-ci ildə dədə-baba yurdunu tərk eləməyə məcbur olub. Həmin ildən Bakı şəhərində yaşayır.

 

1989-cu ildə nəşrə başlayan "Yeni fikir" qəzetində müxbir kimi işə götürülür. 1992-1993-cü illərdə qəzetin baş redaktoru vəzifəsində jurnalistlik fəaliyyətinə davam edir.

25 ildir ki, indi yubiley yaşına çatmış, 50 illik tarixi bir yolun yolçusu, "Bulaq" verilişinin ssenari müəllifidir. Xalq Yaradıcılığı redaksiyasının baş redaktorudur.

Kitabları, elmi və publisistik məqalələri çap olunub. "Yeni fikir"lə, eləcə də müstəqilliyin ilk illərində nəşr olunan qəzetlərlə bağlı elmi iş yazdığım üçün Tahir Talıblıyla görüşüb söhbətləşdim.

- 1988-ci ildə doğma yurdunuzu və qazandığınız bir çox uğurları bir andaca itirdiniz. Yeni mühit həyatınıza necə təsir elədi?

- Xəyalə xanım, bu, bizim millət kimi silsilə faciələrimizdən biriydi. Bu haqda geniş danışmağa, məncə, ehtiyac yoxdu. Yazılarımın da, şeirlərimin də əsas mövzusu yurddu. Elə "Yeni fikir"də "El yeridi" adlı yazım o çağları, o faciəni, məncə, yaxşı ifadə eləyib. Yazı sonrakı kitabımda da gedib. Təbii ki, mən yurdcanlı adamam. Ona görə də ali məktəbdən sonra yurda qayıtmağım təbii idi. Çox təəssüf ki, şeir çoxlarını aldatdı, şəhər çoxlarını uddu. Mən şəhəri seçmədim. Baxmayaraq ki, hələ tələbə ikən Söhrab Tahir kimi, Nəbi Xəzri kimi böyük şairlər haqqımda ağsaqqal sözü demişdilər. Amma sən saydığını say...

Adlı-sanlı məktəbimiz vardı. Çox dərin elmi, məntiqi əsaslara söykənən bir inanc yeriydi. Bir təəssüfüm də budu ki, o vaxt niyə məktəbin "Əmr" kitabını özümlə gətirmədim. Çox maraqlı tarix də elə itdi. Həm də inanmadım ki, bu, son gedişdi. Nə var bir anda alt-üst oldu.

O vaxtlar İrəvanda dilimizdə "Sovet Ermənistanı" adlı qəzet çıxırdı. Şeirlərimi, yazılarımı dərc eləyirdilər. 1981-ci ildə "Sovet Ermənistanı" qəzetinin 60 illik yubileyində dövlət tədbirində, təsəvvür eləyin ki, dilimizdə tək çıxış mənə həvalə olunmuşdu, Evlidə, yəni doğma kənddə yaşaya-yaşaya. Təbii ki, bu, qəzetin rəhbərliyinin təşəbbüsüynən olmuşdu. O dövrdə İrəvan böyük ziyalılarımızın yetişdiyi məkan idi. O dövrü, indi xatırlamaq tək yazı yox, tarixdi.

Bir məsələni də deyim ki, Ermənistan müəllimlərinin qurultayında - 1987-ci ilin mayında azərbaycanlı kimi çıxışı da mənə həvalə eləmişdilər. Bu da təbii ki, Ermənistan maarif nazirinin müavini böyük ziyalı, indilərdə dünyasını təzəcə dəyişmiş tarixçi alim, tədqiqatçı, tanınmış yazıçı İsrafil Məmmədovun tapşırığı ilə olmuşdu. O dövr haqda təbii ki, yazılıb, yazılır və yazılacaq. Bunu da ona görə dedim ki, siz qəzetlə bağlı elmi iş üzərində işləyirsiz.

- Ustad Ələsgərin "El yeridi, yalqız qaldıq səhrada" misrasını sərlövhə verdiyiniz "El yeridi" adlı "Yeni fikir" qəzetində dərc edilmiş yazıda da el həsrətindən bəhs edirsiniz.

