Şeyxülislam missiyası
... Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə, Nəriman
Nərimanov, Süleyman
Sani Axundov, Rəşid bəy Əfəndiyev, Firudin bəy Köçərli
və onlarla Azərbaycan ziyalısı.
Tariximizi,
ədəbiyyatımızı, mədəniyyətimizi bu
böyük maarifçilər
olmadan təsəvvür
etmək çətin,
bəlkə də, mümkünsüzdür. Bu,
bilinən və qəbul edilən həqiqətdir.
Əgər Qori Müəllimlər Seminariyası yaranmasaydı,
bu işıqlı insanlar olmayacaqdı. Bu da qəbul edilən
həqiqətdir. Amma
çoxlarının bilmədiyi
bir həqiqət də var: Azərbaycanın
dəyərli ruhaniləri,
xüsusilə müfti
Mirzə Hüseyn Qayıbov və şeyxülislam Əbdüssalam
Axundzadə Qori Seminariyasının Azərbaycan
şöbəsinin yaranmasında
və fəaliyyətində
əvəzsiz xidmətlər
göstəriblər.
Sovetlər zamanı
topa tutulan, rişxənd edilən on doqquzuncu əsrin Azərbaycan ruhanisi - şeyxülislam və müfti başda olmaqla, bu millətin
işıqlı gələcəyi
üçün dəridən-qabıqdan
çıxaraq xalqın
övladları aydınlansınlar
deyə Qori Müəllimlər Seminariyasının
Azərbaycan şöbəsinin
açılmasına çalışıb,
hətta bu mübarək ocaqda dərs deyiblər.
... Bu, ŞEYXÜLİSLAMın
maarifçilik missiyası
idi.
1905-ci il.
Türk-müsəlman qanına susamış
erməni-daşnak silahlı
dəstələrinin törətdikləri
qırğınların qarşısını
almaq, Daşnaksütun
partiyasının terroruna
son qoymaq üçün
Gəncədə milli
qüvvələrdən ibarət
Difai təşkilatı
yaranır. Təşkilat "Heç vaxt biz öz millətimizin bədbəxtliyi üzərində
erməni millətinin
səadət və xoşbəxtlik qurmasına
yola verməyəcəyik"
şüarı ilə
yola çıxır.
Böyük ziyalımız Əhməd
bəy Ağaoğlu Difainin qurucusu və rəhbəri, Qafqazın yeddinci şeyxülislamı Məhəmmədəli
Pişnamazzadə isə
təşkilat komitəsinin
üzvü olur.
Məhəmmədəli Pişnamazzadə ermənilərlə
mübarizənin dini borc olması barədə fətva verir, müsəlmanları
cihada çağırır. Məscid və
ziyarətgahlardan, xüsusilə
Gəncədəki İmamzadə
ziyarətgahından toplanan
ianələri millət
naminə Difai üçün xərcləyir.
Çar
çinovnikləri axtarış
aparanda Məhəmmədəli
Pişnamazzadənin evindən
Difainin sənədləri
tapılır və
o, sürgün edilir.
Ancaq zərrə qədər peşman olmur.
... Bu, ŞEYXÜLİSLAMın
millət naminə cihad missiyası idi.
1918-ci ilin
ikinci yarısı. Azərbaycan Xalq
Cumhuriyyətini qurmuş
böyük KİŞİLƏR gecə-gündüz çalışır,
yoxdan var etdikləri dövləti formalaşdırırlar. Azərbaycan ruhaniləri
isə milli hökuməti, milli və dini həmrəyliyi
qorumaq naminə əllərindən gələni
əsirgəmirlər. Amma Çar Rusiyasının mirası kimi şiələrin birləşdiyi
Şeyxülislamlıq, sünnilərin
birləşdiyi Mütilik
institutu ayrı-ayrı
təşkilat formasında
hələ də qalır.
Şeyxülislam Məhəmmədəli Pişnamazzadə
milli hökumətə
müraciət edir. O, hər
iki idarənin Məşixət adlı vahid qurumda birləşdirilməsini
təklif edir və şeyxülislam vəzifəsindən könüllü
gedir. Təxminən yüz ildən
sonra, 1918-ci ildə Qafqazın şiə və sünni müsəlmanları vahid
dini təşkilatda birləşirlər.
... Bu, ŞEYXÜLİSLAMın
İslam naminə vəhdət missiyası idi.
1918-ci il.
Daşnak-bolşevik dəstələri Bakı, Quba, Şamaxı, Qarabağ, Zəngəzur və digər bölgələrimizdə
qırğınlar törədir,
onminlərlə insanı
qətlə yetirirlər.
