Sabahlarımızda yaşayan Qara Qarayev   

 

 

 

"Qara Qarayevin əsərləri Azərbaycan xalqının qədim musiqi mədəniyyətinin bütün zənginliyini özündə təcəssüm etdirir. Qara Qarayev Azərbaycan xalqının zəngin tarixinə  neçə-neçə ilhamlı səhifələr həsr etmişdir".

Heydər ƏLİYEV

O, XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi dahilərdən biridir bəlkə dünyada birinci bəstəkardır ki, tabutu son mənzilə başqa bir dahinin - siyasət dünyasının təkrarsız maestrosu Heydər Əliyevin çiyinləri üzərində getdi.

Dahilər bir-birlərinin qiymətini yaxşı bilirlər axı.

... Qara Qarayev ulduzu tez parlayan sənətkatlardan idi. Hələ gənc yaşlarında Sovetlər birliyinin əksər yüksək mükafatlarına, 41 yaşında SSRİ xalq artisti fəxri adına layiq görülmüşdü. Lakin bu yüksəliş, bu uğurlar bəzi nadanların fikirləşdiyi kimi, imperiyanın plakat mədəniyyətinə xidmətin əvəzi deyildi, Qara Qarayervin öz halalca qazancı, çəkdiyi zəhmətin bəlkə yarısının qiyməti idi bu adları, mükafatları Qara Qarayevə vermək ötən əsrin 40-50-ci illərində imperiya məmurları üçün bəlkə daha çox özlərini hörmətə mindirmək, Qara Qarayevin istedadını dəyərləndirməklə bu istedadın yaşadığı məmləkəti - Sovetlər birliyini şərəfləndirmək qədərində gərəkli idi.

Bəlkə elə buna görə onu dünyaya "sovet bəstəkarı" kimi təqdim edirdilər - baxmayaraq ki, o, Sovetlər birliyinin yox, Azərbaycan xalqının oğlu idi, bu dünyaya da öz xalqını şərəfləndirmək, ona başucalığı gətirmək üçün təşrif buyurmuşdu.

Amma "Yeddi gözəl", "İldırımlı yollarla" kimi misilsiz baletlərin, "Don Kixot" simfonik qravürləri, "Leyli Məcnun", "Üçüncü simfoniya" kimi əvəzsiz sənət incilərinin müəllifi olan bəstəkar ömrünün qürubunda birdən-birə xalq arasında populyarlaşmaq, bir az çılpaq desək, tanınmaq, başa düşülmək sarıdan qayğılanır, hamının əlüstü qəbul etdiyi sadə formalarda əsərlər yaratmaq həvəsində bulunurdu: "Bu gün, bu saat mən dinləyicilərə daha yaxın olmağa, daha aydın olmağa çalışıram... Yeni musiqi əsərlərimin forması da, özü mənim üçün təzədir. Mən bunu musiqi plakatı adlandırıram;...  mövzunun özəyində bir aydınlıq, sadəlik, musiqi mövzusunun həllimdə bir plakatçılıq..."

idi bu hiss ki, adı 20-ci əsrin canlı klassikləri siyahısında çəkilən, öz məktəbini yaradan  sənətkarı belə narahat edir, nədənsə nigaran qoyurdu..? Axı Q.Qarayev hara, plakatçılıq hara? - məşhur filmdə deyidiyi kimi, Allah göstərməsin!

... Dəqiq yadımdadır, 1989-cu il idi, Bakıdakı nəşriyyatların  birində ilk kitabı çapa hazırlanan bəndənizin gözləri qarşında belə bir "tragikomik" hadisə baş verdi: əlindən neçə-neçə musiqi  ədəbiyyatı keçən "təcrübəli" şöbə müdiri istedadlı bir publisistin çapa hazırlanan kitabından Q.Qarayevə həsr edilmiş oçerki çıxarmaq "şərəfinə" nail olub bir qalib adası ilə bunu az qala bayram edəndə mənim - arzuolunmaz şahidin "axı niyə" sualına bu dəfə çoxbilmiş ədasıyla cavab versə yaxşıdır: "Axı kimdir ey bu Qarayev? Kakoy-nibud kosmopolit. Bir mahnıdan-zaddan da yazmadı ki,  camaat qulaq asıb tanıya".

Könül bulandıran bir vaqeədir. Özü təkcə ona görə yox ki, bu tragikomik məqamda Qarayev taleyinin həmin o nigarançılıq, talaş dumanına qərq olmuş bütöv bir parçası var, yaxud bu sözləri  sənətə, musiqiyə dəxli olmayan təsadüfi adam yox, sənət haqqında yazılanları xəlbirdən  keçirən bir "çoxbilmiş" deyirdi. Həm ona görə ki, təəssübkeşlik, xəlqilik qiyafəsinə girmiş bu nadanlıq o dövrün müəyyən bir ziyalı dəstəsinin zövqünün səviyyəsini, Qarayev sənətinə olan münasibətini ifadə edirdi.

