Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası iclas keçirdi

 

Qeyri-formal məşğulluqla mübarizə sahəsində görülmüş işlər və qarşida duran vəzifələr müzakirə olundu

 

İyulun 26-da Bakı Biznes Mərkəzində Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədovun rəhbərliyi, məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin rəhbərlərinin iştirakı ilə ikinci müşavirə keçirilib.

Tədbirdə çıxış edən Ə.Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci il oktyabrın 9-da imzaladığı sərəncamlə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının aslınmasına dair Tədbirlər Planı” çərçivəsində müvafiq tapşırıqların icrası istiqamətində fəaliyyət davam etdirilir. Hələ ötən il Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının ilk iclasının keçirildiyini, qarşıya müvafiq tapşırıqların qoyulduğunu xatırladan baş nazirin müavini bildirib ki, ikinci müşavirənin keçirilməsində əsas məqsəd tədbirlər planına uyğun olaraq məşğulluğa kömək üzrə əlaqələndirmə komitələrinin fəaliyyətinin gücləndirilməsi, respublika və ayrı-ayrı rayonlarda qeyri-formal məşğulluqla mübarizə sahəsində komitələr tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsi, eləcə də Azərbaycan Nazirlər Kabinetinin 2019-cu il iyulun 9-da qəbul etdiyi qərarla təsdiq edilmiş məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələrinin Əsasnaməsinin təqdimatı olub.

Baş nazirin müavini “Azərbaycan Respublikasının əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidentinin 2017-ci il martın 17-də imzaladığı sərəncama əsasən yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının 2018-ci il və 2019-cu ilin birinci yarımilliyi ərzində gördüyü işlər barədə ətraflı məlumat verib və cari ilin ilk 6 ayında əmək müqaviləsi bildirişlərinin sayının 101 min 551 ədəd artaraq 1 iyul tarixinə 1 milyon 503 min 731-ə çatdığını deyib. O xatırladıb ki, ötən il bu göstərici 91 min 389-a bərabər idi. Vurğulanıb ki, ümumilikdə, komissiya yaranandan bəri təxminən 250 min müqavilə artımı olub.

Həmçinin, Ə.Əhmədov qeyd edib ki, 2019-cu ilin 1 yanvar tarixinə olan məlumata görə, Vergilər Nazirliyində qeydiyyatda olan aktiv fiziki şəxs fərdi sahibkarların sayı ötən ilin əvvəli ilə müqayisədə 32 min 457 nəfər artaraq 361 min 1 nəfər, 2019-cu il 1 iyul tarixinə isə aktiv fiziki şəxs fərdi sahibkarların sayı 8 min 569 nəfər artaraq 369 min 570 nəfər təşkil edib.

Komissiyası sədri əlavə edib ki, respublikada qeyri-formal məşğulluqla mübarizə çərçivəsində qanunvericilik aktlarında mühüm dəyişikliklər edilib – “Məşğulluq haqqında” yeni qanun qəbul olunub, işsizlikdən sığorta sistemi tətbiq edilməyə başlanıb, vergi və sosial sığorta sahəsində formal məşğulluğun təşviqi ilə bağlı dəyişikliklər edilib, 2020-ci ildən respublika üzrə icbari tibbi sığortanın tətbiqi təsdiqlənib və digər normativ hüquqi aktlara dəyişiklik olunub, eləcə də mühüm layihələr hazırlanıb.

Daha sonra çıxış edən komissiya Katibliyinin rəhbəri Elnur Süleymanov komitələrlə katiblik arasında əməkdaşlıqdan söz açaraq, hər rüb katiblik tərəfindən komitələrə rayon üzrə qeyri-formal məşğulluğun qiymətləndirilməsinə dair cədvəllərin hazırlanaraq təqdim edildiyini və bunun da yerlərdə qeyri-formal məşğulluqla mübarizədə mühüm rol oynadığını vurğulayıb.

İclasın sonunda Ə. Əhmədov uğurlu fəaliyyətlərinə görə “Yüksək nəticə”, “Davamlı artım”, “Etibarlı tərəfdaş” və “Fəal təşviqatçı” nominasiyaları üzrə Ağcabədi, Qəbələ, Şəki, Lənkəran, Sumqayıt, Göygöl, Zaqatala, Xaçmaz, Şəmkir, Abşeron və Qax rayon məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrini mükafatla təltif edib.

 

C.ABASOV

Mədəniyyət.- 2019.- 27 iyul. S. 5.