Sabir irsinin və milli poeziyanın daha bir təntənəsi  

 

 

 

Ənənəni yaşadanlara salam olsun!..

Gözəl ənənəni davam etdirmək, davam etdirə bilmək özü yaxşı əməllərdən biri hesab olunur. Özündən əvvəlkilərin açdığı yolla inamla addımlaya bilirsənsə, səndən sonrakılar da o inamdan, o yoldan örnək götürüb səni izləyəcəklər. Görünməz zəncirvari tellərlə bir-birinə bağlı olan bu duruma bəzən "vəfa" deyirik.

Bakıdan Şamaxıya gedərkən arxaya qaçan ağaclar, binalar, tikililər, maşınlar bu fikirlərimlə bir ahəng, qəribə bir harmoniya təşkil edir sanki. "Sabir poeziya günləri"nə gedirik. Bütün bu fikirlər də elə bu günlərin tarixini xatırlarkən yaranır.

İlk dəfə 1962-ci ildə Xalq şairi Rəsul Rzanın təşəbbüsü və təşkilatçılığı ilə yaranan bu ədəbiyyat bayramı artıq 57 ildir ki, hər il keçirilir. Rəsul Rza ömrünün sonunacan - 1981-ci ilə qədər tədbirin təşkilat komitəsinə rəhbərlik edib. Sonralar bu vəzifəni Abbas Zamanov, Qabil və Fikrət Sadıq kimi görkəmli alim və şairlərimiz daşıyıblar. Artıq bir neçə ildir ki, bu nəcib ənənəni şair, yazıçı Əjdər Ol davam etdirir. Ənənəvi olaraq Şamaxıda, Sabirin dünyaya göz açdığı şairlər vətənində baş tutan tədbir müxtəlif illərdə ayrı-ayrı bölgələrimizdə də keçirilib. Bu il isə mayın 30-u Şamaxıda, 31-i Bakıda keçirildi.

Bakıdakı Sabir heykəlinin önünə çiçəklər qoyub şairi ehtiramla yad edəndən sonra tanınmış söz adamlarından ibarət qrupumuz Şamaxıya yol aldı. Əjdər müəllimin Azərbaycan ədəbiyyatı, xüsusən, Sabir yaradıcılığını çox gözəl bildiyini bilsəm də, bu səfərdə canlı şahidi oldum. Deməyi unutdum, bu, mənim "Sabir poeziya günləri"nə ilk səfərim idi.

Qələm, söz adamlarıyla uzaq səfərə çıxmaq hər zaman maraqlı olub. Ona görə də yoldakı adda-budda söhbətlər diqqətimdən qaçmadı.

Tənqidçi Əsəd Cahangirlə şair İlham Qəhrəman söhbət edirlər. Deyəsən, söhbətləri yaxşı yazan və yaza bilməyən qələm əhlindəndir. Birdən Əsəd müəllimin sözləri diqqətimi çəkir: "Bir məqalə yazacam. Adını da qoyacam "Sözfəaliyyət". Biri var "özfəaliyyət" - nəyləsə həvəskar məşğul olmaq. Bu da olsun Sözfəaliyyət. Yəni həvəskar poeziya”.

Adilə Nəzərlə Qəşəm Nəcəfzadə isə Qəşəm müəllimin silsilə şəklində davam edən 60 illik yubiley tədbirlərindən danışırlar. Adilə xanım deyir: "Qəşəm müəllim, axır ki, tədbirlərin ümumi formatını siz pozdunuz". Qəşəm müəllim isə tədbirlərinin hansındasa yaranan narazılığından alovlu-alovlu danışır, gələcəkdəkilərin daha da fərqli olacağını deyir. Amma Adilə xanım Mahnı Teatrındakı tədbiri deyəsən, çox bəyənib: "Tədbirlərinizin ikisi də çox yaxşı idi. Mahnı teatrındakı tədbirdə səhnəciklər çox maraqlı idi. İnsan durub getmək istəmirdi".

Şamaxıda ilk dayanacağımız Ulu Öndər Heydər Əliyevin abidəsinin önü olur. Orada bizi rayon ziyalıları, icra hakimiyyəti nümayəndələri və qucaqlarındakı gül-çiçəklə məktəbli qızlar qarşılayırlar. Bəzisi məktəb formasında olan, üz-gözlərindən sevinc, fərəh yağan bu qızları görəndə ağlıma yenə də ilk gələn Sabirin satiraları oldu. Bütün yaradıcılığı boyunca uşaqların, xüsusən qızların təhsil almasının önəmini dönə-dönə qeyd edən, savadsızlığı, cahilliyi kəskin dillə qələmə alan şair, görəsən, bu gün vətəninin balalarının yaşadığı azad cəmiyyətdən, aldığı təhsildən xəbərdardırmı? Axı bütün ömrü boyu məhz bunu arzulamışdı. Onun şərəfinə keçirilən poeziya bayramında məktəbli qızların sevincini görürmü? Ya da bu gözəl qızlar bugünkü günlərində ölməz şairin rolunu bilirlərmi? Görünən odur ki, bilir və çox böyük sevgiylə, sayğıyla, minnətdarlıqla yad edirlər...

