Bayburta
aparan Dədə Qorqud izi...
II
YAZI
Ətrafımızı
hər an vətənini müdafiəyə hazır əsgər,
balasını qoruyan ata kimi çevrələmiş
dağların arxasından günəş
saçlarını yellədərək gülümsəyir.
Bayburtda növbəti səhər açılır...
Qaldığımız
balaca, sevimli otelin balkonundan günəşi seyr edirəm.
Balkonumuzla üz-üzə, dağın başında
bütün əzəməti və müqəddəsliyiylə
Bayburta keşik çəkən məsciddən az öncə
ucalan azanın səsi hələ də qulaqlarımda, ruhumda əks-səda
verir. Gecənin üşütdüyü saçlarıma
isti əlləriylə sığal çəkən günəşə
xoş gəldin deyib, bu balaca, sakit şəhəri dəli
coşğusuyla hərəkətə gətirən, ərazisi
kimi sakitliyini də ikiyə bölüb axan Çoruh
çayına gülümsəyirəm. Səhər hələ
indi-indi açılsa da, şəhər çoxdan
oyaqdır. Amma nə ora-bura qaçışan insanlar, nə
də növbəti günün proqramlarına
hazırlaşan yerlilər Bayburtun sükutunu poza bilirlər.
Yenicə tanış olduğum bu balaca şəhəri mənə
belə sevdirən nədir deyə düşünərkən
də elə ilk cavabım bu sakitlik oldu. Səssiz və təmiz...
Amma bu sakitlikdə soyuqluq yoxdur. Dağlarından qopub iyulun
ortasında bədənimizi üşüdən soyuğundan
fərqli olaraq, ruhu istidir Bayburtun. Onun səssizliyi ulu ozan Dədə
Qorqud təmkinini andırır. Bu günlərdə təkcə
bayburtlular deyil, daşıyla, torpağıyla,
dağlarıyla, çayıyla, hətta səmasında
süzən quşlarıyla bərabər Bayburt özü də
Dədə Qorqud havasına bürünüb. Bu havanı ciyərlərimə
çəkib bu günə planlanmış tədbirlərə
qatılmaq üçün hazırlaşmağa
başlayıram.
Dədə
Qorqud ətirli Saray Bağçası
Türkiyə
səfirliyinin Mədəniyyət və tanıtma
müşavirliyinin dəstəyi ilə
qatıldığımız 25-ci Bayburt Beynəlxalq Dədə
Qorqud festivalı başladığı həyəcan və
coşğuyla davam etməkdə idi. 1300 ildən bəridir nəsihətləri,
müdrik fikirləri ilə yaşayan, böyük türk
xalqının ən qədim tarixini özündə hifz edən
Dədə Qorqudun sevgisinə, hörmətinə
bütün Türk dünyasından qonaqlar Bayburta üz
tutmuşdular. Yüksək keyfiyyətlə hazırlanan
proqramlar 22-28 iyul tarixləri arasında bir-birini əvəz edəcəkdi.
Şəhərin hər küçəsində bir
coşğu, hər küncündə festivalla bağlı təntənə
vardı. Əlbəttə, eyni vaxtda düzənlənən
proqramlara qatılmaq imkanımız olmasa da,
bacardığımız qədər çox tədbirdə
iştirak etmək, Dədə Qorqud ab-havasına
bürünmək istəyirdik. Hətta bizə istirahət
üçün verilən sərbəst vaxtda belə şəhər
sakinlərinə qoşulub hansısa yürüşə, sərgiyə
qatılırdıq.
Onlardan
biri Saray Bağçası deyilən yerdə keçirilən
tədbir idi. Qısa müddət öncə tamamlanaraq istifadəyə
verilən Saray Bağçası meydanında səmada
uçuşan Solo Türk adlı Türk hava qüvvətləri
Bayburtun yerli əhalisini və qonaqlarını salamladı.
Festival Komitəsi tərəfindən Dədə Qorqudun abidəsinə
çələng qoyulduqdan sonra rəsmilər, müxtəlif
ölkə və topluluqlardan festivala qatılan qonaqlar və
şəhər sakinləri Ağşəmsəddin
küçəsindən Cümhuriyyət küçəsinə
kimi uzun bir yürüşə qatıldılar.
