Su təsərrüfatı
işçiləri sosial siyasətə mühüm töhfələr verirlər
Son illər ölkəmizdə
içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması sahəsində
həyata keçirilən
çoxsaylı layihələr
şəhər və
rayon mərkəzlərində, həmçinin, içməli
sudan əziyyət
çəkən kənd
və qəsəbələrdə
həyatın canlanmasına,
vətəndaşların sağlamlığının
qorunmasına və əhalinin sosial rifahının yüksəldilməsinə
zəmin yaradır.
Bu barədə "Azərsu"
Açıq Səhmdar
Cəmiyyətindən məlumat
verilib.
Bildirilib ki, bu sahədə
reallaşdırılan layihələr
müstəqil Azərbaycanda
həyata keçirilən
uğurlu sosial siyasətin prioritet istiqaməti kimi getdikcə daha çox aktuallıq kəsb edir. Təbiətin
bəxş etdiyi əvəzsiz nemətlərdən
sayılan sudan
səmərəli istifadə
məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda tarixin bütün dövrlərində aktual
olub. Orta əsrlərə aid mənbələrdə Azərbaycanın
bəzi yaşayış
məntəqələrində su təchizatı sistemlərinin yaradılması
barədə faktlar mövcuddur. Su təchizatı tariximizin ilkin inkişaf dövrü 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə təsadüf
edir. Təxminən bir əsr əvvəl Şollar-Bakı
su təchizatı qurğuları istismara verilib. Xaçmaz rayonunun ərazisindən Abşeron yarımadasına
187,5 km uzunluğunda kəmər çəkilib,
Bakı şəhərində
ilk dəfə mərkəzləşmiş
içməli su şəbəkəsi yaradılıb.
Bu sahədə qazanılmış təcrübədən
istifadə edilməklə
Xaçmazdan Bakıya
çəkilmiş 2-ci kəmər
1958-ci ildə istismara
verilib. Abşeron yarımadasında sənayenin sürətli inkişafı və əhalinin artımı nəticəsində içməli
suya artan tələbatı ödəmək
üçün 1961-ci ildə
Ceyranbatan Sutəmizləyici
Qurğuları işə
salınıb.
Qeyd olunub ki, Azərbaycanın içməli su və kanalizasiya sektorunun sürətli inkişafı böyük
dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü və birbaşa rəhbərliyi ilə
1970-71-ci illərdə Kür
Sutəmizləyici Qurğular
Kompleksi yaradılıb,
burada emal olunan suyun Abşeron
yarımadasına nəqli
üçün magistral
kəmərlər çəkilib.
Bu layihə paytaxta
yeni həyat gətirib.
1970-80-ci illərdə Heydər Əliyevin birbaşa nəzarəti altında Bakı şəhərinin tullantı
su infrastrukturunun inkişafını nəzərdə
tutan "Böyük
kanalizasiya" layihəsi
reallaşdırılıb. Həmin
dövrdə Hövsan
Aerasiya Stansiyası, eləcə də "Sənaye zonası",
"Şəhərkənarı" və "Sahil" kollektorları, Zığ
kanalizasiya nasos stansiyası inşa edilib.
Azərbaycanın əksər rayon mərkəzlərində
mərkəzləşdirilmiş içməli su və kanalizasiya sistemlərinin yaradılması
da ötən əsrin 70-80-ci illərinə
təsadüf edir. Həmin dövrdə
bölgələrdə yeni
su mənbələri
yaradılıb, sugötürücü
və sutəmizləyici
qurğular, su anbarları, nasos stansiyaları, magistral kəmərlər və paylayıcı şəbəkələr
tikilib. Bu işlər bəzi yaşayış məntəqələrinin
şəhər kimi formalaşmasında mühüm
rol oynayıb.
Həmçinin bildirilib ki, müstəqilliyin ilk illərində
də paytaxt Bakının keyfiyyətli
və dayanıqlı
içməli su təchizatı diqqətdə
saxlanılıb. Ölkədə
siyasi sabitlik bərqərar olunduqdan sonra Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı "Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi"nə 88,7 milyon dollar güzəştli
kredit ayırıb. Bu vəsait hesabına
1998-2002-ci illərdə Kür
və Ceyranbatan sutəmizləyici qurğularında,
250-dən artıq məhəllədaxili
nasos stansiyasında əsaslı yenidənqurma
işləri aparılıb,
su təsərrüfatının
maddi-texniki bazası gücləndirilib.
Vurğulanıb ki, 2003-cü ilin oktyabrından Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin həyatında
yeni inkişaf mərhələsi başlayıb. Heydər Əliyevin
memarı olduğu sosial-iqtisadi inkişaf strategiyasını uğurla
davam etdirən Prezident İlham Əliyev insan sağlamlığının qorunmasını
dövlətin sosial siyasətinin prioriteti kimi müəyyənləşdirib.
