Ceyhun
Hacıbəyli haqqında ilk monoqrafik tədqiqat
1991-ci ildə
keçirilən "Azərbaycan mühacirət ədəbiyyatı"
Beynəlxalq elmi simpoziumda gündəmə gələn məsələlərdən
biri də Azərbaycan xalqının görkəmli simalarından
olan Ceyhun Hacıbəyli haqqında ciddi, sanballı və hərtərəfli
işlənilmiş ilk monoqrafiyanın ərsəyə gəlməsi
idi.
Bu gün deyə bilərik ki, tanınmış tədqiqatçı
Abid Tahirli bu sahədə üzərinə düşən
mühüm işin öhdəsindən uğurla gəlib
(Abid Tahirli. Ceyhun Hacıbəylinin həyat və
yaradıcılıq yolu. Bakı, "Elm
və təhsil", 2019, 344 səh.). Azərbaycan Milli
Elmlər Akademiyası Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu Elmi Şurasının 19 iyun
2017-ci il tarixli (protokol №8) qərarı ilə çapı
tövsiyə edilmiş əsərin mündəricatına nəzər
salarkən aydın olur ki, müəllif qarşısına nə
kimi böyük bilik və gərgin zəhmət tələb
edən məsələlərin həllini qoyub.
"C.Hacıbəyli Azərbaycan maarifçi-realist nəsrin
görkəmli nümayəndəsi kimi. Ədibin
mühacirətəqədərki
yaradıcılığı" adlanan I fəslində
müəllif tamamilə doğru olaraq maarifçilik və
maarifpərvərçilik anlamları arasında olan fərqi
göstərir, C.Hacıbəylinin rusdilli qəzetlərlə
əməkdaşlıq və əsərlərinin də
çox zaman rus dilində yazılmasının səbəblərini
açıqlayır. C.Hacıbəylinin "Kaspi" qəzetində
dərc olunan məqalələrini ardıcıllıqla izləyərək,
onları tamamilə düzgün olaraq 9 yöndə
qruplaşdırır: məktəb, təhsil problemləri,
dini dəyərlərin təbliği, cəhalət və
fanatizmin tənqidi, xeyriyyəçilik, onun cəmiyyət
üçün faydaları, formaları, xeyriyyə təşkilatları,
Qars qaçqınları, onların problemləri,
nadanlığın, laqeydliyin, çürük adət-ənənələrin
tənqidi, mətbuat-nəşriyyat məsələləri, ədəbi-mədəni
mühit, onun problemləri, tarixi şəxsiyyətlər,
onların xidmətlərinin dəyərləndirməsi, xatirələrinin
əbədiləşdirilməsi, ilin ədəbi-mədəni,
ictimai-siyasi hadisələrinə həsr olunmuş hesabatlar və
qarşıda duran vəzifələr.
Araşdırmalardan çıxış edərək,
müəllif təsdiqləyir ki, C.Hacıbəylinin
publisistikasının məğzi, mahiyyəti, ideyası,
amalı maarifçilik missiyasına xidmət etmə-sidir. Material üzərində
işlərkən tədqiqatçı Ceyhun bəyin
imzalarına da xüsusi önəm vermiş və qeyd etmək
lazımdır ki, əldə etdiyi faktlarla özündən əvvəlki
tədqiqatçıların fikirnə zidd olaraq sübut edir
ki, "Dağıstani", "Daqestanı" imzaları Cəmaləddin
Məmmədquluzadəyə deyil, məhz Ceyhun Hacıbəyliyə
məxsusdur. A.Tahirli bir çox məqalələrin qısa
izahını oxucuya çatdırır və maraqlısı
odur ki, elə bil onlar bu gün üçün
yazılıb: misal üçün "dil və məktəb"
mövzusu, toy məclislərinin ağlamalı sonu, yaxud
qaçqınlar, erməni düşmənçiliyi, xeyriyyəçilik,
humanitar yardım, təşkilatçılıq məsələləri
ilə bağlı yazılar. Müəllif belə
qənaətə gəlir ki, bu məqalələr tariximizi, ənənələrimizi
öyrənmək, tədqiq etmək baxımından
maraqlı mənbədir və bugünkü jurnalist -
publisistlər üçün böyük məktəbdir, həyatın
ibrət dərsidir.
