Qıymayın kəpənək
qanadlarına...
27 il əvvəl
yazdığım bu yazının əlyazmasını öz
mənzilimdəcə itirmişdim: hansa kitabın içinə,
hansı kağızların arasına qoymuşdum - yada sala
bilmirdim ki, bilmirdim. Bu günlərdə xoş bir təsadüf
nəticəsində axır ki, 27 illik
nigarançılığa son qoyuldu: yazıldığı
kağızlar sapsarı caralmış yazı özü məni
tapdı. Yaxşı ki, ötən illər
onun ruhunu saralda biməmişdi. Elə bunu
nəzərə alıb onu oxuculara təqdim edirəm.
... Mirzə müəllimin
televeziya verilişində dedikləri - yemək bişirməyin
resepti, nə bilim, bozbaş, filan-beşmənəkan
hamısı bəhanəydi. Çöhrəsindən
təbəssüm əskik olmayan, hər konserti, hər
oxuması balaca bir tamaşaya, görümlü
yaşantıya dönən Mirzə Babayevlə üzbəsurət
oturub dərdləşmək, bu "gənc" qocanın
içinin bulanıq dibindən üzə
çıxanları elə isti-isti müşahidə eləmək
çoxdanki arzum idi. Çünki Mirzə
müəllim bizim vokal sənətimizin ən bənzərsiz,
ən yaddaqalan təmsilçilərindəndir. Bu
sözlərimə görə kim məni
qınayacaq, kim məni aludə olmaqda, səriştəsizlikdə
günahlandıracaq - öz işidir, amma dünyanın ən
güclü natiqləri, ən qüdrətli məntiqçiləri
də məni bu inamımdam döndərə bilməzlər.
Mən onların böyük musiqi, mədəniyyət,
böyük sənət haqqında deyəcəkləri
gurultulu sözlərin müqabilində bir az da irəli gedib
bu cür deməkdən də çəkinmərəm ki,
estrada-vokal sənətimizin iyirminci əsr vəznini müəyyənləşdirənlərdən
biri elə Mirzə Babayevdir - qeyri-adi, heç kimə bənzəməyən,
özünü bütün ifaçılıq məziyyətləri
- səsi, repertuarı, davranışı, jestləri, öz
sənəti və başqaları haqqında qəfil fikirləri
ilə elə ilk andaca duyğu aləmimizin
qapılarını rahatca açıb ordakı ən
sarı və ən cingiltili simləri eyni şövqlə səsləndirən
Mirzə Babayev. Və mən tam arxayınam ki,
bu cür deməyimə görə heç vaxt
sıxılmayacam, heç vaxt peşman olmayacam.
Çünki son dərəcə etibarlı bir tərəfdaşım,
qahmar çıxanım var: Mirzə kişinin
keçmişini, bu gününü, gələcəyini
özünün lal sükutunda hifz edən, nə vaxtsa bu sənətin
əsl dəyərini məhək başına çəkəndə
neçə-neçə biganə, laqeyid, xəbis ürəyinin
layiqli payını verəcək zaman. O zaman ki, insanı
ömrün get-gedə daralan yolu ilə həmin o
ömrün əsl dəyərinə, əsl çəkisinə
doğru aparır; O zaman ki, Mirzə adlı bir kişi 79 ilini
"oğurlayıb" hələ də məhəbbət
nəğmələri oxuyur. Allah bu
"oğrunun" ürəyinə təpər, səsinə
qüvvət versin, "oğurluq" ehtiraslarını səngitməsin.
Mirzə dayı səhnədə
olanda, oxuyanda adama elə gəlir ki, bu kişi
heç vaxt qocalmayacaq, bu kişi heç vaxt xəstələnməyəcək,
şikayət, giley eləməyəcək, bu kişinin
heç vaxt əli-ayağı əsməyəcək. Və...
əstəğfurullah, adama hərdən də
elə gəlir ki, bu kişi dünyaya elə bu boyda, bu
biçimdə, bu yaşda gəlib.
Bu qəribə, izaha çətin
gələn cazibə haradandır sizdə, Mirzə müəllim?
Mirzə dayı heç vaxt
özü üçün oxumayıb və bizim
ifaçılıq sənətimizə hələ də
axıra qədər, lazımınca dəyərləndirilməyən
mühüm bir keyfiyyət gətirib ki, onu sözlə ifadə
etməyə elə mənim özüm də çətinlik
çəkirəm. Buna səmimiyyət demək azdır,
çünki səmimiyyəti oynamaq, səmimilik illuziyası
yaratmaq mümkünsüz şey deyil. Bu nədirsə,
iynənin ucu boyda da olsa saxtakarlığa əl yeri qoymayan bir
məziyyətdir, miyanəliyin tam əksi olan və əsl dəyəri
də bu əkslikdə açılan təbii bir haldır.
