Uzaq və yaxın
Meksika
(Əvvəli
ötən şənbə saylarımızda)
Kortesin başçılığı altında 1519-cu
ildə ilk dəfə şəhərə girən ispan
konkistadoları onu tamamilə dağıtdı və şəhərin
xarabalıqları üzərində yeni şəhər kimi
Mexikonun əsasını qoydular. Zaman keçdikcə əvvəllər
Mexikonu əhatə edən göl və kanallar quruduldu, onların
yerində isə yollar salındı, evlər tikildi. İndi Mexikonun qonaqları çətin təsəvvür
edə bilərlər ki, nə vaxtsa bu adada asteklərdən
kiçik iz də qalmamış möhtəşəm
paytaxtları yerləşmiş imiş.
İndi şəhərə ərzağın və sənaye
xammalının əksər hissəsi ölkənin digər
rayonlarından gətirilir. Böyük Mexiko həm
də ölkə idxalının 2/5-ni udur, özü də
ixraca xeyli mal göndərir.
Burada
Milli Elmlər Akademiyası, digər elmlər üzrə
akademiyalar, elmi-tədqiqat institutları və Qərb
yarımkürəsinin ən qədim ali məktəbi
olan Meksika milli muxtar universiteti yerləşir. Milli
Antropoloji Muzey isə dünyadakı ən zəngin muzeylərdən
biridir, onun kolleksiyalarında arxeoloji abidələr, həmçinin,
məşhur astek təqvimi vardır.
Respublika prezidentinin rəsmi iqamətgahı olan Palasio
Nasyonal XVII əsrdə tikilsə də, bu binanın interyerini
- divarlarını içəridən Dieqo Rivera XX əsrdə
öz rəsmləri ilə bəzəmişdir.Şəhərin
özünə gəldikdə, küçələri
çox səsli-küylüdür. Hər yerdən -
restoranlardan, barlardan, kafelərdən musiqi sədaları gəlir.
Axşamlar mariaçi musiqiçilərinin
onlarla qrupu olduqca kiçik məbləğdəki pula
çıxış edirlər. Milli geyimdəki,
başında iri sombrero olan mariaçi musiqiçilərinin
özü bir tamaşadır. Həftədə
bir-iki dəfə xalq musiqisi və rəqsi konsertləri təşkil
edilir. Spesifik Meksika tamaşalarına atlıların
"çarros" yarışması da daxildir, onlar
atları ram edib çapmaqda, lassodan istifadə etməkdə
bir-birləri ilə rəqabət aparırlar. Öküz
döyüşü də çox populyardır. Soçimilkodakı üzən bağlar -
"Çinampas" da bu xalqın əcdadlarının
istedadına bələd olmağa şərait yaradır.
Mexikodan
bir qədər aralıda Teotiuakan şəhərinin
qalıqları yerləşir, bu şəhər IX-X əsrlərdə
toltektlərin başçılığı altında birləşmiş
hindu tayfalarının paytaxtı idi. Buradakı Günəş və Ay piramidaları
daha böyük marağa səbəb olur. Keçmişlə öyünməklə
yanaşı, müstəqillik qazanıldıqdan sonra
meksikalılar uzun müddət şəhər
arxitekturasının inkişafında öz yollarını
axtardılar. Onlar müstəmləkə
keçmişini xatırladan nümunələr xətti ilə
getmək istəmirdilər və öz cəhdlərində
heç də yanılmadılar.
Şəhərin arxitekturası nə qədər təriflənsə
də, havası heç də yaxşı deyildir, çox
çirklənmişdir. Həm də Mexikonun yerləşdiyi məkanının
fiziki-coğrafi xüsusiyyətləri hesabına da bu problem
daha da mürəkkəbləşir. Yağış
mövsümündə nəhəng şəhər bəzən
dolunun qalın örtüyü altında qalır,
ayrı-ayrı hallarda isə qarın qalınlığı
1 metrə çatır. Belə hallar
iqlimin dəyişilməsinə səbəb olur və ətraf
mühiti dağıdır. Adamların
özlərinin fəaliyyətinin nəticəsi kimi atmosfer
palçığı göydən yerə düşür.
Bütün bunlar nəzərə alınaraq, paytaxtın
yerinin dəyişdirilməsi təklif olunsa da, böyük
rus təmsilçisi İ.A.Krılovun sözləri ilə
desək: "Araba indi də həmin yerdədir".
