Adını təkrar edərkən

 

yaxşı ki, adının kölgəsində,

uca ağaclar arasında

arxayıncasına

uzanmaq olur arxaya

və budaqlar boyu

izləmək olur yaşıllığı

gizlənpaç oynayan mavilərə qədər.

 

Adını təkrar edərkən

Quşlar da ona bənzər bir sözcüyü

ən özgür

ən sevgisəl bir qaydayla

təkrar-təkrar paylaşırlar.

bu

mənim təkrarsız həzzim olur

yaşayışda.

 

Min bir gecə

 

Yenə başqa bir gecə

Yuxu gözümün yolunu itirmiş

Yaddaşımda min bir xəyal,

min bir fikir sayrışır

Gecənin qaranlığında işıldayan

min bir ulduz kimi.

Hansı vaxtsa

gözümün bulağından

bir damcı p üçürləyir.

Partlayır gecənin bağrı,

Günəş yaşarır yanağında üfüqün

Bu da bir gecəmin əhvalatı

min bir gecəmin biri.

 

Son görüşümüzdə

 

Dənizi geymişdin bütün dalğaları ilə,

Sərin küləyi ilə,

Gözəl qıyısı ilə,

Taysız görüntüsü ilə.

Dənizi geymişdin

necə , mavi yaraşırdı sənə

gerçəkdən,

Gözlərimi oxşayırdı külək,

Üzümü oxşayırdı şeh,

Ruhumu oxşayırdı sevda!

Son görüşümüzdə

dənizi geymişdin.

 

***

 

Tanıyıram kəndimizi,

Çoxdandır gəlməmişdim,

gələ bilməmişdim

kəndimizə!

Yadırğamamışam görəsən,

yadırğamayıb görəsən,

Mən onu,

O məni.

Yox, azmamışam

- Çox şükür -

Tanıyıram kəndimizi

Lap ürəyim kimi tanıyıram

Lap ürəyimdəki arzularım kimi

Gecəsindən tanıyıram

- Gecəsinin soyuqluğundan

Ağaclarından tanıyıram

- Ağaclarının sayıqlığından -

Ulduzlarından, ayından tanıyıram

- Ulduzlarının, ayının ayıqlığından.

Ah,

Necə tələsir ürəyim

Lap yağış kimi tələsir.

Görüşüb hopmaq istəyir torpağına.

Ah, necə əsir ürəyim

Lap söyüd kölgəsi kimi əsir.

Qucaqlayıb

öpmək istəyir torpağını.

Amma

gecə yarısı kəndə girə bilmərəm

Yorğundur mütləq!

Yuxusuna toxunmayım deyə,

Ucadan salam verə bilmərəm!

Dayanmalıyam burada

- Kipriklərim ağırlaşmadan -

Elə buradan kəndimizdə

danın sökülməsini

bir daha görəcəyəm.

Elə buradan

kəndimizin səhərində açılan

ilk qızılgülü iyləyəcəyəm.

 

Elə burada

yadırğanıb-yadırğanmamağımı

Gözüm birinci gözə sataşanda

biləcəyəm.

Elə buradaya ağlayacağam,

ya da güləcəyəm!

 

Sənlə görüşdüyüm çağ

 

Ən gözəl çağım olur sənlə görüşdüyüm çağ,

Çiçəkli bağım olur sənlə görüşdüyüm çağ,

Bütün yeniləşməyə, yazla eyniləşməyə,

Yaşıl çırağım olur sənlə görüşdüyüm çağ.

Yağışda yuyunarkən həm bir göy tapıram mən,

Həm göy qurşağım olur sənlə görüşdüyüm çağ.

Gözümə ulduz qonur, göydən bir mələk enir,

Mənim qonağım olur sənlə görüşdüyüm çağ.

Yanağın almam mənim, gözlərin çiçəklərim,

Qolun budağım olur sənlə görüşdüyüm çağ.

 

 

Nurəddin MÜQƏDDƏM

(Aydın DUMAN)

 

525-ci qəzet.- 2019.- 26 iyul. S. 6.