Qu quşu nəğməsi
Qu quşları oxuya bilmirlərmiş... Səssiz quş imiş Qu... Gözəllik səssiz olar da... Gözəllik qışqır-bağır salmaz ki. Arxayın olduğu üçün sakit durar, geriyə çəkilər, qaçar hər şeydən, hamıdan, hərdən dağ başına da qoyar özünü. Ordan, yuxarıdan baxar qarışqa kimi görünən yerə, yer cisimlərinə, yer canlılarına, ya da elə-belə yerlilərə... Ancaq özünəbənzər nə isə görəndə enər aşağılara. Bəs yuxarıdan çırpılmaq qorxusu varmı? Əlbəttə var, həmişə var... Amma hər şey ağılla idarə olunursa, qorxmağa dəyməz... Qu quşu təbiətdə "ağıl"la gözəlliyin vəhdətidir, məncə...
Ankaranın "Ququlu parkı"nda gördüyüm ağappaq Quları yada salıram. Səhər tezdən, gün çıxmamış bir cür görünürlər, günəşin şəfəqləri altında başqa təsir bağışlayırlar, axşam düşdükcə adama elə gəlir ki, yorulublar, bütün gün qanad çalıb yan-yövrədəkiləri heyran qoyan gözəllik ilahələri təkliyə, onlar üçün hazırlanmış evciklərinə çəkilirlər. Lap qadın xarakteridi, deyilmi? Ümumiyyətlə, yaşadıqca bütün ideyaların və böyük fəlsəfələrin sadəcə təbiətdən gəldiyini anlayırıq... Sadə birhüceyrəli amöbun yaşam "qanunundan" başlayır hər şey, ən qəliz canlıya, insana kimi davam edir və ardıcıllığa nəzər salıb görürsən ki, heç nə dəyişmir... Dişini cəlb etmək istəyən erkəyin oyunu ilə qalstukunu səliqəyə salan, pencəyinin düyməsini bağlayan, "sənin xoşuna gəlməyə çalışan" alicənab kişi arasında elə böyük fərq yoxdur. Hər kəs, hamı yaşamaq uğrunda mübarizə aparır, bacardığı kimi addımlayır arzularına doğru... Və əslində, hər qazanılan uğurun, çatılan arzunun sona yaxınlaşdırdığını da bilir...
Hə, Qu quşları ömürlərində bircə dəfə, lap axırda, ölümü hiss edəndə oxuyurlar... Elm bunun doğrudan da bir quş nəğməsi, yaxud ölümqabağı xaotik səs olduğunu ayırd edə bilməyib. Amma hər halda bu təkrarsız "ifa" təbiətin möcüzəsi sayılır. Şüursuz bir canlı ölümünü necə hiss edir, nədən bilir ki, bu, sondu?! Cavab vermək çətindir... Ancaq istənilən halda burda ilahi bir məqam var... Bəlkə ona görə də Qu quşu qədim yunan mifologiyasına görə, incəsənət Allahı Appolonun əsas köməkçisi sayılır. Homerin himnlərində Qu quşu Febin - Appalonun yanında təsvir olunur. Qədim təmsilçi Ezop da hələ eradan əvvəl yazırdı bunu - deyirlər qu quşları ölümdən qabaq oxuyurlar... Eyni ifadəni qədim yunan dramaturqu Esxil də istifadə edirdi, "Aqamemnon" faciəsində Kassandranın son sözləri bu cür təsvir olunur: "O, bir qu quşu kimi özünün gileyli ölüm mahnısını oxudu"...
Elm dəqiq cavab tapmayanda sənət qabağa düşür hər zaman... Və bəzən sənətin mülahizələri, şərhləri daha inandırıcı görünür. Ona görə də alman alimi Alfred Edmund Bremin elmi izahı elə sənət səviyyəsində "dəqiqdir": "Onların səsi gümüş zınqrovun zəngini xatırladır... Qu quşlarının ölümqabağı nəğməsi haqqında deyilənlər fərziyyə deyil. Bu, can verən quşun son nəfəsləridir, nəğmə kimi səslənir... Ölən Qu quşunu müğənni adlandırmaq olmaz, amma son nəfəsi melodikdir..."
Bu əvvəli-sonu bilinməyən izahı oxuduqca həyatın - təbiətin sənətə çevrilmə qanununa heyrət edirsən. Hələ eradan əvvəl sənətkar düşüncəsi, beyni belə iti işləyirmiş... Təbiətdə o qədər də yayğın olmayan, hər addımda rast gəlinməyən "hadisə" sənət priyomuna çevrilib. Həm də bir simvol kimi istifadə olunub... Ömrün ikinci yarısında (yumşaq desəm!) birdən üzə çıxan, yaxud fəvvarə vuran istedadın, qeyri-adiliyin simgəsidir "Qu quşu nəğməsi" ifadəsi. Və mən bu mənada iki böyük sənətkarı və onların əsərlərini xüsusi qeyd etmək istərdim... Sevimli Anton Pavloviç Çexovun "Qu quşu nəğməsi" pyesini və doğma Frans Şubertin "Qu quşu nəğməsi" silsiləsini... Əsrlərlə zaman və kilometrlərlə məsafə uzaqlığında olan sənətkarlar haqqında "sevimli", "doğma" sözləri yersiz görünür bəlkə. Amma nədirsə söhbət sənət adlı ərazidən, ümumi vətəndən gedəndə hamı yaxın, hər kəs doğma olur... Və bu ümumi vətənin sakinlərini əzizin, dostun, müasirin kimi hiss edirsən. Ona görə də hər iki sənətkarı həm də Qu quşunun nəğməsinə yanaşmalarına görə əziz bilirəm... Və hər ikisinin izləri var yolumda...
