"Metro terminalının sevgisi" təqdim olundu

 

 

Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda "Ulduz" jurnalının 600-cü buraxılışı - may sayının gənc yazıçı Orxan Həsəninin "Ulduzlu nəşrlər" seriyasından işıq üzü görən "Metro terminalının sevgisi" kitabının təqdimat mərasimi keçirilib.

 

Mərasimdə qələm adamları, gənc yazarlar, media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs yeni layihə O.Həsəninin kitabı haqqında məlumat verib: "Bu gün həm "Ulduz"un 600-cü buraxılışını, həm Orxan Həsəninin ilk kitabının çapını qeyd edirik. Bu seriyadan on nəfər gəncin kitabı çap olunacaq. Bundan əvvəlki kitablar müəlliflərin "Ulduz"a hədiyyəsi idisə, bu dəfə on nəfər gəncin kitabını biz özümüz dərc edib hədiyyə edirik. Dövlətin AYB- ayırdığı vəsaitdən bizə pay düşdü. Bununla təkcə hekayə, şeir kitabları yox, həm esse, tərcümə kitabları nəşr edəcəyik. Üç gəncin kitabı artıq hazırdır".

AYB-nin katibi Rəşad Məcid dövlət tərəfindən AYB- ayrılmış vəsaitə görə təşəkkürünü bildirib: "Bu, dövlətimizin ədəbiyyata, sənətə olan qayğısının bir nümunəsidir. Birliyin sədri, Xalq yazıçısı Anara da təşəkkür edirik ki, bu vəsaitdən gənclərin ilk kitablarının çap olunması üçün ayrılıb. Gənclərə qarşı bu cür jesti qiymətləndirmək lazımdır. "Ulduz" jurnalı hər birimiz üçün doğma jurnaldır. Kollektivi 600-cü buraxılış yeni layihə münasibətilə təbrik edirəm. Orxan Həsəninin istedadına həm "525-ci qəzet"dən bələdəm. Rahat, tükənməyən bir yaradıcılıq arzulayıram. Gənclərin ədəbiyyatı bu cür sevməsi, ədəbiyyata qarşı bu cür həssas olmaları gözəl hadisədi. Bütün gənclərimizə uğurlar arzulayıram. "Metro terminalının sevgisi" hekayəsində arzuladığı kimi bir otaqda özünə qapanıb yazıb-yaratsın".

Ədəbiyyatşünas Məti Osmanoğlu da tələbəsi Orxan Həsəniyə uğurlar arzulayıb: "Orxan tələbəm olsa da, ona yazıçı kimi dəyər verməyə çalışacam. Onun hekayələri haqqında rəyimi yazacağam. Ancaq ilk olaraq onu deyim ki, hekayələri eyni cür başlayır yazı dilində problemlər var. Mən ona Azərbaycan ədəbiyyatını sistemli oxumağı məsləhət görürəm. "Filologiya" fakültəsinin dekanının da təbriklərini çatdırmaq istəyirəm".

Kitabın redaktoru Fərid Hüseyn Orxan Həsənin hekayələri haqqında geniş danışıb, onun digər yazıçılardan təsirlənməsinə diqqət çəkib: "Epiqraflarından, hekayələrinin mövzularından modern, dilindən, bədii atmosferindən isə onun həm ənənəvi hekayəçi olduğunu görürük. Ona təsir edən xüsusi müəlliflər var, bu ziddiyyət ona görədir. Orxan dünya ədəbiyyatıyla dialoqda olan yazıçıdır. O, sevdiyi müəlliflərdən danışanda hiss olunur ki, təkcə analiz etmir, onlarla həmnəfəs olmağı bacarır".

Yazıçı Kəramət Böyükçöl Orxan Həsənini ilk kitabı münasibətilə təbrik edib: "Bizim mühitdə sona qədər yazıçı qalmaq çətindir, adam yorulur. Orxan tez yorulmasın. Yaradıcı kimi sonacan özünü qoruya bilsin. Mənim ona ümidlərim böyükdür".

Sonda hər kəsə təşəkkürünü bildirən müəllif kitablarını qonaqlar üçün imzalayıb.

 

MEHRİ

 

525-ci qəzet.- 2019.- 1 iyun.- S.12.