Damcılı bulaq, dağdağan
ağacı və Davud Nəsibin yurdu
Kasakla
Qazax arasında...
Qədim Kasaka-Qazaxa gəlişimiz çoxdan nəzərdə
tutulmuşdu.
Rəhmətlik şairimiz Davud Nəsib haqda
filmin çəkilişlərilə bağlı müəyyən
planlarımız vardı. Onun belə uzanmasının səbəbi
isə çox sadə idi: gah biz hazır deyildik, gah təbiət.
Yəni biz yığışa biləndə
hava dəyişirdi, yağışlar imkan vermirdi. Nədənsə, bu günlər yağışa
sevgimizlə peşəkar çəkiliş niyyətimiz
üz-üzə durmuşdu.
Deyirlər, hər bir valideynin - ata-ananın, həm bu
dünyada, həm də axirətdə ən böyük
qazancı, var-dövləti qədirbilən, yaxşı tərbiyəli,
namuslu uşaqlarıdır. Bu mənada var olsunlar
Davud Nəsibin övladları - Xəyalla Xəyyam. Düzdülər, qoşdular, soruşdular, o yerin-yurdun
havasını, "xasiyyət"ini yaxşı bilən
adamlar kimi təkid etdilər və biz, axır ki, Qazaxa yola
düşdük. Şükür, hər
şey gözlədiyimizdən də yaxşı oldu.
Buna da hər hansı təsadüf kimi baxmıram: yəqin
niyyət, istək təmiz olanda həmişə belə olur.
Biz gələnə kimi yağışlar kifayət qədər
yağmışdı. Rayonun başçısı Rəcəb
müəllim deyəndə ki, belə yağışlardan
sonra bu günəşli havaların əvəzi yoxdur,
yaxşı taxılımız, məhsulumuz olacaq,
Şamaxıda üzümçülüklə məşğul
olan bir dostumun bu günlərdə nəmişlikdən,
yağışdan, bundan yarana biləcək xəstəliklərdən
necə narahat olduğunu xatırladım. Qəribədir
dünya. Maraqlıdır həyat... Birini sevindirən
yağış, qar o birini necə də narahat edir, az qala yuxusunu qaçırır...
Bakıdan
Qazaxa, Gürcüstana qədər uzanan yoldayıq. Bir vaxtlar Davud Nəsibin bəzən sevinə-sevinə,
bəzən kədərlə ketdiyi yolu gedirik. Azərbaycan
ədəbiyyatında özünəməxsus yeri və deyim
tərzi olan, bənzərsiz dəst-xətti ilə seçilən,
bütün yaradıcılığı yurd, torpaq
ağrı-acıları ilə yoğrulan şair Davud Nəsibin
yazdıqları, yaratdıqları ilə bərabər,
övladları, ailə üzvlərinin söhbətlərindən
də bir həqiqəti tam aydın görmək olur: onu
sözə, sənətə bağlayan,
yaşadıqlarını, çəkdiklərini poeziyaya
çevirən məhz həyatın
keşməkeşləri, ağır günləri oldu.
Onu yaşadığı ömrün çətinlikləri,
keçdiyi sınaqlar və haqqa sədaqəti şair etdi
desək - yanılmarıq. O, əlinə qələm alan gündən içini dağıdan kəlmələri,
yuxusunu qaçıran sətirləri kağıza
köçürməklə məşğul oldu. İkinci
Dünya müharibəsində atasını itirən Davud Nəsibin
ağlına da gəlməzdi ki, qismətinə daha bir
savaş, müharibə yazılıb. Həm
də öz evinin, öz yurdunun içində olacaq bu
savaş - Qarabağ savaşı. Bu fəlakətin
tarixinə baş vuran Davud Nəsib "Cavanşir"
romanında ilahi bir qisasın, ədalətin
varlığını da böyük bir ümidlə, inamla
ifadə edirdi: "Deyilənə görə, Alban
torpağının cənub qurtaracağında bir tayfa
vardı. O, qonşuları ilə yola getmirdi. Tanrı
bunu görüb onlara xəbərdarlıq edir. Bir müddət sonra onlar Tanrının dediklərini
unudub yenə də əməllərini davam etdirirlər.
Axırda göy guruldayır, şimşək
çaxır, yer-göy bir-birinə qarışır. Torpaq yarılır, həmin tayfa yerin altına girir.
