O, bir mələk idi - uçub getdi, səssiz-səmirsiz

 

 

 

Ötən il noyabr ayının 7-si idi. 20 ilə yaxın AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri işləmiş, hazırda Ukrayna paytaxtında yaşayan jurnalist dostum Zeynal Ağazadə ilə Kiyevdə görüşümüz zamanı nə vaxt Bakıya gəlməyi planlaşdırdığını soruşdum. Cavabında, "İnşallah, gələn il avqustun axırlarında. Sentyabrın 3-də anamın 90 yaşı tamam olacaq"  - dedi.

Bu anda ürəyimdən keçən "Yəqin ki, yubiley yüksək səviyyədə qeyd olunacaq" fikrini dilimə gətirməkdə, məncə, heç bir qəbahətə yol verməmişdim. Axı, bu qənaətə elə-belə gəlməmişdim. Onu tanıyan və sənətinin pərəstişkarı olan çoxları kimi, mən də düşünürdüm ki, tanınmış aktrisanın özünün də  müsahibələrinin birində etiraf etdiyi kimi, 8 yaşında səhnəyə gələn, 40-dan çox tamaşada yaddaqalan rollar oynayan, neçə-neçə filmlərə çəkilən, digər obrazlar bir yana qalsın, təkcə məşhur "Ulduz" filmində  oynadığı Nazilə xanım (Nazik) roluna görə bütün nəsil tamaşaçıların yaddaşında əbədiləşən Məleykə Ağazadənin heç olmasa 90 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi onun halal haqqıdır.

SƏN SAYDIĞINI SAY...

Açığını deyim ki, özüm-özlüyümdə belə düşündüyüm anda Zeynal müəllimin cavabından xeyli təəccübləndim:

- Yox, Allahın köməkliyi ilə yubileyi ailə, qohum-əqrəba səviyyəsində qeyd etmək niyyətindəyik. Çünki anam təmtəraq sevmir. Düzünə qalsa, biz də istəyirik ki, yubileyi heç olmasa bir zamanlar anamla eyni səhnəni bölüşən və hazırda həyatda olan həmkarları, eyni zamanda, gənc aktyorların iştirakı ilə keçirək. Təəssüf ki, anamı razı sala bilmirik ki, bilmirik. Amma bir qərarımı qəti söyləyə bilərəm ki, hansı səviyyədə qeyd edəcəyimizdən asılı olmayaraq, inşallah  mənim yaxın dostum kimi sən də bəri başdan yubiley tədbirinə dəvətlisən.

Təbii ki, bu dəvət mənim üçün gözlənilməz olduğu üçün bir müddət çaşıb qaldım və nəhayət, yaranmış sükutu bu sözlərlə pozdum:

- Görkəmli aktrisanın əlamədar yubileyinə dəvətə görə təşəkkür edirəm və söz verirəm ki, inşallah, 90 illiyi ərəfəsində onunla görüşüb  adına, sənətinə layiq bir müsahibə hazırlayacağam və bu, mənim Məleykə xanıma yubiley hədiyyəm olacaq...

Amma atalar demişkən, sən saydığını say, gör fələk nə sayır... Məhz saymaq səlahiyyəti Əlahəzrət çərxi-fələyin əlində olduğuna görə Zeynal müəllim Bakıya planlaşdırdığından xeyli tez, aprelin 24-də gəlməli oldu. Özü də yubiley tədbirlərində iştirak etmək üçün yox, canından da artıq sevdiyi anası, Azərbaycan teatr və kino sənətinin ünlü simalarından biri, özünün sənət karyerasına "səhnəmizin Naziki" adı ilə əbədi möhür vurmuş Məleykə xanım Ağazadəni son mənzilə yola salmaq üçün. Mən isə saydığımın əksinə olaraq tanınmış aktrisa haqqında bu sətirləri yubileyi ərəfəsində özü ilə canlı söhbət əsasında deyil, bir vaxtlar onun haqqında mətbuatda dərc olunmuş azsaylı yazılardan "bəhrələnməklə" qələmə almalı oldum.

