Konfutsi və Nitsşe

 

(Çin işləri haqda)

 

Konfutsi - Ah, nə xoş təsadüf! İcazə ver, səni bağrıma basım, ey mənəvi qardaşım!

Nitsşe - (onu iddialı tərzdə və nifrətlə süzərək) - Lütfən, bu gülünc məhrəmanəliyi bir tərəfə buraxın. Bayağı yarınmaq mərəzindən, xüsusən də çinsayağı sevinc izharından daha əttökən bir şeyi təsəvvürümə belə gətirə bilmirəm. Aralıdan da danışmaq olar...

Konfutsi - Ey müdrik, demək, siz də belə imişsiniz!

Nitsşe - Bəli, ey müdrik! Mən də beləyəm.

Konfutsi (kənara) - Amma bu Qərb şeytanlarının hamısı - ağıllısı da, dəlisi də,  aqili də, nadanı da bir-birinin tayıdır. Necə də vəhşi irqdir!

Nitsşe - Sizə nə lazımdır?

Konfutsi - (cidalarının uclarına keçirdikləri çinli başları ilə meydanda at səyirdən, bir neçə çinli əyanı isə saçlarından yapışıb arxalarınca sürüyən fransız və alman süvarilərini göstərərək)  Bu nədir belə?

Nitsşe - Bizə nə lazımdırsa, odur.

Konfutsi - Necə? Bu vəhşilik sizi heç hiddətləndirmir? Ürəyinizdə azacıq da olsa, insaf və mərhəmət hissi oyatmır?

Nitsşe - Qətiyyən! Əksinə, qarşımda açılan mənzərə mənə son dərəcə nəfis, dadlı bir zövq verir. Gördüyünüz hər şeyə qadir, hər şeyi hökmü altında tutan, qarşısında diz çökdürən Gücün təntənəsidir. Mən o Gücün vurğunuyam. Onun hər təzahürü qəlbimi indiyə qədər dadmadığım sevinc, fərəh və məmnunluq hissləri ilə doldurur. Mən bu Gücə gənc aşiqin sevgilisinin gözəlliyinə heyran olduğu qədər heyranam. Mən səmaları, huri-mələkləri, onların qəlb oxşayan təranələrini buraxıb fəlakətlərlə dolu Yer üzünə ondan ötəri enmişəm ki, bu buğlanan qandan, bu heydən düşmüş bədənlərin son can çəkişməsindən zövq alım. Ey böyük Güc, sən öz əbədi möcüzələrinlə necə də möhtəşəmsən, necə də ağıl irişməzsən!

Konfutsi - (təəccüblənmiş və özünü itirmiş halda) - Deməli, gördüyün dəhşətli mənzərələr sənin ürəyində heç bir mərhəmət, insaf hissi oyatmır?

Nitsşe - Əsla! Qətiyyən! Yox bir rəhm, insaf, mərhəmət... Ha-ha-ha. Bütün bunlar bayağı hisslərin nümayişindən başqa bir şey deyil. Bir vaxtlar sənin kimi divanələr bəşəriyyətin başını belə miskin oyunlarla aldadırdılar. Lakin artıq o zamandan dörd min ildən çox keçib. Əgər indi də bu cür şeylər söyləmək fikrinə düşsəydin, çox gülünc görünərdin! Müdrik kəlamlarınla birlikdə camaatın baxıb əylənməsi üçün səni bir vitrin arxasında, qəfəs içərisində oturtmaq lazım gələrdi.

Konfutsi - Amma insaf və rəhm hissi duymadan həyatda necə yaşamaq olar? Mən belə vəziyyəti əsla anlaya bilmirəm. Yəqin ki, yalnız meşələrdə daldalanan vəhşilər və insan qatilləri buna qadir ola bilərlər.