Həmin yerdə bir dağ əmələ gəlir -
Ağrı dağı..."
Düşünürəm:
kaş ki, gec də olsa, belə ola. Ümiddən başqa nə qalır bizə?
Yolboyu məni düşündürən həm də budur:
görən bu fikirlərlə o, neçə dəfə bu
yolla gedib, qayıdıb? Yeri gəlmişkən, doğma yerlərə
tez-tez getmək lazımdır, həqiqətən, getmədikcə,
görmədikcə, görüşmədikcə adam özünə də, dost-tanışa da,
elə torpağa, el-obaya da yadlaşıb gedir. Yenə
"Cavanşir" romanından bəzi sətirlər yada
düşür: "İnsan özünə yadlaşanda dəhşət
olur. Tarixin yaddaşını silmək -
xalqın keçmişini yaddan çıxarmaqdır.
Tarixin sahibi olmaq, sözsüz ki, torpağın da sahibi olmaq
deməkdir..."
Cavanşir
yurdunun gözəllikləri
Yolboyu uzanan yamyaşıl torpaqlara,
bağlara-bağçalara qürurla baxırıq. Bu,
böyük vətəndaşlıq və sahiblik hissindən
doğan bir duyğudur. Yazqabağı təmizlənmiş,
daranmış, budanmış ağaclar da diqqəti cəlb
edir və onlar ürəyimdəkiləri romandakı tanış fikirlərə aparıb
calayır: "Ağacın
budaqlarını daramaqla onu qurutmaq çətindir. Gövdəni kəsməklə də, bu,
mümkün deyil. Kök yerindən - torpağın dərin
qatlarından, gec, ya tez, cücərib üzə
çıxacaq..."
Yolboyu
oğlu Xəyal çoxdan olmuş bir hadisəni yada
salır: nə vaxtsa Davud Nəsibin bağ evində təsadüfən
bir quş yuvası odda yanır və bunu o, heç cür
özünə bağışlaya bilmir, hətta o evi
satmalı olurlar. Aradan illər keçir və
bir quşun yuvasının dağılmasına dözə
bilməyən insanın el-obası dağılırsa,
qız-gəlini əsir düşürsə, buna necə
dözər, necə tab gətirər? Özü də
bu dağıntının, bu fəlakətin tarixi yüz illərə
gedib çıxırsa, insaf, mürvət, vicdan kimi bəşəri
anlayışlar arada belə asanlıqla yox olursa, onda necə?.. Bu yerdə böyük Ziya Bünyadovun
dedikləri yada düşür: "Vicdan insan oğlunun yaraşığıdır!"
Düşünürəm, məhz bu hadisələr
onun yaradıcılığı üçün tamam yeni bir
formaya - nəsrə müraciət etməsinə səbəb
oldu. Ürəyini boşaltmaq və tarixi həqiqətləri
oxuculara daha geniş və maraqlı bir formada
çatdırmaq üçün yəqin publisistikanın, nəsrin
imkanları ona daha geniş və cəlbedici
göründü. Bu baxımdan həyatının 30
ilindən çoxunu həsr etdiyi "Cavanşir" və
"Cavanşirsiz məmləkət" romanlarının meydana gəlməsini
özünüifadənin sadə bir forması kimi qiymətləndirmək,
ən azından, bir günah olardı. Davud Nəsibin
qələmə aldığı hər iki əsərdən
tariximizin mənimsənilməsi, oğurlanması ilə
bağlı müdhiş həqiqətlər
qırmızı xətlə, çox böyük ürək
ağrısıyla gəlib keçir. Müəllif
özü də bu əsərlərin yaranma səbəblərinə,
tarixi proseslərin bugünkü reallıqlarla əlaqələrinə
toxunaraq yazır ki, Azərbaycan
xalqının qədimdə, XX əsrin ilk və sonrakı
illərində, indiki dövrdə başına gələn
faciələrin kökləri VII
əsrdən - Cavanşirin qətlindən sonra
ardıcıl şəkildə həyata keçirilib. Bu yerdə
böyük rus yazıçısı F.Dostoyevskinin sözlərini
xatırlamasaq olmur: "Tarix keçmişin yox, gələcəyin
elmidir. Belə olub və həmişə də
belə olacaq".