Su kimi müqəddəs
nemətin qorunması,
onun keyfiyyətinin təmin olunması, gələcək nəsillər
üçün etibarlı
mənbələrin formalaşdırılması
dövlət proqramlarında
xüsusi qeyd olunub. Əhalinin içməli su
təminatının və
kanalizasiya xidmətlərindən
istifadəsinin yaxşılaşdırılması
məqsədilə bu
sektorda struktur islahatlarına başlanılıb.
Dövlət başçısının
"Su təchizatı sahəsində
idarəetmənin təkmilləşdirilməsi
haqqında" 11 iyun
2004-cü il tarixli sərəncamına
əsasən, "Azərsu"
Açıq Səhmdar
Cəmiyyəti yaradılıb.
Qeyd olunub ki, sonrakı mərhələdə Oğuz-Qəbələ-Bakı su kəmərinin və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istismara verilməsi Kür sutəmizləyici qurğularında emal olunan və Bakıya ötürülən suyun bir hissəsinin içməli su problemi ilə üzləşən Aran bölgəsinin ehtiyaclarının ödənilməsinə yönəltməyə imkan yaradıb. Qurğuda emal olunan suyun ətraf rayonlara verilməsi məqsədilə Şirvan-Muğan və Sabirabad-Saatlı qrup su kəmərləri istismara verilib. Bununla da Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, Saatlı və Sabirabad şəhərləri, həmçinin, kəmərlərin marşrutu boyu 30-dan artıq kənd keyfiyyətli içməli su ilə təmin olunub. Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatı məqsədilə Girdmançayın yatağında məhsuldarlığı saniyədə 450 litr olan Külüllü su mənbəyi yaradılıb və anbar kompleksi tikilib. Buradan Zərdab, Ucar, Kürdəmir və Ağsu şəhərlərinə 182 km uzunluğunda 4 magistral kəmər çəkilib. Hazırda bu şəhərlər və magistral kəmərlərin yaxınlığında yerləşən 50-dən artıq kənd Külüllü mənbəyi hesabına keyfiyyətli içməli su ilə təchiz olunur. Bundan başqa, Lənkəran və Astara şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Xanbulançay su anbarının imkanlarından istifadə etməklə yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 30 min kubmetr olan sutəmizləyici qurğular kompleksi inşa edilib. Buradan Lənkəran şəhərinə 12 km, Astara şəhərinə isə 25 km uzunluğunda magistral su kəmərləri çəkilib.
Bölgələrdə yaşayan əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Mingəçevir, Quba, Qobustan və Ağstafa sutəmizləyici qurğuları da istismara verilib.
Regionlarda tikilən ən böyük sutəmizləyici qurğu olan Şəmkirçay sutəmizləyici qurğusu Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndlərdə 300 mindən artıq insanın keyfiyyətli və fasiləsiz içməli su təminatına hesablanıb. Məhsuldarlığı sutkada 140 min kubmetr olan bu qurğudan Gəncə şəhərinə 27 km, Şəmkir şəhərinə isə 16,5 km uzunluğunda magistral su kəməri çəkilib.
Ötən dövrdə əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə Qusar, Şamaxı, Şəmkir, Xaçmazda horizontal sugötürücü qurğular, Qax, Gədəbəy, Daşkəsən, Xızı, Oğuz rayonlarında kaptaj qurğuları yaradılıb. Ümumilikdə son illər yaradılmış və məhsuldarlığı saniyədə 18,5 kubmetr olan 39 yeni içməli su mənbəyi Azərbaycan vətəndaşlarının sağlamlığına və sosial rifahının yüksəlməsinə hesablanmış uğurlu layihələrdir.
Bildirilib ki, ölkə rəhbərliyi su təsərrüfatı işçilərinin əməyini hər zaman yüksək qiymətləndirib. "Azərsu" əməkdaşlarının fəxri ad və medallarla təltif olunması, icrasına başlanan və istismara verilən bir çox layihələrin təməl və açılış mərasimlərində Prezident İlham Əliyevin şəxsən iştirakı, 14 may 2014-cü ildə imzalanmış sərəncamla iyun ayının 5-nin "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramının təsis edilməsi bunun bariz nümunəsidir.
Sonda əlavə edilib ki, "Azərsu"nun çoxminli kollektivi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəlməsinə hesablanmış içməli su və kanalizasiya layihələrinin vaxtında və keyfiyyətlə icrası məqsədilə bundan sonra da var qüvvəsi ilə çalışacaq. Su təsərrüfatı işçiləri istehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması, bu xidmətlərdən daha çox insanın yararlanması ilə bağlı layihələrin icrasını davam etdirməklə Azərbaycanda həyata keçirilən sosial siyasətə öz töhfəsini verəcəklər.
C.ABASOV
525-ci qəzet.- 2019.- 1 iyun.- S.9.