PİONERLƏR EVİNDƏN BÖYÜK SƏHNƏYƏ

Məleykə Şahmərdanovanın (Ağazadə) nəslində heç kimin incəsənətlə bağlılığı olmayıb. 1929-cu il sentyabrın 3-də Bakı şəhərində dünyaya gələn, ailənin tək övladı olan Məleykə xanımın anası evdar qadın olub, atası isə fəhlə işləyib. Kiçik yaşlarından incəsənətə hədsiz marağı onu əvvəlcə pionerlər evinə, daha sonra isə xoreoqrafiya məktəbinə gətirib. 8 yaşından etibarən Azərbaycanın ayrı-ayrı rayonlarında, keçmiş SSRİ-nin digər respublikalarında solist kimi çıxış etməyə başlayıb. Məleykə Ağazadə bəlkə də yeganə sənətçidir ki, hələ yeniyetmə ikən, daha dəqiq desək, Böyük Vətən müharibəsi illərində 13 yaşında olan zaman vətənpərvərlik mahnılarının ifasına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilib.

Orta məktəbi başa vurduqdan sonra Asəf Zeynallı adına Musiqi Məktəbinin opera sinfində təhsil alan M.Ağazadə daha sonra görkəmli bəstəkarımız Rauf Hacıyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Orkestrinin solisti olub. 1956-cı ildə Bakıda Azərbaycan Dövlət Musiqili Komediya Teatrı (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) fəaliyyətə başlayanda artıq incəsənət sahəsində ilk uğurlu addımlarını atan Məleykə xanımı tərəddüd etmədən bu sənət məbədinə işə qəbul edirlər. Gənc aktrisa burada çalışdığı 7 il ərzində rol aldığı 40-a yaxın tamaşada biri-birindən maraqlı, bənzərsiz obrazlar yaradır. 

SƏHNƏ, YOXSA AİLƏ?..

Sonralar özünün də etiraf etdiyi kimi, teatrda çalışdığı 1956-1963-cü illərdə, necə deyərlər, ikili həyat yaşamağa məhkum olubdu. Bu arada dünyaya iki övlad gətirən aktrisanın ailəsində söz-söhbət səngimək bilmirdi. Həyat yoldaşı, tanınmış rəssam Fərrux Ağazadə təkidlə ondan teatrdan uzaqlaşmağı, əsas diqqətini uşaqlarının təlim-tərbiyəsinə yönəltməyi tələb edirdi.

Varlığı qədər sevib bağlandığı səhnədən ayrılmaq  qədər çətin olsa da, dilemma qarşısında qalan aktrisa tərəddüd etmədən ailəsini, uşaqlarını seçir və 1963-cü ildə teatrdan birdəfəlik uzaqlaşmağı qərara alır. Sonralar Məleykə xanımın özünün də dönə-dönə böyük minnətdarlıq hissi ilə etiraf etdiyi kimi, amma rəhmətlik Fərrux müəllim o qədər də insafsız adam deyildi və o, həmişə ömür-gün yoldaşının sənətinə hörmətlə yanaşırdı. Məhz elə bu səbəbdən də Fərrux Ağazadə həyat yoldaşının fəaliyyətini kino sahəsində davam etdirməyə razılıq verdi. Çünki teatrdan fərqli olaraq kinoda gündəlik gərgin iş rejimi mövcud deyildi. Həm də artıq buna qədər fitri istedadı sayəsində incəsənətin bir çox sahələrində özünü sınayan  aktrisa teatrla paralel surətdə çalışdığı kino sənətində də müəyyən təcrübə toplamış, ardıcıl çəkildiyi iki ekran əsərində - "Onu bağışlamaq olarmı?" (1959) və "Qəribə əhvalat" (1960) filmlərində yaddaqalan obrazlar yaratmışdı. "Ulduz"dan sonra çəkildiyi "Qızmar günəş altında" və "Yaşamaq gözəldir, qardaşım!" filmlərində yaratdığı obrazlar da aktrisanın istedadının üzə çıxmasında əhəmiyyətli rol oynamışdı.

İNCƏSƏNƏT QURBAN TƏLƏB EDİR?

Nə yaxşı ki, Məleykə xanım həyat yoldaşının təklifi ilə kino sənətini seçdi. Əgər bu seçim  olmasaydı, kim bilir, bəlkə də nə ömrünün sonuna qədər xalq arasında valideynlərinin qoyduqları addan daha çox "Nazik" kimi tanınan Məleykə Ağazadə sənətin zirvəsinə yüksələr, nə də ki, milli kino sənətimiz "Ulduz" filminin timsalında bu dərəcədə populyar ekran əsəri qazanardı. Amma əksəriyyətimiz günü bu gün də bilmirik ki, çəkildiyi ekran əsərlərinin demək olar ki, hamısında yaratdığı unikal obrazlarla böyük tamaşaçı kütləsinin dərin rəğbətini qazanan Məleykə xanım hər bir rolu necə böyük zəhmət, 2 körpə övladın anası kimi hansı daxili iztirablar hesabına ərsəyə gətirib.