- Bəli, düzgün vurğuladınız. Dədə Ələsgərin peyğəmbər fəhmi ilə dediyi bu ağrılı misra elə bil öz axirət taleyi üçün, bir də qədim Göyçənin qəmgin taleyi üçün deyilibmiş. Həmçinin, yalqız qalan neçə-neçə tarixi abidələrimizin, ocaqlarımızın, inanc yerlərimizin yaşı dünyanın özü qədər qəbiristanlıqlarımızın acısını qışqırır bu misra.

Amma Sovet vaxtı bizi bu həqiqətlərdən uzaqda saxlayırdılar. Yalançı beynəlmiləlçilik təbliğ olunurdu, əslində isə erməni separatizmi öz işini görürdü.

- "Yeni fikir" qəzetinə dəvət almağınız, əməkdaşlığınız barədə məlumat verərdiniz.

- Bütün yaşadıqlarım, yurd itkisi, ağrılı, sındırıcı olsa da, parçalanmadan ayağa qalxmağa çalışdım, həyatımı bürüyən o faciənin içindən çıxmaq lazım idi. Tərcümə Mərkəzinin rəhbəri mərhum Aydın Məmmədovla tanış oldum və mənə Mərkəzdə işləməyi təklif etdi. Bu, mənim həyatımda təzə başlanğıc olacaqdı. Aydın müəllim böyük türkoloq alim, yüksək mənəviyyatlı türk kişisiydi. Fikirləşirdim ki, mərkəzdə işə başlayım.

Bir gün küçədə Taleh Həmidlə rastlaşdım. O, mənim qardaşım Müzəffərlə bir qrupda, jurnalistika fakültəsində oxumuşdu. Özünü də yaxşı tanıyırdım. Bu təsadüfi görüş hər şeyi həll elədi. Dedi ki, Dövlət Mətbuat Komitəsi "Yeni fikir" adlı qəzet buraxır, qəzetin baş redaktorluğunu mənə həvalə eləyiblər. Məni işə dəvət elədi. İndi Taleh Həmid dünyasını dəyişib. Allah ona rəhmət eləsin, tanınmış şair, bacarıqlı jurnalist, o cümlədən, əsl təşkilatçı idi.  

Bu, mənim üçün göydən düşmə bir təklif oldu. Mənə qəzet işi daha maraqlı gəldiyindən Taleh bəylə razılaşdıq. O vaxt, tələbəliyimizdə APİ-də "Gənc müəllim" adlı qəzet çıxırdı. Tələbə qəzeti. Çox mükəmməl bir nəşr idi. O zaman respublika qəzetləri ilə yarışacaq bir qəzet idi. Hətta deyərdim ki, çox üstün idi. Qəzetin redaktoru tanınmış şair Zahid Xəlil idi, ətrafında da çoxlu yaradıcı tələbələr, alimlər, müəllimlər. Rəhmətlik professor, güclü ədəbi tənqidçi Əhəd Hüseynov APİ-də fəaliyyət göstərən ədəbiyyat dərnəyimizin rəhbəri idi. O dərnəkdə mükəmməl bir sənət yolu keçdik. Odur ki, qəzet işi mənə doğma idi.

1989-cu ilin oktyabrında "Yeni fikir"in ilk sayı həyata vəsiqə aldı. Qəzetin ilk sayına qədər xeyli müddət axtarışlarda olduq, yaradıcılıq fəaliyyətimiz müəyyənləşdi. Hətta bülletenlər buraxdıq, yaxşı tərtibatlı, şəkilli...