Bütün bunları elə-belə söyləmədim. Onun şeirlərində,
romanlarında sevə-sevə təsvir etdiyi bir çox yeri, məkanı
buralarda asanlıqla axtarıb tapmaq olar. Budur əfsanəvi
təyyarəçi Fərrux ağa Qayıbovun xatirəsinə
ucaldılan təyyarə-heykəl
abidəsi, odur uzaqdan görünən, "göylərə
baş çəkən" məşhur Göyəzən,
Didivan gölü, sirli mağaraları ilə zəngin Avey
dağı, nə qədər insanın-şairin,
yazıçının ilhamına,
ruhuna və düşüncəsinə qida verən
İncə Dərəsi...
Yollar,
muzeylər, insanlar...
Vaxtında, rahat gəlib çatırıq mənzil
başına.
Şeir, musiqi, saz-söz məbədi
Qazaxdır, Davud Nəsibin də "Cavanşir"
romanında sevə-sevə söylədiyi Kasakdır bura.
Barəsində oxuduqlarımız, eşitdiklərimiz o qədərdi
ki, burda hər şey ilk baxışda insana tanış gəlir.
Məşhur, doğma adamların şəkilləri, heykəlləri,
adları, az qala, hər addımda bizi
qarşılayıb yola salır.
Şəhər böyük tikinti meydanını
xatırladır. Hər yerdə küçələr
qazılıb, borular yığılıb. Dedilər, su və kanalizasiya xətti çəkilir.
Sevindik, həm də təəccübləndik: bu boyda şəhərin
belə böyük problemi indiyə kimi nə əcəb həll
edilməyib?
Rayonun icra başçısı Rəcəb
Babaşovla görüşümüz də yaddaqalan oldu. Rəcəb müəllimdə
yaratdığına, qurduğuna sevinən insanlara xas bir
xüsusiyyət var: rayonda, şəhərdə görülən
işlərdən ürəkdolusu danışmaqla
yanaşı, onları "yerindəcə" göstərməyə
də can atır. Yenidən qurulan, tikilən
bağçalarda olduq - təmiz, rahat, işıqlı və
hər cür təminatlı. Öz-özümə fikirləşdim ki,
uşağımı məmnuniyyətlə o
bağçalara və orda çalışan insanlara etibar edərdim.
Şəhərdəki
Ədəbiyyat və Tarix-Diyarşünaslıq muzeylərini
gəzdikcə, dolaşdıqca yorulmaq nədir bilmirsən: olduqca zəngin eksponatların
yanından sakit ötüb keçmək olmur. Ictimai-siyasi, mədəni
həyatımızda ayrıca yeri olan insanların sanki
ruhları dolaşır buralarda: Firudin bəy Köçərli,
Səməd Vurğun, Mehdi Hüseyn, İsa hüseynov,
İsmayıl Şıxlı, daha kimlər... Yeri
gəlmişkən, həmin günlər İsmayıl
Şıxlının rayonda yubiley tədbirləri
keçirilirdi və Elçin Şıxlı ilə
axşam Damcılı bulaqda rastlaşanda uzaq 1991-ci ildə rəhmətlik
Yusif Səmədoğlu, Tofiq Bağırov və
İsmayıl Şıxlı ilə elə burdaca
görüşdüyümüzü xatırladım.
"Azərxalça"nın şəhərdəki filialında da
olduq. Olduqca təmiz, işıqlı, adına
uyğun bir yerdi. Təzə xalçalardan
birinin kəsimində də iştirak etdik. Belə bir fabrikin burada fəaliyyətə
başlaması da təsadüfi deyil. Çünki
Qazax-Borçalı bölgəsi Azərbaycanın tarixi
xalçaçılıq mərkəzlərindən biri kimi
məşhurdur. Odur ki, "Azərxalça"
Açıq Səhmdar Cəmiyyətinin bu bölgədə
yaratdığı üç filialdan biri Qazax rayonundadır.
Burda yumşaq və parlaq xovlu, müxtəlif
ölçülü və sadə kompozisiyalı
xalçalar toxunur. Bu xalçaları
dünyada məşhurlaşdıran onların qədimliyi, bədii
quruluşunun sabitliyidir. Hər
naxışı duyğular palitrası olan,
keçmişimizdən xəbər verən
Qazax-Borçalı xalçaları zəngin mədəniyyətimizin,
xalq təfəkkürünün məhsuludur. 2017-ci ilin
sonlarında fəaliyyətə başlayan bu filialda çalışanların
sayı 100 nəfərdən çoxdur.