Yəqin ki, Q.Qarayevin özü vaxtsa belə bir cahil münasibətə tuş gələ biləcəyini duymuşdu ona görə yazırdı: "Gərək hər kəsin çaldığı havaya oynamayasan. Özgə havasına, qarıyıb-qartımış məhdud təsəvvürlərə züy tutmaq özünə hörmətsizlikdir, sənətə hörmətsizlikdir".

Amma bütün ömrü boyu məhdud təsəvvürlərin fövqündə dayanmaq da hər kişinin işi deyildi - bunun üçün bəstəkar olmazdan öncə gərək həm böyük cəsarət risk yiyəsi,  əzabkeş olaydın.

Qara Qarayev əsərlərinin sərlövhəsini sadəcə "Vətən", "Azərbaycan" kimi sözlərlə bəzəyib, xalq musiqisini sitat kimi öz bəstələrinə köçürüb bu yolla məşhurlaşmaq istəyənlərin qənimi idi. Azərbaycan xalq musiqisinin özünəməxsus lad sistemi, melodiya strukturu  Qarayev yaradıcılığında çoxlarının elə indinin özündə belə tam şəkildə, axıra qədər duya bilmədiyi son dərəcə incə bir tərzdə təzahür edir. Vaxtilə onun tələbəsi olmuş adlı-sanlı bəstəkarlar da sonralar təsdiq edirdilər ki, müəllimləri musiqi folklarına münasibətdə sadəcə orkestrləşdirmə prinsipinin, sitatçılıq ənənəsinin əleyhinə çıxaraq xalq musiqisinə yeni  məna verməyin, onu yeni musiqi düşüncəsinin özəyinə qoymağın tərəfdarı idi. Bu mənada Qarayevin yaradıcılığı ilə onun ilk müəllimi olan Ü.Hacıbəyovun yaradıcılığı arasında müəyyən müqayisələr aparmaq yerinə düşər. Ü.Hacıbəyov professional Azərbaycan musiqisinin əsasını qoyan dahi şəxsiyyət idi. "Leyli Məcnun"dan "Koroğlu"ya qədərki əzablı yaradıcılıq yolu Azərbaycan (Şərq) musiqisini yaşı yüz illərlə ölçülən Avropa musiqisi ilə rəqabətə qadir bir səviyyəyə qaldırmaq üçün çəkilən zəhmətin ölçüsü barədə aydın təsəvvür yaradır. Amma bu vəzifəni yerinə yetirmək tək bir nəfərin işi deyildi "Şərq musiqiçisinin Avropa musiqiçisi kimi ən qabaqcıl yerlərdən birini tutmasını" arzulayan Ü.Hacıbəyov bu işdə öz tələbələrinə böyük ümidlər bəstələyirdi. Azərbaycan musiqisini yeni üfüqlərə çıxarmaq vəzifəsinin əsas ağırlığı isə onun tələbələrindən ən çox Q.Qarayevin çiyninə düşmüşdü - desək, məncə, səhvə yol vermərik.

Musiqimizin yeni üfüqlərinə aparan yolda Q.Qarayevi gözləyən çətinliklər, problemlər əsrin əvvəllərində Ü.Hacıbəyovun qarşılaşdığı problemlərdən heç az deyildi. Peşəkar musiqi sənətimizin inkişafına düzgün istiqamət vermək, onun Avropa musiqisinə qovuşmasını təmin etmək üçün ilk növbədə klassikaya, müasir musiqi formalarına münasibətdə nisbətən passiv mövqedə dayana dinləyici auditoriyasının zövqü, rəyi ilə bağlı bir sıra psixoloji sədləri dəf etmək lazım gəlirdi.

Bəlkə də çoxları bilmir ki, bir vaxtlar Q.Qarayevi kosmopolitizmdə, qəliz formalara alüdəçilikdə, milli dəyərlərə arxa çevirməkdə qınayırdılar, onu süni şəkildə Üzeyir Hacıbəyovla qarşı qarşıya qoyurdular. Amma həmin vaxtlarda yaxın-uzaq ellərin ən nüfuzlu musiqi biliciləri Qara Qarayev musiqisinin milli özünəməxsusluğundan, milli hadisə olmasından heyranlıqla (və gizli bir qibtə ilə) danışırdılar.

Qara Qarayevə çox vaxt "kənar" mövzulara tez-tez müraciət etdiyini irad tutur (bir vaxtlar H.Cavidə olan hücumları yada yada salaq), bəzən əsərlərində, xüsusilə də simfoniyalarında sosializm realizmindən uzaq düşdüyünü, mücərrəd musiqi təhkiyəsinə uyduğunu, formalizmə yuvarlandığını "kəşf edib" sovet musiqisinin sabahı üçün guya həyəcan təbili çalırdılar - Q.Qarayev isə təmkinlə öz işini görürdü. Çünki yaratdığı  əsərlərin daha çox sabaha, gələcəyə ünvanlandığını hamıdan çox o özü bilirdi.

