Qələmsiz yazılanlar  

 

 sms-esselər

 

 

 

Fərqli ovqatların əksi

Özüm də bilmirəm, bu yazılar nədir və onları necə adlandırım? Qələmsiz yazıldıqları həqiqətdir. Bir yaxın adama, bəlkə, gələcək kitabımın redaktoruna göndərilib. Amma hansı niyyətlə? Bəlkə, bir romanın eskizləri, parçalarıdır bunlar? Bəlkə, bir az bioqrafik, özümlə bağlı düşüncələrdir? Hər bir insanın düşüncələrini kiminləsə bölüşmək ehtiyacı olur. Ömrü boyu özünə qapanıb yaşayan adamın da haçansa bir gün içindəkiləri kiməsə açıb danışmaq zərurəti yaranır. Bölüşdüyün, danışdığın adam yaxın bildiyin, güvəndiyin kəs olanda isə daha çox açılırsan.

 

Özündən, həyatından, yaşadıqlarından, udub-uduzduqlarından, gücündən, zəifliyindən - neçə illərdən bəri qəlbinin bir küncündə gizlədib saxladığın hər nə var - açıb danışmaq istəyirsən. Bəzən, hətta doğma adamdan giley-güzar da ola bilər. Amma özündən gileyləndiyin məqamlar da var, özündən özünə yazdıqların da var.

 

Hər nədirsə, hamısı öz yaşantılarımızdır, parça-parça olmuş, hissə-hissə bölünmüş həyatımızın əksi, nişanələridir. Ona görə də "Qələmsiz yazılanlar"ın ikinci hissəsi kimi "Sms-esselər" adlandırdığım həmin bu qeydləri də çap etdirməyi düşündüm.  Ayrı-ayrı vaxtlarda, fərqli şəraitlərdə yazıb göndərdiyim və çoxusunu özümdə saxlamadığım bu mətinləri yığıb toplamaq elə də asan başa gəlmədi. Göndərdiyim doğma adamdan - redaktordan xahiş etdim, yardımçı oldu. Amma içərisində yazıb özümdə saxladığım, gizlətdiklərim də var idi. Onları da bura əlavə elədim. Və beləcə, qaçaraq, yüz yerə parçalanmış, əlli yerə bölünmüş həyatımın fərqli ovqatlarının əksi, mənzərəsi olan bu yazılar ortaya çıxdı.

 

MOTAL PENDİRİ

(Mühacir Adilin söhbətlərindən)

Nürnberqdə evində qonaq olduğumuz Adilin söhbətləri unudulmaz idi.  Bu il 21 günlük səfərdən yadımda qalan və bir həftədir, fikrimdən çıxmayan, həvəslə dostlara da danışdığım elə ondan eşitdiyim əhvalatlardır.

Camaat Nürnberqdə alış-veriş edəndə mən tələsik bir pencək alıb dedim ki, biz Adillə pivə içməyə gedirik. Mərkəzdəki kilsənin yanında əla pivə verirlər. Adil deyir ki, adı "kəhrəba"dır. Ruscasını soruşur, o an xatırlaya bilmirəm, üç saatdan sonra evdə söhbət düşəndə "yantar" deyirəm.

Adili qurdalayıram, keçənilki söhbətlərindən söz salıram. Deyir, Rəşad müəllim, mən bu söhbətləri başqa heç kimlə eləmirəm, yalnız sənə danışıram. Bir də, başqaları heç başa da düşmürlər, axı!

Düşünürəm, gərək Pərvinə danışım bu söhbətləri, bəlkə, birini hekayəyə çevirə, hədiyyə edək Adilə.

Soruşur ki, Mirini tanıyırsan Ağdamdan? Kiçik, sakit bir qəsəbədə olur 20 ildir. Keçənlərdə bizi qonaq çağırmışdı. Kababı da arvadı bişirirdi. Süfrə yeməklə dolu idi, amma çəkmirdi məni. Birdən gözüm pendirə sataşdı, bir qıça qoydum ağzıma... İnan, Rəşad müəllim, o dəqiqə Şuşa, Turşsu, Ağdam bazarı bir-bir gəlib gözümün önündən keçdi. Qışqırdım, Miri, bunu hardan almısan? Etiketini istədim. Öyrəndim ki, yunan pendiridir. Uşaqlıqda yediyimiz motal pendirinin dadını verirdi eynən.

Soruşuram, Adil, bu pendirin tarixçəsi var? Varsa, danış! Var, deyir, Rəşad müəllim!