Bakıda milli düşüncənin
hər iki mərkəzi - ziyalılarımızın
toplaşdığı İsmayilliyə
binası yandırılır,
ruhanilərin dayaq nöqtəsi olan Təzəpir məscidinə
isə ciddi ziyan vurulur.
... İnsanlar ümidsiz və
başsız haldadır.
Amma Azərbaycan ruhanisi önə çıxır,
şəhidlər Çəmbərəkənd
qəbiristanlığında, indiki Şəhidlər Xiyabanının ərazisində
dəfn edilir. Bakını
xilas etməyə gəlmiş Qafqaz İslam Ordusu dualarla qarşılanır.
Böyük komandan Nuru Paşa Təzəpir məscidində qəhrəman
kimi minbərə çıxarılır və
yeni şeyxülislam Ağa Əlizadə müsəlmanları milli
dövlətlərini göz
bəbəkləri kimi
qorumağa çağırır.
... Bu, ŞEYXÜLİSLAMın
milli dövlətçilik
missiyası idi.
1990-cı il, yanvar ayı. Sovet ordusu Bakıda
qırğınlar törədir,
paytaxt küçələri
şəhid qanına
boyanır. İnsanlar kədərli
və qəzəblidir.
Ölkə başsız və
xaos içərisindədir.
Kreml Qafqazın on ikinci şeyxülislamı Allahşükür
Paşazadəyə hakimiyyəti
ələ alıb, ölkəni idarə etməyi təklif edir, amma şeyxülislam
qətiyyətlə "yox"
deyir. Üstəlik, heç kimdən
və heç nədən qorxmadan əli Azərbaycan xalqının qanına batmış Mixail Qorbaçovun əleyhinə
sərt bəyanat verir, xalqla birlikdə
xalqın şəhid
övladlarını ağlayır.
Və daha çox onun sayəsində yetmiş il öncə
olduğu kimi, yenə də şəhidlər Bakının
qəlbində - Şəhidlər
Xiyabanında dəfn edilir.
... Bu, ŞEYXÜLİSLAMın
ən ağır vaxtda xalqın yanında olmaq missiyası idi.
1990-cı ildə
20 Yanvar qırğınlarından
sonra azərbaycanlıların
Kremlə olan qəzəbini başqa tərəfə yönəltmək,
cəmiyyətdəki mövcud
əhval-ruhiyyəni dəyişdirmək
üçün sovet
KQB-si məqsədli şəkildə Bakıdakı
erməni-qriqoryan kilsəsini
yandırmaq istəyir. Qəzəbli insan kütləsi bu kilsəyə yönəldilir. Allahşükür Paşazadə əsl müsəlmana, azərbaycanlıya
və din xadiminə yaraşan mənəvi keyfiyyət nümayiş etdirərək kilsənin
yandırılmasına imkan
vermir. Çünki azərbaycanlılar öz inanclarına və mənəviyyatlarına
əsaslanaraq kilsəni
də məscid kimi Allahın evi hesab edirlər.
... Bu, ŞEYXÜLİSLAMın
insanlıq missiyası
idi.
Və nəhayət, 2019-cu ilin əvvəlləri. Moskvada bir azərbaycanlı
ilə bir çeçen arasında
şəxsi zəmində
baş vermiş kriminal insident məkirli qüvvələr
tərəfindən məqsədli
şəkildə şişirdilir.
Nəticədə Rusiyada yaşayan
iki qardaş xalqın mənsubları arasında gərginlik yaranır. Şəxsi zəmində baş
vermiş hadisənin milli zəminə keçməsinin qarşısını
almaq üçün
həm Azərbaycan, həm də Çeçenistan rəsmiləri
işə qarışır.
Şeyxülislam Allahşükür Paşazadə isə iki qardaş xalqın övladları arasında barış olsun deyə bütün imkanlarını
səfərbər edir
və qısa vaxtda gərginliyə son qoyulur.
... Bu, ŞEYXÜLİSLAMın ağsaqqalıq missiyası idi.
... Şeyxülislamlıq institutunun yaranmasından 200 ilə yaxın vaxt keçir. Zaman çox şeyi dəyişib, amma dəyişməyən şeyxülislamların missiyasıdır. Bu missiyanı bütün şeyxülislamlar ləyaqətlə yerinə yetirib. Amma şeyxülislamlıq tarixində ən böyük və ən ağır missiyalardan biri Qafqazın on ikinci şeyxülislamı Allahşükür Paşazadənin üzərinə düşüb. Əslində, Azərbaycan həqiqətlərindən biri də bax budur!
Sevinc QARAYEVA
525-ci qəzet.- 2019.- 17 iyul.-
S.5.