Qu quşu nəğməsinin sözlə ifadəsini, yaxud hadisə içərisində həllini tapmaq çətin olmayıb Çexov üçün. Ömrünü boşuna yaşayıb, sonuna yaxınlaşan yaşlı bir aktyorun benefisini keçiriblər. İndi xoşbəxtdir, qanad açıb və sevincini bölüşür... Pyesi oxuyanda adama elə gəlir ki, bu, sadəcə lətifədir. Amma söz-söz dərininə getdikcə hər şey aydın olur... Bir anlıq fikirləşirəm əslində hər bir sənət hadisəsi "Qu quşu nəğməsi" deyilmi?! Yəni yaşaya-yaşaya yaratsan belə o dünyanı gedib görüb qayıtmasan olmur axı... Və hər dəfə sənət növbəti "sifarişini" verəndə tabutun açılmış qapağını da görürsən... Bəlkə ona görə yaradıcılıq əzabı qorxuludu, sonra yenidən həyata qayıtmaq çətin olduğu üçün. Əlbəttə söhbət əsl sənətdən, yaratdığı ilə nəfəs alan sənətkardan gedir...
Bəs həyatda? İnsanın "Qu quşu nəğməsi" hansı anı, hansı hissidir, görəsən?! Ölümqabağı "sağalan", "gözəlləşən", "cavanlaşan", "üzünə nur gələn" adamları çox görüb dünya... Adi məişət müzakirələrində də, tibbi müayinələrin nəticələrində də belə mülahizələrə rast gələ bilərik... "Elə yaxşı olmuşdu ki", "Elə gözəlləşmişdi ki", "xəstəliyi sağalmışdı elə bil" və s... Əslində isə insan sona yaxınlaşdıqca axırıncı gücünü, qüvvəsini toparlayır, özünü qızırğanmadan sərf edir zamana, yaxud hər anın qədrini bilməyi öyrənir, gec də olsa... Bu mənada Şubertin "Qu quşu nəğməsi" silsiləsi daha çoxqatlıdır, bütöv bir ömrü keçirir göz önündən. Bəstəkar ömrünün sonuna doğru 14 mahnı yazır. Daha dəqiq desəm, cəmisi 3 ay ərzində bəstələyir və ölümünə bircə ay qalmış tamamlayır bu silsiləni... Bunlar L.Relştab, H.Heyne və İ.Zeydlın sözlərinə bəstələnmiş mahnılardır. Bəstəkarın ölümündən sonra dostları bu mahnıları bir yerə toplayıb, albom edirlər... Ümumi həcmi təxminən əlli dəqiqə olan albomdakı hər mahnı müxtəlif ovqatları, hissləri ifadə edir. Ardıcıl dinlədikcə düşünürəm, görəsən, bəstəkar məhz "SON" ovqatında yazıb bunları... Və hər melodiyadan yağan "həyat", "işıq" bunun əksini göstərir... "Sevgi nəğməsi", "Baharın arzusu", "Onun porteti", "Şəhər", "Dəniz kənarında", "Göyərçin poçtası", "Serenada", "Vida" və s. Bunlar mahnıların adlarıdır... Təkcə melodiyalarda yox, elə adlarda da hüzün, kədər duyulur... Amma həm də ümid... Bilmirəm, bəlkə o dünyaya inam da elə bu cür ümiddir. Və yaşadığın hər an, hər dəqiqə nəğmə oxumaq həvəsi də buna bənzəyir... Müsəlmanların ölümqabağı dua oxumasına...
Şubertin
mahnılarını yozmağa
çalışdıqca, bir daha əmin oluram ki, sənət sözü,
musiqisi, rəngləri və səsləriylə
bütöv bir
varlıq, məhfumdur... Və elə həyat da
ondan ayrı, ondan kənarda
deyil. Daha doğrusu, bunlar vəhdət
təşkil edəndə hər şey
gözəl olur, dahiyanə olur... Yəqin elə Qu
quşları da ömrün
sonuna yaxın bu
qarışıq ovqatı hiss edirlər.
Hər halda bütün
anlarını sonuncu kimi
yaşamaq və hər növbəti əsərini
"Qu quşu nəğməsi"
bilməkdir vacib olan...
PƏRVİN
525-ci qəzet.- 2019.- 1 iyun.- S.15.