Zirədə Mirzə Bala
Məhəmmədzadə Günü
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu, Xəzər
Rayon İcra Hakimiyyəti
və Zirə Mədəniyyət Mərkəzinin
birgə təşkilatçılığı
ilə "Zirədə
Mirzə Bala Məhəmmədzadə Günü
- 120" adlı tədbir
keçirildi.
İştirakçılar öncə Zirə qəsəbəsində Yeni
Sahədə Mirzə
Bala Məhəmmədzadənin
adı verilən əsas küçələrdən
birində onun barelyefinin açılışında
iştirak etdilər. Açılış
mərasimində AYB-in katibi,
əslən zirəli
olan şair İlqar Fəhmi qonaqları salamladıqdan
sonra sözü
professor, filologiya elmləri
doktoru Asif Rüstəmliyə verdi. Onun çıxışından sonra
AMEA-nın vitse-prezidenti,
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru,
akademik İsa Həbibbəyli və Xəzər rayon İcra hakimiyyəti başçısının
müavini Arif Balayev barelyefin açılışını etdilər.
Zirə Eko-Parkında görülən
işlərlə tanışlığın
ardınca Zirə Mədəniyyət Mərkəzinin
konfrans zalında M.B.Məhəmmədzadəyə həsr edilmiş elmi konfrans keçirildi. Eyni zamanda,
M.B.Məhəmmədzadənin "İstiqlal mücadiləsi"
(Zirə Mədəniyyət
Mərkəzi, 2018, 448 səh.
Tərtibçi və ön
sözün müəllifi
A.Rüstəmli) kitabının
və professor A.Rüstəmlinin
"Zirədən başlanan
yol. M.B.Məhəmmədzadənin həyatı, yaradıcılığı
və mühiti" (Zirə Mədəniyyət
Mərkəzi, 2019, 304 səh.)
adlı monoqrafiyasının
təqdimat mərasimi
də gerçəkləşdi.
Tədbirdə Ədəbiyyat
İstitutunun direktor müavini Əlizadə Əsgərli, elmi katib Mehman Həsənli,
digər alimlər Yaşar Qasımbəyli, Qürbət Mirzəzadə,
Əhməd Qəşəmoğlu,
Nizami Muradoğlu və başqaları da iştirak edirdilər.
Konfransı idarə edən akademik İsa Həbibbəyli geniş və əhatəli giriş sözü söylədi. Bildirdi ki, görkəmli
ictimai-siyasi xadim və ədəbiyyatçı
Mirzə Bala Məhəmmədzadəyə həsr
olunmuş bu tədbir də Azərbaycan Prezidentinin görkəmli şəxsiyyətlərimizin
yubileylərilə bağlı
tarixi sərəncamları
əsasında görünən
işlərin davamı
sayılmalıdır. İ.Həbibbəyli çıxışında qeyd etdi ki,
bugünkü müstəqil
Azərbaycan dövləti
Xalq Cümhuriyyətinin
varisidir. Xalq Cümhuriyyəti
bizim müstəqil dövlətin təməllərini
yaradıb, bir sıra vacib tədbirlər həyata keçirib. Akademik Zirə
kəndinə birinci dəfə gəldiyini, burada çox nümunəvi bir inkişafın şahidi olduğunu diqqətə çatdırdı. Bu inkişafın
nəticəsidir ki, bu gün burada
dörd mühüm hadisə baş verdi. Birincisi küçənin
açılışıdır, ikinci isə baralyefin açılışı.
Üçüncü mühüm hadisə
konfransın təşkil
olunması və dördüncü də kitabların təqdimatının
keçirilməsidir. İ.Həbibbəyli çıxışının
sonunda vurğuladı
ki, ölkə rəhbərinin Cümhuriyyətlə
bağlı verdiyi sərəncama uyğun olaraq bu mövzuda yeni araşdırmalar aparılır.
Professor Asif Rüstəmli
də bu sahədə öz xidmətlərini əsirgəmir,
sadəcə Mirzə
Balanın kitablarını
tədqiq etmir, həm də əsərlərini toplayıb
nəşrə hazırlayır.
Sonra söz
"Mirzə Bala Məhəmmədzadə və
Azərbaycan Cümhuriyyəti"
mövzusunda məruzə
edən İlqar Fəhmiyə verildi. O, qonaqları
salamlayıb, bu ağır işin öhdəsindən gəldiyi
üçün A.Rüstəmliyə
təşəkkür etdi.
Bildirdi ki, Mirzə Bala Məhəmmədzadənin
bədii əsərləri
ilə yanaşı, elmi-tədqiqat əsərləri
də nəşr olunub təbliğ edilməlidir.
Professor Asif Rüstəmli
isə "Mirzə Bala Məhəmmədzadənin
həyat və yaradıcılığının Bakı dövrü" mövzusunda məruzə etdi. O çıxışına bu sözlərlə başladı ki, Mirzə Bala Məhəmmədzadə 120 il öncə elm dalınca bu kənddən yol almışdı, buna görə də onun adı verilən
küçənin açılışı
həmin yolun rəmzi kimi başa düşülməlidir.
Məruzədən məlum oldu
ki, Mirzə Bala Məhəmmədzadə
1923-cü ildə xilas
üçün Zirədən
İrana keçib.
