Güclü insan sorağında
1898-ci ildə Çində
ölkəni öz aralarında nüfuz dairələrinə bölmək
istəyən ABŞ və
Avropa müstəmləkəçilərinə
qarşı etiraz hərəkatı geniş
vüsət almışdı.
Tarixi ədəbiyyatda
"İxetuan üsyanı"
kimi tanınan milli dirənişin hərəkətverici qüvvələrindən
biri "Ədalət
və anlaşma naminə yumruq" adlı gizli təşkilat idi. Necə
deyərlər, ingilis
jurnalistlərinin əlinin
yüngüllüyü sayəsində
tezliklə bütün
Avropa mətbuatı
"yumruq" sözündən
yapışıb Çindəki
hərəkatı bir
az da istehza
ilə "boksçular
üsyanı" adlandırmağa
başlamışdı. ABŞ,
Böyük Britaniya, Yaponiya, Almaniya kimi aparıcı dünya dövlətlərinin
qatıldıqları münaqişə
XIX əsrin sonu XX əsrin əvvəllərində
dünyanın diqqət
mərkəzində dayanan
problemlərdən biri
idi.
Bakıda, rus dilində çıxan "Kaspi"
qəzetinin 30 yaşlı
əməkdaşı Əhməd
bəy Ağayev də Çinin milli-azadlıq mübarizəsinə
laqeyd qalmamışdı. Bir-birinin
ardınca "Kaspi"də
dərc etdirdiyi "Çin məsələləri"
(1 may 1899-cu il, ¹91),
"Çində vəziyyət"
(16 fevral 1900-cu il, ¹
37), "Çində" (8 iyun 1900-cu il, ¹123), "Çinin faciəsi"
(1 iyul 1900-cu il, ¹142) və s. məqalələrində
bu uzaq Şərq
ölkəsində cərəyan
edən prosesləri işıqlandırmağa çalışmışdı.
Adıçəkilən yazılar təkcə informativ xarakter daşımırdı. Müəllif böyük tarixə və qədim mədəniyyətə malik
Səma imperiyasında
- Pekində baş verən hadisələrin mahiyyətinə varmağa,
onları doğuran tarixi və mənəvi amilləri araşdırmağa, kökündə
dayanan səbəbləri
üzə çıxarmağa
çalışırdı. Çinin timsalında Şərq-Qərb qarşıdurmasına
işıq tutmağa
can atırdı.
Şübhəsiz, Əhməd bəyin
Çin mövzusunda qələmə aldığı
məqalələrin ən
maraqlısı, dərin
fəlsəfi tutuma və geniş ümumiləşdirmə gücünə
malik olanı aşağıda tam mətnini
rus dilindən tərcümədə "525-ci qəzet"in oxucularına
təqdim etdiyim "Konfutsi və Nitsşe" ("Kaspi"nin
1900-cu il 23 fevral tarixli 42-ci sayında dərc olunmuşdu - V.Q.) yazısı idi.
İlk baxışdan sual yaranır: eramızdan beş yüz il əvvəl yaşamış qədim
Çin mütəfəkkiri Konfutsi
ilə XIX əsr alman filosofu Nitsşe arasında hansı əlaqə olar? Bir-biri ilə tam zidd mövqedə dayanan bu iki böyük
fikir adamı nədən danışa bilərdilər, xəyali
görüşdə öz
aralarında hansı məsələləri müzakirə
edə bilərdilər?
Konfutsi təlimi
hökmdar-təbəə və
dövlətlərarası münasibətlər sistemində
ictimai-siyasi əxlaq prinsipini, borca sədaqət amilini əsas tuturdu. XVII əsrdən etibarən dünya ağalığı
fikrinə düşən
və yeni müstəmləkələr əldə
etmək şövqü
ilə nəzərlərini
ilk növbədə zəif
Şərq ölkələrinə
yönəldən Qərb
isə kobud, qaba gücə, alov və qana,
qorxu və dəhşətə arxalanırdı.
Nitsşe isə özünün
"fövqəlinsan" nəzəriyyəsi
ilə bu yeni Qərb imperializminin apologeti kimi çıxış edirdi.
