Qeyri-adi sənətkar haqqında qeyri-adi nağıl
Xalq artisti, ustad tarzən Ramiz Quliyevdən öncə də ünlü tarzənlərimiz,
Xalq artistlərimiz olub, Ramiz müəllimlə
eyni dövrdə də belə sənətkarlar var və yəqin gələcəkdə də
olacaq.
Tar yeni musiqi aləti
deyil, tarzənlik Azərbaycanda, ümumən
bizim də aid olduğumuz coğrafiyada -
Şərqdə özünəməxsus
gələnəklərə malikdir. Ramiz müəllim haqqında daha öncələr də yazılıb, yəqin, gələcəkdə
də yazılacaq, ancaq "Min bir gecə" intonasiyası,
ahəng və üslubunda yazılmış
bu əsər - "Şəhrizadın... tarzən
Ramiz Quliyev nağılı" həmişə
öz məziyyətləri
ilə seçiləcək,
oxunacaq.
Tanınmış yazıçı-jurnalist, ədəbi ödüllər
laureatı Rafiq Hacıyevin Füzuli əsintili "Heyrət, ey Ramiz, tarın
gördükdə lal
eylər bizi..." nidası, "Min bir gecə" şirinlikli nağılı incə duyğulardan, sağlığında
əfsanələşən, nağıllaşan sənətkar
ömründən zərif
söz açır.
Bir görkəmli
sənətkardan yazmaq,
onun həyat yoluna nəzər salmaq, bütövlükdə
sənətdən yazmaq,
"sənətin öz
estetik dəyərləri
ilə inkişafı"ndan
söz açmaqdır
həm də. Sənət,
sənət yolu dediyimiz məhz ayrı-ayrı sənətkarların
yaradıcılığı ilə şəkillənir,
əlbəttə; müəllif
Rafiq müəllimin
"Min bir gecə"
hekayətlərinin üslubunda
işlədiyi, özünün
müəyyənləşdirdiyi kimi "lirik süjetlər" əsasında,
ustad sənətkarımız
haqqında nağılın
məna dərinliyini,
mahiyyət üfüqünü
daha da genişləndirib.
Bəs (ən azı) bu dediklərimiz
fonunda əsərin qəhrəmanını bizlərə
sevdirən, onu fərqli qılan nə(lər)dir? Nələrdir müəllifi sayğıdəyər
Ramiz müəllim haqqında sevgi ilə, bu sevgini
peşəkarlıq qatında
təzahür etdirərək
yazdıran? Məncə,
Ramiz müəllimin şəxsi nümunəsi,
peşəsindən, şöhrətindən
asılı olmayaraq, sırf bir insan
olaraq ləyaqəti, azərbaycanlı mənidir
burada qeyd edilməli olan məqam və hadisə...
Rafiq Hacıyevin
yazdıqlarından - "Min bir gecə"dən sonrakı gecələrə
daşıdığı məqamlardan
biri Ramiz müəllimin klassik irsə sədaqəti və yeniliklərə açıqlığıdır, məncə. Müəllif əsərin qəhrəmanınını
sənətlə elmi
qoşa qanad kimi daşıyanlardan, bu qoşqanadlıqla gözəllikləri, zövqü...
Simurq quşu kimi işığa qovuşduranlardan
biri olaraq obrazlaşdırması ilə
məntiqli, hərəkət
etmişdir. Sənətin məntiqi həmişə
sirayətedicidir. "Min
bir gecə" üslubu hər nə qədər keçmişi, nağıllaşmış
məqamları, yaxud nağılın özünü,
xatiratı diqqətə
çatdırırsa da,
əsərin qəhrəmanı
yalnız keçmiş
və xatirələrdən
ibarət deyil, o, həm bu gündür,
həm də, gələcəkdir. Ümumən
əsl sənətin bir özəlliyi də, həmişə təzə olmasındadır...