Coşğulu,
həyəcanlı açılışdan sonra rəsmi hissə
başladı. Açılış nitqi üçün
kürsüyə çıxan Bayburt valisi Əli Həmzə
Pəhləvan Dədə Qorqudun ortaq türk
dünyasının dəyəri olduğunu, xüsusən
YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ
siyahısına daxil olmaqla bunun bütün dünya tərəfindən
də qəbul edildiyini söylədi: "Dədə Qorqud
çox önəmli mesajlar verir. Biz bu mesajları gənclərimizə
çatdırmağa borcluyuq. Çünki Dədə Qorqud
ailədən, ailənin önəmindən
danışır, birlikdən, qardaşlıqdan,
paylaşmaqdan bəhs edir. Biz bunu hər zaman yaşatmalı,
öz əməllərimizdə, böyük türk
dünyasının qüvvətində əks etdirməliyik".
Bayburt
Valisi Əli Həmzə bəy Türkiyənin başqa bir
bölgəsinə -
Şırnağa təyinatı
çıxdığından bu vəzifəsi ilə
vidalaşmaq üzrə idi. Ona görə də bu festival onun
Bayburtdakı vəzifə dövründə
qatıldığı sonuncu tədbir olacaqdı. Bu səbəbdən
hörmətli vali bütün
çıxışlarının sonunda çox sevdiyi Bayburt
əhalisiylə vidalaşır, onlara dərin sevgi və
sayğısını izhar edirdi. Gördüyümüz qədərilə,
Bayburt əhalisi də Əli Həmzə bəyi çox
sevir. Hər fürsətdə onun iki il ərzində Bayburt
üçün gördüyü işlərdən
danışır, onu yeni vəzifəsinə minnətdarlıqla
yola salırdılar.
Saray
Bağçasındakı tədbirdə
çıxış edən Bayburt Millət vəkili Fetani
Battal Dədə Qorqud hekayələrinin gənc nəslə
danışılmasının önəmini vurğuladı:
"Bu il 25-cisi keçirilən festivalın bəyi - Bayburt Bələdiyyə
sədri türk dünyasına bir çağırış
etdi və dünyanın hər tərəfindən, Türkiyənin
müxtəlif yerlərindən onun bu
çağırışına səs verildi. Bu günlər
Bayburt böyük bir bayrama ev sahibliyi edir. Bayram
danışmaq, dərdləşmək, sabahlara planlar
cızmaq, hədəflər seçmək deməkdir. Biz də
bu günlərdə dünənimizdən danışıb,
sabaha necə qol-qola gedəcəyimizlə bağlı planlar
edəcəyik. Əgər biz hekayələrimizi
uşaqlarımıza anlatmasaq, onlar öz uşaqlarına
başqalarının hekayələrini anladacaqlar. Ona görə
də bu proqram və sonrasında görüləcək
işlər çox önəmlidir".
Bayburt
Bələdiyyəsinin və festival komitəsinin sədri
Hükmü Pəkməzçi çıxışında
Türkiyə daxilindən və xaricindən böyük mədəniyyət
bayramına qatılan hər kəsi salamladı, bu
böyük tədbirin Bayburtun gələcək sosial, mədəni
və ictimai həyatındakı önəmindən
danışdı: "Məna birliyimizə, diriliyimizə vəsilə
olan Dədə Qorqudun mənəvi kimliyində bizi bir yerə
toplayan bu xoşbəxt gündə Ata yurddan Ana yurda
körpülər qurulur".
TÜRKSOY-dan
Bilal Çakıcı, TİKA-dan Yaşar Nuri
Kılıç, Türk dünyası Sənətçilər
və Yazarlar Vəqfinin başqanı (TÜRKSAV) Yəhya
Akengin və başqaları çıxış edərək
keçirilən bu böyük şənliklərə
görə Bayburt şəhər rəhbərliyinə, Dədə
Qorqudun adını uca tutan hər kəsə öz təşəkkürlərini
bildirdilər.
Nitqlərdən
sonra tədbir Türkiyənin xalq musiqi qrupu olan Mehtəranın
çıxışı ilə davam etdirildi. Burada Türkiyənin
məşhur aktyoru Turan Çakırın ifasında
Bamsı Beyrək rolu izləyicilərin böyük
marağına səbəb oldu.
Daha
sonra Azərbaycan, Gürcüstan, Elazığ və Giresundan
gələn xalq rəqs qrupları öz ifalarını sərgilədilər.