Miyanə olmayan şey isə ya təsdiq sevir,
ya da inkar. Ya məhəbbətə tuş
olur, ya da ki qınağa, rişxəndə. Burada üçüncü bir münasibətdən
söhbət gedə bilməz və mən Mirzə Babayev sənətinə
nisbətən yaşlı,
görüb-götürmüş adamların daha artıq rəğbətinin
səbəblərini bu həqiqət fonunda daha aydın
duyuram.
Görüb-götürülmüş,
müdrik adam heç oturub
yüngül-yüngül məktub yazardımı ki, nə
oldu, Mirzə müəllim, kəpənəyi tutdunuz, ya yox?
Dünyada kəpənək
qanadlarının kövrəkliyinə heç olmasa bircə
dəfə də olsa kövrəlmək qabiliyyəti
çatan adam heç zaman durub
qırmızı-qırmızı deməzdi ki, əşi,
bu sovka da kəpənəkdir də, pambığın bu
üzündən girib o üzündən çıxır,
atamıza od qoyur. Sən də başlamısan
ki, kəpənək belə gəldi, kəpənək elə
getdi.
("Dedim, yeri get, alə! Bu, sən deyən kəpənəklərdən
deyil ey. Bu, sənin ömrün boyu
tamarzı qaldığın, həsrətini çəkdiyin,
yuxuna girən və heç vaxt qovuşa bilmədiyin istəkdir,
arzudur").
Televiziyamızın filmotekasında
nadir lentlər var: Seyid əmi 80 yaşın astanasında
"Mənsuriyyə" oxuyur, Cabbar əmi 70 neçə
yaşınınsa acığını
"Heyratı"dan çıxır. Əlbəttə, fəxrlə
xatırlanası, bizə baş ucalığı gətirəsi
faktlardır. Və mən hər cür müqayisəni, hər
cür bənzətməni bir kənara qoyub inamla deyirəm:
79 yaşında "Kəpənək" oxumaq, kəpənək
qanadlarının kövrəkliyinə bərabər bir
ovqatla insanın həmişə həsrətində olduğu,
fəqət qovuşduğu andaca əlindən uçub gedən
obrazı yaratmaq
da hər kişinin işi deyil. Mən inanıram ki, illər
keçəçək, Mirzə kişinin həmin bu
ifası musiqi mədəniyyətimizdə estrada
üslubunun dəyərli faktlarından biri kimi tez-tez
xatırlanacaq, hələ dünyaya gəlməyən
neçə-neçə insanın maraq və təəccübünün
heyrət və rəğbətinin ünvanı kimi
yaddaşlarda qalacaq.
Hamı kimi Mirzə
dayının da kəpənək həsrətli, kəpənək
xiffətli bir dünyası var. Nə qaldı o dünyadan
Mirzə dayıya?
Uca-uca arzularımızın, həsrətimizin,
hüdudlarını sonsuzluğa qovuşduran kəpənəklər,
bu kişinin nədən umsuq qoydunuz ki, yaşının
ixtiyar çağında dalımızca uşaq kimi kövrəlir,
az qalır özü də qanadlanıb görünməyən
izinizə düşən, ardınızca uça?.
***
Mirzə dayı bir az
naxoşlamışdı. Yataqdan təzəcə
qalxmışdı və qırışığı
yavaş-yavaş açılırdı. Bir az ordan-burdan danışdıq. Mirzə
dayı dedi ki, düz 56 ildir oxuyuram, amma vallah, oxumaqdan
doymamışam. Mən də dedim ki, Allah səsinizə,
ürəyinizə qüvvət versin, Mirzə
dayı və fürsəti əldən verməyib
sualların başını buraxdım.
- Mirzə müəllim, bu əlli
altı ildə olubmu ki, muğamat oxuyasınız, yaxud ürəyinizdən
bu istək keçə?
Əvvəl başını
bulayıb "yox" dedi. Sonra nəyisə
xatırlayıb duruxdu. "Dayan, dayan, Vasif Adıgözəlovun
bir mahnısı var, onu oxuyanda arada muğam üstündə
kəsişmişəm, axı. Radioda o lent durur, axtarsalar
taparlar".
- Əlli altı ildir
oxuyursunuz. Bəs niyə indiyə qədər fərli bir
valınız çıxmayıb?
- İndi bilmirəm, amma əvvəllər
val yazdırmaq üçün gərək
rüşvət verəydin. Mən də verməmişəm.
Özü də əcəb eləyib verməmişəm.
Dədələrinə borcum-zadım yoxdur ki.
Odey, o qutunu görürsən (pəncərənin
ağzındakı yastı karton qutunu göstərir),
içində ən xoşladığım mahnıların
lent yazıları var. İlk böyük valım
çıxacaq, inşallah.
- Harada yazacaqlar; Tbilisidə, yoxsa
Peterburqda?
- Ayə, nə Tbilisi, nə Peterburq?
Parisdə ey, Parisdə. Fransızlar dilə
tuturlar ki, val üçün mahnılar
seçim, amma bizimkilər rüşvət istəyirlər. Necədir səninçün?
- Mənim üçün çox
maraqlıdır - o valda "Gilavar", "Liman",
"Saçlarına gül düzüm",
"Gözüm yoldadır", "Bağışla, Kəpənək"
mahnıları da olacaqmı?