Və danışır:

- Uşaq vaxtı atamla bazara getmişdik, Ağdam bazarı da bilirsən də nə idi. Bazarın çölündə bir arvad motal pendiri satırdı. Atam onu söhbətə tutdu, danışdırdı. Dedi, Kəlbəcərdən, Çalbayır yaylağından gəlmişəm, özüm tutmuşam motalları... Atam heç pendirin dadına da baxmadan iki motal aldı. Hərəsi 6-7 kilo olardı. Birini dostları arasında - "kataloq" Sabir, "şalvar" Abdulla - yəqin Məcidova da göndərmiş olardı - bölüşdürdü (Burda Adilin danışdıqlarına kiçik bir ara verib, deyim ki, bu adamları mən də yaxından tanıyırdım. Atamın dostlarıydı. Ağdamda Musavi küçəsindəki "dördmərtəbədə" qalanda onlar - elə Adilin atası Zahid kişi də - həmin küçədə həyət evində yaşayırdılar, dost idilər). Deməli, hamı pendirə "bəh-bəh" deyir. Atama dedim ki, sən axı o pendirin heç dadına da baxmadın, nə bildin belə dadlı olacaq? Dedi, bala, pendiri aldığımız arvadın sifəti yadındadır? Dedim, hə, yadımdadır, qoca arvad sifətiydi də. Dedi, bala, mən o arvadla bir az söhbət elədim, yanaqlarına baxdım - qıpqırmızı, çatdaq-çatdaq. Aran adamlarında elə sifət olmur. Bildim ki, düz deyir, uca dağlardan gəlib, motalı da özü tutub, alverçi-filan da deyil.

Bax, belə! Mirigilin məclisində təsadüfən daddığım pendir həmin arvadın sifətini yadıma saldı. Almışam e, Rəşad müəllim, axşam süfrədə olacaq, baxarsan dadına, gör düz deyirəm? 

QARA REYHAN

Adilgildə eyvanda oturmuşduq. Gördüm, dibçəkdə reyhan əkib. Dedi, kürəkənim Azərbaycana getmişdi, tapşırmışdım ki, oradan reyhan toxumu alıb gətirsin.

Nürnberqdə, üçüncü mərtəbədə reyhan əkməsi mənə maraqlı gəldi. Düşündüm ki, yəqin, bunun da bir tarixçəsi olar. Soruşdum, dedi, var...

Adil danışır:

- Uşaq idim, beş, ya altıncı sinifdə oxuyardım. Atam pul verdi ki, get bazara, qarışıq salat üçün filan göyərtiləri al gətir. Burda "çobansalatı" deyilən salata Ağdamda "qarışıq salat" deyərdilər. Dediyi göyərtilərin içərisində reyhan da var idi. Mən də getdim bazara, dediklərinin hamısını alıb gətirdim.

Atamın bir dostu vardı, Bakıda ayaqqabı fabrikində işləyirdi, Ağdama gəlmişdi, atam axşam evdə ona qonaqlıq verirdi. Quzu kəsib, böyük bir süfrə düzəltmişdi. Qarışıq salat da süfrədə idi. Yemək vaxtı atam əlini atdı salata, dadına baxan kimi dedi ki, burda reyhan yoxdur. Məndən soruşdu ki, bəs, reyhan almamısan? Dedim, vay, yadımdan çıxıb, almamışam. Atam dedi ki, indi axşamdır, hər tərəf bağlıdır, amma götür bu pulu, taksiyə otur, get Qalayçılar məhləsində filankəsin qapısına, denən ki, Zahid dedi, mənə üç dəstə qara reyhan versin. Dediyi kimi, getdim, həmin adamı tapdım, reyhanı alıb gətirdim, verdim anama. Anamgil onu təmizləyib salata vurdular. O vaxtdan ağlımda qalıb ki, “qarışıq salat”da mütləq qara reyhan olmalıdır. Olmadısa, həmin dadı vermir. O vaxtdan bəri harda olur-olsun, “qarışıq salat”da reyhan olmayanda, o dadı ala bilmirəm. Ağdamın dadı, uşaqlığımın dadı gəlmir e.

Burda hər cür göy-göyərti, otlar var e, Rəşad müəllim. Reyhan da var. Amma o reyhandan deyil. Ona görə də toxumu aldırıb gətizdirdim, əkdim ki, “qarışıq salat”a reyhan vurdurum. 