Bayburt xalq rəqslərinin də yer aldığı proqram hər
kəsi XXI əsrdən qoparıb keçmişin ənginliklərinə
doğru səyahətə aparırdı.
Keçmişə
göndərilən poçt zərfləri
Sözügedən
Cümhuriyyət küçəsi başdan-başa rəsmlərlə
bəzənmişdi. Dədə Qorqud festivalı çərçivəsində
Bayburt Elm-Sənət Mərkəzi tərəfindən təşkil
edilən 4-cü Beynəlxalq Poçt Sənəti
"Kitabi-Dədə Qorqud"dan təsirlənənlər
mövzulu sərginin açılışında Bayburt rəsmiləri,
festival qonaqları, mətbuat nümayəndələri və
şəhər əhalisi iştirak edirdi.
Türkiyənin
dörd bir yanından gələn Elm-Sənət Mərkəzinin
tələbələrinin zərflər üzərində
çəkdiyi rəsmlərin sərgiləndiyi tədbirdə
mərkəzin müdiri Aydın Doğan əsərlər
haqqında geniş məlumat verdi.
Bayburtda
Azərin dalğası
Bayburta
ayaq qoyduğumuz andan bəri hər yerdə Xalq artistimiz Azərinin
konsertinin elanları ilə qarşılaşırdıq. Nəahyət,
hər kəsin böyük maraqla gözlədiyi an gəlib
çatmışdı. Şair Zihni Kənd ormanında yerləşən
amfi-teatrda baş tutan konsertdə Azərin tək deyildi. Naci
Ahıskalıoğlunun aparıcılığını
etdiyi konsert Azərbaycan Xalq rəqs ansamblının ifası
ilə başladı. Rəqsdən sonra səhnəyə
çıxan Azərin ikinci ildir ki, Bayburtda Dədə Qorqud
festivalı çərçivəsində konsert verdiyini
söylədi, bu il də təkrar onun dəvət edilməyini
istəyən bayburtlulara təşəkkür etdi. Bir
saatlıq proqram çərçivəsində gözəl
səsli müğənnimiz "Yaşa, mənim
xalqım", "Sarı gəlin", "Dağlar
qızı Reyhan", "Qal, sənə qurban", "Sən
gəlməz oldun", "Şən ol, Bayburt",
"Türklər gəlir", "Türkiyəm",
"Çırpınırdı, Qara dəniz"
mahnıları ilə bayburtluları feyziyab elədi. Azərin
təkcə mahnıları ifa etməklə qalmır, bəzi
Azərbaycan mahnılarının tarixi haqqında da dinləyicilərə
qısa məlumatlar verirdi.
Həmin
gün onunla eyni səhnəni Türkiyənin məşhur
müğənnisi Tuba Yurd da bölüşürdü.
Bayburt rəsmilərinin də iştirak etdiyi konsert
proqramı müğənnilərə təşəkkürnamələrin
təqdimi ilə başa çatdı.
Türk
dünyasının ortaq rəngləri
Həmin
günlərdə daha bir sərgi Türk Dünyası
Yazarlar və Sənətçilər Vəqfi
(TÜRKSAV) tərəfindən
açıldı. Tarixi Taşhanda açılan Türk
Dünyası Karma Rəsm sərgisi şəhər əhalisinin
və sənətsevərlərin marağına səbəb
oldu.
25-ci
Bayburt Beynəlxalq Dədə Qorqud Mədəniyyət və
Sənət bayramı çərçivəsində
keçirilən sərginin qırmızı lentini Ə.H.Pəhləvan,
Samsun Valisi Osman Qaymaq, H.Pəkməzçi, TÜRKSAV
başqanı, şair, yazıçı Yəhya Akengin və
Fikrət Gülər birlikdə kəsdilər. Sərgi
haqqında qısa məlumat verən Y.Akengin Türk
Dünyası karma sərgilərini 23 ildir ölkə daxili və
ölkə xaricində təşkil etdiklərini dedi. Sərgidə
bütün türk dünyasından olan rəssamların
müxtəlif mövzulu rəsm əsərləri
nümayiş edilirdi. Rəssamlar, əsasən, Türkiyənin,
xüsusən, İstanbulun tarixi yerlərini, türk birliyini
özündə əks etdirən mövzulara müraciət
etmişdilər.
