Nəsillərə nümunə kimi yaşanan ömür

 

ƏFQANISTAN VƏ QARABAĞ MÜHARİBƏSİ VETERANI ELŞAD ŞABANOV ÖRNƏK SƏCİYYƏLİ MƏQAMLARLA ZƏNGİN HƏYAT VƏ XİDMƏT YOLU KEÇİB

 

 

Zaman ötdükcə tarixləşən hadisələrdən sükutla keçmək olmur. Bir vaxtlar vətən sandığımız Sovetlər Birliyinin müdafiəsində xalqımızın minlərlə igid övladı canından keçib.

 

İstər İkinci Dünya müharibəsində, istərsə də ölkəmizə qarşı erməni təcavüzün qarşısının alınmasında soydaşlarımız silaha sarılaraq mübarizə aparmışlar. Azərbaycanlılar bütün dövrlərdə Vətənə sadiq olublar. Ölkəyə qarşı yönələn təhlükənin qarşısının alınmasında böyük rəşadət göstəriblər.

Bugünlərdə ordu sıralarından ehtiyata buraxılanda Silahlı Qüvvələr veteranı olduğum üçün Respublika Veteranlar Təşkilatına üz tutdum. Silahlı Qüvvələr veteranı olduğum üçün bu ictimai təşkilata  üzv olmaq məqsədilə Nərimanov rayon şöbəsinə gəldim. Ulu öndər Heydər Əliyev təşkilatın üzvləri haqqında "Veteranlar bizim qızıl fondumuzdur" deməklə onların dövlət qarşısında xidmətinə layiqli qiymət verib. Burada ilk görüşdüyüm Vahid Salmanov və Cavanşir Çakərzadə oldu. Onların hər ikisinin uzun müddət polis orqanlarında xidmət etdiyini, Qarabağ müharibəsinin od-alovundan keçdiyini qürurla deməsi xoş idi.

Söhbət əsnasında Vahid müəllim Respublika Veteranlar Təşkilatının Nərimanov rayon şöbəsinin sədri Elşad Şabanov haqqında ürəkdolusu danışdı. Elşad müəllimin həm Əfqanıstan, həm də Qarabağ müharibəsinin iştirakçısı olduğunu bildirdi. Onun Sovet qoşunlarının tərkibində iki ildən artıq Əfqanıstanda vuruşduğunu, xüsusi hazırlığa malik tabora hərbi əməliyyatlarda rəhbərlik etdiyini eşidəndə ona rəğbətim daha da artdı.  Məndə kəşfiyyatçının döyüş xatirələrini dinləmək marağı oyandı.

Elə bu vaxt qapı açıldı. Otağa bəstəboy, üzü nurlu,şux hərbçi görkəmini hələ də saxlayan veteran daxil oldu. Bu, görmək arzusunda olduğum Elşad Şabanov idi. O, hamı ilə mehribanlıqla görüşdü. Vahid müəllim məni təqdim edərək təşkilata üzv olmaq üçün gəldiyimi bildirdi. Bunu Elşad müəllim razılıqla qarşıladı.

İlk tanışlığımız beləcə qısa, lakin yadda qalan oldu. Keçmiş kəşfiyyatçı Respublika Veteranlar Təşkilatı və rayon şöbəsi haqqında ətraflı məlumat verdi.

Onun şəxsi həyatı, keçdiyi döyüş yolu, Dövlət Təhlükəsizlik Xidmətində çalışdığı illərdəki fəaliyyəti, düzü, məndə böyük təəssürat oyatdı. Elşad müəllim həm də təvazökar bir ziyalıdı. Söhbət zamanı onun necə səmimi, mehriban adam olduğunu gördüm. O, yenə də Vətənin müsəlləh əsgəri olduğunu qürur və əminliklə bildirdi. İki ildən artıq Əfqanıstanda hər an ölümlə üz-üzə olmuş Elşad Şabanovun fəaliyyəti ilə tanış olduqdan sonra qəhrəman el oğlumuz  haqqında yazmağı mənəvi borc bildim.

Elşad Şabanov haqqında sonradan əldə etdiyim, Hacı Tofiq Seyidzadənin "Hər an ölümlə üzbəüz" kitabı kəşfiyyatçı zabitin həyatından bəhs olunur. Nəşrə ön sözü Respublika Veteranlar Təşkilatın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Cəlil Xəlilov yazıb. Kitabı oxuyandan sonra sanki Elşad Şabanovu yenidən kəşf etdim.

Elşad Yusif oğlu Şabanov 1952-ci ildə Qax rayonunda anadan olub. Orta məktəbi qızıl medalla başa vurub. M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. Əsgərlikdən sonra 1978-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali məktəbində oxuyub. Elşad Şabanovun şərəfli və keşməkeşli həyatı elə bu vaxtdan başlanıb.

