Naxçıvan
Muxtar Respublikasının qurucularından biri - Mirzə Vahab Həsənzadə
GÖRKƏMLİ
SİYASİ XADİM, PEDAQOQ, POLİQLOT VƏ
ENSİKLOPEDİK BİLİYƏ MALİK ALİM HAQQINDA
QEYDLƏR
XX əsrdə Naxçıvanın muxtariyyət əldə
etməsi bir çox tarixi mərhələlərdən
keçib.
Çar hökumətinin 10 aprel 1840-cı il
islahatına əsasən, 1841-ci il yanvarın 1-də
Gürcüstan-İmeretiya quberniyasının tərkibində
Naxçıvan qəzası yaradılmışdı.
Mərkəzi
Naxçıvan şəhəri olan Naxçıvan qəzası
1920-ci ildə yaradılmış Naxçıvan Sovet
Sosialist Respublikasının, 1923-cü il fevralın 27-dən
Naxçıvan ölkəsinin (diyarının), 1924-cü
ildən isə Naxçıvan MSSR-in tərkibinə daxil olub
və 1929-cu ildə ləğv edilib. Muxtariyyətin
qazanılması ərəfəsində və
qazanıldığı dövrdə naxçıvanlılar
hər sahədə ciddi mübarizə aparıblar. Belə ki, 1918-ci illərdə azğın
düşmənlə - erməni daşnakları ilə qəhrəmanlıqla
döyüşən naxçıvanlılar, sonralar bir
çox sahələrdə, o cümlədən,
maarifçiliklə, yeni məktəblərin
yaradılmasında ciddi fəaliyyət göstəriblər.
Naxçıvanı Azərbaycanın
ayrılmaz tərkib hissəsi kimi qoruyan
naxçıvanlılar, sonralar Naxçıvan Muxtar
Respublikasının yaradılmasında da var qüvvələri
ilə çalışıblar. Belə unudulmaz şəxsiyyətlərdən
biri də görkəmli siyasi xadim və ensiklopedik alim Mirzə
Vahab Həsənzadədir. O, 1919-cu ildən 1934-cü ilədək
Naxçıvanın siyasi, iqtisadi və mədəni həyatında
fəal iştirak edib. Əvvəlcədən qeyd edək ki,
Mirzə Vahab Həsənzadə haqqında onun oğlu,
filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami
adına Ədəbiyyat
İnstitutunun aparıcı elmi işçisi mərhum
Turan Həsənzadə, tədqiqatçı
alimlər F.Xəlilov və T. Kərimova yazmışlar. Aparılan
araşdırmalar göstərir ki, M.V.Həsənzadənin həyatı
və fəaliyyətinin açılmamış səhifələri var. Azərbaycanın
dövlətçilik tarixində və elmində
böyük xidmətləri olan M.V.Həsənzadə az qala
unudulub. Müasir gəncliyin çox az
tanıdığı vətənpərvər, ensiklopedik biliyə malik alim
unudulmağa layiq deyil. Buna görə də əsas
məqsədimiz onun həyatını və fəaliyyətini
hərtərəfli araşdırmaqdır. Azərbaycanın dövlətçiliyi tarixində
onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın
xüsusi yeri vardır. Çünki çox mürəkkəb
və ziddiyyətli olan 1918-1920-ci illərdə naxçıvanlılar
müstəqillik uğrunda qan və can bahasına mübarizə
aparıb, həmçinin, yadelli işğalçılara
qarşı qəhrəmanlıqla vuruşublar. Zəfərlərlə dolu Azərbaycan tarixinin
parlaq səhifəsini yaradıblar.