Çinimaçin
Çini
2015-ci
ildən bu günə kimi bir çox layihələrə qucaq
açan Kənan Yavuz Mədəniyyət Evi və Etnoqrafiya
muzeyi bu festivala da öz töhfəsini sunmuşdu. Bayburtun
şəhərdən xeyli kənar ərazisində, tamamilə
sakit və səssiz bir küncdə yerləşən muzey
"Çinimaçin Çini" sərgisi ilə bizləri
özünün doğma qollarında qonaq edirdi.
Sərginin
açılış nitqini öz üzərinə
götürən muzeyin qurucusu Kənan Yavuz Bayburtun bənzərsiz
çinilərini gündəmə gətirən sərginin gələcəkdə
çini və Bayrburt daşı qovuşmasına yol
açacaq proyektlərə, memarlıq işlərinə
ilham olması baxımından əhəmiyyətini
vurğuladı: "Türk-İslam mədəniyyətinin,
Anadolu torpaqlarında məskən salmasına gətirib
çıxaran ən önəmli mədəniyyət
kodlarından biri, şübhəsiz, Dədə Qorqud hekayələridir.
Bayburt valiliyi və bələdiyyəmizin keçirtdiyi ənənəvi
Dədə Qorqud şənliklərinin bir parçası
olaraq planladığımız Çinimaçin-Çini sərgimizdə
Səlcuklu və Osmanlı motivləri ilə
hazırlanmış 210 özəl çinini Bayburt
daşı ilə qovuşdurduq. Dünyada Çinili Qala
olaraq bilinən Bayburt qalamızın, önəmli Səlcuklu
əsərlərindən Ulu Məscidimizin, Qırx
Çeşmələrin, Bədəstanın bənzərsiz
çinilərini nümayiş etdirən sərgimiz qədim
şəhərimiz Bayburt üçün gözəl bir
atmosfer yaradacaqdır".
Rəsmilərin
çıxışından sonra Kənan Yavuzun şəxsi
səyi nəticəsində yaratdığı etnoqrafiya
muzeyi ilə tanış olduq. Qədim dəyirman, ayrıca
olaraq dəyirman daşları, silahlar, məişət əşyaları,
əl işləri, xalçalar və sair kimi
keçmişin bağrından qopub 2019-cu ilə qədər
gəlib çıxmış nümunələr insanda heyrətlə
yanaşı, böyük bir sevinc hissi də yaradırdı.
Yaranmış şərait əlini uzatsan 2-3 əsir öncəyə
gedə biləcəkmişsən kimi hiss etdirirdi.
Bayburtun
milli yeməyi hesab olunan pidəyə qonaq olan
iştirakçılar sonra Bayburtun məşhur
türkücülərinin ifasında xalq
mahnılarını, türkülərini dinlədilər.
Şeirin
qanadlarında
Elə
həmin axşam sənətsevərlər rəsmlərin,
tarixin qoynundan çıxıb şeirin qoynunda Bayburt gecəsinin
gözəlliyinə daldılar. Şair Zihni Şeir Gecəsi
əsl ədəbiyyatsevərlərin yeri idi.
Şair
Yəhya Akenginin moderatorluğu ilə Naci
Ahıskalıoğlunun aparıcılığını
etdiyi gecədə Ataol Bəhrəmoğlu, Cazim
Gürbüz, Həsən Ağdaş, Bəxtiyar Aslan, Tələt
Ülkər, Özcan Ünlü, Fazil Əhməd Bahadır,
Nurullah Gənc, Tudor Zent, Həsən Akar, Mərdan
Qaraoğlu, Səid Ağdaş və Avazollah Safari Kaşkooki
ən gözəl şeirlərini oxudular. Şeir gecəsinin
Azərbaycandan da qonağı vardı. Azərbaycan
Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhminin
fərqli və özünəməxsus
çıxışı hər kəsin marağına səbəb
oldu.
Gecənin
sonunda şair Ataol Bəhrəmoğlu oxucular
üçün kitablarını imzaladı. Bayburt Dədə
Qorqud festivalından xatirə olaraq şairlərə təşəkkürnamələr
də verildi.
Bayburt-Bakı
Şahanə MÜŞFİQ
Xalq cəbhəsi.- 2019.- 27 iyul. S.
5.