Tüdorların
uğurları və bədbəxtliklər seriyası
(Əvvəli
var)
Katerina o qədər də gözəl deyildi. O, Marqaretdən 3 yaş
böyük idi, lakin uzunluqda heç də ondan
seçilmirdi. Onun qəhvəyi saçları
var idi, Marqaretinki də bir qədər tutqun rəngdə idi.
Onun da mavi gözləri var idi, qaşları və
kirpikləri çox yaxşı idi. Onun
qaymaq kimi solğun dərisi məftunedici idi. O, nazik bədənli
idi. Beli olduqca nazik idi, ayaqları da xırda
olmaqla, gülməli bir tufli geyinmişdi, ayaq barmaqları
qızılla bəzənmişdi və tuflisinin qızıl
bağları var idi. Marqaretin ağlına da gələ
bilməzdi ki, Ledi nənəsi ona qızıl bağı olan
çəkmə geyinməyə icazə versin.
Belə görünürdü ki, Katerina buraya gəlməsinə
görə özünü xoşbəxt hesab edir, axı kral
VII Henri onu öz böyük oğlu Artura ərə almaq
üçün seçmişdir. Katerina, yəqin ki,
Allahın ona təyin etdiyi yeri heç kəsə verməyəcəkdir.
Gəlin əvvəlcə qayınanasını, sonra isə
Ledi nənəni görməli oldu. Tezliklə ona məlum
oldu ki, hamıdan əvvəl Ledi nənəyə ehtiram
göstərməlidir. Sonra o, böyük
baldızı ilə öpüşdü, lakin baldız onu
ürəkdən sevməyə heç də hazır deyildi.
Katerina özü üç bacıya malik
olmaqla doğulmuşdu və böyümüşdü,
sarayda rəqabətin heç vaxt kəsilmədiyini və rəqibliyin
nə olduğunu bilirdi. Marqaret ona fransızca müraciət
etdi: "İngiltərəyə xoş gəlmisən!"
O da ingilis dilində bəlağətli şəkildə dedi:
"Mənə öz bacımla görüşmək
xoşdur".
Ledi ana ilk dəfə idi ki, öz gəlinini
görürdü. Onlar bir-biri ilə latınca
danışırdılar. Ana sonra
musiqiçiləri dəvət etdi və Harri ilə Marqaret
ingilis saray mahnısı altında dövrə vurmağa
başladılar.
Katerina Merini qucağına aldı, lakin qız
latınca və ispanca bir sözü də başa
düşmürdü, ancaq gözlənilmədiyi halda
qızcığaz əlini Katerinanın boynuna saldı və
öpüb, onu "bacı" adlandırdı.
Hamı belə qənaətə gəldi ki, Katerina
İspaniya kralı və kraliçasının sadəcə
ən kiçik qızı olaraq qalmır, ingilisə ərə
getməklə Tüdorlar sulaləsinə daxil olmasına da
şaddır.
O, real printsessa idi, gələcəkdə kralın arvadı
olmaqla, təbii olaraq kral ailəsinin üzvü olacaqdı. Bu o deməkdir ki, bu qız İngiltərə
kraliçasına çevriləcəkdir.
Katerina vətənindən çox uzaqda idi, iri bir ailəyə
adət etməyi öyrənməli idi. Onun, yəqin
ki, hansısa bir dosta, rəfiqəyə ehtiyacı var idi.
O, özünə rəfiqələr, həqiqi qadın
dostlar, bacılar tapmalı idi ki, gələcəyə
ümidlə baxa bilsin.
Anası güman edirdi ki, oğlu Artur və onun
xanımı sarayda qalacaqlar, lakin atası
düşünürdü ki, onlar Arturun knyazlığına
getməli və Ladlouda yaşamalıdırlar. Ledi nənə
isə deyirdi ki, "Uels printsi Uelsi də idarə etməlidir".
Marqaret nədənsə
Katerinaya qısqanclıqla yanaşırdı, elə bilirdi
ki, onun da atası və anası öz atası kimi taxt-taca bir
az əvvəl gəlmişlər və
bundan iftixar hissi keçirməkdən əlavə heç nəyə
malik deyildi. "Onlar bizdən heç də
yaxşı deyillər. Onların da qədim
nəsil xətləri yoxdur?"