Çin
xalqının mübarizəsinə
rəğbətlə yanaşan
Əhməd bəy Konfutsi ilə Nitsşeni qarşılaşdırarkən
sonuncunun dili ilə qədim həmkarına sərt həyat həqiqətlərinə
əsaslanan dərs verirdi: ya güclü
olub yaşayacaqsan, istəklərinə uyğun
bir dünya quracaqsan, hökmünü
diktə edəcəksən,
ya da zəiflərin
nəsibi ilə - məğlubiyyət, yadelli
zülmü və aşağılanma ilə
barışacaqsan!
Əzilən, müstəmləkə zülmü
altında yaşayan xalqın nümayəndəsi
olmasına rəğmən
Əhməd bəy Ağayevin Nitsşenin fikirlərinə müəyyən
rəğbətlə yanaşdığını
sezməmək mümkün
deyil. O da təmsil etdiyi mühitin güclü insanlar yetirməsinin tərəfdarı idi. Təzyiq və haqsızlıqlar altında qalan soydaşlarını bu ruhda kökləməyə
çalışırdı. Çünki yaxşı başa
düşürdü ki,
heç bir oyun qaydasının gözlənilmədiyi, güclülərin
at oynatdığı, ictimai-siyasi
əxlaqın olmadığı
cəmiyyətdə ədalətə
çağırış sadəcə zəiflərin
heç yerdə eşidilməyən fəryadından
başqa bir şey deyildir. Mövcud həyat şərtləri
elə idi ki, təkcə ədalətsiz işlər
görmək üçün
deyil, ədaləti qorumaq üçün də güclü, ötkəm olmaq, heç nədən qorxub çəkinməmək
tələb edilirdi.
Əslində, belə bir tələb
bütün zamanlar üçün aktualdır,
keçərlidir.
Yeri gəlmişkən,
Əhməd bəy sadəcə sözdə güclü olmağa çalışmırdı. Əməldə, şəxsi həyatda da bunun nümunəsini
göstərməyə çalışırdı.
Bir misal gətirim.
1906-cı ilin fevralında
bütün Cənubi
Qafqazın baş ağrısına, fəlakətinə
çevrilmiş "erməni-müsəlman"
münaqişəsini nizama
salmaq məqsədi ilə Qafqaz canişini qraf İ.İ.Vorintsov-Daşkovun yanında
"barışdırıcı qurultay" çağırılmışdı.
Qurultayda canişinliyin
ali rəhbərliyi,
Azərbaycan türkləri
və erməni tərəfin hər birindən 30 nümayəndə
iştirak edirdi. Ermənilərin və onlara havadarlıq edən rus hakimiyyətinin
qeyri-səmimi sülh
çağırışlarının mənasızlığını qətiyyətlə ortaya qoyan Əhməd bəy canişininin üzünə qurultay iclaslarının protokolunda
yer alan
aşağıdakı xahiş
deyil, tələb dolu sözləri deməkdən çəkinməmişdi:
"Mən özüm
bəy və ağayam. Burada deyirəm: əgər mənə hücum etsələr, evlərinə
od vurub
yandıracağam. Biz "Daşnaksütyun"un və bütün erməni təşkilatlarının buraxılmasını
tələb edirik. Mən buradan rus hakimiyyət dairələrinə müraciət
edirəm: bizi erməni silahlı dəstələrindən qoruyun.
Ya "Daşnaksütyun"u ləğv
edin, ya da bizim təşkilatlanmağımıza
imkan verin. Silah tələbi nonsens olsa da, ziyanın
ödənilməsi məsələsi
ermənilərin xeyrinə
həll edilərsə,
bu, qaçılmazdır".
Və ardınca
hərbi-siyasi xarakterli
"Difai" təşkilatının
yaradılmasında fəal
iştirakçıları sırasında yer almışdı.
Təqdim
olunan yazı zənnimcə, həm də ötən əsrin əvvəllərindəki
rus dilli Azərbaycan jurnalistikasının
və onun aparıcı nümayəndələrinin
birinin intellektual səviyyəsini, yazı mədəniyyətini, nəzəri
hazırlığını, fəlsəfi ümumiləşdirmə
qabiliyyətini nümayiş
etdirmək baxımından
da uğurlu nümunədir.
Vilayət QULİYEV
525-ci qəzet.- 2019.- 27 iyul. S. 6.