1918-1920-ci illərdə erməni daşnakları ilə
vuruşan və sonralar Naxçıvan Muxtar
Respublikasının yaradılmasında fəal iştirak edən
Mirzə Vahab Həsənzadə Salman oğlu 1890-cı ildə
Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olub. Qeyd edək
ki, Yuxarı Əylis Azərbaycanda yaşayış məntəqəsi
olmaqla, sənətkarlıq və ticarət mərkəzi kimi
orta əsrlərdə məşhurlaşıb. Yuxarı Əylis kəndi sanki orta əsrlərə
aid bir maraqlı tarixi abidələr muzeyidir. O, Arazın
sol qolu olan Əylis çayının hər iki sahilində əzəmətli
qayalıqlar içərisində yerləşir. Əylis çayı Zəngəzur silsiləsindən
(3100 m) başlanan Vardanaxdərə və Dabaxlıdərə
çaylarının birləşməsindən əmələ
gəlir. Əsasən ipək ticarəti
ilə məşğul olan Yuxarı Əylis tacirləri bir
çox Şərq və Avropa ölkələri ilə ticarət
edirdilər. Tarixi mənbələr təsdiq
edir ki, 1752-ci ilədək Əylis adlı şəhər
olub. Lakin XVII-XVIII əsrlərdə
baş vermiş Səfəvi-Osmanlı müharibələri
nəticəsində Əylis dağıdılmış, XIX əsrin
sonlarında isə Yuxarı və Aşağı Əylis kəndlərinə
ayrılmışdı. Mirzə Vahabın atası
Salman kişi Yuxarı Əylisin çox
bacarıqlı boyaqçılarından olub. Maraqlıdır
ki, Həsənzadələrin ailələri Şəkiyə
köçüblər, oradakı məktəbin də
adı "boyaq" mənasını verən ərəbcə
"sibqət" sözündəndir. Şəki
də öz ipəyi ilə məşhur olduğundan orada belə
bir adda məktəb fəaliyyət göstərmişdi.
Mirzə Vahab Həsənzadə ilk təhsilini
Yuxarı Əylis kəndində almışdı. Amma
sonralar, daha doğrusu, 1905-ci ildə Atası Salman və anası Zöhrə
ilə birlikdə Şəki şəhərinə
köçüb. O, 1905-1907-ci illərdə Şəkidəki
"Sibqət" məktəbində oxumaqla bərabər, həm
də Şəki mədrəsəsində ərəb dilini
öyrənib. "Sibqət" məktəbini
bitirdikdən sonra təhsilini davam etdirmək üçün
Gəncə şəhərindəki ruhani seminariyasına
daxil olub. Aparılan araşdırmalar göstərir ki,
M.V.Həsənzadənin seminariyada oxumaqda məqsədi ərəb
dilini və islam dininin incəliklərini dərindən
öyrənmək olub. O, 1905-1912-ci illərdə Gəncədəki
ruhani seminariyasında oxumuşdur. Seminariyada təhsilini davam
etdirən Mirzə Vahab Həsənzadə ərəb dilini,
fars dilini, ərəb qrammatikasını, məntiq, kəlam,
fiqh, üsul, islamiyyət, İslam tarixini, astronomiya, nücum
və s. elmləri mükəmməl öyrənməyə
nail olub. Bacarıq və istedadına görə
seminariya müəllimlərinin böyük etimad və
hörmətini qazanıb.
M.V.Həsənzadə 1912-ci ildə seminariyanı
bitirdikdən sonra islamiyyətə aid bir çox fənlərdən
Zaqafqaziya "Şeyxül-islam idareyi-ruhaniyyə"sində
imtahan verərək diplom alıb. Seminariyanı bitirən
M.V.Həsənzadə Yuxarı Əylis kəndinə
qayıdıb, vətən övladlarının maarifləndirilməsi,
savadlandırılması üçün "Üsuli-cədid"
məktəbi təsis edib. Maraqlı
haldır ki, onun foto arxivində müəllim işlədiyi həmin
illərə aid fotoşəkilləri vardır. Öz
ana vətəni olan Yuxarı Əylis kəndində
yaratdığı məktəbin müdiri və müəllimi
olan M.V.Həsənzadə məktəbə cəlb etdiyi
qız və oğlanlara əlifbadan başlayaraq dil, ədəbiyyat,
şərq ədəbiyyatı, fars dili, habelə təbiət,
zoologiya, coğrafiya, astronomiya və digər dünyəvi
elmlərin əsaslarını öyrədirdi. "Üsuli-cədid"
məktəbində təhsil alan qızlar
və oğlanlar birbaşa ibtidai sinif müəllimi hüququ
alırdılar. Onun yazdığı ərəb dərsliyi
üç hissədən ibarətdir: I hissə: "Əldürusül-ibtidaiyyə",
II hissə: "Əldürusül-nəhviyyə", III
hissə: Nurəddin Əbdürrəhman Caminin "Qəvaidültəyaiyyə"
əsəri. Mirzə Vahab Həsənzadənin məktəbində
qısa müddətdə təhsil alıb müəllim kimi
işləməyə layiq olanları gördükdə
hamı onun bacarıq və biliyinə, qabiliyyətinə
heyran olaraq "Üsuli-cədid" məktəbini bir
"Küpə" oxşadaraq deyirdilər ki, bu müəllimlər
Mirzə Vahabın küpündən çıxanlardır. Hətta M.V.Həsənzadə
İkinci Dünya müharibəsi illlərində öz evinin
yarısını məktəbə verib ki dərs
keçsinlər
Mirzə Vahab Həsənzadə 1918-1920-ci illərdə
Naxçıvan diyarına hücum edən erməni
daşnaklarına qarşı mərdliklə vuruşub. Naxçıvan
Muxtar Respublikasının Dövlət Arxivində
saxlanılan bir sənəddə göstərilir ki, Yuxarı
və Aşağı Əylis kəndlərinə köməyə
gəlmiş türk döyüşçülərinin
komandiri Ədib bəy gənc müəllim M.V.Həsənzadənin
döyüş hünərlərindən razıdır.