Bu onun Azərbaycan
xalqı üçün
açdığı işıqlı
yolun davamı olaraq xarakterizə edilir. Bu yolda
qətiyyətlə irəliləyən
gənc Mirzə Bala 20 yaşında bütün türk dünyasında yayılan
jurnalın baş redaktoru olmuşdur. A.Rüstəmli bir məsələni də diqqətə çatdırdı
ki, Qırmızı ordu tərəfindən Azərbaycanın müstəqilliyinə
qəsd ediləndə
Mirzə Bala Məhəmmədzadə çəkinmədən
öz məsləkdaşlarını
İçərişəhərdəki evinə cəm edərək gələcəklə
bağlı planlar
qurmuşdu. Yaradıcılığı
haqqında qeyd etdi ki, "Yeni Qafqaziya" və "Odlu yurd" jurnallarındakı
əsərlərini toplasaq,
üç cildlik yaranar: "İlk dəfə 1991-ci ildə konfransda mən Mirzə Bala Məhəmmədzadənin publisistikası
haqqında məruzə
etdim, onun 100 illiyi də Ədəbiyyat İnstitutunda
qeyd olunmuşdu. "İstiqlal fədaisi" adlı məqaləm "Panoram"
qəzetində çap
olundu. Burada göstərilən slaydlar filologiya üzrə fəlsəfə
doktoru Zakirə Ağayevaya məxsusdur.
Akademik İsa Həbibbəyliyə
kitabın adının
seçimində və
tərtibində böyük
əmək sərf etdiyinə görə təşəkkürümü bildirirəm. Azərbaycanımızı
ucaldan Prezidentimizə
və Heydər Əliyev Fonduna da dəstək üçün minnətdaram".
Türkiyə Səfirliyinin mətbuat
müşaviri Hamid bəy Qaradəniz 120 il öncə
dünyaya gəlmiş
Mirzə Bala Məhəmmədzadənin ehtiramla
xatırlanmasını ona
olan sevginin təzahürü kimi mənalandırdı. Türkün böyük insanlarından
M.Ə.Rəsulzadənin Ankarada,
Mirzə Bala Məhəmmədzadənin İstanbulda
uyumasını milli birliyin əlamətləri
kimi qiymətləndirdi.
Bakı
Dövlət Universitetinin
professoru Cahangir Məmmədi dedi ki, ilk dəfə olduğum bu kəndin adına
bir "v" hərfi
də artırıb
"Zirvə" adlandırmaq
yanlış olmaz. O da qeyd etdi
ki, Mirzə Bala Məhəmmədzadə
jurnalistika fakultəsinin
tələbələri üçün
böyük örnəkdir.
BDU-nun professoru Nəsir Əhmədli qeyd etdi ki, mən
mətbuat tarixçisi
olmasam da, keçmiş müəllimlərimizi
öyrənib təbliğ
etməyin tərəfdarıyam:
"Əvvəlki illərlə
müqayisədə artıq
Mirzə Bala Məhəmmədzadənin əsərlərini
Asif müəllim kimi tədqiqatçıların
sayəsində əldə
edə bilirik".
M.B.Məhəmmədzadənin tədqiqatçısı
Əfqan Vəliyev çıxışında bir
sıra maraqlı məqamlara toxundu: "Mən 26 ildir ki, Mirzə Bala Məhəmmədzadənin
məzarını ziyarət
edən bir insanam. Zirə torpağından aparıb onun qəbrinə səpmişəm.
Cümhuriyyət yıxılıb ölkəmiz işğal
olunanda bolşeviklərin
müsadirə etmək
istədikləri, üstündə
qan olan bayrağı Mirzə Bala onların əlindən alaraq həmişə özü
ilə gəzdirmişdir.
Mən həmin bayrağı və topladığım
digər əmanətləri
dövlətimizə bağışlamışam".
Mirzə
Bala Məhəmmədzadəyə
Azərbaycan Cümhuriyyətinin
tarixini yazmaq həvalə edildiyini söyləyən ziyalı,
Mirzə Balanın ağır xəstə olan qızının həmin bayrağı gördükdən sonra yaxşılaşdığını və hələ də yaşadığını
bildirdi. Özüylə gətirdiyi xəritəni,
Mirzə Bala Məhəmmədzadənin son məktubunu
və digər əşyaları nümayiş
etdirdi.
Professor Bədirxan Əhmədli
isə Mirzə Bala Məhəmmədzadənin
yaradıcılığı ilə tanışlığının
1991-ci ildəki konfransdan
başladığını nəzərə çatdırdı. Çıxışında
qeyd etdi ki, mühacirətdə istiqlalı əsasən üç şəxsiyyət
fəal şəkildə
yaşadıb: Məhəmməd
Əmin Rəsulzadə,
Mirzə Bala Məhəmmədzadə və
bu mövzuda şeirlər yazmış
şair Gültəkin.
Onların hər birinin
yaradıcılığının baş obrazı Azərbaycan idi.
Xəzər rayonu icra başçısının müavini
Arif Balayev ziyalılara, alimlərə,
qonaqlara, konfransın keçirilməsinə təşəbbüs
göstərən Baba Rzayevə
təşəkkürlərini ünvanladı.
Sonda akademik İsa Həbibbəyli Zirə Mədəniyyət
Mərkəzi ilə Ədəbiyyat İnstitutunun
birgə tədbirinin uğurlu əməkdaşlıq
nümunəsi olduğunu
vurğuladı. Nadir nəşrlər
hesab olunan Nizami Gəncəvinin
"Xosrov və Şirin" poemasını
və "Naxçıvan
xalçaları" kitablarını
mərkəzə hədiyyə
etdi.
Gülnar SƏMA
525-ci qəzet.- 2019.- 5 iyun.- S.10.