O zaman Qəbələ rayonunda Dövlət Təhlükəsizlik komitəsinin şöbəsi açılır və Elşad Şabanov həmin şöbədə əməliyyatçı kimi xidmətə başlayır.

Həmin vaxt Qəbələ rayonunda tikilməkdə olan xüsusi təyinatlı hərbi hissə haqda xarici kəşfiyyata məlumat ötürülməsi barədə informasiya daxil olur. Qısa zamanda hərbi əks-kəşfiyyat orqanlarının köməyi ilə hərbi sirri ötürən və qonşu rayonda dövlət əleyhinə işləyən mütəşəkkil cinayətkar dəstə aşkar edilərək zərərsizləşdirilir.

Həmin il respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyev İsmayıllı rayonunun İvanovka kəndində Sosialist Əməyi qəhrəmanı N.Nikitinin sədri olduğu kolxozda ümumrespublika müşavirəsi keçirirdi. Respublika rəhbərliyinin təhlükəsizliyini təmin etmək vəzifəsi E.Şabanova həvalə edilir.

Qısa müddətli uğurlu fəaliyyətinə görə 1979-cu il fevral ayında Azərbaycan DTK-nın üç əməkdaşı ilə birlikdə o, Daşkənd şəhərində ali kəşfiyyat kursuna göndərilir. İdman ustası olması, intizamlı, nümunəvi xidməti Özbəkistanda ona hörmət qazandırıb. Hətta kurs rəhbərliyi kursantlara səhər idmanı keçməyi azərbaycanlı  dinləyiciyə həvalə edib.

Həmin illərdə SSRİ-nin cənub sərhədlərində, əsasən də Əfqanıstanda baş vermiş ardıcıl dövlət çevrilişlərinə Sovet dövləti biganə qalmadı. 1979-cu il dekabrın 25-də sovet qoşunları əfqan torpağına daxil oldu.

1983-cü ilin əvvəlində Elşad Şabanovu yenidən Bakıya çağırırlar. Dövlət Təhlükəsizlik Komitəsində ona bildirirlər ki, Daşkənd şəhərində təşkil olunmuş xarici dil təmayüllü Ali xüsusi iki illik kurslarında oxumaq üçün Moskva yalnız ona razılıq verib.

Kursda təhsil alanların içərisində müsəlman olan yalnız Elşad Şabanov idi. Əfqanıstana göndərilmək üçün dil kurslarına cəlb olunduqları bəlli idi.

1985-ci ilin avqust ayında kursu bitirəndən sonra onlar Moskvaya Baş Kəşfiyyat İdarəsinin sərəncamına göndərilirlər. Sentiyabr ayının ilk günü kəşfiyyatçı müdavimləri Tacikistanın paytaxtı Düşənbə şəhərinə gətirirlər. Ertəsi gün Elşad Şabanov qrupu ilə xüsusi təyyarə ilə Əfqanıstana uçur, DTK-nın Kabul şəhərində yerləşən qərargahına gedirlər. Orada bir həftə xüsusi təlimat aldıqdan sonra həmyerlimiz əməliyyat qrupu ilə Bədəxşan vilayətinin mərkəzi Fəyzabad şəhərinə göndərilir. Sovet hərbi aviasiyasının düşmən birləşmələrinin düşərgələrinə havadan zərbə vurmaq üçün kəşfiyyat məlumatı əldə etmək, əməliyyat taboru vasitəsilə xüsusi döyüş əməliyyatlarını həyata keçirmək, müxalif silahlı dəstələri içəridən dağıtmaq üçün onun rəhbərlərinə qarşı kəskin tədbirlər görməkdən ibarət idi.

Dağlara qarın yağdığı, soyuqların düşdüyü bir vaxtda düşmən tam arxayın olmuşdu ki, yaza qədər hücum olmayacaq. 1985-ci il dekabrın 29-da Elşad Şabanovun rəhbərliyi altında mücahidlərin daha çox toplaşdıqları dağlıq ərazidə onlar Kokça çayının sahilinə qədər sıxışdırıldı. Silahlı düşmən dəstələri müqavimət göstərsə də, mühasirəni yara bilmədilər. Kokça çayı bol sulu, dərin və iti axdığı üçün keçə bilmədilər. Sonda mücahidlər böyük itkilər verərək məğlubiyyətə düçar oldular.