GÖY ÜÇLÜK

Mən də, Adil də Ağdamda bir nömrəli məktəbdə oxumuşuq. Məktəbin  yaxınlığındakı dördmərtəbəli binada biz, yan küçədə, həyət evlərinin birində isə Adilgil olurdular.

Adil danışır:

- Üçüncü-dördüncü sinifdə oxuyurduq. Yay tətilində avara uşaqlarla birlikdə getdik məktəbə, hasarın üstünə çıxıb, məktəbin pəncərəsinin şüşələrini daşla sındırdıq. Bunu da kimsə görüb direktor Süleyman müəllimə xəbər vermişdi.  Direktorun müavini, "Bosman" dedikləri Ənvər müəllim də çox sərt adam idi. Dərs açılan gün direktor bizi yanına çağırdı: "Bilirik, siz etmisiniz, bu şüşələri bir günün içində yerinə saldırmasanız, valideynlərinizi çağıracağıq".

İnan, Rəşad müəllim, qorxu canımı alıb ki, atam bilsə, məni pis günə qoyacaq. Uşaqlarla birlikdə şüşəni düzəltdirməyə hərəmizə üç manat pul düşürdü. Mən də balaca uşaq, üç manatı hardan tapım, hardan alım? Bir də gördüm "Təmizəllər" Aydın dayı gəlir. Tanıyırsan onu?

- Nə bilim, bəlkə də, eşitmişəm. Niyə "Təmizəllər" deyirdilər ki, ona?

- Kafe işlədirdi. Hansı toya getməyindən asılı olmayaraq, beş manat yazdırırdı. Yemək az da verilsə, çox da verilsə, o beş manat dəyişməzdi. Amma toyda yemək az olanda, çıxanda deyərdi ki, bax, beş manatımı verdim, təmiz əllərlə təmiz gəldim, təmiz getdim. Ona görə də Ağdamda onun ləqəbi "Təmizəllər" idi.

Hə... Bir də gördüm, bu "Təmizəllər" Aydın dayı çıxdı qabağıma. Dedim ki, Aydın dayı, mənə üç manat pul lazımdır. Dedi, neynirsən ki, a bala? Dedim, uşaqlarla məktəbin pəncərəsinin şüşələrini qırmışıq. Atam bilsə, məni öldürəcək, onu düzəltdirməyə lazımdır. Cibindən bir dəstə pul çıxartdı, arasından bir göy üçlük götürüb verdi mənə. Getdim, şüşəni düzəltdirdik, atam da bilmədi heç.

Üstündən 20-25 il keçmişdi. Ağdam gedib, hərə bir tərəfə dağılıb. Eşidirdim ki, bu "Təmizəllər" Aydının sınıq-salxaq bir "Jiquli"si var. Onunla gəlib "Gənclik"də ağdamlılar yığışan kafedə oturur. Mən də tez-tez Almaniyaya gedib-gəlirəm, maşın gətirirəm. Hər gələndə maşının baqajı dolu olur. Bir dəfə yenə Almaniyadan təzə gəlmişəm. Uşaqlardan biri zəng elədi. Dedim, gözlə gəlirəm, görüşək. Dedi ki, mən "Təmizəllər" Aydınlayam. Dedim, onu saxla, qoyma getsin, gəlirəm. Dedi, yox, harasa tələsir, gedir. Dedim, yox, buraxma, beş dəqiqəyə çatıram. Axır, özümü yetirdim. "Aydın dayı, salam, necəsən? Mənəm də Zahidin oğlu Adil", - belə danışıram. Gördüm, bunun da yadına düşdü, tanıdı məni. Dedim, aç baqajını. Açdı. Rəşad müəllim, mən də Almaniyadan gəlmişəm, maşının baqajı doludur pivələrlə, kolbasalarla, sosiskalarla, araqlarla. Hamısını doldururam bunun maşınının baqajına. Kişi deyir, Adil, nağayrırsan? Deyirəm ki, Aydın dayı, pay verirəm. Deyir, axı, niyə, nəyə görə verirsən bunları? Mən də o əhvalatı danışdım, yadına düşmədi. Dedim, necə yadına düşmür, sən əlini cibinə salıb bir dəstə pul çıxartdın e, onun içində neçə iyirmibeşlik, neçə onluq, neçə beşlik, üçlük, təklik var idi, hamısı mənim yadımdadır. Sən o gün o pul dəstəsinin içindən bir göy üçlük çıxardıb mənə verdin və məni xoşbəxt elədin...

 

 

Rəşad MƏCİD

 

525-ci qəzet.- 2019.- 5 iyun.- S.11.