Nitsşe - Bayağı, boş sözlərinizi, bəlağətli kəlamlarınızı özünüzə saxlayın. Onlara qulaq asdıqca adamın ürəyi bulanır. Doğrudanmı siz - köhnə dünya müdrikləri  bəşəriyyətin əsrlər boyu anaş qırt toyuq kimi sizin bayağı ideya və hiss falı üzərində oturmalı olduğunu güman edəcək dərəcədə  səfehsiniz? Bu, mümkün iş deyil. İnsanlıq kifayət qədər əzab çəkib, sizin çürük qoza dəyməyən boş ideyalarınız naminə kifayət qədər göz yaşı axıdıb. Bəşəriyyət indi artıq özünü tanıyıb, öz yolunu tapıb. Odur ki, siz - vaxtı keçmiş köhnə müdriklər yalnız isterikalı qadınların, əsəb pozğunluğundan, ya da vərəmdən əziyyət çəkən kişilərin arasında dəbdəsiniz. Sizin zamanınız keçib, indi fövqəlinsanların dövrüdür.

Konfutsi (təəccüblənmiş halda) - Kimin dövrüdür?

Nitsşe (təbəssümlə) - Fövqəlinsanların!

Konfutsi - Fövqəlinsan nə deməkdir?

Nitsşe - Fövqəlinsan? Valderzee, Kitçener, Robert, Çemberlen - müasir həyatın bütün "böyük" xadimləri və gələcəyi yaradanlar! Onlar əski dövrlərin sizin kimi bayağı müdriklərinə, sizin miskin rəhmdillik hissinizə birdəfəlik arxa çevirib sağlam, güclü kişilərə xas böyük və həqiqi yol tapmış insanlardır. Onların günün birində meydana çıxacaqlarını hələ neçə min il əvvəl şanlı müəllimim Zərdüşt öz ölməz kitabında müjdə vermişdi. Bəşəriyyət əsrlər boyu bu nəhəng insanları dünyaya gətirmək üçün doğuş ağrıları çəkib. Və nəhayət, onlar doğuldular! Odur ki, indi mənim təntənə anımdır, ey ağlını itirmiş qoca müdrik!

Konfutsi - Axı bu insanlar başqalarından hansı keyfiyyətləri ilə fərqlənirlər? Sənin kimi divanələr bəşəriyyətin başını daim belə oyunlarla qatmağa çalışıblar...

Nitsşe - Soruşursan, nə ilə fərqlənirlər? Onunla fərqlənirlər ki, həmin adamları velosiped sürməyi bacaran, qılıncoynatma ilə məşğul olan xüsusi qadınlar doğublar. Onlar Skandinaviyanın qranit qayaları kimi sərtdirlər, Himalay dağları kimi ucadırlar, okean kimi intəhasızdırlar. Onların soyuq ağlı öz böyüklüyü ilə hissiyyata qapılanların ürəklərini əzərək məhv edib. Nəticədə insan adlanan məxluq nəhayət, sözün həqiqi mənasında insana çevrilib, öz-özünü tapıb, həqiqətən də yaradılışın "incisi" olub. O, uzun əsrlər boyu sən və sənin kimilərin əxlaq haqqındakı miskin, bayağı təlimlərini, öz həmcinslərinə münasibətdə mənasız insaf, rəhmdillik, məhəbbət barədəki nəzəriyyələri ilə ayaqlarına vurulan buxovlardan qurtulub...  İnsaf, rəhmdillik, məhəbbət?! Siz bu bayağı uydurmalarınızla bəşəriyyəti cəhalət içində saxlayırdınız, insanların fəaliyyətini məhdudlaşdırırdınız, şəxsiyyətini əzirdiniz, təbiətlərinin bütün parlaqlığı və böyüklüyü ilə meydana çıxmasına imkan vermirdiniz. İndi bu  miskin prinsipləriniz haradadır? Artıq bizim dövrdə adamlar böyük və qadir Gücün sayəsində onların əsarətindən azad olublar!

Konfutsi (bərk həyəcanlanmış halda) - İcazə verin, icazə verin! Bax, siz deyirsiniz ki, belə prinsiplər mövcud deyil. Amma mən onları dörd bir yanımızda görürəm, mövcudluqlarından dörd bir tərəfimdə xəbər tuturam. Meşə talasında cəh-cəh vuran quşların səsində, dərədən axan çayın şırıltısında, qürub çağının yüngül mehindən tərpənən yarpaqların xışıltısında, insanların müsibət və əzablarından riqqətə gələn ürəyimin döyüntüsündə - hər yerdə, hər yanda məhəbbətə, mərhəmətə, insafa çağırışlar eşidirəm. Bütün təbiət, onun külli qanunları, harmoniyası və ahəngi bu çağırışla doludur.

