Ədəbiyyat
İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu
ilə memorandum imzalayıb
Azərbaycan
Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu ilə Avrasiya Türk Araşdırmaları
İnstitutu arasında “Akademik və tədqiqat əməkdaşlığı
sahəsində” anlaşma memorandumu imzalanıb.
Tədbirdə
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli Koreya ilə Azərbaycan
arasındakı münasibətin uğurla inkişaf etdiyini
bildirib. Bu cür əməkdaşlıq müqavilələrinin
qarşılıqlı münasibətlərin daha
yaxşı inkişafına töhfə verəcəyini
vurğulayıb.
Akademik
qeyd edib ki, Naxçıvan Dövlət Universitetində
işləyərkən Koreyadan tələbələri
vardı, koreya dili kursu da açılmışdı:
"Sizin tərəfinizdən Bəxtiyar Vahabzadənin
“Gülüstan” poemasını tərcümə edib Koreyada
yayımlamağınız çox yaxşı haldır. Həmçinin,
bildirməliyəm ki, Ədəbiyyat İnstitutunda şərq
ədəbiyyatı hərtəfli öyrənilir. Professor Bədirxan
Əhmədlinin rəhbərlik etdiyi Azərbaycan-Asiya ədəbi
əlaqələri şöbəsi bu işdə xüsusilə
fəaldır. İndiyə kimi, Çin, Hindistan, Pakistan kimi
ölkələrlə əməkdaşlıq müqavilələri
imzalanıb. Koreya üzrə kordinator isə həmin
şöbənin əməkdaşı Leyla Həsənzadədir".
Sonra
Seuldakı Dongduk Qadınlar Universitetinin professoru, Avrasiya
Türk Araşdırmaları İnstitutunun direktoru, YUNESKO-nun
Orta Asiya ölkələri üzrə təmsilçisi Eunkyung
Oh da Ədəbiyyat İnstitutu ilə əməkdaşlığın
uğurlu töhfələr verəcəyinə ümid
etdiyini bildirib. Xanım Eunkyung Oh Qarabağ haqqında kitab
yazdığını bildirib. Həmçinin, qeyd edib ki, Azərbaycan
ədəbiyyatı koreya dilinə kütləvi şəkildə
çevrilməyib. Koreyada türkoloji bölümdə 90-a
yaxın tələbə oxuyur. O, bu anlaşmadan sonra əməkdaşlığın
daha da genişlənəcəyini diqqətə
çatdırıb.
İmzalanma
mərasimində Ədəbiyyat İnstitutunun elmi katibi Mehman
Həsənli və Beynəlxalq Əlaqələr şöbəsinin
müdiri Xanım Zairovada iştirak ediblər.
ŞAHANƏ
525-ci qəzet.- 2019.- 27 iyul. S. 7.