Şəhərdə xəstəxana binasının
tikintisi sürətlə gedir və deyilənə görə,
avqusta kimi başa çatmalıdır. Hamı
böyük ümidlə o günü gözləyir.
İndinin özündə də ətraf rayonlardan bura gələn xəstələr
çoxdur. Təbii ki, diqqətli qulluğa və
təmannasız münasibətə görə.
Rayonda boş torpaq sahəsi, demək olar ki, qalmayıb. Hər yerdə
əkin-biçin, tikinti işləri baş alıb gedir.
Torpaqdan söhbət düşmüşkən bir acı
faktı xatırlamasaq, mümkün olmayacaq: Qazax da Qarabağ
savaşında işğala məruz qalan rayonlardandır.
Hazırda 7 kəndin 7 mindən artıq sakini birbaşa bu
işğalın ağırlığını öz üzərində
hiss etməkdədir.
Qazax Müəllimlər Seminariyasının binasında bu kəndlərdən birinin məktəbi yuva salıb. Ümumiyyətlə, rayonda təhsil işi yaxşı qurulub. Ötən ilin tələbə qəbuluna görə rayon respublikada qabaqcıl yerlərdən birindədir. Hər gün icra başçısı səviyyəsində məktəblərdə dərsə davamiyyətə xüsusi diqqət yetirilir. Bu mənada, cari ildə tələbə qəbulunda daha böyük uğurlar olacağı şübhə doğurmur. Bütün bunlar öz yerində. Amma burda - Seminariyanın binasında təhsil almağa "məcbur" olanlar, inanırıq ki, daha böyük nailiyyətlərə imza atacaqlar. Axı özlüyündə hər gün şərəfli bir tarixlə üz-üzədirlər.
Bir az o möhtəşəm tarix barədə.
Qazax Müəllimlər Seminariyasının binası önündə
Qazaxın onsuz da zəngin keçmişinə xüsusi rəng qatan faktlardan biri də vaxtilə Qazax Müəllimlər Seminariyasına ev sahibliyi etməsidir. Seminariyanın uzun illər fəaliyyət göstərdiyi, qeyri-adi quruluşa malik qədim binanın qarşısındayıq. Yaxşı qorunub saxlanılıb. Təbii, indikindən daha yaxşı vəziyyətdə olması mümkün idi və arzuediləndir. Burda azından hamı üçün marqlı bir maarif, mədəniyyət muzeyinin təşkili və s. fikrimizcə, yerinə düşərdi. "Göyəzən" qəzetinin baş redaktoru Elçin İsmayıl, müəllim Mustafa Mirzəyev və AYB-nin Qazax filialının rəhbəri, şair Barat Vüsalın Seminariyanın keçdiyi yol haqqında söhbətləri təəssüratlarımızı xeyli dəyişdi və zənginləşdirdi.
1918-ci ildə müstəqilliyini elan edən AXC-nin ilk qərarlarından biri Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsi oldu. Hökumətin tapşırığı ilə Gəncə xəzinədarlığı 1918-ci il iyunun 22-də Azərbaycan şöbəsinin əmlakının Qoridən Qazax şəhərinə daşınması xərclərini ödəmək üçün Firudin bəy Köçərlinin hesabına 5 min manat vəsait köçürdü. Ancaq Gürcüstan hökumətinin Osmanlı ordu hissələrinin Azərbaycana doğru irəliləməsinə yol veməmək üçün 1918-ci ilin iyun-avqust aylarında Cənubi Qafqaz dəmir yolu nəqliyyatının normal fəaliyyətinə mane olması üzündən həmin yüklərin daşınması sentyabr ayına qədər təxirə salındı. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin əmlakı gətirildikdən sonra Qazax qəzasının rəhbərliyi, nüfuzlu şəxsləri seminariyanın fəaliyyət göstərməsi üçün bütün lazımi işləri gördülər. Məşədi İbrahim Hacı İsmayıl oğlu Qazax şəhərindəki önündə durduğumuz 17 otaqlı həmin bu mülkünü seminariyaya bağışladı. Azərbaycan hökumətinin qərarı ilə şöbənin bazasında Qazax Müəllimlər Seminariyası təşkil edildi. Xalq Maarif nazirinin 12 oktyabr 1918-ci il tarixli əmri ilə Cənubi Qafqaz Müəllimlər Seminariyasının keçmiş müfəttişi, görkəmli pedaqoq Firidun bəy Köçərli həmin Seminariyaya direktor təyin edildi.