Nitsşe (nifrət hissi ilə) - Qoca, görürəm, nə arxada qalan illər, nə saç-saqqalına düşən dən səni köhnə, uşaq xəstəliyindən,  sadəlövhlük mərəzindən xilas edə bilməyib. Sən heç fırtına zamanı meşədə olmusan? Kiçik budaqların necə əyildiyini, biri-birinə dolaşdığını, şaqqıltı ilə qırıldığını, kol-kosun köklü-köməcli havaya uçduğunu görmüsənmi? Yalnız əsrləri yola vermiş qüdrətli palıdlar, bir də göylərə baş çəkən şam ağacları fırtınanın gücünə sinə gərib məğrur və sarsılmaz  dayanırlar. Yaxud  meşədə qəzəblənmiş şirin dəhşətli nərilti ilə dörd bir yana qorxu və dəhşət saçaraq sıçramasının şahidi olmusanmı? Belə hallarda ətraf ölü sükutuna qərq olur. Sənin bütün qalan vəhşi heyvanlarının və quşlarının hamısı öz yuvalarında, yaxud yarpaqların arasında gizlənir. Bir canlının hənirtisi eşidilmir. Yalnız şir qüdrətli, əzəmətli sıçrayışlarla meşədə cövlan edir. Oxşar şey insanların həyatında da baş verir. Axı adamlar da mahiyyət etibarı ilə eyni vəhşilərdir. Onların arasında yalnız ən güclülər, ən qüvvətlilər zəfər çalır. Hər zaman da zəfər çalacaqlar. Ey müdrik məsləkdaşlarım, siz uzun müddət səfeh uydurmalarınız, olmayan əxlaq haqda bir-birinə zidd sayıqlamalarınızla insanların başını doldurub doğru yoldan azdırmağa çalışıbsınız. Axı kimi sevməli, kimə mərhəmət göstərməli? Öz zülmkarlarına, qaniçənlərinə daha böyük hörmət və itaətlə yanaşan bu mənasız, məzmunsuz, bayağı məxluqlardan ibarət insan sürüsünəmi? Bu hərcayı yığnağamı? Belə vəziyyət özünə hörmət edən heç bir insanın nəzərində  ləyaqətli və sərfəli ruhi hal sayıla bilməz.

Konfutsi (özünü tamam itirərək) - Necə? Siz elə hesab edirsiniz ki, ədalət hissi də mövcud deyil?

Nitsşe - Əlbəttə, mövcud deyil. Daha doğrusu, ədalət var, lakin o, yalnız Gücə əsaslanır. Zəif, miskin, mağmun olan hər kəs ədalətə çağırır, ədalət şüarına tapınmağa çalışır. İctimai gücün, cəzanın bütün qüdrəti gücsüzlük, zəiflik və təslimçiliyin məhvinə yönəldilməlidir, onların müdafiəsinə və şirnikləndirilməsinə yox! Həyat zəiflərin, şikəstlərin, qocaların, yoxsulların, xəstə və imkansızların rahat yaşamaq imkanı tapdıqları xeyriyyə sığınacağına çevrilə bilməz! Belə xeyirxahlıq göstərmək fikrinə düşənlər bəşəriyyətin ən qəddar düşmənləridir. İctimai intiqam qılıncı ilk növbədə onlara qarşı çevrilməlidir. Məsələn, siz çinlilər niyə bu dünyada  yaşayırsınız, öz mənasız hörükləriniz, cılız və gücsüz bədənlərinizlə nəyə görə bu qədər yer tutursunuz? Siz insan şəklində zühur etmiş qarışqalara bənzəmirsinizmi?  Nə üçün qüdrətli, qarşısıalınmaz, gücü aşıb-daşan bir lokomotiv öz zəfər yolunda insan nəslinin qarışqaları olan sizlərə rəhm etməlidir, sizi əzib keçməməlidir? Sadəcə siz çinlilərin əzab çəkməmələri üçün niyə saxta əxlaqın və digər bayağı hisslərin çoxəsrlik buxovundan xilas olmuş güclü insanlar yenidən könüllü şəkildə özlərini qaranlıq hücrələrdə qapatmalı, iradələrinin məğrur təbiətlərinin diktə etdiyi şəkildə meydana çıxmasına imkan verməməlidirlər? Əgər qocafəndi səfehliyinlə belə bir şeyin mümkünlüyünə ümid bəsləyirsənsə, o zaman səni pəjmürdə etməliyəm: heç bir rəhm olmayacaq. Fövqəlinsanlar sənin dediyin insaf, mürüvvət, rəhm hissinə bütün varlıqları ilə nifrət bəsləyirlər.