Lakin Artur
bu mülahizə ilə razılaşmırdı, arvadı
barədə deyirdi: "Onun valideynləri İspaniyanı
işğal etmiş mavrlardan onu geri almışlar. Onlar dünyadakı ən böyük səlibçilərdir.
Onun anası hərbi kraliçadır. Onların qeyri-adi var-dövləti, sərvəti
vardır və hələ xəritəyə
salınmamış bir dünyanın sahibidirlər. Həqiqətən də, onlar üçün fəxr
etməkdən ötəri çox sayda səbəblər
vardır". Artur sözlərinə
davam edərək əlavə etdi ki, bizim atamız anamın
bütün əmisi oğlanlarını döyüşdə
öldurmüşdür və yalnız bir iddiaçıdan
savayı onların hamısını məhv etmişdir.
İki il əvvəl isə o, bizim öz əmimiz
oğlu Eduardı da edam etmişdi. Məgər
bunlarla fəxr etmək olarmı?"
İngilis dilini bilmədiyinə görə
Katerinanın utancaqlığına gəldikdə, Marqaret
bildirdi ki, "Axı nəyə görə o, utancaq
olmalıdır? O, ərə getməyə hazırlaşır,
İngiltərənin kraliçası olmağa
hazırlaşır". Artur onun bu sözlərinə
güldü və bacısını qucaqladı: "Sən
düşünürsən ki, dünyada İngiltərə
kraliçasından başqa heç nə yoxdur?"
Bacısı
dedi: "Heç nə. O da bu qənaətə gələcək
və minnətdar olacaqdır". Artur isə bacısına
belə cavab verdi: "Sən də
Şotlandiya kraliçası olacaqsan. Bu da həmçinin,
böyük məsələdir. Sən
bunu səbirsizliklə gözləməlisən. Kral Ceyms belə bir gəlinə malik olmağına
görə yəqin ki, xoşbəxt olacaqdır".
Marqaretin
Katerinaya münasibəti dəyişmirdi, paxıllıqdan onu
Araqonluya yaxın olan "Arrogant (həm latın, həm də
ingilis dilində bu söz "lovğa, təkəbbürlü"
mənasını verir) Katerina" adlandırırdı, beləliklə,
gəlinlərini xoşa gəlməyən, həm də elə
bir ciddi əsası olmayan sözlə "mükafatlandırmışdı".
Arturla Katerinanın toyu çox gözəl keçdi, mərasimi
Ledi nənənin özü təşkil etmişdi. Fəvvarələrdən
şərab tökülürdü, bütöv öküz cəmdəyi
qızardılmışdı. Adamlar toy
xalçasından kəsib götürürdülər ki,
Tüdor sülaləsinə aid olan şərəfin
kiçik bir hissəsinə də olsa, sahib olsunlar.
Gəlin toyda çox gözəl
görünürdü. Onun uzun saçları qızılı rəngdə
idi və çiyinlərindən belinə qədər
tökülmüşdü. Bayram başa
çatanda qoşa qapılar açıldı və
Tüdor kraliçasının rəqqaslarından ibarət dəstə
içəri daxil oldu. Baş rəqqasə
ispan printsessası kimi geyinmişdi. Katerina
Araqonlu əl çalırdı və minnətdarlıq rəmzi
kimi krala təzim edirdi.
Sonra Artur anasının ledilərindən bir ilə rəqs
etməyə başladı. Harri və Marqaret isə
qalmoard rəqsi üçün ortaya atıldılar. Ata və ana onlara əl çalırdı. Rəqs sona çatanda Harri ilə Marqaret əl-ələ
tutub adamlara baş əydilər. Marqaret bu
vaxt ətrafdakı şotland lordlarına göz dikmişdi.
Şotlandiya kralının qohumu olan Ceyms Hamilton qızın
layiqli kraliça olacağı qənaətinə gəldi,
axı onun əmisi oğlu kral Ceyms də həm rəqsi, həm
də bayramları sevirdi və yəqin ki, Marqaretin şəxsində
özünə yaxşı bir sirdaş tapacaqdı.