Hər iki seminariya, yəni Qori və Qazax müəllimlər seminariyaları, demək olar ki, ayrı-ayrılıqda 40 il ərzində müqəddəs bir işlə - Azərbaycan üçün müəllim kadrların hazırlanması məsələsilə məşğul olub. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Üzeyir bəy Hacıbəyli, Mirzə Cəlil, Müslüm Maqomayev, Süleyman Sani Axundov kimi 250, Qazax Müəllimlər Seminariyası Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, eləcə də Davud Nəsibin atası Məcid Nəsibov kimi 2500-ə yaxın ziyalıya qucaq açıb.
Bütün bunlar və bilib-bilmədiyimiz bir çox şeylər barədə Elçin İsmayılla Mustafa müəllim elə həvəslə, ürəklə və qürurla məlumat verdilər ki, indi də yazıb qurtarmaq olmur.
Hacı Əfəndi türbəsindən istədiklərimiz
Rahat yollar adamı asanlıqla bir-birindən gözəl mənzərələrin qoynuna çəkib aparır. Belə ünvanlardan birində - haqqında çox eşitdiyimiz, amma görmədiyimiz, bir neçə qədim kəndi əhatə edən İncə Dərəsində mən, ilk dəfəydi ki, olurdum.
Davud Nəsibin ata yurdu Aslanbəyli kəndi də burdadır. Gələn kimi kəndin düz ortasında yerləşən, hər il uzaq-uzaq ellərdən ziyarətçiləri olan Hacı Əfəndi türbəsinə biz də baş çəkirik. Torpaq, yurd acısıyla bağlı diləklərimizi, qələbə həsrətimizi biz də dilə gətiririk. Davud Nəsibin əsərlərindən adı keçən bir dağdağan ağacı ilə də burda rastlaşırıq: qəbirlərdən birinin içindən baş qaldırıb və yaşı yüz ili adlayan qurumuş bir badam ağacına söykək olub. Yaxşıya, müqəddəs bir əmələ, istəyə, yəqin, belə də əl uzatmaq, dayaq olmaq olarmış...
Hündür, qocaman ağacların arasından yaşı bilinməyən məzarlar boylanır. Burda havanın qəribə bir qoxusu. ətri də var. Elə bil Davud Nəsib bu sətirləri burda qələmə alıb: "Ömrün bəyaz çağında bu qoxu hardan idi? Baş açammadı. Bahar ətrinə oxşayırdı. Yayın da ətri ola bilərdi, lap payızın da. Bütün fəsillərdən, nədənsə, payız daha çox yadında qalıb. Özü yaxşı bilirdi ki, son günlərini yaşayır. Son illərdə gördükləri sındırdı onu... Bir neçə gün keçdi. Bu xəbər göydə ildırım kimi şaqqıldadı. Dünya başına fırlandı. Daxilindən vulkan kimi bir gurultu qopdu:
- Bakur öldü!
- Öldü, yoxsa öldürdülər?
- Öldürdülər, özü də çərlədib öldürdülər!.."
Düşünüəm, o, həqiqətən, bu əsərlər üzərində elə həvəslə, elə əzmlə, elə inadla çalışırdı ki, sanki vaxtın və əcəlin səbirsizliklə onu gözlədiyini bilirdi. Elə bu əsərlərin ardınca - 2003-cü ildə bir maşın qəzasında dünyasını dəyişməsinə də təsadüf kimi baxmaq olmaz. Zatən onun içindəki qəza çoxdan baş vermişdi... Nədən və hardan qaynaqlanırdı bitib tükənməyən bu ağrı-acılar? Harda başlamışdı, kim idi səbəbkarı və harda gözləyirdi onu bu qəza?.. Bunun üçün müəllifin son əsərlərini bir də oxumaq gərəkdir.
Nənə Anaxanımın qəbri də yaxınlıqdadır. Başdaşının üstündə Davud Nəsibin bir şeiri həkk olunub. Həyatın hər üzünü görən nənənin qəbrini şairin kədərli misraları qucaqlayıb. Sözün bitdiyi yerdi bura...