Konfutsi (göz yaşları axıdaraq) - Bəs onda bizim halımız necə olacaq? Necə xilas yolu tapacağıq?

Nitsşe - Güclü olun! O zaman hüquq da, ədalət də sizin tərəfinizdə olacaq!

Konfutsi (ani bir ümid qığılcımı ilə) - Bəs necə güclü ola bilərik?

Nitsşe - Fövqəlinsanlar nə eləyiblərsə, siz də o yolla gedin. Təbiəti təqlid edin.  Görürsünüz, o, necə qüvvətlidir, necə hiyləgərdir! Lazımi məqamlarda xəyanətə varacaq dərəcədə satqındır. Amma bununla belə, həm də müdrikdir. Bütöv bir əqli və fiziki tərbiyə sisteminə qarşı amansızdır. Övladlarınızı yenidən tərbiyə edin. Onların əsəblərini, əzələlərini, fikirlərini, hisslərini, hərəkətlərini dəyişdirin. Onlara yalanı həqiqət formasında deməyi öyrədin. Belələri arasından sizin siyasətçiləriniz, diplomatlarınız, vətənpərvər şüarlarla ortaya atılan jurnalistləriniz yetişəcək. Onlara qəddarcasına, rəhm nə olduğunu bilmədən öldürməyi, soyub-talamağı, dağıdıb viran qoymağı öyrədin. Belələri arasından sizin əsgər və generallarınız çıxacaq. Onlara gözlərini də qırpmadan yalan danışmağı, kələk gəlməyi öyrədin - belələri sizin kommersantlarınız, birja məmurlarınız, gömrükçüləriniz olacaq. Onlara ölüm saçan silahların gücünü böyük məmnunluqla təsvir etməyi öyrədin - belələri sizin gələcək alimləriniz kimi yetişə bilərlər.

Keçmiş allahlarınızı unudun. Daim güc və qüdrətinizi artırmaq haqda düşünün. Zaman keçdikcə, siz güclü olacaqsınız. Güclü olanda hər kəs sizdən qorxacaq, sizə hörmətlə yanaşacaq.  Və o zaman  məhəbbət, ədalət, rəhm və insaf kimi bayağı hisslərə heç bir ehtiyacınız qalmayacaq!

Konfutsi (gücsüz əllərini göyə qaldıraraq titrək səslə) - Ey əcdadların ruhları, köməyimizə gəlin! Dünyanın o biri başından olan bu şeytan qəlbimi oğurlamaq, onu  vəhşi heyvanların vücuduna köçürmək istəyir.

Nitsşe (nifrət hissi ilə) - Əcdadlarının ruhunun bu məsələyə heç bir dəxli yoxdur. Güclü olmaq istəyirdin, mən də yolunu göstərdim. Hörmət sahibinə çevrilmək üçün sənin dediyin kimi vəhşi, mənim dediyim kimi fövqəlinsan olmaq lazımdır. Əgər belə bir dəyişməni, yeniləşməni mümkün saymırsansa, o zaman bütün tayfanla birlikdə məhv ol!                          

 

Rus dilindən tərcümə edən: Vilayət Quliyev

 

Əhməd AĞAOĞLU

525-ci qəzet.- 2019.- 27 iyul. S. 6.