Məleykə Ağazadənin xatirələrindən:  "Ulduz" filminin çəkilişi zamanı böyük oğlum Zeynalın 5, kiçik övladım Çingizin isə 4 yaşı vardı. Uşaqları da özümlə birlikdə rayona (film əsasən Astara rayonu ərazisində ekranlaşdırılmışdı - Ə.Q.), çəkiliş meydançasına  aparmışdım. "Tvist" oynadığım səhnənin çəkilişi gedəndə Zeynal mənimlə birgə oynamaq istəyirdi. Hər dəfə uşaq yaxına gələndə rejissor "stop" deyirdi. Buna görə də məcburən uşaqları çəkiliş meydançasından uzaqlaşdırdılar. Bir az keçmişdi, bir də gördüm ki, Çingizi dodağı göyərmiş halda çəkiliş meydançasına gətirdilər. Sən demə, gözdən yayınan uşaq zəncirə bağlanmış vedrəni yaxınlıqdakı artezian quyusuna atanda dolama çarx fırlanıb ona dəyib. Bunu görən Məleykə dözə bilərdimi?.. Elə ağladım ki... İndi də həmin səhnə gözlərim önünə gələndə qeyri-ixtiyari gözlərim dolur...

"Ulduz"dan əvvəl ekranlaşdırılan "Onu bağışlamaq olarmı?" filmi çəkilən zaman isə kiçik oğlum Çingiz 9 aylıq uşaq idi. Çəkilişləri gecə edirdik. Çünki gündüzlər teatr var idi. Xəstəxanada Sevdanın gözünün əməliyyat olunması səhnəsi çəkilirdi. Birdən zəng vuruldu ki, Məleykə təcili evə gəlsin. Getdim evə, gördüm ki, evin qarşısında "təcili tibbi yardım" maşını dayanıb. Çingizin temperaturu qalxıb, özündə deyil. Həyəcandan nişan üzüyü olan barmağımla alnıma o qədər döydüm ki... Xeyli ağladım... Sonra gecə ikən birtəhər geri- çəkilişə qayıtdım. Filmin həmin səhnəsində də ağlamalı idim. Çəkiliş başlayan kimi gözümdən bir yaş gəldi ki... Rəhmətlik Hökumə Qurbanova məni başdan-ayağa diqqətlə süzüb dedi: "Afərin, çox gözəl, təbii  ağlayırsan". Cavabımda bildirdim ki, filmə görə ağlamıram, uşağım xəstədir, ona ağlayıram. Bax, biz hər kinoya belə bir şəraitdə, zülmlə çəkilirdik".

FƏXRİ ADSIZ, TİTULSUZ...

Təəssüf ki, bu gün artıq aramızda olmayan, səhnə fəaliyyətinə 1972-ci ildə çəkildiyi "Var olun, qızlar..." filmi ilə son verən Məleykə Ağazadənin adının qarşısında heç bir fəxri ad, titul yaza bilmirik. Ona görə yox ki, aktrisanın teatr və kinoda yaratdığı biri-birindən çeşidli obrazlar bu adları qazanmaq üçün yetərli olmayıb. Ona görə ki, bu fəxri adları özlərindən yuxarı instansiyalara təqdim edənlər hansısa səbəblərdən həmişə tanınmış aktrisaya münasibətdə laqeyd, biganə olublar. Məleykə Ağazadə 2014-cü ildə 85 illik yubileyi ərəfəsində mətbuata müsahibəsində bu barədə belə demişdi: "4 il bundan qabaq qonşumuzun oğlunun toyunda oynayırdım. Həmin toyda iştirak edən mədəniyyət nazirinin müavinlərindən biri mənə yaxınlaşıb soruşdu ki, Məleykə xanım, siz xalq artistisiniz? Dedim, yox, mən evdar qadınam. Heç bir ad verilməyib. Dedi, hə, sizə ad verəcəyik. 4 il keçib hələ də məni tapa bilmirlər ki, o adı versinlər".

