Afaq Məsud Vladimir Poznerə məktub ünvanlayıb

 

 

Tanınmış Azərbaycan yazıçısı Afaq Məsud, Ermənistan İctimai Televiziyasında azərbaycanlılarla bağlı səsləndirdiyi fikirlərə görə Rusiya teleaparıcısı Vladimir Poznerə məktub ünvanlayıb.

Rusiyanın I Kanalında yayımlanan "Pozner" verlişinin müəllifi Vladimir Poznerə

Vladimir Vladimiroviç,

Azərbaycanın qədim, əzəli torpağı olan Qarabağa getmək arzunuzu qəlbinizin hər zaman ermənilərlə bir olduğunu bildirdiyiniz çıxışınızla təsadüfən bu yaxınlarda sosial şəbəkədə tanış oldum.

Mətləbə keçməzdən əvvəl istəyirəm biləsiniz ki, siz hər zaman Azərbaycanda istedadlı teleaparıcı, fərqli düşüncə sahibi kimi tanınmısınız, analitik təhlil qabiliyyətiniz, hadisə situasiyalara təfsilatlı, dərin ədalətli yanaşma tərzinizlə hər zaman azərbaycanlılar tərəfindən sevilmisiniz. Səhv etmirəmsə, sizin Azərbaycan azərbaycanlılarla bağlı elə bir probleminiz olmayıb. Lakin son günlər sosial şəbəkələrdə, az qala, Azərbaycan üzərində qələbə kimi yayımlanan "azərbaycanlıların qara siyahısı"na düşməklə bağlı sərgilədiyiniz acı ironiyanızın nədən qaynaqlandığı barədə xeyli düşünsəm , bir şey anlaya bilmədim. Qəlbinizin ermənilərlə bir olduğunu uşaq cığallığıyla bəyan etməyinizin səbəbi mənə qaranlıq qaldı. Bu, heç həmin o "fərqli düşüncə", "dərin ədalətli yanaşma tərzi" sahibi olan Poznerin məntiqi, danışıq mədəniyyəti deyil. Sizcə, bununla azərbaycanlıları pərtmi etdiniz? Yoxsa onları qəlbinizin ermənilərlə bir olması xəbəri ilə sarsıtdınız?

Sizi qınamıram, olsun ki, Qarabağın tarixi, mövcud qədim xəritələr, beynəlxalq ictimaiyyət tərəfindən qəbul təsdiq olunmuş yüzlərlə sənəd, fakt sübutlarla maraqlanmağa, bu məsələni araşdırmağa vaxtınız, ya həvəsiniz olmayıb. Həm zaman sürətlənib, işləriniz çoxalıb, Ermənistanda kitabınız nəşr olunub, təbrik edirəm. Amma bütün bunlar, dünyaca məşhur teleaparıcı, yaxud yazıçı olmanız, daha hansısa məziyyətləriniz heç bütöv bir xalqın sağalmaz yarası, dərdi olan ağrılı, taleyüklü məsələ ilə bağlı bu qədər səthi, qeri-ciddi münasibət sərgiləməyə, üstəlik, insan vətəndaş haqları kobudcasına pozulmuş, getmək arzusunda olduğunuz torpaqlarında, həmin o Qarabağda minlərlə soydaşı - qadınlar, körpələr, qocalar amansızcasına qətlə yetirilmiş, bu gün o torpaqda təhqir işgəncələr dolu əsirlik həyatını yaşamağa davam edən azərbaycanlılara iztehza bildirmənizə əsas vermir. Qəlbinizin kimlərlə bir olub-olmaması azərbaycanlıların qəlbində, Qarabağ Həqiqəti məsələsində heç bir əhəmiyyət kəsb etmir, bilin.

Təəccüblü deyil, son illərin mistik zaman axını bəşəriyyəti, insanlığı içi süd dolu nəhəng çəni çalxalayantək çalxalamaqda, yağı yağa, qaymağı qaymağa ayırmaqda, bulanıq suyunu dibə çökdürməkdədir. Bu illər ərzində sizli-bizli qədər işıqlı ziyalının, ədalət vicdan sahibinin həmin o bulanıq çöküntüyə qərq olub həyatın dibinə yuvarlandığının şahidi oluruq. Bu, bizi həm heyrətləndirir, həm kədərləndirir. İstedad, ədalət vicdan sahibi olanların, ziyalıların, qələm sənət adamlarının həyatın hansı döngəsindəsə sınıb, xırdalanıb sağ ikən yoxa çıxması, sosial-siyasi, maddiyyat məngənəsində əriyib-itməsi acı kədərdən savayı ayrı bir hiss doğurmur.

Özünüzü qoruyun, cənab Pozner, zaman haqsızları bağışlamır.      

 

Afaq MƏSUD

Azərbaycan yazıçısı

 

525-ci qəzet.- 2019.- 1 iyun.- S.7.