Qəzetin ilk sayında mənim Xalq şairi Bəxtiyar Vahabzadə ilə "Sözü cavanlara verin" adlı müsahibəm çıxdı. Yaxşı qarşılandı, şairin özü çox razılıq elədi. Beləliklə, "Yeni fikirçi" kimi yetişdik, tanındıq. Dediyim kimi, Taleh Həmid jurnalist kimi maraqlı, bacarıqlı, işi təşkil eləməyi bilən bir rəhbər oldu. Çox yaxşı bir kollektiv yarandı. Qəzet əsasən "Dövlət Nəşrkom"un gördüyü işləri işıqlandırır, ölkədə kitab çapının, kitab mədəniyyətinin təbliği ilə məşğul olurdu. "Yeni fikir" o illərin ab-havasını, ölkədəki ictimai-siyasi mühiti obyektiv şəkildə əks etdirirdi. Quranın tərcüməsini ilk dəfə "Yeni fikir"də nəşr elədik. Bu da o zaman üçün çox maraqlı iş idi. Əsl sensasiya oldu. Tanınmış əməkdaşlardan Müsəllim Həsənov, Mehdi Şıxlinski, Ellada Umudlu, Mübariz Əhmədov, Qəzənfər, Əlisəfdər Hüseynov və başqaları - adlarını unutduqlarım yəqin ki, məni bağışlasınlar - bu sahədə seçilən imzalar oldular. İndi hər biri öz yaradıcılıqlarıyla fərqlənir, çoxlu kitab, elmi iş, televerilişlər müəllifidir. Taleh Həmid 1992-ci ilin yayında başqa işə getdiyi üçün "Dövlət Nəşrkom"un sədri Sabir Rüstəmxanlı məni baş redaktor təyin elədi. Həm siyasi gərginlik, həm iqtisadi durğunluq vaxtı, təbii ki, qəzeti saxlamaq, dolandırmaq mümkün deyildi. O vaxtlar təsisçi dövlət orqanı olsa da, qəzet öz-özünü dolandırma məcburiyyətində qalmışdı. Satışdan gələn gəlirlə işçilərə maaş verilirdi. Mətbəə xərcləri yüksək olduğundan böyük tirajla çıxa bilmirdik. Baxmayaraq ki, qəzet son nömrəsinə qədər satılırdı. Bir yandan da mətbəə bizi borc adıyla sıxışdırırdı. Bir dəfə mən təsadüfən bir qəzet köşkündə qalaqlanmış çoxlu "Yeni fikir" gördüm, məlum oldu ki, bu köşkə cəmi 7 ədəd qəzet göndərildiyi halda, yüzdən çox nüsxə qalaqlanıb qalıb, guya heç nə satılmayıb. Deməli, qəzeti bankrot eləmək üçün böyük sayda tiraj vurulur, yəni satılan qəzetlərin pulları mətbəə xərcinə gedir, əməkdaşlara isə maaş vermək mümkün olmur. Belə bir şəraitdə işləməyin mümkünsüzlüyünü anlamaq çətin deyildi.

- Qəzet cəmi 3 ildən sonra fəaliyyətini dayandırdı. Böhrandan savayı, bunun daha nə kimi səbəbləri vardı?

- Bizim çox aktual mövzularda yazılarımız olurdu. O dövrdə Heydər Əliyevə qarşı haqsız hücumlar edilirdi. Biz isə çalışırdıq ki, obyektiv yazılar verək. Odu ki, Heydər Əliyevin müdafiə edildiyi yazılar verməyi lazım bilirdik. "Yeni fikir"in 2 sayında Ellada Umudlunun İsa Muğanna ilə bir müsahibəsini çap elədik. O müsahibədə Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsinin labüdlüyü önə çəkilirdi. Bu müsahibədən bir gün sonra rəsmi dövlət qəzetlərinin birində əleyhimizə, şəxsən mənim haqqımda kəskin bir yazı yayımlandı. Beləliklə, bu, qəzetin bağlanmasına bir fürsət oldu. Bəhanəyə bir gün doğdu. Mən nə o müəllifə, nə də qəzetin adına heç bir cavab vermədim, heç ehtiyac da yoxuydu. Bu məsələnin üstündən 27 ilə yaxın bir vaxt keçir, bu məsələni də ilk dəfə açıqlayıram. O da sizin sorğunuza əsasən. Açığını deyim ki, nə mənə olunan pisliklər yadımda qalır, nə də kimlərəsə elədiyim yaxşılıqlar.  Amma bu söhbətə fürsət yaratdığınız üçün, "Yeni fikir" qəzeti ilə maraqlanan ilk gənc tədqiqatçı kimi sizə öz təşəkkürümü bildirirəm. Çox arzu edərdim ki, bugünkü gənc nəsil müstəqilliyimizə gedən yolda xidmət göstərmiş qəzet və jurnalları diqqətlə araşdırsın.

 

 

Xəyalə MƏZAHİRQIZI

 

525-ci qəzet.- 2019.- 24 iyul. S. 13.