Onun 1959-cu ildə yaratdığı məşhur Skripka ilə orkest üçün konsertinin o dövrün ən yüksək mükafatına gedən yolunda qırmızı işıq yandıraraq bu mükafatın türk oğlunun əsərinə yox, onun-bunun yaradıcılığından oğurlaya-oğurlaya mənsəb yiyəsi olmuş bir "hay"ın ortabab "Spartak" baletinə verilməsinə nail olanların "qəhrəmanlığından" yazmağa isə sadəcə xəcalət çəkirəm.

Q.Qarayev hələ Moskva Konservatoriyasında təhsil ala-ala özünün Birinciİkinci simfoniyalarını yazdı və hər iki əsərə görə yaxşıca "döyüldü". Birinci simfoniya "formalizmə yuvarlanmış" bəstəkarın uğursuzluğu, İkinci simfoniya isə "mücərrəd axtarışların bəhrəsiz nəticəsi" kimi qiymətləndirildi (Bəstəkarın 1964-cü ildə bəstələdiyi Üçüncü simfoniya da "bəh-bəh"lə qarşılanmadı). 1946-cı ildə Bakıya qayıdan Q.Qarayev 1948-ci ildə "Leyli və Məcnun" simfonik poemasını yaratdı və bu əsərlə Azərbaycan simfonizmində yeni bir mərhələnin əsasını qoydu. Musiqi dilinin böyük təzadlar toqquşmasından yaranan fəlsəfi vüsəti, dərinliyi ilə seçilən bu əsər müəllifin hətta milli mövzuları belə bəşəri kontekstdə həll etmək istedadını təsdiqlədi. Qarayev yaradıcılığının ən məhsuldar və ən kamil dövrü məhz bu əsərlə başladı. 1952-ci ildə o, "Yeddi gözəl", 1957-ci ildə isə "İldırımlı yollar" kimi sənət incilərini yaradaraq musiqi mədəniyyətimiz tarixində öz mövqeyini, yerini birdəfəlik təsdiq etdi. Və 1978-ci ildə Sovetlər birliyinin ən yüksək fəxri adına - Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü.

Məncə, o, sovetlər birliyində  bu yaşda o ada layiq gürülən ilk bəstəkar oldubu, təkcə Qara Qarayevin yox, artıq Heydər Əliyev kimi bir dahinin liderlik etdiyi Azərbycanın xalqının qələbəsi idi.

 Musiqi bəlkə də yeganə sənət sahəsidir ki, onun məzmununu, ideyasını sözlə izah etmək olmur (ümumiyyətlə bu, mümkündeyil). Ona görə də "mən Qarayev musiqisini çətin başa düşürəm" deyənlərdən bircə təvəqqem var: Q.Qarayev musiqisi ilə baş-başa qalmaq üçün mütləq sakit bir guşəyə çəkilin, səbrinizi basıb o musiqini sona qədər dinləyin - əgər musiqi sizə yalnız əylənmək, şənlənmək üçün lazım deyilsə, əgər siz musiqini gerçəklik, insanzaman haqqında ciddi bir söhbət kimi qəbul edirsinizsə, əmin olun ki, Qarayev musiqisini duyacaq və sevəcəksiniz, bu musiqiyə indiyə kimi biganə qalmağınıza təəccüblənəcəksiniz: "Leyli və Məcnun" simfonik poeması sizə nakam məhəbbətdən emosional müdrik bir təmkinlə söhbət açacaq, "Don Kixot" qravürləri hamıya yaxşılıq etmək istəyən "qəmgin cəngavər"in faciəli taleyinin bəşəri məzmununu zəngin səs çalarları ilə rəsm edəcək, "Üçüncü simfoniya"nın orijinal səs düzümü, bəzən əsəbi, gərgin, bəzən də dağ mehi kimi həzin səslər qamması sizi bu boz dünyanın qoynundan çıxarıb təzadlarla, qəfil dönümlərlə dolu yuxu, nağıl, arzu aləminə aparacaqsiz öz yuxularınızın, heç vaxt dilinizə gətirmədiyiniz arzularınızın, ürəyinizin ən dərin qatlarında mürgü döyən hisslərinizin dənizinə baş vurub yenidən doğulacaqsınız..

... Q.Qarayevin əsl qiymətini yalnız biz vermirik, bu qiyməti həm də övladlarımız, nəvələrimiz, nəticələrimiz verəcək.

Q.Qarayev bu günümüzdən çox, sabahımızda yaşayır.

 

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2019.- 5 iyun.- S.19.