1502-ci
ilin başlanğıcı
Bu hadisələr İngiltərədəki Riçmond
sarayında cərəyan edirdi. Marqaretin dualarına cavab verildi,
çünki guya Allah daim Tüdor dua edənlərini
eşidir, Şotlandiya kralı öz səfirinə göstəriş
verdi ki, qızın atasının
müşavirləri ilə danışıq aparsın. Onlar Marqaretin cehizlərini, nökərlərinin xərcini,
ona vaxtaşırı veriləcək məbləğ və
Şotlandiyada gələcəkdə ona mənsub olacaq torpaq
sahələri barədə razılaşdılar. Ledi nənə
nəvəsinə dedi ki, "Printsessa Marqaret, bunu demək mənə
xoşdur ki, Allahın iradəsi ilə sən ərə getməlisən".
Ledi nənə öz hökmünü
yekunlaşdırmaqda heç vaxt uğursuz olmurdu, heç bir
kəs də onun sözünü kəsə bilməzdi.
Qız isə soruşdu ki, o, nə vaxt və harada ərə
gedəcəkdir? Anası təntənəli qaydada dedi ki, "Bu, elə
bu ay baş verəcəkdir. Kral öz nümayəndələrini
göndərəcək və sən vəkalətli şəxsin
vasitəsilə nişanlanacaqsan". Qız isə vəkalətli
şəxsin olmasını istəmirdi və ona görə də
soruşdu: "Bəs niyə kralın özü yox?" Ledi nənə bildirdi ki, "Sən Edinburqa gedəndə
orada başqa mərasim keçiriləcəkdir. O vaxt sənin
14 yaşın olacaqdır". Qız, az
qala, qışqırdı: "Lakin mən gözləmək
istəmirəm. Gözləməyə mənim
ehtiyacım yoxdur".
1502-ci
ilin yazı
Marqaret
özünün səlahiyyətli nüamyəndələr
vasitəsilə baş tutacaq toyu barədə qardaşı,
Uels printsi Artura məktubla xəbər verdi
və onun evə qayıtmasını xahiş etdi. Marqaret Qrinviç sarayında anası ilə bir
süfrə arxasında nahar edirdi, artıq hər ikisi
kraliça olduqlarından eyni boşqabdan yeyirdilər.
Məktubunda həm də qardaşının yadına
salırdı ki, Şotlandiyaya öz toyuna getməyi
planlaşdırır və ölkəni tərk etməmişdən
əvvəl onunla görüşmək istəyir. Yəqin ki,
İngiltərədən uzaqlaşdıqdan əvvəl onu
görməyi çox arzulayır. Həm
də yaxşı olar ki, qardaşı onu təzə paltarda
görsün. Onu da bilirdi ki, onun baqaj
karvanı yüzlərlə arabadan ibarət olmalı idi.
Bacısı Artura yazdı ki, sarayda biz sənin
üçün çox darıxırıq. Mən tezliklə
uzağa, Şotlandiyaya gedəcəyəm ki, kral mənə
cehiz torpaqlarını verməklə, öz nikahını təsdiq
etsin. Artur da evə dönməli idi ki, ona
"yaxşı yol" arzulasın. Məktub
Ladlouya göndərildi.
Marqaretə izah etdilər ki, artıq o,
kraliçadır və həm öz valideynlərinə, həm
də ərinə itaət etməlidir. Elə bu vaxt
onlar Arturun ölüm xəbərini aldılar. Ladlouda olan Artur və Katerina ağır xəstələnmişdilər.
Xəstəliyin tif olduğu güman edilirdi.
Toyundan beş ay sonra ərini itirən
Katerina isə sağala bilmişdi. Marqaret
qardaşının ölümünə heç cür
inanmaq istəmirdi. Ona dəhşətli xəbəri
anası çatdırdı və qız təkrar-təkrar
deyirdi: "Bu, Arturdur? O, ölmüşdür?"
Danışırdılar ki, o, tərləyəndən
sonra ölmüşdür, bu, bütün Tüdorlar
üçün böyük faciə idi. Bu xəstəlik,
çox güman ki, atasının həbsdə olmuş əsgərləri
ilə Fransadakı dustaqxanadan gəlmişdi. Ordu Uelsdən keçmişdi ki, Londona gəlsin.