Elşad Şabanov Əfqanıstan torpağında silahlı quldur dəstələrinin gizləndikləri mövqeləri əraziyə yaxşı bələd olan yerli əhalinin köməyi ilə aşkar edirdi. Onlar haqqında dolğun məlumatlar topladıqdan sonra hücum əməliyyatı planlaşdırırdı. Əməliyyat taboru ən az itki verməklə silahlı quldur dəstələrini məhv edirdi.

Müşavir Elşad Şabanova əməliyyat zamanı taborun tərkibində ön cəbhədə vuruşmaq qadağan edilsə də, o, buna məhəl qoymur, sıravi döyüşçülərlə birgə mücahidlərə qarşı döyüşürdü.

Əfqanıstan İslam Cəmiyyəti Partiyasından olan Mövləvi Əmənullanın başçılıq etdiyi silahlı dəstə Baharək adlı məntəqədə bir qrup sovet əsgərini pusquya salaraq ələ keçirmiş, amansız işgəncələr verərək məhv etmişdi. Buna görə Mövləvi Əmənullanı məhv etmək üçün xüsusi plan hazırlandı. Əməliyyat zamanı otuz nəfərdən artıq mücahid məhv edildi, onlarla silahlı yaralandı və əsir götürüldü. Kiçik bir dəstə isə mühasirədən çıxa bildiyindən Mövləvi Cəlilin dəstəsinə qoşulmuşdu. Əməliyyat taborundan iki nəfər həlak olmuş, 5 nəfər isə yüngül yaralanmışdı.

Elşad Şabanov keçirdiyi uğurlu döyüş əməliyyatları ilə SSRİ DTK-da bacarıqlı kəşfiyyatçı kimi tanınırdı. Mücahidlərin istifadəsində olan Amerikanın istehsalı olan "Stinger" raket kompleksi haqqında da ilk məlumatı o toplamış və növbəti əməliyyat zamanı silahlı əfqan dəstələrindən qənimət kimi götürülmüşdü. Mücahidlərin əsas silahı olan Çin istehsalı olan "yer-yer" tipli raket də növbəti döyüşlərdə ələ keçirilmişdi.

1987-ci il may ayının əvvələrində Elşad Şabanov daha bir uğurlu əməliyyat keçirir.  Mücahidlərin gizli yolla Pakistan ərazisindən Əfqanıstanın şimalına "Toyota" markalı yük maşınlarında silah aparması barədə o, məlumat əldə edir. Tabor komandiri ilə əməliyyat planı hazırlayır və əməliyyatın rəhbəri özü təyin olunur. Gecə saat 3 radələrində maşın karvanını məhv etmək üçün pusqu qurulur. Onlar kolonun önündə və sonunda gedən maşınları öncə vurmağı planlaşdırırlar ki, mücahidlər geri dönüb qaça bilməsinlər. Kolonda birinci gedən maşını Elşad Şabanov əl qumbaraatanı ilə vurur. Sonuncu maşına isə taborun əsgərləri kütləvi atəş açır. Beləliklə, mücahidlərin daha bir təhlükəli planının qarşısı alınır.

Elşad Şabanovun döyüş əməliyyatları bununla bitməyib. O, ayrı-ayrı döyüşlərdə yaralanıb, sonuncu döyüşdə isə minaya düşərək ağır kontuziya alıb. Əvvəlki döyüşlərdə aldığı güllə və qəlpə yaraları onun səhhətində ciddi problemlər yaradıb. Kabulda hospitalda müalicə olunsa da, sağalması üçün uzun müddət tələb olunub. Nəhayət, Elşad Şabanov SSRİ-yə qayıdıb. Uzun sürən müalicədən sonra Xaçmaz və   Əzizbəyov rayonlarında dövlət təhlükəsizlik şöbəsinin rəisi, daha sonra Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifələrdə xidmət edib. Polkovnik rütbəsində ehtiyata buraxılıb. Xalqımızın vətənpərvər oğlu bu gün də dövlətçiliyimizin keşiyində mətinlə dayanır, gənclərə örnək olacaq həyat dolu hadisələrdən nümunələr gətirir.

Əfqanıstan müharibəsində "Stinger" əməliyyatına və Pakistandan gələn silah dolu avtomobil kolonun partladılmasında göstərdiyi şücaətlərə görə SSRİ-nin ən yüksək mükafatına təqdim olunsa da, cavab gəlmədi. Elşad Şabanov xidmətlərinə görə "SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin fəxri əməkdaşı" döş nişanı, "Qırmızı ulduz" ordeni, "İgidliyə görə" medalları, "Döyüş xidmətinə görə" medalları və başqa mükafatlarla təltif olunub. Həyatı nəsillərə örnək olmağa layiq qəhrəmanı tanıyaq!

 

Bəxtiyar ƏLİYEV

 

525-ci qəzet.- 2019.- 5 iyun.- S.22.