Mərkəzi-qərb rayonu Sakit okeana baxan yaylanın bir
hissəsini tutur. Meksikanın bu hissəsini "Göllər
ölkəsi" adlandırırlar. Ən
iri göl Çapaladır. Münbit
torpaqlar lazımi səviyyədəki rütubətlilik
hesabına müxtəlif bitkilərdən bol məhsul
götürməyə imkan verir. Burada paytaxtdan sonra
ikinci şəhər olan Qvadalaxara yerləşir,
Böyük Qvadalaxaranın 4,1 milyon əhalisi
vardır. Qvadalaxara iri və mühüm nəqliyyat
qovşağıdır, ona görə də regionun
mühüm bölüşdürmə mərkəzinə
çevrilmişdir. Həm də Qvadalaxara
Meksikanın ən gözəl şəhərlərindən
biridir, onun küçələrini və meydanlarını hələ
ispanlar tərəfindən tikilmiş kilsələr və
özəl evlər bəzəyir. Onu bəzi
hallarda tropik ispan şəhəri, "Qərbin incisi"
adlandırırlar.
Şimali-qərb rayonu Syerra-Madre, Sakit Okean və ABŞ
ilə sərhəd arasındakı geniş ərazini tutur. Burada çox
sayda çaylar axıb Sakit okeana tökülür. Onların suyu həm də suvarma üçün
geniş istifadə olunur. Suvarma əkinçilik
regionunun əmtəə iqtisadiyyatının əsasını
təşkil edir. Pambıq və pomidor əsasən
ABŞ-a ixrac olunur. Aşağı
Kaliforniyanın baş şəhəri olan La-Pasdakı tral gəmiləri
Kaliforniya körfəzində balıq ovu aparır.
Şimal rayonunun quraqlıq iqlimi, səhra və
yarımsəhra bitkiləri vardır. Monterrey şəhərində
əhali və sənaye istehsalı müəssisələri
izafi qaydada təmərküzləşmişdir. Şəhərdə kəskin su
çatışmazlığı mövcuddur, bu cəhətdən
İspaniyadakı Mursiyanı xatırladır.
Böyük Monterreydə 3,7 milyon əhali
yaşayır.
Şimal-şərq rayonu Birləşmiş Ştatlar sərhədi
və Meksika körfəzinin sahili ilə bağlı olan ərazini
tutur. Burada torpaq münbitdir. Rayonun
ixtisaslaşması yanacaq sənayesinə əsaslanır.
Buradan ölkənin daxili hissələrinə
neft və qaz göndərilir. Boru kəmərlərindən
başqa dəniz nəqliyyatı da xeyli inkişaf etmişdir.
Ölkənin iri dəniz limanı Tampikodur,
şəhər həm də balıqçılıq sənayesi
mərkəzidir.
Şərq rayonu Meksika körfəzinin sahil düzənliyini
tutur. Burada rütubətli tropik iqlim hökm sürür,
ildə 1.000 m-dən artıq yağıntı
düşür. Şərq rayonunun
başlıca var-dövləti neftdir. Əvvəllər
bu rayon Meksikadakı neft hasilatının 90 faizə qədərini
verirdi. Burada neft emalı zavodları,
neft-kimya kompleksləri tikilmişdir. Boru kəməri
nəqliyyatı da çox inkişaf etmişdir. Daxili rayonlardan sahilə geniş yollar çəkilmiş,
digər nəqliyyat növləri də inkişaf etmişdir.
Şərq rayonunun kənd təsərrüfatı
tropik plantasiya bitkilərinin - şəkər
qamışının, kofenin, tütünün, həmçinin,
sitrus meyvələrinin becərilməsinə əsaslanır. Burada
müasir metodlardan istifadə hesabına yüksək məhsul
götürülür.
Şərq rayonunda böyük təbii otlaqlar vardır ki, bu da mal-qaranı kökəltməyə imkan verir. Verakrus isə qədim şəhər olmaqla yanaşı, ölkənin mərkəzi hissəsində hasil olan qiymətli metalları ixrac edir. Buradakı limandan mallar Avropa ölkələrinə göndərilir.
Yukatan rayonu eyni adlı yarımadada yerləşir. Mağaralarla
dolu olan bu ərazidə zəngin neft və qaz yataqları
tapılmışdır. Məşhur
Kankun kurortu da həmin rayonda yerləşir. Turistləri cəlb etmək üçün
mağaralardan da geniş istifadə edilir. Lakin
Sloveniyadakı məşhur Postoyna Yama mağarasındakı
gözəllikləri burda tapmaq çətindir. Orada
stalaktit və stalaqmit fiqurların çoxu ağ,
gümüşü mərmər təsəvvürü yaratmaqla,
elə bil ki, heykəltəraş əlindən
çıxmışdır. Piza qülləsini
andıran, Sofi Lorenin döşü adlandırılan və
digər çox sayda stalaqmit fiqurlar insanı heyran qoyur.
Gürcüstanda Tsxaltuba şəhəri
yaxınlığındakı Prometey mağarası isə
özünün haylı-küylü adını doğultmur,
oradakı fiqurlar palçıq rəngində olmaqla, elə
bir cəzbediciliyi ilə də seçilmirlər. Həm də bu mağara çox enişli-yoxuşlu
olmaqla adamı yorur, gəzinti bol-bol əziyyət çəkilməsi
ilə müşahidə olunur. Yukatan
mağaraları isə çox sayda və rəngarəng olmaları
ilə seçilir.