I fəslin
"Din və ruhanilərimizin cəmiyyətdəki rolu
haqqında" olan bölümündə də müəllif
C.Hacıbəylinin bu mövzuda olan məqalələrini diqqətlə
izləyərək, əvvəla Ceyhun bəyi
"İslamın mahir bilicisi" adlandırır və
göstərir ki, istedadlı qələm sahibi, ruhaniliyin
mövcud problemlərini çox obyektiv şəkildə
araşdırmış, çıxış yollarını
göstərmiş, bununla da, yalnız "ifşa etməklə"
məşğul olan, həm qafqazlı həmkarlarını
qınamış, həm də Avropada "fanatizm",
"dözülməzlik" kimi ibarələrlə car
çəkən İslamın düşmənlərinə
tutarlı cavab vermişdir. Hal-hazırda
dünyada baş verən münaqişəli hadisələri
nəzərə alsaq, demək olar ki, C.Hacıbəylinin
İslamdan bəhs edən yazıları elə bu gün də
aktualdır.
Fəsilin dördüncü bölümündə
C.Hacıbəylinin mühacirətəqədərki bədii
yaradıcılığını izləyən müəllif
sənətkarın povest, hekayə və felyetonlarını
araşdıraraq tarix və ədəbiyyatşünaslıq
baxımından olduqca dəyərli nəticələr əldə
edir.
Yazarın "Hacı Kərim" povestinin yaranma tarixini, nəşrlərini,
tərcümələrini əsaslı şəkildə nəzərdən
keçirərək olduqca inandırıcı bir fikir irəli
sürür ki, görünür, rus ədəbiyyatı ilə
yaxından tanış olan C.Hacıbəyli XIX əsr rus
yazıçısı Qleb Uspenskninin naturalist bədii
oçerk-hekayələr silsiləsindən bəhrələnərək
Azər-baycan ədəbiyyatına tam yeni bir bədii forma gətirib.
6 hissədən ibarət povestin hər bir hekayəsini
ayrı-ayrılıqda araşdıraraq A.Tahirli göstərir
ki, müəllif hər bir hekayədə öz sevimli qəhrəmanı
Hacı Kərimin xarakterinin hansısa cəhətlərini
açıqlayaraq, qəhrəmanın bütöv, tam bir
obrazını yaratmağa səy göstərmişdir.
Bu bölümdə tədqiqatçı, C.Hacıbəylinin
mühacirətəqədərki dövrdə
yazdığı hekayə və felyetonlarında üzərində
onların mövcud hökumətin
yararsızlığını, xalqı
aldatdığını, məmurların rüşvətxorluğunu
əks etdimək məqsədilə yazdığını
tutarlı nümunələrlə nümayiş etdirir.
II fəsil C.Hacıbəylinin mühacirət
dövrü yaradıcılığını əhatə
edir. A.Tahirli
C.Hacıbəylinin üzdə olan və Dövlət Ədəbiyyat
və İncəsənət arxivinin yazıçıya aid
fondunda saxlanılan Azərbaycan, fransız, rus dillərində
qələmə aldığı bədii əsərlər və
publisistikasının, xatirələrinin, tədqiqatlarının
əlyazmalarını, makina yazılarını
araşdıraraq ədibin bədii irsinə olan baxış
bucağını xeyli genişləndirib. İrəlidə
qeyd edildiyi kimi, fransız dilində yayılmış
"Baş tutmayan ziyarət" əsərinin qəhrəmanı
Əbdül Kərim yazıçının illərlə
öncə obrazını yaratdığı Hacı Kərimdir.