Ramiz Quliyev hər iki sahədəki
(elm, sənət) yeniliklərdə
imzası olan aydınlarımızdandır. Ramiz müəllim
sənət məktəbi,
müəllim görmüş
və özü də müəllim olan - ustad olan
sənətkardır. Sənəti tale kimi yaşadığındandır ki, yalnız onun yanına, sinfinə, ustad dərslərinə gələn
qıraq yetirmələri
deyil, öz övladı da sənət ecazından nəsibini alıb, onun fiziki övladı
olmaqla yanaşı, həm də, mənəvi övladı
oldu... Bax, Rafiq Hacıyevin
belə həssaslıqlara
güzgü tutması
xüsusi diqqətəlayiqdir.
Başqa
nələri fərqləndirmək
olar? Tarzən Ramiz Quliyev az qala bütün
böyük sənətkarlar
haqqında deyilən,
"o sənəti yaşayır"
deyimini hər ifasında göstərir
- yəni təbii halı ilə biz ustadın sənəti yaşaya-yaşaya ifa etdiyinə şahid oluruq - üz-gözündə,
barmaqlarında, əlində,
qolunda cərəyan edən enerji seli ilə...
Və Ramiz müəllim böyük
sənətçi olmaqla
yanaşı, kübar,
səmimi və... sadə insandır. Nə gizlədək, özəlliklə
bax, bu məqam
heç də hər sənətkarda rast gəlinən hal deyil... İstər nağılda, istər gerçəklikdə...
Əgər Ramiz müəllimin
bütün qalan ifaları mövcud olmasaydı belə,
"Ay işığında" və "Ləpələr"dəki
mükəmməl ifası
onun iç dünyasını, xəyallarını,
sənətçi siqlətini
göstərməyə yetərli
olardı... İstər
ay işığını, istər ləpələri
seyr edərkən təbiətin gözümüzə
sığdıra bilmədiyimiz
əsrarını, gözəlliyini...
Xalq artistimiz, elm xadimimiz sənətin ecazı ilə könlümüzdə şəkilləndirir,
ruhumuzu qidalandırır...
"Min bir gecə"nin hər nağılı, öncəki nağılın
davamı, yaxud orada cərəyan edən hadisələrin inkişafı ilə xarakterizə olunursa, hər sonrakı sənətçi də,
özündən öncəkilərin
qalxdığı zirvəni
əsas alaraq, məhz o məqam(lar)a istinad
edərək, bir sonrakı zirvəyə boylanır. Sənətdə
zirvələr təbiətdəki
zirvələrdən fərqli
olaraq, sonlu deyil: hər sənətçi öz zirvəsini yaradır, yaxud hər zirvə öz fatehini gözləyir! Mən "Şəhrizadın...
tarzən Ramiz Quliyev nağılı"nı yeni sənət fəthlərinə
inam hissinin məhsulu hesab edirəm. Əgər müəllif Rafiq
Hacıyev "Min bir gecə"dən sonrakı
gecələrdən söz
açıbsa, deməli,
nağıl davam edir, deməli, sözün qüdrəti,
sənətin ecazı
hələ də öz sehrini saxlayır - daha doğrusu, "...gələcəkdə
də, saxlayacaqdır"
ismarıncı hasil olur. Və bu ismarıncı
duymaq, paylaşmaq çox xoşdur.
İnanırıq və nağıl
saymırıq ki, ustad sənətkarımızın
fiziki ömrünün
növbəti illəri
doğma Ağdamda keçəcək! O Ağdamda
ki, orada gecələr də gündüz kimi olacaq! Ağdamın ağ gününü
bəstələmək, o günü
sənət ecazına
qaldırmaq Ramiz müəllimin, Ağdamlı
gecələrin nağılını
yazmaqsa, Rafiq müəllimin nəsibi olsun! Bizlərə isə, dinləmək və oxumaq nəsib olsun! Ağdamda ya Bəxtiyar Vahabzadənin
"ağac altı, yaşıl çəmən,
bir də ki tünd çay"
şeirini, ya da Zəlimxan Yaqubun "Bu yaşıl ağacın altı bizimdir" şeirini zümzümə edəcək
gələcək günün
övladlarına, gənclərə
bugündən, bu
"Şəhrizadın... tarzən Ramiz Quliyev nağılı"ndan
salam olsun!
03.06.2019
Qənirə PAŞAYEVA
Milli Məclisin üzvü
525-ci qəzet.- 2019.- 5 iyun.- S.17.