Gözüm qəbirlər arasında sanki kimisə
axtarır. Bəlkə
burdadır o məzar, tapan olmayıb? "Cavanşirsiz məmləkət"
əsəri yadıma düşür. Bərdədə
ermənilərin hiyləsi və vasitəçiliyi ilə
haqsız yerə
cəzalandırılan Alban katalikosu Bakurun öz vəsiyyətinə
uyğun olaraq məzar yeri quyu kimi qazıldı və əl-ayağı
zəncirli, ayaq üstə torpağa basdırıldı... O,
bununla xalqı ayaqüstə durmağa
çağırırdı. Bu, Alban
torpağı üçün əbədi bir
çağırış idi. Alban
xalqının nə vaxtsa ayağa durub öz haqqını
müdafiə edəcəyi günü görmək istəyirdi
Bakur. Həmin gün qəbirdən baş
qaldırıb, ayaq tutub addımlayacağına da
inanırdı. O günün, gec-tez, gələcəyini
Davud Nəsib də bilirdi... Ona görə ölümündən
bir il əvvəl tamamladığı hər
iki əsərin bu ağrı-acılı kəlmələrlə
bitən sonluğunu onun bizə öz vəsiyyəti kimi də
qəbul etmək olar. O, bugünkü nəsli Bakurun məzarını
taparaq qolundakı paslı zənciri qırmağa
çağırırdı. Deyirdi. əgər o paslı zənciri axtarmaq fikrinə
düşsəniz, əvvəl-əvvəl qəlbinizə nəzər salın,
özünüzə qarşı zərrə qədər
şübhə yaransa, onda bu işdən vaz keçin. O
ürək sahibi ad-san, şan-şöhrət, var-dövlət
hisslərindən, hərisliyindən kənar olub təkcə
torpaq eşqi, Vətən məhəbbəti
yaşatmalıdır içərisində...
Qəribə də
olsa, Davud Nəsibin Bakıda bitən ömrünün
doğma yurdunda bir ağacın, dağın-daşın
timsalında davamını görmək gözlənilməz
olduğu qədər də xoş idi. Qəbirlər
arasında gəzə-gəzə düşünürəm:
əməllər, hisslər, ruhlar hardasa yaşayır demək.
Bizə isə elə bu inamla Hacı Əfəndi türbəsində
əlimizi göyə qaldırıb taleyi yazdığına,
yazdığı taleyinə oxşayan, yaratdıqları ilə
bu gün də kiməsə yaşamağa, düşünməyə,
mübarizə aparmağa kömək olan Davud Nəsibə,
eləcə də tarix boyu itirdiklərimizə və indi də
içərisində olduğumuz ağrı-acılara Alban
xalqının şair oğlu qoca Dəvdəkin qəhrəman
Cavanşirin ölümünə yazdığı
ağını söyləməkdən başqa nəsə
qalmır:
Ey ilahi kəlamları
xəlq eləyən
ulu
Tanrı,
Özün
nəğmə - ağı söylə,
yad et
bizim hökmdarı.
Elə nəğmə
- ağı qoş ki,
bu əvəzsiz
itki üçün
Gözümüzdən
gecə-gündüz axsın
odlu
göz yaşları...
Maqsud
müəllimin evi və Aşıq Avdının səsi
Xəyalla, Xəyyamla Maqsud müəllimin həyətində
oturub "Göyəzən" sənədli filminə
baxırıq.
Nə vaxt çəkildiyini bilməsək də,
bu evdən, həyətdən, Maqsud müəllimin ailəsindən
bəhs edən bəzi kadrlara maraqla baxırıq. Orda hamı necə də şad və xoşbəxtdir.
Gül-çiçək, samovar çayı... O filmdə
Maqsud müəllimin oğlu Tural çox balacadır, nənəsinin
qucağındadır. Yeri gəlmişkən, o
da bizimlə bu səfərdə olmalıydı, təəssüf
ki, işləri buna imkan vermədi. Ancaq
yolboyu zənglərinin arasıda kəsilmədi.