Daha sonra 2016-cı ildə başqa bir media qurumuna müsahibəsində jurnalistin "Niyə indiyə qədər sizə heç bir fəxri ad verilməyib" sualını isə belə cavablandırmışdı: "Mənim hansısa ad almağım lazım deyil. Tamaşaçı "adım Nazikdir" deyəndə məni xatırlayırsa, bu, mənim istedadımın göstəricisidir... "Ulduz" filmi hər dəfə efirə veriləndə hələ də əməyimin qarşılığını almadığımı bir daha xatırlayıram. Bunu heç unutmamışam əslində. Bu yaşımda məni narahat edən də budur: laqeydlik! Adi bir epizodda çəkilənlər çoxdan əməkdar artistdir, özlərini az qala dünya ulduzu sayırlar. Axı, mən adi aktrisa olmamışam. Bir faktı deyim. Bu filmin çəkilişindən əvvəl "Ulduz" tamaşası səhnədə oynanılanda çox böyük marağa səbəb olmuşdu. Tamaşaçı o qədər alqışlayırdı ki, hətta rəqs səhnəsini üç dəfə dalbadal oynamağa məcbur olurduq. Çünki bunu tamaşaçı istəyirdi. 

"Ulduz" filminin çəkilməsinə qərar veriləndə rejissor Ağarza Quliyev zalda əyləşibmiş. Mənim oyunumu o qədər bəyənmişdi ki, hətta sınaq çəkilişləri olmadan, birbaşa məni filmin heyətinə təsdiq etdi. "Ulduz"a qədər mən bir neçə filmdə çəkilmişdim, amma Nazilə mənim uğurum oldu. İndi də oturub filmi izləyəndə kövrəlirəm. Düşünürəm ki, nə yaxşı ki, bu filmə çəkilib, əbədi olaraq tamaşaçıların yaddaşına həkk olunmuşam".

 Bəli, düz sözə nə deyəsən! Əsas  odur ki, öz sənətinlə  tamaşaçının yaddaşına əbədi həkk olunasan. Heç bir fəxri ad, heç bir titul, heç bir orden, medal tamaşaçıların yaddaşına əbədi həkk olunmağı əvəz edə bilməz. Bir də ki, Məleykə xanımın 90 illik mənalı həyatında qazandığı daha böyük, daha ali mükafatları var...

"NƏVƏLƏRİM MƏNİM NOBEL MÜKAFATIMDIR"

Biri-birindən maraqlı, yaddaqalan rolları ilə Azərbaycan teatr və kino sənətinə özünün əbədi yaradıcılıq möhürünü vuran Məleykə Ağazadə həm də mehriban, qayğıkeş ana, vəfalı, sədaqətli həyat yoldaşı kimi öz missiyasını şərəflə yerinə yetirib. Ömür-gün yoldaşı, özünün dəfələrlə dediyi kimi, həyatda çox sevdiyi mərhum Fərrux Ağazadə ilə birlikdə cəmiyyət üçün layiqli iki övlad yetişdirib. Görkəmli aktrisa 85 illik yubileyi ərəfəsində müsahibələrinin birində onlar haqqında belə deyib: "Böyük oğlum Zeynal Ağazadə AZƏRTAC-ın Ukraynadakı xüsusi müxbiridir. Artıq 17 ildir ki, orada işləyir. Hər gün zəng edir. Deyir: "Mama, hər şey yaxşıdır, narahat olma". O biri oğlum  isə Azərbaycandadır. Daxili işlər orqanlarında çalışır. Nəvələrim mənim həyatımdır. Onlara qurban olaram. Onlar mənim Nobel mükafatımdır. Biri zəng edir, danışıb qurtaran kimi o biri zəng edir. Gəlirlər, gedirlər..."

...İndi isə nə gələn var, nə də gedən. O səbəbdən ki, ömrünün son gününə kimi həyatsevərliyi, şuxluğu ilə hər kəsi heyrətləndirən, bir an belə duzlu, məzəli zarafatlarından qalmayan "səhnəmizin Naziki" artıq aramızda yoxdur. O, bir Mələk idi, uçub getdi, səssiz-səmirsiz...

P.S. İyunun 5-də Məleykə Ağazadənin  haqq dünyasına qovuşmasından 40 gün ötür. Allah rəhmət eləsin, qəbri nurla dolsun! Amin!

 

 

Əhməd QURBANOĞLU

 

525-ci qəzet.- 2019.- 5 iyun.- S.18;22.