Böyük şairlərin hüzurunda

Sonrakı dayanacağımız böyük şairin məzarıdır. Onun uyuduğu torpağı görmək həm həyəcanlandırır, həm də sevindirir. Məzarı başında Əjdər Ol Sabirdən danışır, ənənəvi poeziya günlərinin əhəmiyyətini vurğulayır. Onun başladığı "Neylərdin, İlahi?!" şeirini Əməkdar artist Ağalar Bayramov davam etdirir:

Daş qəlbli insanları neylərdin, ilahi?

Bizdə bu soyuq qanları neylərdin, ilahi?!

Yenə də gözüm şairin məzarı başında Ağalar müəllimlə birgə onun şeirini dillərinin altında səssiz söyləyən məktəbli qızlara sataşır. Sabir biz qızları məhz bu cür görmək üçün nələrindən keçmədi ki...

Şairlə vidalaşıb növbəti ünvana yol alırıq. Bu dəfə onun müəllimi, ustadı Seyid Əzim Şirvanini yad edirik. Hələ oraya çatmadan Sabirin Seyidə olan sevgisini xatırlayıram. Həm həyatında, həm də yaradıcılığında bu sevgini, sayğını görməmək mümkün deyil. Dərman almağa pul tapmayanda bütün kitablarını satdığa qoyan xəstə yatağındakı Sabir bircə ustadı Seyid Əzimin bağışladığı Nizami "Xəmsə"sini saxlayıb: "Sabir dərmansız yaşayar, amma Nizamisiz əsla yaşaya bilməz" - deməmişdimi?

Burada da Əjdər Ol Seyid Əzim Şirvanidən bir qəzəl oxuyur. A.Bayramov isə Seyid Əzimə xor baxan tələbəsinə verdiyi cavabını xatırlayır. Düşünürəm, bir müəllimin Sabir kimi də tələbəsi ola bilir, belə də...

Şeir nəfəsli gecə...

"Sabir poeziya günləri"nin əsas tədbiri Şamaxının Mədəniyyət Sarayındadır. Tədbiri Əjdər Ol aparır. Sabirin "Hürriyyət olan yerdə insanlıq olur" fikrini xatırladan şair, onun ən böyük arzusunun məhz azadlıq olduğunu vurğuladı. Əjdər Olun qısa, amma səlis çıxışında bir fikir diqqətimi daha çox çəkdi: "Sabir Şamaxı kimi kiçik bir şəhərdə oturub dünyanı seyr edirdi".

Əjdər müəllim hər çıxışdan sonra Sabirin poeziyasından nümunələr səsləndirir. Hər nümunə təkrar-təkrar bizi düşüncələrə qərq edir.

Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun Sabir şəxsiyyəti, Sabir poeziyası haqqında əhatəli çıxışı hər birimizin diqqətini çəkdi. Bu, rayon başçısının sənətkarın irsinə yüksək ehtiramının nümunəsi idi: "Mirzə Ələkbər Sabir Azərbaycan poeziyasında öz dəsti-xətti ilə seçilən şairdir. Bir yaradıcılıq o zaman diqqətəlayiq hesab olunur ki, onun özünəməxsusluğu var. Sabir poeziyasının öz xarakteri var. O, özündən sonra məktəb yaratmış sənətkardır. Sabir yaradıcılığının əsas ana xəttini vətənpərvərlik, təhsil, maarifçilik ideyaları təşkil edir. Cəmiyyətdə, həyatımızda elə bir məqam yoxdur ki, Sabir öz qələmiylə oraya işıq salmasın. Sabir poeziyasında böyük müsbət əhval-ruhiyyə var. Ən kəskin tənqidlə yüklənmiş şeirlərində belə hardasa insanın üzündə təbəssüm yaradan məqamlara rast gəlirik".

Çıxışının sonunda artıq uzun illərdən bəri keçirilən bu və bunun kimi tədbirlərin davamlılığında dövlət dəstəyinin xüsusi rolu olduğunu qeyd edən başçı, ölkəmizdə yaradıcı insanlar üçün əlverişli mühit formalaşması naminə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın zəhmətini, diqqət və qayğısını xüsusi vurğuladı.

Bu günü Azərbaycan mədəniyyətinin bayramı adlandıran şair Vaqif Bəhmənli Sabir haqqında fikirlərini bölüşdü. Onun öz yaradıcılığından səsləndirdiyi "Telefon" və "Nə yazardı Füzuli?!" şeirlərində də Sabir nəfəsi, Sabir havası duyulurdu.