Xəyalla Xəyyam filmdəki həmin mənzərəni
sanki söhbətlərilə tamamlayırlar. Deyirlər, hər
yay bura gələrdik və Davud müəllim həmişə
o eyvanda oturmağı, yazmağı, dincəlməyi
xoşlardı. Burda qonaq-qara həmişə
çox olardı. Aşıq Kamandar da daima məclislərin
başında... Bu ev, bu həyət
hansı günlərə, hansı hadisələrə
şahid olmayıb? Kimləri
qarşılayıb, kimləri yola salmayıb? Bu gün hələ də kimlərin yolunu gözləyir,
həsrətini çəkir bu bağça, bu
gül-çiçək?
İndi onlar yoxdurlar - Maqsud müəllim, Davud Nəsib,
Aşıq Kamandar və daha tanıyıb bilmədiyimiz nə
qədər insan. Bir qərib ev, nisgilli həyət qalıb özlərindən
sonra... Amma aradan illər keçsə də, xatirələri
yaşayır, ömür yolları dönə-dönə
yada düşür.
Onların vaxtilə məclis qurduqları yerdə indi biz oturub sanki növbəmizi-bizdən sonra gələnləri gözləyirik. Bu gün uzaqdan - Bakıdan gələn doğmalarını görüb sanki ev də, həyət-baca da canlanıb. Bütün bu gördüklərimizə Aşıq Avdının yanıqlı, qərib səsi qarışanda adam varından yox olur. Davud Nəsibin bu mahalda hamının yaxşı tanıdığı, sevilib-seçilən insanlardan olan böyük qardaşı rəhmətlik Maqsud müəllimə ünvanladığı "Qardaş" şeirini elə oxuyur ki, hamını fikir aparır, birdən-birə bütün itirdiklərimiz yada düşür, itirə biləcəklərimizin də qorxusu canımızı üşüdür...
Səhərisi geri dönərkən yolboyu hələ də həmin səs başımızda, fikrimiz-xəyalımız isə o yerlərdə dolaşmaqdaydı. Heç cür bizi qarşıda gözləyənlərə köklənə bilmirdik. Bəlkə Qazax elə ona görə Qazaxdır ki, gedən, görən bir də gedib görmək istəyir. Bir də qayıtmaq istəyir o yerlərə, o səslərə, o duyğulara. Hərə bir cür gedir, bir cür qayıdır bu yolu, biz bu dəfə Davud Nəsibin yoluyla gedib qayıtdıq.
Bəxtiyar QARACA
Kəmalə MİRZƏYEVA
P.S. Davud Nəsibin uşaqlıq dostu Adil Məmmədovla Bakıda görüşdük. Ürəyi dolu idi. Gözləri yaşara-yaşara Qazaxda keçən günlərini xatırlayır: Evlərimiz yanaşı idi - deyir. - Onlar da 7 uşaq idi, biz də. O evin ən kiçiyi Davud idi, bu evinki mən. Həyətimizdə bir tut ağacı vardı. Bütün yayı onun kölgəsində keçirirdik. Onun dadı tamam bir başqa idi. Yanından balaca bir arx da keçərdi. Samovar qoyar, xalçadan, kilimdən döşəyib oturardıq. Davud sonra "Tut ağacı" adlı bir şeir yazdı, çap elətdirdi. Mənə ünvanlamışdı o şeiri. 90-cı illərdə, hər yerdə olduğu kimi, Qazaxda da çətinliklər vardı. Qaz yox, işıq az... Bir gün Davudla Bakıdan gəlib gördük ki, həmin tut ağacını kəsib yandırıblar. Uzun müddət özümüzə gələ bilmədik. Sonradan anamı, qardaşımı və digər əzizlərimi itirəndə bir söz yadıma düşdü: "Tut ağacına balta vurmazlar..." Bu yerdə Aristotelin söylədikləri yadıma düşür: "Poeziya yalnız zahiri əlamətlərin, hadisələrin təsviri deyil. O tarixdən daha ciddi və fəlsəfidir. Çünki tarix olan şeyləri göstərirsə, poeziya ola biləcək şeyləri də göstərir".
Yenə də o həyət...
O arx, künc-bucaq... -
Başımın tüstüsü...
Beynimdə ocaq...
Həyətdə dumandı, qəlbimdə qəmdi...
Köksümdə köklənir...
Sinəmdə-simdi...
Hər gün gün batanda, qızaranda dan-
Fikrimdən çıxmayır o tut ağacı,
Həyatda çoxları çıxıb yadımdan,
Gəl unut bir görüm, unut, ağacı.
525-ci qəzet.- 2019.- 5 iyun.- S.14-15.