Tədqiqatçı yazır ki, dini dəyərləri
yüksək qiymətləndirən, həmişə
İslamın böyük təəssübkeşi olaraq
çıxış edən C.Hacıbəyli Əbdül Kərimin
müqəddəs ziyarətə getmək istəyinin əsl
mahiyyətini və "Hacı" titulundan sui
istifadə edərək varlanmaq, başqaları ilə təkəbbürlə
davranmaq niyyətlərinin günah və yolverilməz
olduğunu açıb göstərir. Həcc
ziyarətinə təmiz dualarla, pak niyyətlərlə, halal
pulla getmək lazımdır. Müəllif
qeyd edir ki, əsərin başlıca ideyası budur və əsərin
bir epoxa bundan əvvəl yazılmasına baxmayaraq,
yazıçının ideyası bu günümüzdə də
çox aktualdır. Dinlə bağlı
problemlər yazıçının fransız dilində
yazılmış və Mirzəbala Əmrahov tərəfindən
tərcümə edilmiş "Müəzzinin lənəti"
hekayəsində də özünə yer almışdır.
Tədqiqatçı əsərin 50-ci illərin
ortalarında - soyuq müharibə dövründə
yazıldığını əsaslandırır, hekayə
ilə bağlı fikirlərinin izah edir və yazır ki, bu
hekayə nəinki C.Hacıbəyli
yaradıcılığında, eləcə də ümumən
Azərbaycan, o cümlədən, mühacirət nəsrində
bənzərsiz bir əsərdir, nasirin Sovet
imperiyasının tez-gec süqut edəcəyi ilə
bağlı qəti qənaətinin, sarsılmaz iradəsinin,
əqidəsinin, inamının bədii ifadəsidir. O
dövrdə yazılmış "Nejdanovun işi" hekayəsindən
söz açarkən, onu rejimin aynası adlandır və
vurğulayır ki, müəllif burada insanlığın
faciəsini bədii sözün gücü ilə
bütün çılpaqlığı ilə canladıra
bilmişdir. A.Tahirlinin əsəri rus dissident ədəbiyyatı
ilə müqayisə edərək onu rus dissident ədəbi
nümunələrinin pioneri, qaranquşu adlandırması ədəbiyyatşünaslığımızda
olduqca önəmli fakt sayıla bilər. C.Hacıbəylinin,
həm də Azərbaycan mühacirət irsində ilk və
yeganə sənədli siporsisin "Stalin
öpüşü" və "Fatimə"nin müəllifi olduğu
araşdırılır. Siporses əsasında
ssenari yazmağın və kinoda canlandırmağının
Ceyhun bəyə nəcib olmağına təəssüflənərək,
sələfləri tərəfindən bu işi başa
çatdıracaqlarına ümid edir. Həmçinin,
gələcək tədqiqatçılara "Səssiz-küysüz
məhkəmələr" əsərinin tam mətninin
tapılmasını və tərcüməsini məsləhət
bilir.
Fəsilin "Xəyal və həqiqətlərin bədii-publisistik
təcəssümü" adlı II bölümündə
tədqiqatçı araşdırmaları əsasən
Ceyhun bəyin memuarları üzərində aparır, ədibin
həyatından olan bir çox faktlar üzərində
dayanır, onun memuarist kimi nə dərəcədə
istedadlı olduğunu açıb göstərir. Xüsusi yer
ilk Azərbaycan operasının yaranmasına
ayrılmışdır. Ceyhun bəy
qardaşı Üzeyir Hacıbəyli ilə "Leyli və
Məcnun" operası üzərində apardığı
işlərdən ətraflı danışır və qeyd
edir ki, Şərq musiqisinə polifoniyanı birinci gətirən
Üzeyir bəy olmuşdur.
Monoqrafiyanın III fəslində Ceyhun bəyin
araşdırmaları izlənir. Müəllif qeyd edir
ki, Hacıbəylinin araşdırmaları barədə
dolğun, sistemli elmi-nəzəri qənaətlər əldə
etmək üçün ayrı-ayrı tədqiqat sahələrinə
müvafiq olaraq onun qələmə aldığı əsərlərin
təsnifatını verməklə təhlil etmək və dəyərləndirmək
məqsədəuyğundur.
Bununla bağlı o, araşdırmaları 4 hissəyə
ayırır.
I hissədə ədəbiyyatşünaslığa,
tariximizə, mətbuat, mədəniyyət və incəsənət
xadimlərinin yaradıcılığına dair əsərlər
izlənir. Tamamilə düzgün qeyd edilir ki, Ceyhun bəy
birinci olaraq Azərbaycan mətbuat tarixinin elmi, sistemli və əhatəli
tarixini qələmə almışdır və məqalənin
bəzi nöqsanlarına baxmayaraq, onu ayrıca kitabça
şəklində çıxmasını təklif edir.