- Olacaq, olacaq... Ən
seçmə mahnılarım olacaq orda.
- Siz bu mahnıları çox
yaxşı oxuyursunuz.
- Qardaş, mən indiyə qədər
nə oxumuşamsa, hamısını yaxşı oxumuşam.
Repertuarımda olan mahnıları mən oxuyan kimi heç kim oxumayıb. Odey, Lütfiyar
gedib "Liman"ı Kiyevdə orkestrnan
yazdırmışdı. Axırı nə
oldu?
- Mirzə müəllim, televiziyada
çıxış edəndə dediniz ki, rəhmətlik
Əliağa Ağayev Məşədi İbad rolunu oynaya bilməyib,
gərək o rolu mən oynayaydım. Əliağa
Ağayevin Məşədi İbadında nə xoşunuza gəlmir
ki?
- Rəhmətliyin oyunuda hər
şey yerindədir - bircə şeydən başqa. Bu filmdə elə bil gözlərini yaddan
çıxarıb Əliağa. Məşədi
İbadın xarakteri - onun kimliyi, hansı yuvanın quşu
olması daha çox gözlərində ifadə
olunmalıydı. Bilirsən, nələr
vardı onun gözlərində. Rəhmətlik
Əliağa isə daha çox jestlərə, hərəkətlərə
üstünlük verib. Vallah, o rol mənim
rolum idi. Rəhmətlik Hüseyn də
(H.Seyidzadə - Ə.H.) məni çəkmək istəyirdi.
Bu Əliağa hardan gəlib çıxdı,
bilmirəm. Aldı rolu əlimdən.
Lap bu yaşımda da elə Məşədi
İbad oynayaram ki, dünya tamaşasına durar.
- Daha hansı rolu oynamaq həsrətindəsiniz?
- Hacı Qaranı. Versinlər,
bu rolu oynayım. Sənət tariximizə
qızıl hərflərlə yazılmasa, adımı dəyişərəm.
- Bəs, musiqidə necə, elə
mahnı olubmu ki, nəyə görəsə oxuya bilməmisiniz,
yaxud oxumusunuz, alınmayıb?
- Yox, elə şey olmayıb. Ürəyimə yatan bütün mahnıları
oxumuşam. Özü də yaxşı
oxumuşam.
- Fikir verirəm, öz
adınızla bağlı hər şeyin qabağına bir
"yaxşı" sözü qoyursunuz. Bu
inam, bu qətiyyət hardandır sizdə?
- Ay oğul, sənət adamı
gördüyü işin yaxşılığına tam əmin
olmasa, özünə inanmasa, daha onun harası sənətkar
oldu? Müğənni "Oxumuşam da, nə bilim necə
oxumuşam", - deyib yalnız auditoriyanın səxavətinə
bel bağlayanda mən onun təmənnasız, xalis sənətçiliyinə
şübhə edirəm. Müğənni gərək
özünün ilk dinləyicisi olsun, oxuduğu mahnıdan
birinci özü zövq alsın.
- Belə müğənnilər
çoxdurmu bizdə?
- Mahnı oxuyanlardan Şövkət
xanımın əvəzi yoxdur. Yəqin xəbərin
var, o da xəstədir. Gərək məndən
qabaq onun yanına gedəydin, onu dindirəydin. Bir də
Flora xanım yaxşı oxuyandır...
Sonra dedim ki, Mirzə müəllim, Allahdan
gizli deyil, sizdən nə gizlin, bəs, mənim buraya gəlməkdə
ayrı bir məqsədim də var. İstəyirəm,
dadı damaqda qalan quymaq bişirməyinizin sirlərini
açıqlayasınız - evdə söz vermişəm, məni
dili gödək eləməyin (Mirzə dayı televiziya ilə
çıxışında baş barmağı ilə şəhadət
barmağını bir-birindən təxminən 3 sm aralı
tutub demişdi ki, qazmağı bu qalınlıqda quymaq
bişirə bilirəm).
Mirzə müəllim əvvəl-əvvəl açıq qapı tərəfə boylandı, sonra astadan - çox güman ki, həyat yoldaşı eşitməsin deyə pıçıldadı: "Əsas məsələ unu vam xodda qızdırmaqdır. Quymaq bişirəndə gərək tələsməyəsən. Yağını da bol eləyəsən". Bunu deyib bir xeyli fikrə getdi. Sonra qəfildən qayıtdı ki, evimə gələnləri həmişə açıq qəlblə, açıq süfrə ilə qarşılamışam. İndi gərək məni bağışlayasan. Allah bu xəstəliyin üzünü qara eləsin, ona elə toy tutsun ki, Mirzə Babayev adlı kişi bir də yadına düşməsin. Dedim, fikir eləmə, Mirzə müəllim, tezliklə sağalıb durarsınız ayağa.
...
Qayğılı, fikirli bir çöhrə qapının o
üzündə qaldı.
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet.- 2019.- 31 iyul.- S.13.