Həm də döyüşçülər
M.V.Həsənzadənin evində qalırlar. Buna görə də Ordubadın həmin vaxt
pristavı olan Mir Əbülfət ağa (o, türk zabiti
Ədib bəylə yola getmirdi) M.V.Həsənzadəni
incidir. Türk döyüşçülərin
dostu olan M.V.Həsənzadəni hamının gözü
önündə möhkəm döydürür. Bundan xəbər tutan Xəlil bəy və III
Kalbalı xan Naxçıvanski, həmçinin,
Naxçıvanın qubernatoru Cəmillinski Naxçıvanda
məsləhətləşirlər. Qərara
alırlar ki, geniş səlahiyyətlərə malik bir
komissiya yaradılsın və məsələni dərindən
araşdırmaq üçün Ordubada ezam edilsin. Yaradılan komissiyaya Əmirov Türkiyə tərəfdaşı
kimi, Müsavatın nümayəndəsi Mirzə Cabbar Məmmədov
və ictimaiyyət adından isə Bəhmən bəy
Kazımbəyov daxil edilir. Komissiya Ordubadda
məsələni araşdırıb Xəlil bəyə və
III Kalbalı xana hesabat təqdim edir. Baş
verən hadisələrdə qubernatorun qohumu, pristav Mir
Əbülfət ağa günahkar bilinir. Naxçıvana çağrılan pristav səhvlərini
etiraf edir və Ordubaddakı qarşıdurma aradan
qaldırılmış olur. Əylis kəndini
erməni quldur dəstələrindən müdafiə edən
qoşunların tərkibində cəsurluqla vuruşan M.V.Həsənzadə
1918-1920-ci illərdə Müsəlman İctimai Siyasi Təşkilatları
Milli Şurasının İcraiyyə Komitəsinin katibi
olmuşdur. Ordubad Müdafiə Komitəsinin ən fəal
üzvlərindən və cəsur
döyüşçülərindən biri olan Mirzə Vahab
Həsənzadə 1920-ci ildə Naxçıvanda sovet
hakimiyyəti qurulduqdan sonra Naxçıvan Maarif Komissarlığının əmri
ilə yenidən Yuxarı Əylisdəki məktəbə
müdir təyin olunub. M.V.Həsənzadə
1921-1922-ci illərdə Ordubad Qəza İnqilab Komitəsinin
sədri, Naxçıvan İnqilab Komitəsinin üzvü
olmuşdur. O, 1923-cü ildə Ordubad qəza xalq maarif
şöbəsinin müdiri, 1923-cü ildən 1929-cu ilin
fevral ayına kimi Naxçıvan ölkə xalq maarif komissarı
vəzifəsində çalışmışdır. 8 dekabr 1992-ci ilə
aid bir arxiv sənədindəki 167 nömrəli əmrdə
deyilir: Ordubad Qəza İnqilab Komitəsinin və Ordubad xalq
maarifinin müavini M.Səməndərov işdən azad
olunsun və onun yerinə V.Həsənzadə təyin edilsin.