Bu bölümdə müəllif C.Hacıbəylinin
azərbaycanlı qadın - şairlərinə həsr
olunmuş "Azərbaycanın gülləri" məcmuəsinə
xüsusi diqqət yetirir. Ceyhun bəyin
onların şeirlərini ilk dəfə olaraq rus və
fransız dillərinə tərcümə etdiyini
yaradıcılıqları haqqında elmi mühazirələrini
və bununla bağlı sovet ədəbiyyatşünaslığına
tənqidi yanaşmasını da açıqlayır.
Folklorşünaslığa dair araşdırmalar və
folklor nümunələrindən istifadə mövzusuna
toxunarkən müəllif problemin həllinə bir neçə
aspektdən (Hacıbəyli - folklor toplayıcısı,
folklor tədqiqatçısı, folklor nümunələrindən
yaradıcı şəkildə istifadə edən
yazıçı kimi) yanaşılsa, daha dolğun və
doğru elmi-nəzəri nəticələr əldə etmək
müm-künlüyü fikrini irəli sürür. "Qarabağ
dialekti və folkloru (Qafqaz Azərbaycanı) əsərinin bu
gün də aktuallığını saxlamağını və
Qafqaz etnoqrafiyasını, dialekt və folklorunu öyrənmək
üçün mötəbər məxəz olduğunu
vurğulayır".
"Sovetologiya, politologiya və tarix sahəsində
araşdırmalar" bölümünün müəllif
Ceyhun bəyin nüfuzlu sovetoloq kimi tanınmasından,
yazılarında sovet rejiminin antibəşəri mahiyyətini
açmağa və onun gec-tez məhkum olacağını
inandırıcı dəlillərlə əsaslandırmağa
nail olduğundan bəhs edir. Tarixlə bağlı
araşdırmalarının fransız dilində olduğundan,
hələ ki, onların öz tədqiqatçılarının
gözlədiyini göstərir.
"Tərcüməçilik
fəaliyyəti" bölümündə A.Tahirli Azərbaycan-fransız
ədəbi əlaqələrində Ceyhun bəyin müstəsna
xidmətlərindən söz açır, İvan Turgenevin
"Pulsuzluq", Monassanın "Yolçu" əsərini
ilk dəfə Azərbaycan dilinə tərcümə etməsindən
və "Həqiqət" qəzetində dərc edilməsindən,
mühacirət dövründə də öz əsərlərinin
bəzilərini fransız dilinə çevirməsindən,
1925-ci ildə onun tərcüməsində və
rejissorluğu ilə Parisin "Femina" teatrında
Üzeyir bəyin "Arşın mal alan" operettası
tamaşaya qoyulmasından bəhs edir.
Nəticədə
müəllif yazır ki, istər mühacirətəqədərki
və istərsə də ondan sonrakı dövr Ceyhun bəy
Hacıbəyli yaradıcılığı ümumazərbaycan
mədəniyyətinin, söz sərvətinin dərindən
öyrənilmək, geniş təbliğ edilmək
haqqını qazanmış bir parçasıdır,
yazıldığı zamandakı kimi bu gün də
aktualdır.
Ümumi qənaət belədir ki, Ceyhun Hacıbəyli
kimi nadir şəxsiyyətin çoxjanrlı və çoxsahəli
alim - yazıçı irsinin ilk monoqrafik tədqiqatı ədibin
elmi, bədii axtarışlarının öz dövrü
üçün novatorluğu və bu gün
üçün də gərəkliyi haqda kifayət qədər
dolğun təsəvvür yaradır. İşin
böyük əhəmiyyəti bir də ondadır ki, müəllif
bir çox məsələlərin üzərində işləməyi,
araşdırmalar aparmağı gələcək tədqiqatçılara
tövsiyə edir, bunu zəruri sayır.
Nailə MURADƏLİYEVA
AMEA Nizami adına
Ədəbiyyat İnstitutunun baş elmi işçisi,
filologiya elmləri doktoru
525-ci qəzet.- 2019.- 27 iyul. S. 14.