İngiltərə heç vaxt bu xəstəliyi
görməmişdi. VII Henri Bosvort
döyüşündə III Riçarda qalib gəlmişdi,
Riçardın adamları üzərində törədilən
dəhşətə görə özünə tac qoyulmasını da ləngitmişdi. Adamlar bunu "Tüdor lənəti"
adlandırırdılar və deyirdilər ki, onun
hökmranlığı da tərləməklə
başlamışdır və göz yaşları ilə
sona çatacaqdır. Bədbəxtlikdən,
tərin və göz yaşlarının
ağırlığı və müdaxilə edən ordunun
da lənəti məhz günahsız, bədbəxt Arturun
üzərinə tökülmüşdü.
Kral və arvadı böyük oğullarının
itkisini olduqca çətin keçirirdilər, axı onun hələ
heç 16 yaşı da yox idi. Onlar öz varislərini
itirmişdilər, bu oğlan növbəti kral olmaq
üçün hazırlanırdı. VII
Henri öz taxt-tacı üçün vuruşmuş və
sonra da onu müdafiə etməli olmuşdu. Plantagenet əmi oğlanları bu vaxt bir-birinə
Avropada açıq düşmənçilikdə idi.
Adamlar Arturu Tüdor qızılgülü
adlandırırdılar, o, iki qızıl gülləri -
qırmızı Lankaster və ağ York
gülünü birləşdirməli olan bir kol idi.
Tüdorun dörd uşağından bu vaxt yalnız
üçü qalmışdı, ilk doğulan və ən
yaxşısı artıq həyatdan getmişdi.
Bu vaxt Harri ölən qardaşının yerində Uels
printsi olmaqla, gələcəkdə İngiltərə
kralı olmalı idi. Atası isə qorxurdu ki, yeganə varisini
də itirə bilər. Harrini öyrədirdilər
ki, kral olmaq üçün lazım olan hər şeyi bilsin,
ona görə də onunla artıq daha yaxşı
davranırdılar.
Marqaretin
"Arrogant" adlandırdığı Katerina bu yeni ada
heç də layiq deyildi, çünki heç də
lovğa, təkəbbürlü adam təsiri
bağışlamırdı. O, bənizi solmuş şəkildə
Ladloudan bağlı təxti-rəvanda gəlmişdi. Ledi
qayınanası ona çox mərhəmətlə
yanaşdı, baxmayaraq ki, o, bu ailə üçün hələ
heç nə etməmişdi və Arturu, onun
ömrünün son aylarında ailə üzvlərindən
"oğurlayıb", kənara aparmışdı.
Katerina böyük xərc hesabına Darhem hauzda
yaşayırdı. Onu vətəninə, İspaniyaya
göndərmədilər. Kral da ona dul
qadın kimi malikanə və ya başqa mülkiyyət verməyə
hazır deyildi, çünki gəlin kimi onun bütöv
cehizini o vaxta qədər almamışdı. Nəticəsi olmayan toyun özü də minlərlə
funta başa gəlmişdi. Bu vaxt
İngiltərənin xəzinəsi də boş idi.
Katerina vaxtını matəmdə keçirməklə,
tənha yaşayırdı. Bu qız İspaniyadan
gəlib, ərini saraydan uzağa aparmış və onun
ölümünü müşahidə etmişdi. O
deyirdi ki, Artur öləndən əvvəl onunla özəl
bir söhbət aparmışdır: "Mən də ona
söz verdim. O, məndən vəd verməyi xahiş etdi və
mən də həmin vədi verdim". O, böyük
baldızına dedi ki, səni əmin edə bilərəm ki,
mən onun son arzularına əməl edəcəyəm. Mən daim onun arzuları ilə hərəkət edəcəyəm.
Mən and içmişəm. Və əlavə
etdi: "Təəssüf ki, bizim üçün bu,
heç vaxt baş verməyəcəkdir". Baldızı
isə nəyin heç vaxt baş verməyəcəyini
başa düşmürdü.
(Ardı
var)
Telman ORUCOV
525-ci qəzet.- 2019.- 27 iyul. S. 15.