Tənqidçi Əsəd Cahangir dedi ki, Sabir dünya şairi idi, Azərbaycan poeziyası onun şeirləri ilə dünyanı fəht etmişdi". "Sabir" sözünün Allahın adlarından biri olan "Səbr"dən gəldiyini deyən tənqidçi "Azərbaycan bədii düşüncəsinin səbri və səbrsizliyi" adlandırdığı şairin bu poeziyanı Allaha yaxınlaşdırdığı fikrini irəli sürdü. Sübut kimi isə onun Allaha xitabən yazdığı şeirlərindən danışdı.

Sonra söz Bakıdan, Azərbaycanın müxtəlif bölgələrindən və Türkiyədən "Sabir poeziya günləri"nə qatılan qonaq şairlərə verildi. Qəşəm Nəcəfzadə, Adilə Nəzər, Vaqif Aslan, Tofiq Nurəli, İnqilab İsaq, İlham Qəhrəman, Elman Səmədoğlu, Sərbaz Əsgərov, Ağaxan Azad və başqaları öz şeirlərini səsləndirdilər.

Türkiyəli naşir, şair Şərəf Yılmaz isə həm Türkiyədə Sabir poeziyasının tanınmağından, həm də Sabir dəsti-xəttinə yaxın türk şairlərindən danışdı. Ziya Paşa, Namiq Kamal, Tofiq Fikrət, Əşrəf, Mehmet Akif, Neyzen Tefik kimi şairlərin yaradıcılıqlarından gətirdikləri misallar Türkiyədə həcv janrının Sabir yaradıcılığından fərqli olaraq, satirayla deyil, birbaşa tənqidin ifadəçisi olduğunu sübut elədi.

Qonaq, həmçinin, Türkiyənin məşhur ədəbiyyat jurnallarından olan "Temrin"in Sabir haqqındakı xüsusi sayını təqdim etdi.

Əməkdar artist Ehtiram Hüseynov, xanəndə Habil Şıxəliyev və aşıq Ağamuradın ifaları gecəyə xüsusi rəng verdi.

Vətən haqqında düşüncələr

Gecənin diqqətəlayiq məqamlarından biri Ağalar Bayramovun, müasir dillə desək, performansı oldu. Vətənimizin dərdlərini, sağalmayan yaralarını, düşmən tapdağında inləyən Qarabağını Sabirin, Xalq şairi Fikrət Qocanın və Əjdər Olun şeirləri ilə yad edən Əməkdar artist sanki bu dərdlərə ağı deyirdi. Ağalar müəllimin 12 dəqiqəlik "Vətən haqqında düşüncələr"i Əjdər Olun "Ölmədim, ağ gününü gördüm, Azərbaycanım!" nidaları ilə tamamlandı.

Qalibiyyət günümüz qarşıdadır,

mən görürəm.

Sevgilimtək qoluna girdim,

Azərbaycanım!

Ölmədim, ağ gününü gördüm,

Azərbaycanım!

Sabirin arzuladığı, həsrətində olduğu, uğrunda çarpışdığı o ağ günləri özündən sonrakı davamçıları, həmkarları gördü... görürük...

Sona doğru...

Son söz böyük şairin nəvəsi, Sabir fondunun rəhbəri Sevda Tahirliyə verildi. Sabirin xatirəsinə, irsinə göstərilən bu böyük sevgiyə, diqqətə görə dövlət rəhbərliyinə, Şamaxı ictimaiyyətinə, ədəbiyyat sevdalılarına təşəkkür edən S.Tahirli bu gün bir daha onun kimi şəxsiyyətin nəvəsi olmağı, onun irsinin davamçısı olmağı ilə fəxr etdiyini vurğuladı. Sabir Fondunun və Sabirin ev muzeyinin yeniliklərindən danışdı. "Sabir heç zaman ikimərtəbəli evdə yaşamayıb, onun evi də kasıb idi" - deyən Sevda xanım böyük satira ustasının ev muzeyinin yenidən qurulduğunu da nəzərə çatdırdı.

Sanki qələm sahiblərinin, şairlərin, yazıçıların taleyinə yazılıb kasıblıq, kiçik komalarda həyat mübarizəsi aparmaq. Sabir də onlardan biri... Dərdmi insanları şair edir, şairlərmi dərdlərini gözəl yazırlar?

Sabir nurunun Bakıya düşən payı

Səfərimizin səhəri günü - mayın 31-də böyük şairi Bakıda, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında yad etdik. "Sabir poeziya günləri"nin yekun tədbirində tanınmış qələm adamları, Sabirsevərlər toplaşmışdı. Əjdər Olun aparıcılığı ilə keçirilən tədbirdə hər kəs Sabiri ehtiramla yad edir, haqqında ən gözəl sözləri tapıb söyləmək üçün sanki bir-birləriylə yarışırdılar. Qazanan isə ədəbiyyat oldu, ədəbiyyatsevərlər oldu.

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 1 iyun.- S.14.