M.V.Həsənzadə Naxçıvan Mərkəzi
İcraiyyə Komitəsinin üzvü seçilmiş və
deputatı olmuşdu. Qeyd edək ki, vəzifədə işlədiyi
illərdə o, Naxçıvanda və Ordubadda
maarifçiliklə ciddi məşğul olub, müəllim
kadrlarının yetişdirilməsində böyük zəhmət
sərf edib. Onun Naxçıvanın Maarif
komissarı işlədiyi illərdə imzaladığı
çoxlu sayda vəsiqələr arxivdə saxlanır. Hətta burada onun bir çox şəxslərin
günahsız olması haqda imzaladığı və
möhürlədiyi rəsmi məlumatlar da var. Bütün
bunlar bir daha Mirzə Vahabın ən çətin illərdə
təmiz və xeyirxah insan olduğunu təsdiqləyir.
Arxiv fondlarında onun 1923-1924-cü illərdə həm də
müxtəlif məktəblərdə müəllimlik etməsi
haqda xeyli sənədlərə
rast gəlinir .
25 may
1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö
Cəmiyyətinin Naxçıvan şöbəsi
yaradıldı. M.V.Həsənzadə bu cəmiyyətə
sədr təyin edilir. Naxçıvan Tədqiq
və Tətəbbö Cəmiyyətinin 1925-1928-ci illər ərzində
keçirilən 41 iclasının protokolları Azərbaycan
dilində ərəb əlifbası ilə yazılıb.
Qeyd etmək yerinə düşər ki, həmin
protokolları ilk dəfə filologiya elmləri doktoru F.Xəlilov
elmi dövriyəyə daxil etmiş və bu haqda maraqlı
kitab yazmışdı (Bax: F.Xəlilov. Naxçıvanı
öyrənən elmi cəmiyyət. Bakı,
2005). Bu protokollardan aydın olur ki, Mərkəzi Cəmiyyətin
nümayəndəsi Məhəmməd Baharlının
iştirakı ilə keçirilən birinci iclasda Vahab Həsənzadə
sədr, Mirbağır Mirheydərzadə isə elmi katib
seçilib. Protokolda qeyd edilib ki, bu cəmiyyətin
yaradılmasında məqsəd Naxçıvan
respublikasının maddi mədəniyyət abidələrini,
etnoqrafiya və tarixini, iqtisadiyyatı və təbiətini ətraflı
və planlı şəkildə öyrənməkdir. Naxçıvanı öyrənən elmi cəmiyyətin
- Tədqiq və Tətəbbö Cəmiyyətinin iclas
protokollarından məlum olur ki, M.V.Həsənzadə bu elmi
cəmiyyətə sədrliklə yanaşı, həm də
bilavasitə elmi ekspedisiyalarda iştirak edib. Hətta onun Xaraba Gilanda bir arxeoloq kimi
qazıntılarda olduğunu təsdiqləyən foto da şəxsi
arxivində saxlanılır.
Məşhur
tarixçi-arxeoloqlardan V.M.Sısoyevin, A.A.Millerin, İsa bəy
Əzimbəyovun və digərlərinin məruzələrinin dinlənilməsi
və axtarışların nəticələri
Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətinin
diqqət mərkəzində olub. Bu baxımdan
professor A.A.Millerin Qızılvəngin (Qızılburunun) tədqiqi
haqqındakı məruzəsinin tarixi əhəmiyyəti
böyükdür. Cəmiyyətin sədri
M.V.Həsənzadə fəaliyyətə
başladığı ilk günlərindən etibarən
tarixi abidələrin qorunması məqsədi ilə
onların təmir edilməsinə
çalışmış və bu işi həmişə
diqqət mərkəzində saxlamışdır. Bu
dövrdə cəmiyyətin keçirdiyi iclaslarda Naxçıvan şəhərinin
Şahab məhəlləsindəki Yusif Kuseyir oğlu türbəsinin, Qala
məhəlləsindəki İmamzadə memarlıq
kompleksinin, Qarabağlar kəndində olan türbə və
qoşa minarələrin təmir və bərpa edilməsi məsələsi
qaldırılmışdı.
(Ardı
var)
Musa
Rəhimoğlu
525-ci qəzet.- 2019.- 1 iyun.- S.18.