Cənub rayonuna 4 ştat daxil olmaqla, onun biri Sakit okean
sahilindəki Gerrero ştatıdır. Biz Akapulkoya
gedərkən Gerrero ştatının ərazisindən
keçdik, çünki həmin məşhur kurort da elə
oradadır. Ölkədəki bütün
hinduların 50 faizindən çoxu burada yaşayır və
onlar olduqca kasıb həyat sürürlər. Bu yoxsulluq içərisində Akapulko bir vahə
(oazis) kimi nəzərə çarpır. Burada nəhəng hidroelektrik stansiyaları
tikilmişdir.
Turizm öz inkişafı üçün böyük
imkanlara malikdir. Burada qədim hindu məskənləri
vardır ki, onlar özünə əcnəbi turistləri
maqnit kimi cəlb edir. Lakin inkişaf etmiş nəqliyyat
sisteminin yoxluğu zonada iri turist mərkəzlərinin
tikintisinə mane olur. Biz Mexikodan Akapulkoya
avtobusla gedərkən yolun kələ-kötür, narahat
olması ətrafdakı mənzərəni seyr etməyə
də mane olurdu və abad yol bu zonada yalnız arzularda
mövcuddur. Mexikodan çıxarkən
yol üstündə məşhur "Atstek" olimpiya
stadionunu gördük. Sonra isə səfərin
narahatlığı başlandı. Yol həm
də 3 km hündürlükdən keçirdi və
yaxşı şəraitdə olmaması sərnişinlərin
diskomfortunu artırırdı.
Akapulko Sakit okean sahilindəki ən məşhur
kurortlardan biridir. Buranı əsasən Birləşmiş
Ştatlardan gələnlər çox sevirlər. İstirahət edənlər və turistlər, əsasən,
təyyarələrlə və Sakit okeanda üzən gəmilərlə
gəlirlər. Şəhər dağ
yamacından okean sahili ilə uzanır, əhalisi 2 milyondan
çoxdur. Kurort şəhəri
olduğundan burada uzun sahil boyu hündürmərtəbəli
göydələnlərdən ibarət bahalı otellər
yerləşir. Sahil və mərkəz
çox abad və gözəldir, yamaca yaxın ərazilərdə
isə kasıb şəhər əhalisi yaşayır.
Otellərə müştəri cəlb etmək
üçün binanın özünü və ətrafını
çox təmiz saxlayırlar. Bir
bahalı otelin qarşısında ekzotik quşlar
saxlanırdı və biz ilk dəfə burada tutuquşu kimi rəngli
lələkləri və uzun dimdiyi olan tukan quşunu
gördük. Sahildəki okeanariumda təlim
keçmiş delfinlərlə tamaşa göstərilirdi.
Okean sahilindəki plyaj on kilometrlə uzunluqda
olmaqla, qumunun dərinliyi ilə seçilir və ona görə
də amerikanların sevimli istirahət yerinə
çevrilmişdir.
Akapulko təkcə bu günü ilə
öyünmür, onun keçmişində də qürur bəxş
edən fəaliyyətlər mövcuddur. Hələ
müstəqillikdən əvvəlki Meksikanın xarici ticarətində
Akapulkonun xüsusi rolu var idi. Bu şəhər
Filippinin seçilən ticarət məntəqəsi, gələcək
paytaxtı Manila ilə öz qalleonları ilə Sakit okeandan
üzüb keçməklə geniş ticarət
aparırdı. Manilanın ölkənin
adalarına siyasi ağalıq etməsi ilə yanaşı,
bu, onu həm də iri kommersiya mərkəzinə
çevirmişdi. Akapulko Meksikada istehsal
edilən gümüşü Çin ipəyi ilə dəyişdirməklə
böyük qazanc əldə edirdi. XVIII əsrin
sonunda Akapulkonun Manila ilə qalleon ticarətinin tədricən
inkişaf etməsi nəticəsəndə Filippində
inhisar yaranmasına səbəb olmuşdu. Beləliklə, Akapulko təkcə Meksikanın
deyil, uzaq Filippinin də kommersiyasına əsaslı köməklik
göstərmişdi.
Şəhərin bir az əvvəl meri işləmiş professor bizimlə çox mehriban görüşdü və şəhərlə tanışlıqda bələdçiliyi könüllü olaraq öz üzərinə götürdü. Şəhərdə maraqlı cəhətlər çoxdur. Ekzotikaya gəldikdə, cənubdakı təpə üstündə, hava limanına gedən yolun yanındakı restoranda isə digər təamlarla yanaşı, ekzotik xörək kimi, bizdəki qavala bənzəyən donuz dərisinə də qonaq etdilər. Əlbəttə, dəri çox yağlı idi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2019.- 1 iyun.- S.22.